Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə61/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   57   58   59   60   61   62   63   64   ...   219

 202 

–Gör e, – deyirdi, – İtaliya hara, mənim  şerlərim hara... 

Zalım oğlu İtaliyada eşələyib tapıb mənim şerimi... 

Bu söhbətlərlə əlaqədar bir kədərli xatirə də düşür yadıma. 

Bir gün atam mənə üç-dörd mahnı mətni verdi: 

–Eminə göstər, – dedi, – gör ağlı bir şey kəssə, mahnı yazsın. 

İki-üç gün keçəndən sonra atam:  

–Nə oldu, verdin şerləri Eminə? – deyə xəbər aldı. 

–Verdim. 

–Yazır? 


–Yazacaq. 

–Haçan? 


–Nə bilim, dedi çox xoşuma gəlib, mütləq yazacam. 

–Day denən çox ləngitməsin. 

Üç ya dörd gün də keçdi. 

–Nə oldu, Emindən bir xəbər çıxmadı.  

–Hələ yox. 

–Əgər yazmırsa, denən qaytarsın. 

– Əşi nə qəribə söz danışırsan, – dedim, – cəmisi bir həftə 

keçib, yazar da... 

Üç ya dörd gün də keçdi, atam: 

–Eminə de ki, qaytarsın şerləri, – dedi. – İstəmirəm, yazmasın. 

Onu mümkün qədər mülayim, yumşaq  şəkildə dilə 

gətirməyə çalışaraq: 

–Axı, niyə belə hövsələsizlik edirsən, – deyirdim, – özün 

şairsən, yaradıcı adamsan, bilirsən ki, əsər birdən-birə  tələm-

tələsik, iki daşın arasında yaranmır...  İndi Emin də  gərək bir 

əməlli-başlı  mətni mənimsəsin, axtarsın,  şerlərə layiq, sənə 

layiq mahnı yazsın da... 

Kimə deyirsən? 

Ümumiyyətlə atamda mənim dostlarıma qarşı xüsusi bir sərt 

tələbkarlıq, hətta bir ərköyünlük vardı. Onların hamısını çox 

istəyirdi. Təbii ki, yalnız mənim yoldaşlarım olduqlarına görə 

yox, özlərinin  şəxsiyyətlərinə, yaradıcılıqlarına, istedad və 

ağıllarına görə. Amma mənim yoldaşlarım olduqlarına görə 



 203 

onlara ərki daha çox çatırdı. Bəzən onlara kəskin sözlər deyir, 

qaba rəftar edirdi. Ensiklopediyada atamla işləmiş Arazın və 

Vaqifin, yəqin ki, bu qəbildən daha çox xatirələri var. Vaqif 

Səmədoğlu atamın ölümündən sonra yazdığı  və  əvvəllərdə 

gətirdiyim  şerində ona "acıdil" deyir. Atam hər hansı bir 

möcüzəylə bu şeri oxuya bilsəydi,  şübhəsiz ki, bəyənərdi. 

"Acıdil" sözünə  də etiraz etməzdi. Axı elə özü də dilinin 

acılığından xəbərdar idi və bu barədə hətta "Acıdil" adlı şer də 

yazıb. Bu şeri oxuyanlar atamın nəyə görə "acıdil" olduğunun 

həm səbəbini, həm də izahını başa düşərlər. 

Elçin bir dəfə atamın hansı  tənəsinəsə cavab olaraq: Rəsul 

müəllim, bütün məzəmmətlərinizi qəbul edirəm, – demişdi, – 

çünki hər  şeydən başqa Siz Anarın atasısız, Anar da mənim 

dostumdur. 

İnsaf naminə deməliyəm ki, yalnız mənim yoldaşlarım 

deyil, öz dostlarıyla,  ən yaxın dostlarıyla rəftarında da bəzən 

ağına-bozuna baxmırdı. 

Yadımdadır, ən yaxın və sadiq dostu Sabit Rəhman biləndə 

ki, atamda şəkər xəstəliyi tapıblar mənə dedi: 

–Hə, Rəsulun bütün şəkəri dilindədir... 

Cəfər Cəfərov məsul vəzifədə  işləyəndə bir dəfə küçədə 

rastlaşdıq.  

–Rəsul haçan gəlir? – deyə soruşdu. 

Atam hardasa səfərdə idi. 

–Dörd-beş günə gələr, – dedim. 

Cəfərov gülümsündü: 

–Əşi, tez gəlsin çıxsın, – dedi – yenə bizi dalayıb didir. 

Bir Abbas Zamanovu Elmlər Akademiyasına müxbir üzv 

seçdilər. Onu təbrik edəndə mənə: 

–Kaş  Rəsul sağ olaydı, – dedi. – Birinci məni o, təbrik 

edəcəkdi. Özü də bilirsən  nə deyəcəkdi, deyəcəkdi: "Abbas 

Zamanov, yəni bir fərli alim tapılmadı orda, səni seçdilər?" 

–Amma hamıdan çox sevinən də atam olacaqdı, – dedim. – 

Əlbəttə. Buna məgər şübhə ola bilər? 



 204 

Ömrü boyu öz xasiyyətini 

dandı Rəsul. 

Elə bilirdi 

yüz ağac boyundan görünür 

kövrək olduğu, 

sinəsində körpə ürəyi kimi 

bir ürək olduğu. 

Sərtliyi üzünə, sözünə yaxardı  

Bəzən sərtliyindən 

öz nəfəsi də darıxırdı, 

göz yaşları içinə axırdı, 

Dilə tuturdu özünü 

"Başa düş, ay ürək, 

kişiyə yaraşmaz kövrəlmək, 

"qadan alım", "qurban olum" – demək 

Zorla dost tutma, 

dostun var dostluq elə 

yoxdur, tək gəz. 

Kişi kömək eləyər, 

kişi kömək gözləməz. 

Ömrün gecəsi–gündüzü olduğu kimi 

var hər ömrün öz ağı, qarası. 

Ötən şirin ömründən 

şəkər xəstəliyi qalmışdı ona, 

bir də ürək ağrısı... 

(Fikrət Qoca. "Rekviyem").. 

Anımlar zənciri xəyalımı  çəkib uzaqlara apardı, mətləbdən 

aralandım. Eminin mahnılarına qayıdaq. 

Mən,  əlbəttə, Eminə atamın sözlərini yetirmədim, mətnləri 

geri almadım və bir müddətdən sonra Emin bu şerlərə bir neçə 

mahnı bəstələdi. Zeynəb Xanlarovanın ifasında "İnsaf da yaxşı 

şeydir" nəğməsi çox populyar oldu. 

Bütün bunları isə başqa səbəbdən xatırladım. Atam Eminin 

ləng tərpənməsindən  əsəbiləşdiyi vaxtlarda, anam çox sakit



 205 

hətta bir azca utancaq tərzdə mənə dedi. 

–Mənim də bir neçə  şerimi ver Eminə, – sonra təbəssümlə 

əlavə etdi, – mən tələsdirməyəcəyəm, ürəyinə yatsa, yazmaq 

istəsə, haçan həvəsi gəldi yazar... 

Bu, sözləri o qədər kövrək, ürkək, zərif dedi ki, indi də yadıma 

düşəndə ürəyim titrəyir. Mən  şerləri dərhal Eminə verdim və 

bəstəkar anamın sözlərinə "Dağları duman, alanda" mahnısını 

yazdı. Bu mahnını da ilk dəfə Zeynəb xanım ifa etdi... 

...İndi, atamın vəfatından sonra, bir gün Emin mənə dedi ki

Nigar xalanın sözlərinə  təzə bir mahnı  bəstələmişəm. Amma 

sən verən mətnlərdən deyil, köhnə bir şeridir. Emin 50-ci 

illərdə Moskva Konservatoriyasında oxuyanda Lenin 

kitabxanasına gedər, Bakı mətbuatını oxuyar, bəyəndiyi şerləri 

dəftərinə köçürərmiş. Anamın "Azərbaycan" jurnalında dərc 

olunmuş həmin şerini də elə o vaxtlar köçürüb. 

Həmin mahnını Akif İslamzadənin ifasında lentə 

yazdırmışdı. Bir gün lenti də, maqnitofonu da xəstəxanaya 

gətirdik. "Qoy Nigar xala özü də eşitsin", – dedi. 

Mən mahnının hansı  şerə  bəstələndiyini bilmirdim və 

təəccüblənirdim ki, görən niyə Emin əlində  təzə  mətnlər ola-

ola köhnə şerə müraciət edib. 

Mahnının ilk sözlərini eşidən kimi hər şeyi başa düşdüm. 

Alagözlüm, səndən ayrı gecələr 

Bir il kimi uzun olur, neyləyim! 

Bağçamızda qızılgüllər hər səhər 

Tezdən açır, vaxtsız solur, neyləyim! 

Məhz bu sözlər – artıq dünyadan köçmüş insanı harayla 

ması – bəstəkarın qəlbini tərpətmişdi; çağırdığı adamın 

yoxluğunu Emin bilirdi, Akif bilirdi, hamı bilirdi, anam 

bilmirdi.  

Bəlkə tez gələsən, əlac verəsən,  

Sünbüllərin saçın yığıb hörəsən. 

Əlvan çiçəkləri özün dərəsən –  

Gözləri yollarda qalır, neyləyim! 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə