Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə38/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   34   35   36   37   38   39   40   41   ...   219

 127 

də müəyyən dərəcədə dəyişirdi. Orta yaşlarında və xüsusilə də

cavanlığında, qaynar həvəsli, coşğun, ağına-bozuna baxmayan 

bir dəliqanlıymış,  əsəbi, kür, köntöy vaxtları da olub. Amma 

elə sakit, mülayim, yavaş, kimsəni incitmədən öldü ki. 

Fəryadsız, haraysız, səssiz-səmirsiz... Elə bil gur bir musiqi 

ahəstə, həzin bir akkordla tamamlandı... 

Ömrünün axır illərində atam nədənsə  mənə  qədim 

əlyazmasını, çox qiymətli bir perqamenti xatırladırdı,  İllərin 

ağırlığından saçları çallaşmışdı, sifəti solğundu, bütün vücudu 

qədim  əlyazması kimi nazilmiş, kövrəkləşmişdi. Qədim 

əlyazması kimi yavaş-yavaş didildi, ovxalandı, soldu getdi. 

Sonralar bibim Sarə: 

–Elə bil tələsdi, – dedi, – tələsdi ki, Nigardan qabaq ölsün, 

onun müsibətini görməsin... 

Demirəm Göyçayda basdırın məni 

Ancaq ki, riyakar gözlərdən uzaq 

aparın bir çayda basdırın məni 

Tabutumu örtsün sərin sular. 

Qəbrimi görüb kədərlənməsin 

Sevinclilər, arzulular. 

Qəbrimin üstündən sular çağlasın. 

İnsanlar sevinsin, gülsün 

işıqlı gündüzlər! 

Gecələr də mənə, 

yaşıl saçlarını 

sulara sallayan, 

salxım söyüdlər ağlasın... 

Nə  qədər vaxt keçdi. Bir il? Beş gün? Üç saat? Birdən 

qapılar taybatay açıldı, otağa Ənvər, Elçin, Fikrət Qoca, Fikrət 

Sadıq, Hüseyn Abbaszadə, Qabil, Sabir Azəri, Aleksandr Qriç, 

Ələkbər Salahzadə, Vaqif Cəbrayılzadə,  Əhəd Muxtar, 

Allahverdi və başqa yazıçılar daxil oldu. (Kimin adını 

unutmuşamsa, üzürlü bilsin) Sonralar Fikrət Qoca bu gəlişi 

"Rekviyemdə" təsvir elədi: 




 128 

Xəbər ilan kimi çaldı qulağımı, 

Telefonun dəstəyi əlimdə boğuldu. 

Ölüm nə ucuzdu... 

  

 

nə boldu... 

Bu Mərdəkan yolu nə uzaq oldu. 

Bu, deyəsən, dünyada 

ən uzaq yoldu... 

...Bir andaca 

göyə hopmuşdu mavi gözlərinin rəngi. 

Dənizi yun kimi didirdi 

mübarizəsi-cəngi. 

Balacalanıb taxta çarpayıya sığmışdı 

şerimizin nəhəngi… 

…şair qocalmır, 

ömrü bir yaz olur qurtarır. 

Şair ölmür, 

qara qələm kimi yazılır qurtarır. 

Nə  qəribədir insan hafizəsi – o günün bir çox təfərrüatını 

sanki yuxu tək xatırlayıram, cizgiləri süd dumanı içində əriyib 

itir, amma bəzi  şeylər dupduru, apaydın qalıb. Yadımdadır 

Qabil siqaret çıxartdı, sonra birdən cənazə olan otağa tərəf 

baxıb: 


–Burda çəkmək olar? – deyə soruşdu. 

–Nə  qəribə söz danışırsan, indi onunçün nə  təfavütü var 

çəkdin, çəkmədin.  

Qabil: 


–Bağışla, Anar, sən Allah, bağışla, – dedi, – heç fikirləşmədim. 

Yadımdadır, xidmətçi qadın atamın  şeylərini yığışdırırdı. 

Sarı papkasını, tranzistorunu, bir ovuc dava-dərmanı – bu 

dərmanlar daha ona gərək deyildi. 

Yadımdadır ki, uzun müddət Mərdəkandan çıxa bilmirdik. 

Baş  həkim deyirdi ki, xüsusi icazə kağızı olmasa, cənazəni 

buraxa bilmərəm. Elçin Səhiyyə Nazirliyinə, MK-ya, Nazirlər 

Sovetinə  zəng eləyir, heç kəsi tapa bilmirdi, hamı Elmlər 




 129 

Akademiyasında hansısa iclasda idi. 

Nəhayət, baş  həkim bizi buraxmağa bir şərtlə razı oldu: 

cənazəni təcili yardım maşınında, həm də evə yox, Bakıdakı 

Leçkomissiya xəstəxanasına aparmaq şərtilə. 

Yola çıxdıq. Mən Hüseyn Abbaszadə  və Elçinlə  bərabər 

Sabir Azərinin maşınına mindik. 

Bakıda Nərimanov prospektindəki xəstəxananın qabağına 

gəldik. Darvazanın ağzında dayandıq. Atamın cənazəsi – 

darvazanın qabağında dayanmış təcili yardım maşınında, anam 

isə ondan yüz metr masafədə, binanın içində üçüncü mərtəbədə 

idi. Tapşırdıq ki, xəstəxanada xəbər yaymasınlar, anam hələ 

bilməsin.  

Cənazəni evə aparmaq üçün icazə kağızı gözləyirdik. Heç 

kəs bu problemi həll edə bilmirdi. Elçin Akademiyaya getdi ki, 

məsələni həll edə biləcək adamlarla danışsın. 

Acı külək  əsirdi. Maşında oturmuşdum – nə göz yaşım 

qalmışdı, nə sözüm. İçərimdə sonsuz bir boşluq hiss edirdim. 

Ürəyim elə bil daşlaşmışdı. Heç nə duymurdum – nə təəccüb, 

nə  ağrı, nə  dərd... Yalnız gözləyirdim, bir saat – saat yarım 

gözlədik, amma o gün –həyatımın ən uzun günü (doğrudan da, 

"gün var, əsrə  bərabər") sanki bir neçə gün uzunluğundaydı, 

hər dəqiqə, hər saniyə elə bil olduğundan üç dəfə, beş  dəfə 

uzun çəkirdi. Nəhayət, Elçin qayıtdı. Lazımi göstərişlər 

verilmişdi. Atamgilin evlərinə yollandıq. 

Bu ev üç dəfə yas yeri olmuşdu – iki nənəm və Turə 

rəhmətə gedəndə.  İndi dördüncü dəfə burda hüzr başlanırdı – 

çöl qapısı taybatay açılmışdı, qonşulardan stul daşıyırdılar, 

güzgülərin üstünə örtük çəkilmişdi, qapının ağzında, 

pilləkanda, dəhlizdə çoxlu adam vardı, amma bütün bu kişi 

sifətləri içində o an mən yalnız oğlum Turalın sifətini gördüm; 

həyatında ilk və qəfil sarsıntıdan quruyub-qalmış sifətini... 

Cənazəni həmin o böyük otaqda qoydular, o otaqda ki, orda 

haçansa, yox haçansa niyə, cəmisi bir neçə gün bundan qabaq, 

kresloda, televizorun qarşısında oturmuşdu,  əynində pijama 



 130 

şalvarı, yaşıl yun cemper. Ekranın qabağında oturmuşdu, 

gözlərini yummuşdu. 

Adamlar gəlirdilər. Hər gələn – anımlar zənciriylə bağlı idi, 

neçə-neçə xatirəni dartıb çıxarırdı yaddaşımdan. 

Balaca cürübbəz bir kişi daxil olur otağa. Mürvətdir, atamın 

ensiklopediyada sürücüsüydü... 

…bir dəfə Mürvət mənə  təklikdə  şikayətləndi ki, atam 

onunla pis rəftar edir, yeri gəldi-gəlmədi acıqlanır...  

…Bir də o yadıma düşür ki, Mürvət həmişə deyərdi: təki 

bircə bu kitabımız çıxsın (Ensiklopediyanın birinci cildini 

nəzərdə tuturdu)... 

…bir də yadımdadir, Təranənin toyunda Mürvət içib sərxoş 

olmuşdu, tullana-tullana oynayırdı, ortalıqdan çıxmaq bilmirdi, 

elə hamıya xəbər verirdi ki, "mənə də "Cin Mürvət" deyərlər", 

atam da əsəbləşirdi, "bədbəxtin oğlu lap özünü biabır elədi" – 

deyirdi... 

...və o zamandan, ensiklopediya illərindən sonra Mürvəti 

görməmişdim, neçə ildi qapımızı açmamışdı, indi ölüm 

xəbərini eşidib gəlmişdi. Mənə yaxınlaşdı,  əl verdi, için-için 

ağladı, "çox xozeyinim olub, – dedi, – amma əsl kişi bir onu 

gördüm"... 

Abbas Zamanov gəldi. 

...1942-ci ildə Kerç yolunda, gəmilərini alman təyyarələri 

bombalayanda atam ona deyib ki, bir butulka tap. 

–Butulkanı neynirsən? 

–Sənin işin deyil, dedim tap, tap! 

"Tapdım gətirdim, bir kağız yazdı,  şüşənin içinə qoydu, 

sonra butulkanın ağzını bərk-bərk bağlayıb dənizə atdı, yəni ki, 

bizim başımıza bir iş gəlsə, bəlkə haçansa kimsə bu butulkanı 

tapdı... Amma kağızda nə yazmışdı, bilmirəm"... 

Müharibə illərində, sonrakı illərdə də (və bu gün mən əlavə 

edə bilərəm – 81-ci ilin 1 aprel günündən sonrakı aylarda, 

illərdə  də!) Abbas Zamanov atama etibarlı dost idi. Atam da 

onu çox istəyirdi, amma bəzən onunla kobud da danışırdı, 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə