210
Odur, Rəsul əmi, sözünü saxla,
Açılan sinəni bu axşam bağla,
Gəl duraq üz–üzə gözü yumulu,
Mən sənə ağlayım, sən mənə ağla.
Arzum yetim qalır, ümidim sənsiz,
Kimsə ölüm hökmü mənə də verir,
Yuxuma hər gecə sahilsiz dəniz,
bir də ağ yelkənli tabutlar girir.
Gözüm görə-görə gedirsən neynim?
Ağlayıb diz döyüm, yoxsa dil deyim?
Dünyada varıydın, varı neylədim,
İndi yox olursan, yoxu neyləyim?
Ürək beyninə baxıb
Yas tutub ağlayanda,
Dünyanın min əlacı
bir havaya neyləsin!
Araya dərd düşəndə
Ağıl vaya neyləsin?
Rəsul Rza öləndə,
bu sözləri yazarkən
gözlərimi siləndə
kar Allahı görməyən
bu kor dünya neyləsin.
***
Mayın 19-u atamın ad günüdür.
Yadımdadır, bu günə açılan gecəni xəstəxanada anamın
yanında mən qalmışdım. Anam taqətdən düşdükcə, zəiflədikcə
gündüz və gecənin çox hissəsini yuxuda keçirirdi, hərdən ayılıb
bir-iki kəlmə söz deyir, sonra yenə mürgüləyirdi. Hər gün
Rəsulu xəbər alırdı. "Qorxulu bir şey yoxdur, – deyirdik, –
amma təzyiqi hələ də yüksəkdir, həkimlər durmağa icazə
vermirlər".
Yaya planlar qururdu:
211
–Bir az yaxşılaşım, bağa köçərik, – deyirdi, – Allah
kərimdir, Rəsul da o vaxta babatlaşar, Buzovnaya gələr, bağ
həmişə düşür bizə. Tural da instituta girsin, inşallah, onun
qonaqlığını özüm verəcəm.
Tural bu yay ali məktəbə imtahanlara hazırlaşırdı.
Amma məhz o gün dəqiq yadımdadır, mayın 18-də, uzun
çəkən yuxudan ayılıb zəndlə mənə baxdı. Otaqda yalnız
ikimizdik. Qəfilcən:
–Bilirəm, dedi, – mən daha bu xəstəlikdən durmayacam.
Anam yazıq da belə getdi. Ölümünə 10-12 gün qalmış ancaq su
içirdi, gecələr məndən elə hey su istəyirdi. Bir gecə istəmədi.
Elə yuxudaca keçinmişdi. Mən də yəqin elə gedəcəm.
–Nə olub sənə, – dedim, – yenə belə napək sözlər danışırsan
("napək" onun özünün çox işlətdiyi söz idi – A).
–Yox, ölümdən qorxmuram, – dedi. – Sizə yazığım gəlir.
Bir böyüyüvüz qalmayacaq.
–Başlama yenə, Niyarə, – dedim. Özləri bizi belə
öyrətmişdi, atamı da, anamı da adlarıyla çağırırdıq.
–Yox, yox, elə belə sözdür də, dedim...
Başını qatmaq, bu fikirlərini yayındırmaq üçün ordan-
burdan söhbətlər etməyə başladım.
O gün xeyli danışdı. Axırıncı dəfə idi ki, mənimlə belə
uzun-uzadı, müxtəlif məsələlərdən söhbət edirdi. Hardansa söz
gəlib Silva Kaputikyanın üstünə çıxdı.
–O vaxt – 30-cu illərdə münasibətlər tamam başqa idi.
Yerevana Sasunlu David yubileyinə getmişdik. Rəsul, Səməd,
Mirvari, mən... Vallah, erməni yazıçıları başımıza pərvanə kimi
dolanırdılar. Rəsul o vaxt Soyuzun sədri idi, Bakıda işləri
vardı, bizi Səmədə tapşırıb yubileydən yarımçıq qayıtdı. Silva
da o vaxt lap cavan qız idi, əldən-ayaqdan gedirdi bizimçün...
Uşaqlıq rəfiqəsi F. haqqında danışmağa başladı. F. haqqında
həmişə çox böyük nəvazişlə danışardı.
Necə gözəl qız idi, necə gözəl ziyalı idi, necə də bədbəxt idi.
İstəyirəm bir dəfə onun bütün həyatını sənə danışım, bəlkə bir
212
gün gərəyin oldu. Əsl romandır elə bil.
Sanki bir daha heç bir vaxt danışa bilməyəcəyini duyurmuş
kimi indi danışmağa başlayır.
–F.–nin atası dul qalır, amma elə arvadının qırxındaca gəlib-
gedən gəlin-qızlara göz qoyurmuş. Birinə gözü düşür və yası
verib qurtaran kimi dərhal onu alır. Kişinin böyük övladları,
hətta nəvələri varmış, hamısı ondan üz döndərir, köhnə
arvadının ilini gözləmədiyi bir yana dursun, kişi özü qoca, təzə
arvadı isə lap cavan imiş. Hacıkənddə evləri varmış, həmin o
qoca kişi də cavan arvadıyla bu evin axar-baxarlı eyvanında
oturub mürəbbəli çay içərmişlər.
"Mənə bu söhbəti anam, xalam eləyib, yaşımdan çox qabaq
olub bu işlər, amma həmin səhnəni elə aydın, əyani təsəvvür
edirəm ki, elə bil o axar-baxarlı eyvanı da, o mürəbbəli çayı da
özüm öz gözlərimlə görmüşəm".
Deməli, anam da kiminsə yaddaşında saxladığı səhnələri öz
yaddaşına bütün əyaniliyiylə köçürürmüş, indi də mən onun
hafizəsində həkk olunmuş mənzərələri öz İçəri dünyama
almaq, orda saxlamaq, hifz etmək, qorumaq istəyirəm.
"Bir sözlə, F. bax, həmin bu nikahdan doğulub, necə
deyərlər, məhəbbət övladıdır. Cavan anası zinger Məmməd
deyilən bir dərzi vardı, onun bacısıydı. F. böyüyəndə onu da
dərziyə ərə verdilər, özünün meyli yox idi o adama, amma
valideynlərinin iradəsinə tabe oldu. Əri, həmin o dərzi isə, o
zamanlar dəb imiş deyə pasportunda yazdırıb ki, guya iranlıdır.
İranlıları köçürəndə mən F.-nin pasportunu alıb gizlətmişdim –
haranın iranlısıydı F. axı.
Amma o razı olmadı təkid edib pasportunu aldı, əriylə bərabər
getdi. Orda bir qızları olub. Mənə məktublar yazırdı, yazırdı ki, bu
körpənin dünyaya gəlməsi mənə təsəvvür edilməyəcək bir sevinc,
səadət gətirdi, elə bil həyatım, nəhayət, bir məzmun qazandı, elə
bil kimsə mənə ömrümün indiyəcən dərk etmədiyim mənasını, çox
yüksək bir mənasını başa saldı. 56-cı ildən sonra qayıtdılar.
Gəncədə yaşayırdılar. F. qızıyla bağçada gəzirmiş, altı