Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə37/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   33   34   35   36   37   38   39   40   ...   219

 123 

Mərdəkana gələrkən Təranə  də, Zemfira da: – Bu gün 

getməyinizi bildirməyin, – demişdilər. – Siz gedəndən sonra 

biz ona xəbər verərik. 

Kim bilir, bəlkə belə də etməliydik. 

Amma mən o vaxt əmin idim (və indi də  əminəm) ki, o, 

anamın Moskvaya getdiyini biz yola düşəndən sonra bilsəydi, 

yenə də bu xəbərə dözməyəcəkdi... 

Həm də... nə gizlədim, fikirləşirdim ki, atam indi bizimlə 

Bakıya getməli, – Nigarı vağzalacan ötürməlidir. Axı, hiss 

edirdim ki, bir daha görüşməyəcəklər. 

Nə isə... Qərara gəlib dedim: 

–Toloknov dedi ki, yubanmağın mənası yoxdur, odur ki, 

dünən imkan düşdü, bilet aldıq, elə bu gün gedirik... 

–Bu gün? – O, bir az da tutuldu. 

Rauf dərhal futboldan danışmağa başladı, atam onun futbol 

söhbətinə qoşuldu. Nə isə deyirdi, amma görürdüm ki, indi 

fikrində yalnız eşitdiyi xəbərdir, onun içində o üz-bu üz edir 

götürüb-qoyur, çəkib-çevirir... 

Birdən ayağa durub geyinməyə başladı. 

–Mən də sizinlə şəhərə gedirəm... 

–Rəsul əmi, axı neylirsiz şəhərə getməyi? – dedi.  

–Yox, getmək istəyirəm. 

–İstəyirsən, gedək, – dedim, – özün öz gözünlə görərsən ki, 

qorxulu bir şey yoxdur. 

O, geyinə-geyinə: 

–Kim-kim gedirsiniz? – deyə soruşdu. 

Dedim. 


–Mən də sizi ötürüb sabah bura qayıdaram...  

Bu vaxt həkim otağa girdi, geyindiyini görüb: 

–Hara belə hazırlaşmısınız, Rəsul müəllim? – deyə xəbər aldı. 

–Bir günlüyə Bakıya getmək istəyirəm. Nigar Moskvaya 

gedir, onu ötürməyə… 

Həkim duruxdu, otaqdan çıxdı, bir qədərdən sonra başqa 

həkimlərlə qayıtdı. Eyni mükalimə  təkrar olundu. Atamın 



 124 

uşaqlıqdan Göyçaydan tanıdığı Ələkbər İsmayılov: 

–Onda qoy bir təzyiqini ölçsünlər, – dedi. 

Doğrudan da, atamın rəngi dəyişmişdi, nəfəsi təngiyirdi. 

Halı get-gedə xarablaşırdı. Təzyiqini ölçdülər. Bir-birləriylə 

baxışdılar. Özünə: 

–Hər halda bir az yüksəkdir, – dedilər. Neçə dedikləri 

yadımda deyil, amma Ələkbər İsmayılov işarəylə məni dəhlizə 

çağırdı, təzyiqin daha da yüksək olduğunu dedi və əlavə etdi ki, 

mən məsuliyyəti üstümə götürüb onu buraxa bilmərəm, birdən 

yolda bir şey oldu... 

Biz otağa qayıdanda halı bir az da xarablaşmışdı, ağır-ağır 

nəfəs alırdı. 

İndi o biri otaqda, çarpayısının üstündə oturmuşdu, köynəyinin 

yaxasını açmışdılar. Həkimlərin, tibb bacılarının ora-bura 

qaçmalarından vəziyyətin son dərəcə ciddi olduğu aydın idi. 

İynələr vururdular, oksigen balonları gətirirdilər. Mən atamın belə 

hala düşməsini bir neçə  dəfə görmüşdüm, odur ki, hələ  də bu 

vəziyyətin keçəcəyinə inanmaq istəyirdim. 

Gənc reanimator həkimi çağırdılar. Həkimin dodaqaltı 

deyindiyini eşitdim: 

–Ağır xəstəyə belə  xəbəri vermək olar? Gör təzyiqi hara 

qalxıb, indi reanimator, gəl çıxart onu bu vəziyyətdən, görüm 

necə çıxarırsan. 

Atam olan otaqda indi yeddi-səkkiz adam vardı – tibbi 

personal. 

Raufla mən bu biri otaqdaydıq. Qapıya yanaşdım. Atam 

mənə baxırdı. 

–Necəsən? – deyə soruşdum. 

Başının işarəsiylə və gözləriylə "yaxşıyam" – dedi. Üzündə 

gördüyüm son ifadə idi bu.  

Sonra gözləri axmağa başladı, indiyəcən heç vaxt gözlərinin 

belə axdığını görməmişdim. 

Həkimlərdən biri qolumdan yapışıb məni kənara çəkdi. 

–Vəziyyəti çox ağırdır, – dedi, – hər şeyə hazır olun. 



 125 

Otağa başqa həkimlər, tibb bacıları da gəldilər, qaçır, tələsir, 

oksigen balonlarını dəyişir, ora-bura vurnuxurdular. 

Birdən-birə hamısı elə bil süst düşdü, bütün hərəkətlər, ora-

bura qaçmalar, tələsmələr dayandı. 

Hər şeyi başa düşdük. 

Ələkbər İsmayılov qapıda durub başını bulayırdı. 

–Keçindi, – dedi. Saat ikiyə yaxın idi. 



Bir sükut, bir qaranlıq 

kəsir qarşımı. 

Dur! 

Qurtar! 

Deyirəm axı 

bitməmiş işlərim, 

nə qədər ümidim, 

arzum var.  

Soyuq bir səs 

yandırır beynimi: 

Möhlət bitdi. 

Qurtar. 

O sözləri deməyə, 

bu sözləri eşitməyə belə 

macal olmayacaq. 

Nə qədər vaxt keçdi? On dəqiqəmi, bir saat, iki saatmı, uzun 

aylar, illərmi? 

Vaxt donub qalmışdı. 

Zaman – yox idi. 

Nə edirdim, nə danışırdım, ya danışmırdım, bilmirəm. Nə 

isə həblər, dərmanlar verirdilər mənə, deyəsən. 

"Niyə, axı niyə? Biz kimə nə eləmişik ki, tale belə amansız 

cəzalandırır bizi", – deyə düşünürdüm, başımı divara 

döyürdüm, "biz indiyəcən çox xoşbəxt yaşamışıq, indi tale 

bunun  əvəzini çıxır", – deyə düşünürdüm, özümə yer tapa 

bilmirdim, anamı düşünürdüm, düşünürdüm ki, indi necə 

olacaq anamın yeganə xilas ümidi – Moskvaya getməsi necə 



 126 

olacaq və onu da düşünürdüm ki, indi bunun nə əhəmiyyəti, nə 

mənası var, onların bir-birindən ayrı ömür sürmələrini heç cür 

təsəvvür edə bilmirdim. 

Heç cür ağlıma sığışdıra bilmirdim ki, yarım saat, ya da bir 

əsr bundan qabaq bizimlə bax burda, bu otaqda, bu masanın 

arxasında oturan, danışan, təzə kitabını  vərəqləyən, Nigarı 

soruşan, pencəyini geyinən, çəkməsinin bağını bağlayan adam 

– məninçün dünyada kişilərin  ən kişisi, ataların  ən yaxşısı 

mənim atam – artıq yoxdur, həmişəlik yoxdur, bir daha heç 

vaxt olmayacaq. 

Heç bir qüvvəylə geri qaytarıla bilməyəcək heçlikdədir 

artıq, bir də heç vaxt, heç vaxt mənimlə danışmayacaq, 

dərdləşməyəcək, hirslənməyəcək, sevinməyəcək, mənə  nə isə 

tapşırmayacaqdır. 

Birinci Rauf özünü ələ alır: 

–Anar, denən, neyləmək lazımdır, hara, kimə zəng vurmaq, 

kimə xəbər vermək. 

–Zemfiraya zəng vur, qızlara o desin Ənvərə  zəng vur, 

Yazıçılar İttifaqına, Elçinə xəbər versin. 

Nə qədər vaxt keçdi – bir saat, on saat, bir əsr? Otaqda indi 

ikimiz qalmışdıq – atam və mən... Həkimlər, xidmətçilər harasa 

getmişdilər.  

Mən üzü ağla örtülmüş  cənazəyə baxırdım və düşünürdüm 

ki, uzun illərin xəstəlikləri boyu anam onun çox əziyyətini 

çəkdi, nazıyla oynadı, yuxusuz qaldı, amma indi – bu qəfil 

ölümüylə atam istər-isəməz verdiyi bütün əzab-əziyyətlərin 

"günahını" sanki yumuşdu.  

Hərənin Öz ömrü Öz taleyi olduğu kimi, Öz ölümü, yəni öz 

təbiətinə münasib ölümü də var. 

Məsələ əcəldə deyil, məsələ ondadır ki, insanların ölümləri 

də onların xarakterlərini,  şəxsiyyətlərini tamamlayan son 

nöqtədir. Atam yalnız belə ölə bilərdi – emosional sarsıntıdan, 

daxili çılğınlıqdan, narahatlıqdan, hövsələsizlikdən, Nigarının 

nigarançılığından. Ömrünün müxtəlif çağlarında onun təbiəti 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə