Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

Şamxorlu aşıq Teymur da, Məsim də gəldi. Çal-çağır başlandı, həyət, ev-
eşik toy-bayrama döndü. 
Eh, ömrün necədə gözəl, dadlı günləri vardı, ötüb keçdi. Heyf, - deyə Aftab 
xala yanıqlı-yanıqlı fikirləşdi. Əlinin arxası ilə nəmli gözlərini sildi. Həyətinə 
girəndə gözü bir müddət nəyisə, kimisə axtardı. Dayandı, duruxub diqqətlə ətrafına 
baxdı. Nəzərləri qoca tut ağacının altında qərar tutdu. Şair burda oturardı. İri, 
qaynar gözlərini zilləyib, bir-birinin dalınca papiros çəkərdi. 
- Bax, burda oturmuşduq - Səməd, mən, Xavər, bir də böyük qızım Zenfira. 
Ailəvi söhbət edirdik. - Aftab xala ayaq üstə dayanıb öz-özünə danışırdı. Birdən 
darvaza açıldı. Tat Heydər içəri girdi. 
- Bu kimdi, a yengə, - deyə Səməd soruşdu. Aftab xala gələnə etinasızlıqla: 
- Ay Səməd, - dedi, - sən atanın goru, otur yerində, qoy bir dərdimizdən
azarımızdan danışaq, sənin heç bu başının yığnağı kəsmir, qonşumuzdu, Tat 
Heydərdi, neynirsən... 
Səməd isə canıyananlıqla: 
- Nə olsun Tat Heydərdi, o adam döyülmü, qoy görüm, nə yaxşı gəlib, nə 
istəyir? 
Xavər də: 
- Otur, - dedi, - səhərdən nə qədər adam yola salmısan, otur yerində, 
yorulmusan... 
Amma Səməd heç birinin sözünə əhəmiyyət vermədi. Durub Tat Heydərin 
qabağına getdi. Əl verib görüşdü. 
Tat Heydər qoca, kasıb güzəranlı bir kişi idi. Klassik Şərq ədəbiyyatından, 
xüsusilə şeyx Sədidən müdrik kəlamlar deməyi çox sevirdi. Doğma qardaş kimi 
şairi qucaqladı. Əyilib şairin əlindən öpdü. 
- Niyə   əlimdən   öpürsən, a kişi, öpüşmək istəyirsən gəl əməlli-başlı, bax, 
belə öpüşək, - deyib Tat Heydərin üzündən öpdü. 
Tat Heydər:  
- Səməd, ay oğul, - dedi, - bu əllər qızıldan qiymətlidi, öpülməlidi. Bu əllərin 
yaratdığı milyonların qəlbini kəm eləyibdi. 
Tərifdən xoşu gəlməyən şair söhbətin yönünü bir az dəyişdi: 
- Nə yaxşı bərilərə gəlibsən, xeyir ola, a kişi, mənə görə, qulluq? 
- Heç, elə-belə, səni görməyə gəldim. 
Şair zarafatla: 
- Allahsız oğlu, - dedi, - mən kiməm ki, mən də sizin kimi bir insanam. 
Sonra kişinin xətrinə dəyəcəyindən ehtiyat edib: 
- Yaxşı eləyibsən, çox sağ ol, gəl otur, söhbət eləyək. 
Şair onu keçmişlərdən sorğu-suala tutdu. Söhbətlərinə aludəliklə qulaq asdı. 
Dolanacağını, ailəsini soruşdu. Üst-başının köhnəliyini görüb, onun nimdaş 
çuxasının cibinə bir neçə yüzlük qoydu: 
- Tütün puludu, elə bir şey deyil, Heydər dayı... 
Aftab xala düşüncələr içində irəli yeridi. Həyət-bacada heç kəs yox idi. 
Günəş günorta yerinə qalxmışdı. Arvad bütün varlığı ilə Səmədli günlərinə 


qayıtmışdı. Günorta qatarı fit verib sürətlə Dəllər stansiyasına girdi. Qatarın səsi 
onu diksindirdi. 
...1950-ci ilin  yayında Kislovodskdan qayıdanda perronda gəzir, qatarın 
gəlməsini gözləyirdi. Birdən kimsə: 
- Salam, a yengə, səfərin uğurlu olsun, hardan belə? Gəl oturaq, söylə 
görüm, nə var, nə yox, - dedi. 
... Səməd uşaqları, ev-eşiyi, qohumları soruşdu. 
- Bə əmioğlu, səni niyə tək buraxıb, - dedi. - Sonra gülə-gülə: - Əmioğlu da 
az bilmir, bilir ki, yengəmi dəyirmanın boğazına ölü salsan diri çıxar. 
Səməd kürəyini stola söykəyib yayxandı: 
- Of, - dedi, - nə gözəl havası var bu Kislovodskın, adam heç ayrılmaq 
istəmir burdan. Ancaq Vətən, Bakı bizi öz qoynuna çağırır. Vətən yaman şirindi, a 
yengə, adam beş gün ayrılanda, altıncıda onun üçün darıxır. - Şair bir az da yaxın 
oturub; - A yengə, - dedi, -  indi bilirsən nə ola burda? - Onun cavabını 
gözləmədən - qoyunun arsalası, soyutmasını deyirəm eyy, alasan əlinə, çəkəsən 
dişinə. Yanında bir nazənin ceyran ola daha sən yox ey, - deyib bərkdən güldü. 
Aftabın çiyinlərini mehribancasına qucaqladı. Sonra qohumluq ərkilə: - Olmaya 
xətrinə dəydi, a yengə, vallah, səni çox istəyirəm, ona görə də sərinlə görürsən hələ 
də uşaqlıq zarafatı eləyirəm. 
 Səmədin sözündən inciməkmi olardı? İncimədi də Aftab xala. Balaca 
sumkasını açıb həmişə özü ilə gəzdirdiyi  şəkli axtarıb tapdı. Bu ailəvi şəkil 
Səmədlə birgə çəkilmişdi. Elə burda, bu həyətdə. İndi Aftab xala bu şəkil çəkilən 
yerdə tək-tənha əyləşmişdi. Ehtiyatla əlini şəklin üstündə gəzdirdi. Yaşdan 
dumanlanmış gözlərini yumdu. İri yaş damcıları üzünün qırışları ilə axıb çənəsində 
dayandı. Yazıq, kimsəsiz adam kimi həyətdəki tut ağacının dibində tənha oturan 
arvad ötən günləri beynində, fikrində hey vərəqlədi. 
...Min doqquz yüz əlli beşinci ildə Aftab xala böyük qızı Zenfiranı 
köçürəndə Səməd Moskvada olduğuna görə toya gələ bilməmişdi. Toydan xeyli 
sonra gəlib çıxan şair təzə kürəkənlə çox maraqlanır, onu görmək istəyirdi. Aftab 
xalanın əri İbrahim, rayon partiya komitəsinin katibi, şairin dostu Bilal 
Ağamalıyev və Səməd yenə bu tut ağacının kölgəsində oturub çay içə-içə söhbət 
edirdilər. Darvaza açıldı. İçəri cavan, gödəkboylu bir oğlan girdi. Qayınata İbrahim 
gələn oğlanı göstərib dedi ki, budu ay Səməd, mənim kürəkənimdi. Şair 
özünəməxsus ərkyanalıqla: 
- A bala, buraya gəl görüm, - deyə yanına çağırdı. Ona başdan-ayağa 
diqqətlə baxıb: - Bir de görüm, o gözəl, ceyran qızımız Zenfiranı sənin nəyinə 
veriblər? - soruşdu. 
Kürəkən gözləmədiyi sualdan duruxdu. Rəng verib, rəng aldı. Hiss etdi ki, 
şair onun boyunun balacalığına işarə vurur. Özünü toxtadıb: 
- Ağlıma, kamalıma, boyuma, buxunuma, - deyib yerə baxdı. 
Oturanların hamısı gülüşdü. Səməd cəld ayağa qalxdı. Onu oğlu kimi 
qucaqlayıb: 
- Əyə, - dedi, - eybi yoxdu, qızıl da balacadı. - Üzünü əmisi oğlu İbrahimə 
tutub: 


- A İbrahim, sağ olsun, əla kürəkənin var, hazırcavablıqda bizə Vəkilovlara 
çəkib, - dedi. 
 Aftab xala əli çənəsində ömrün elə şirin günlərinə qayıtmışdı ki, ətrafda baş 
verən heç nəyi hiss edib görmürdü. Onun gözündə əli belində bu həyətdə ərklə 
gəzən, deyib-gülən ağsaçlı, qaraşın Səməd Vurğundan başqa heç kəs yox idi. Aftab 
xala onun son günlərini, son gəlişini fikirləşəndə yanıb-yaxılırdı. Kimin haradan 
ağlına gələrdi ki, bu onun son gəlişi, son zarafatları olacaqdı. Gecə-gündüz 
qulağından bir səs getmirdi: “Səni hamıdan çox istəyirəm, a yengə”. 
Aftab xala oturmaqdan üyüşmüş dizlərini övkələdi. Sanki qanı damarlarında 
donmuşdu, daha axmırdı. Yaş gilələnmiş iri, ağıllı gözlərini çöl qapısından ayıra 
bilmirdi. Ona elə gəlirdi ki, iyirmi dörd il əvvəlki kimi indicə bu yaşıl darvaza 
açılacaq, qalın, ağ saçları çiyinlərinə dağılmış peyğəmbərə oxşayan Səməd Vurğun 
gülə-gülə içəri girəcək. Məğrur, gur səslə: 
- Xoş gördük, a yengə, - deyəcək... 
- Canına qurban olum, ay Səməd, səndən nə yaxşı? 
- Necə yanı nə yaxşı, a yengə? Bəs qohum qohumun evinə gəlməzmi? 
- Gələr, ay  Səməd, niyə gəlməz, qurbanın olum, deyirəm, nə yaxşı belə 
ailəlikdə gəlmisən. Bir ildə iki dəfə? 
- Hə, a yengə, bunu yaman dedin. Fikirləşdim ki, ölüm-itim dünyasıdır. Qoy 
uşaqlar bir-birini tanısınlar, mehriban olsunlar. 
Onda bütün günü üzdə Səmədə mehribanlıq göstərən Aftab xala dərdini 
ürəyində çəkdi. Dinməz-söyləməz. Səmədin bu sözü onu odsuz-ocaqsız yandırırdı: 
“Ölüm-itim dünyasıdır”. Arvadın ahına od tutsan, püskürüb yanardı. Gözünü 
Səmədin üzündən çəkə bilmirdi. Özü də anlaya bilmirdi ki, bu nə sirdir. Şair arabir 
onu zarafatla dindirər, yaxınlaşıb doğma bacı kimi qucaqlar, yenicə dən düşmüş 
saçlarını qayğılı-qayğılı sığallardı. Aftab xala gecəni yata bilmədi. Qovruldu, ah 
çəkdi. Bir müddət qaranlıq tavana baxa-baxa qaldı: 
- A İbi, - dedi, ərini oyatdı, - Səmədin bu gəlişindən heç gözüm su içmir. 
- Niyə, nə olub ki? - İbrahim hövlnak soruşdu. 
- Heç, nəsə elə bil ürəyimə damıb ki, bu onun bizimlə son görüşüdü. 
- Nədi danışdığın, dəlisən, nəsən, deyəsən yuxu görürsən. İbrahim arvadını 
danladısa da onun da ürəyində şübhə yeri aldı. Dan ağarana kimi nə arvad yatdı, nə 
də kişi. 
Səhərisi günortaüstü Səməd sürücüyə maşını hazırlamağı tapşırdı, bir azdan 
yola düşəcəklərini bildirdi. Öpüşdülər, görüşdulər. Hamı maşına oturdu. Maşın  
darvazadan çıxdı, Aftab xala, Zenfira, uşaqlar - hamı dalınca su atdı. Beş-on metr 
aralanan maşın dayandı. Aftab xala tez-tələsik soruşdu: 
- Nəsə yadımdan çıxıb yəqin, ay Səməd? 
- Yox, a yengə, özüm əylətdim. Qoy uşaqların hamısı yaxın, gəlsin. A 
İbrahimlər, siz də yaxın gəlin. Siznən yaxşı-yaxşı halallaşmaq istəyirəm. Ömürdü, 
kim bilir, bir də ya qismət - görüşək-görüşməyək... 
Səsində hədsiz bir kövrəklik vardı, üzündə ayrılıq nişanələri. Hamı 
yerindəcə quruyub qalmışdı. 
Aftabın xəyalı şairlə birgə çox uzaqlarda idi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə