Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə33/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   29   30   31   32   33   34   35   36   ...   219

 108 

Abbas? Bu da anamın başının üstünü almış  təhlükənin bir 

əlaməti deyildimi? 

Təranə telefon dəstəyini anamın özünə verir – mənimlə elə 

şux, elə gümrah danışır ki... zarafat eləyir, and verir ki, nigaran 

qalmayım, işimi pozmayım. Sonra dəstəyi atam götürür, o da 

eyni şən, qayğısız tərzdə danışır... 

Yəqin ki, bu gecə – martın 24-dən 25-nə keçən gecə, Ağdam 

mehmanxanasının suvağı tökülmüş balaca, xəfə, rütubətli 

nömrəsində keçirdiyim gecə – ömrümün ən dəhşətli gecəsiydi. 

Hətta atamı itirdiyim günün – aprelin 1-i gecəsindən və anamı 

itirdiyim iyulun 10-u gecəsindən də dəhşətli idi. Mən onları bu 

gecə, məhz bu gecə, həm də ikisini də birdən itirdim. 

Bu gecə əbədilik ayrıldım onlardən. Bu gecə bütün müdhiş 

əyaniliyiylə mənə aydın oldu ki, tez – çox tez bir zamanda bizi 

tərk edəcəklər və dünyada bunun qarşısını alacaq heç bir qüvvə 

yoxdur. 

Gecə saat ikiydimi, üçdümü, bilmirəm. Yol yoldaşlarım 

hamısı mehmanxananın müxtəlif nömrələrində yatmışdılar:  

Ürəyim partlayırdı, istəyirdim durum, onları bir-bir oyadım, 

bir an da yubanmadan yola çıxaq, Bakıya qayıdaq. Ya da 

əksinə, heç kəsi oyatmadan, heç birinə bir söz demədən geyinib 

küçəyə çıxım, bu vaxt qatar, təyyarə yoxsa, taksi maşın, nə isə 

bir  şey tapım, lap elə piyada gedə bildikcə gedim – təki bu 

otaqda, bu çarpayıda qalmayım, özümü Bakıya yetirim. 

Bu bir "panika" idi, tamamilə başımı itirmişdim. Mənə elə 

gəlirdi ki, yalnız həftələr, günlər deyil, saatlar, dəqiqələr də say 

ilən qalıb, gecikə bilərəm, yubana bilərəm, çatmaram. 

Geyinib küçəyə çıxdım, amma gecənin bu çağı Bakıya heç 

nəylə getmək, təbii ki, mümkün deyildi. 

Yavaş-yavaş  şüurun soyuq səsi məni toxdadırdı, insanın 

əzəli təsəlli, özünüaldatma, sakitləşmə fəndləri, yalançı ümidlər 

mənə  şirin vədlər pıçıldayırdı: hər  şey sovuşub gedəcək, hər 

şey düzələcək, hər  şey yaxşı olacaq. Bütün bəd ehtimallar – 

keçən dəfələrdə olduğu kimi yalan çıxacaq, bəla sovrulandan 



 109 

sonra öz həyəcanlarımızı bir-birimizə danışıb arxayın-arxayın 

gülüşəcəyik. Yenə  də ömrün başqa çətin anlarında, qəliz 

dəqiqələrində, işim bərkə düşəndə olduğu kimi pənahım 

möcüzəyə idi: inanmaq, daha doğrusu, özümü inandırmaq 

istəyirdim ki, ötən səfərlərdəki kimi bu dəfə də tale bizi darda 

qoymaz. 

Bu günün uzaq yolu, qayğı yükləri,  əsəb gərginliyi məni 

taqətdən salmışdı, məhbəs kamerası kimi dar, uzunsov 

nömrəmə qayıtdım, çarpayıma yıxıldım, səhərə yaxın 

yuxuladım. 

İki saatdan sonra yol yoldaşlarım məni oyatdılar.  Şuşaya 

getdik. Şərt qoydum ki, bu günə nə təhər olursa-olsun Bakıya 

qayıtmalıyıq. Şuşanı atüstü gəzib, çəkiliş yerlərini təxmini olsa 

da gözaltı elədik və axşama Bakıya döndük. Zemfira dedi ki

bu gün səhər Nigar xalanı xəstəxanaya apardıq, Tural da Rəsul 

əmigildə, babasının yanında gecələyir. 

Sübh tezdən xəstəxanaya cumdum – anamın halı məni xeyli 

sakitləşdirdi – hətta mənə elə  gəldi ki, fələk Ağdam 

gecəsindəki yalvarışlarımı  eşidib və  hər  şey, doğrudan da, 

yaxşı olacaq. 

Səhərisi gün – martın 27-də atamı Mərdəkan xəstəxanasına 

aparmalıydıq. Atamın maşınını sürən qohumumuz Fikrət 

Ağazadə, Ənvər Məmmədxanlı, atam və mən Mərdəkana yola 

düşdük. 

Atam dedi ki, xəstəxanaya, Nigara dəyək, sonra gedək. 

Bir neçə  dəqiqə söhbət elədilər, ikisi də bir-birini 

arxayınlaşdırdılar ki, özlərini çox yaxşı, lap əla hiss edirlər, 

nigarançılığa heç bir əsas yoxdur, tezliklə sağalıb yenə bir 

yerdə olacaqlar. 

Görüşüb ayrıldılar. 

Bax, bu gün, bu cür əbədi ayrıldılar-nə biləydilər ki, son 

dəfə görürlər bir-birlərini, nə biləydilər ki, daha heç zaman, heç 

zaman görüşməyəcəklər. 

Bu mart günündən  əlli il qabaq tanış olmuş, 47 il qabaq 



 110 

nişanlanmış, 44 il qabaq evlənmişdilər, alınlarına yazılmış 

ömrün üçdə ikisini bir yerdə, bərabər yaşamışdılar,  şadlıqları 

da bir olmuşdu, dərdləri-qəmləri də... 

Üç övlad ata-anası, beş nəvə baba-nənəsi, yüz kitab müəllifi 

oldular. 

Çox şəhərlər, ölkələr gəzdilər. 

Dost da qazandılar, düşmən də.  

Hərdən sözləri çəp düşdü, küsüşdülər də, barışdılar da. 

Bəzən səfərlər, şəhərlər onları bir-birindən uzaq saldı... 



Yerdən gurultuyla qopub qalxan 

təyyarələrin dalınca 

baxa-baxa qaldım. 

Uzaq dənizlərdə 

böyük gəmilərlə səni yola saldım. 

Stansiyalardan ayrılıb gedən 

qatarların arxasınca 

kövrəlib ağladım. 

Həmişə sabaha, vüsala 

ümid bağladım. 

Havalar geniş, 

dəryalar dərin, 

nələr görür sənin işıqlı gözlərin. 

...Yaxşı yol, 

uğurlar olsun, 

Hara gedirsən get, 

Mənim dərya səbrimi qurtarma, 

Hara gedirsən get, 

mənim vətənə bağlı ürəyimi 

getdiyin uzaq yollara 

aparma, əzizim, aparma. 

Bu etiraf Nigar Rəfibəylinindir. Bu parça isə Rəsul Rzanın 

1942-ci ildə Kerçdə yazdığı şerindəndir: 

Xatirində varmı tez-tez küsüşüb 

deyərdin: – Danışma, dindirmə məni. 



 111 

İndi o sözlərin yadına düşüb 

yandırırmı səni, yaxırmı səni.. 

…Bəlkə bir gün səndən üzüldü əlim. 

"Xoş keçdi az sürən bu ömrümüz"də 

Ayrılıq dəmində, aman gözəlim 

qoy yadımda qalsın, bir yaxşı söz de! 

Mənsiz bu dünyanın olsan qonağı, 

nə olar, sevgilim, sağ ol təki sən. 

Kim görsə boyasız solğun dodağı 

Onsuz da biləcək sən mənimkisən. 

Atam yolda Fikrətə: 

–Köhnə yolla sür, dedi, bağa dəymək istəyirəm. 

Mərdəkana təzə yolla yox, Zabratdan keçən yolla getdik. 

Maştağa yanında, yol ayrıcında maşını saxlatdırdı. Bizi 

kababxanaya apardı. 

Bilmədik ki, son dəfə bir yerdə çörək yeyirik. 

Ənvərlə söhbət edirdi. 

Atamın doğma qardaşı yox idi. Amma heç bir qardaşı ona 

əmisi oğlu və xalası oğlu Ənvər Məmmədxanlı qədər yaxın ola 

bilməzdi. Ömrü boyu bir-birlərinin  ən məhrəm sirdaşları 

olmuşdular. 

Ənvərlə söhbət edirdilər. Adi şeylərdən danışırdılar. 

Bilmirdilər ki, körpə çağlarından, atamın özündən üç yaş 

kiçik Ənvərə saymaq öyrətdiyi, "yedi yox, yeddi de" – dediyi 

uzaq günlərdən bu günə  qədər – 60 il fikirləri, söz-söhbətləri 

bir olmuş, birgə  fərəhlənmiş, birgə  dərdlənmiş iki əmioğlu-

xalaoğlu axırıncı söhbətlərini edirlər. Buzovnaya – bağımıza 

gəldik, 40 ildir ki, hər yayı bu bağda keçirirdik. 

...dəniz, gömgöy dəniz, dənizin üstündə ağappaq paraşütlər, 

sahildə yayın axır günlərinin  əlvan pioner toplantıları, 

uşaqlığımız, qayğısız, min bir ümidli, keçmişin yükündən azad, 

gələcəklə hamilə illər... qayalar, qumlar, qol-budaqlı, gen-bol 

kölgəli tut ağacı,  ən iri, ən  şirin ağ tut uca, əlçatmaz 

budaqdadır, budaqları silkələyirik, altına süfrə tuturuq, tutlar 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə