Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

- Yox, - deyərdi, - korlanmaz, kənd uşağıdı, safdı, təmizdi. Şirni alıb 
yeyəcək, vəssalam. Axı görmürsən necə həvəslə, nəfəsi qarala-qarala yüyürüb gəlir 
bu körpələr. 
- Andrey İvanoviç, söhbətimizin əvvəlində demişdiniz ki, and içmişəm. Sirr 
deyilsə, onu izah edin. 
Andrey İvanoviçin bayaqkı şən və gülümsər sifəti birdən-birə qaraldı. O, elə 
bil ki, nə isə günah işlətmişdi, ya da çıxılmaz bir vəziyyətə düşmüşdü. 
Gözləmədiyi sual, hiss edirdim ki, onu sarsıdıb. Doluxsunmuş baxışlarını məndən 
gizlətmək. istəyirdi. 
- Siqaretiniz yoxdur ki? 
- Yox, - dedim. 
- Mən də çəkən deyiləm, elə-belə... Səməd Vurğunun (o, mənimlə 
söhbətində ilk dəfə Vurğun kəlməsini işlətdi) polad iradəli, möhkəm adam 
olmağını yəqin ki, çoxları sizə danışıb. Bu doğrudan da belə idi, oğul. Az hallarda 
bədənindəki ağrıdan, yorğunluqdan şikayət edərdi. Düzü, yatağa düşdüyünə 
inanmadım, dedim yəqin soyuq-zad dəyib. Axı, o heç vaxt ağrıdan, 
şikayətlənməzdi. Xəstəxanaya - yanına getmişdim. Camaat axın-axın onun 
səhhətindən xəbər tutmağa gəlirdi. Arabir balaca sakitləşəndə: 
- Ayə, Andrey, - deyirdi, - bu camaat yanıma nə çox gəlir, mən ölümə 
hazırlaşıram, nədi? 
Onun üzü solmuş, bədəni taqətdən düşmüşdü. Mən kövrəlib üzümü yana 
çevirdim. O, mənim ağlamağımı görüb dedi: 
- Eh, dostum, bir gün yaranan bir gün də yox olacaq. Fikir eləmə. Yenə sən 
“Qırat”ını nizamla, işində ol. Dünya elə mənsiz də dünyadır. 
- Yox, - dedim, - bu gündən sonra mən bir daha sükan arxasında 
oturmayacağam. - O gündən artıq iyirmi ilə yaxın bir vaxt keçir. Bir dəfə də olsun 
mən Səməd Vurğunsuz sükan arxasına əyləşib, maşın sürməmişəm. Gileyim var, 
Səməd tədqiqatçılarından... Onlar indiyədək Səməd Vurğunun keçib getdiyi 
cığırları itirib-axtarmayıblar... O təkcə mənim yox, bizim ailənin yaxın dostu, əziz 
qonağı idi. Ailəmizdə ad günü və xeyir işdə gülə-gülə əlində hədiyyə qapıdan 
girərdi. Oğlum Vladimirin on dörd yaşı münasibətilə bağışladığı akkordeon bax 
odur, indi də durur. Səməd bizə nə bağışlayıbsa, hamısını qiymətli bir hədiyyə 
kimi saxlayıram. 
Budur, Andrey İvanoviçin “Səməd Vurğun guşəsi”ndən daha iki şəkil. 
Birinci şəkildə Səməd Vurğun, cıdırda qalib çıxmış gənc və onun köhlən atı əks 
olunub. Şair sol əlini belinə vurub, sağ əlilə qarşısındakı kəhərin yüyənindən 
yapışıb. Onun damağında ucu qaralan “Kazbek” var. 
Səməd Vurğunui gözləri də, sifəti də gülür. Görünür o atı səmimi sözlərlə 
oxşayır. Şairin əynində zolaqlı yay göynəyi var. İkinci şəkildə Səməd Vurğunun 
üzü bizə tərəfdir. Bu dəfə “Kazbek” onun sol əlində tüstülənir, sağ əlini isə qaldırıb  
cıdırda qalib gəlmiş şəxsə uzaqlarda nəyisə göstərir. Andrey İvanoviç şairin sol 
tərəfində, lap ön planda dayanıb. 


1950-ci illərdə Səməd Vurğun ov səfərlərini də azaltmışdı. Tez-tez getdiyi 
yer gənclərimizin şücaət göstərdiyi futbol və cıdır meydanları idi. Xüsusilə, dədə-
babadan qalma cıdır yarışları onun ürəyindən olurdu. 
 
* * * 
Daşsalahlı sakini Mərdanoğlu İsrafilin evindəki köhnə sandıqdan bir şəkil 
çıxdı. O dəqiqə də söhbətimizin mövzusu dəyişdi. Çünki şəkildə ön planda Səməd 
Vurğun dayanmışdı. Hərə şairdən bir xatirə danışdı. Ailənin kiçik oğlu Mərdan 
dedi ki, şəkli mərhum qardaşım Qara qoruyub saxlayıb. Qara uşaqlıqdan yaxşı at 
minən idi. Rayon yarışlarında, kənd toylarında həmişə birincilik qazanar, xələt 
alardı 
1950-ci ilin yayında Qara Mərdanovu ən yaxşı atçapan kimi Bakıya yarışa 
çağırırlar. Yarışa beş atlı çıxarılmışdı. Atların beşi də dörd yaşında idi. On yeddi 
yaşlı Qara Mərdanov arıq və tünd qırmızı rəngli Dilbozu minmişdi. Qaranın arıq 
atını yüyəni gəmirib oynaşan harın atların arasında görən bəzi tamaşaçılar 
barmaqla göstərib gülüşürdülər. Yerlərdən deyirdilər ki, bu at yıxılıb ölür. Onu 
hansı ağılsız yarışa çıxardıb. Aparıcı həmin atın Qazax obasından olduğunu 
söylədi. Bu vaxt kimsə uzaqdan Səməd Vurğunu səsləyib zarafatla dedi: 
- Ay Səməd, vətənindən gələn ata bir bax, gör necə arıqdır. Hörümçəkdən 
can diləyir. Salahlıdandır. 
Həmişə hazırcavab Səməd Vurğun gülə-gülə dedi: 
- Beləliyinə baxma, əgər xalis Qazax köhlənidirsə, mənzilkəsən olar. 
Yarış başlandı. Qara Mərdanov atının başını buraxmır, məharətlə çəkib 
saxlayırdı. 
Yüyəni buraxılmış kök, harın atlar birinci və ikinci dövrəni lap əvvəl 
keçdilər. Üçüncü dövrədə Qara, atın yüyənini yavaş-yavaş boşaltdı. Dilboz bir göz 
qırpımında onlara çatdı və təxminən on metr ötüb arxada qoydu. Qara azca arxaya  
baxıb, yüyəni tamam boşaltdı. Son, dördüncü dövrəni də Dilboz qızılquş kimi 
səkib keçdi və birinci yerə çıxdı. Bütün meydan boyunca “ura” səsləri ucaldı. 
Səməd Vurğun Qara Mərdanovu və onun arıq atını qucaqlayıb öpdü. Fəxri yerdə 
oturan bayaqkı adam da düşüb Səməd Vurğuna əl verdi: 
- Ay Səməd, bu doğrudan da köhlənmiş ki, - dedi. 
Hansı xeyirxah fotoqrafsa həmin anı əbədiləşdirib. Otuz dörd il Mərdan oğlu 
İsrafilin köhnə sandığında qalan bu şəklin yaranma tarixi belə olub 
 
24 may, 1974 
  
 
“ÖLÜM SEVİNMƏSİN...” 
 
Çox yerdə eşidirdim ki, Səməd Vurğunun filan kənddə, filan şəhərdə yaxın 
bir dostu yaşayır. Onlarla görüşmək, şairii seçdiyi yerləri qarış-qarış gəzmək, 
ürəklərdə yaşayan xatirələri vərəqləmək, onunla bağlı hadisələr barədə söhbət 
açmaq fikri məni rahat buraxmırdı. Çox adamın dilindən dəfələrlə eşitmişdim ki, 


Səməd Vurğunun qardaş dediyi Mirqasım adlı, bir müəllim də var. Lakin onunla 
hələ görüşə bilməmişdim... 
Hətta “Qalacaqdır dünyada” kitabına yazdığım resenziya ilə əlaqədar şairin 
dostu Osman Sarıvəlliyə zəng edib ondan bəzi şeyləri öyrənəndə söhbətarası 
Osman müəllim soruşdu ki, Mir Qasımın xatirələrini oxumusanmı? Yəqin ki, o 
kitabda ən maraqlı xatirə onunkudur. Mən kitabda elə bir adamın xatirəsi 
olmadığını söylədim. 
Osman müəllim: 
- Çox təəssüf, - dedi, -  çox - Səmədin ən sadiq dostu, qardaşı Mirqasım idi. 
Biz Qazax seminariyasında bir qrurda oxumuşuq. 
...Təqribən yarım il olardı ki, mən həftədə heç olmasa bir dəfə Səməd 
Vurğunun Fəxri Xiyabandakı qəbrinə baş çəkərdim. 
...Bir dəfə trolleybusdan düşüb, Fəxri Xiyabana getdim. İlk  dəfə nəzərimə 
çarpan qara rəngli dəmir darvaza oldu. 
...Səməd Vurğunun qəbrüstü barelyefinin gözləri hər gün saat doqquzdan 
açılıb, axşam saat on doqquzda bağlanan həmin qara darvazaya zillənib. Daha 
doğrusu, onun görüşünə gələnlərin yoluna. O, sanki baxışları ilə gələnləri 
qarşılayıb, gedənləri gözdən itincəyədək yola salır... 
Səməd Vurğunun şəkillərinin demək olar ki, əksəriyyətini görmüşəm. Çap 
olunanları da, olunmayaları da. Lakin ha çalışıram, müəyyən edə bilmirəm ki, bu 
şairin hansı şəklindən götürülüb. Deyərdim ki, heykəltəraş Cəlal Qaryağdının ən 
kədərli əsəri bu barelyefdir. Burda Səməd Vurğunun baxışları həddindən artıq 
kədərli təsvir olunub. Alt dodağı geriyə dartılıb, geniş alnı qırışla doludur. Abidədə 
ağır kədər, ölüm  sükutu, bir də şairin sarsılmaz siması çox qabarıq verilib...  
Bəlkə də bu, şairin son anıdır. Vaxtsız ölümü qarşılayarkən varlığını 
bürüyən acı kədər, bir də mərdlik, cəsarət... Onun tərlan baxışları kiminsə 
intizarındadır, dostlarınmı, qohumlarınmı, yoxsa şer-sənət sevənlərinmi?.. 
O, həyatda olduğu kimi burda da “dost-tanışsız” deyil. Səməd Vurğunun 
qələm dostları onunla yanaşı dəfn olunub: sağ tərəfində görkəmli müğənni Bülbül, 
xalq yazıçısı Mehdi Hüseyn, Abdulla Şaiq, sol tərəfində isə akademik Yusif 
Məmmədəliyev... 
Akademik Y.Məmmədəliyevin qəbrinə baxa-baxa geriyə dönürəm. Yüz 
nömrəli qəbrin üstündə Möhsün Poladovun ad-familiyasını oxuyur və gözlərimə 
inanmıram. Qəbrin üstundəki büstün üzü azca şimal-qərb istiqamətinə baxır. Dostu 
Səməd Vurğunun yüz on yeddi nömrəli qəbrinə tərəf. 
Yəqin büstü qoyanlar onların dostluğundan xəbərdar imişlər, halbuki mən 
Möhsün Poladovun görüşünə getməyə hazırlaşırdım. Dostu Səməd Vurğun 
haqqında ondan bəzi şeyləri öyrənmək istəyirdim. Şair Osman Sarıvəlli ilə telefon 
söhbətindən öyrəndim ki, Möhsün Poladov bir neçə il bundan əvvəl vəfat edib. 
Ancaq onunla burada “görüşəcəyimi” heç ağlıma belə gətirməzdim. Mənə elə 
gəlirdi ki, o, Qazaxda, ya da Bakının başqa bir qəbiristanlığında dəfn olunub. 
Səməd Vurğunla dostu Möhsün Poladovun qəbrinin arası beş-altı addım 
olar. Həyatda onların amalları, arzuları bir idi. Möhsün Poladov da şer yazıb, 
ədəbiyyata, poeziyaya marağı olub. Səməd Vurğun on dörd yaşında olarkən 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə