Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə66/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   62   63   64   65   66   67   68   69   ...   219

 219 

Məhəbbətim səndə, könlüm səndədir

Bahar nə nazəndə, nə nazəndədir. 

 

Gah yoluna çıxdım, gah yola saldım 

Gah intizar çəkdim, həsrətdə qaldım. 

Qışda sorağını uzaqdan aldım, 

Dedim əmanətim, eşqim səndədir, 

Bahar nə nazəndə, nə nazəndədir. 

 

Xoş nəğmələr qoşdum sənin adına, 

Saf bir nəfəs kimi çatdın dadıma. 

Bir həzin axşamda düşsəm yadına 

Bil ki, məhəbbətim, könlüm səndədir 

Bahar nə nazəndə, nə nazəndədir. 

Xalq  şairi adı alması münasibətilə radioda anam haqqında 

veriliş düzəltmişdilər.  Əzizə xanım  Cəfərzadə danışdı, 

şerlərini oxudular, mahnılarını  səsləndirdilər. Tranzistorla 

qulaq asırdı, mənə elə gəlirdi ki, yarıyuxuludur, duman içində 

qavrayır hər  şeyi. Amma verilişin onun xüsusi tərifləndiyi 

yerində  zəif-zəif gülümsündü, taqətsiz halda əlini qaldırdı  və 

alnına apardı – hərbi salam kimi. Bunu bizimçün edirdi: son 

zarafatıyla bizi toxtaq saxlamaq üçün... 

İyunun 29-u anamın ad günüdür. Palatası başdan-başa gül 

içindəydi. Atamın adından da ona bir dəstə çiçək gətirmişdik. 

Yuxuda çiçəklər görürəm hər gecə, 

öpürəm onları gizlicə 

hər yanım çiçək, 

yastığım, yorğanım çiçək. 

Çiçəklər əlvan-əlvan, 

çəmən-çəmən. 

Bu çiçəklər aləmində 

xumarlanıb yatıram mən 

Yuxuda çələnglər görürəm

qərənfili seçir könlüm 



 220 

çiçəklər arasından 

Elə bil iki damla, qan sızır 

ürəyimin yarasından. 

Bu alov rəngli qərənfilləri 

yar vermişdi ayrılıq dəmi, 

Elə bil çökmüşdü 

Onların üstünə dünyanın qəmi. 

Yuxuda qərənfillərimi görürəm, 

yığıb solan çiçəklərimi 

ümid çələngi hörürəm. 

Ümidə yer qalmırdı; təşəkkür sözlərini demək üçün belə 

dodaqlarını güclə tərpədə bilirdi. 

Anamın bir gənclik  şəkli var – gərək ki, Moskva 

yaxınlığında Maleyevkada çəkilib; ağ çiçəklərlə dopdolu geniş 

bir çöldə  çəkdirib bu şəkli – özünün də qucağında çəməndən 

topladığı iri bir çiçək dəstəsi var. 

Körpəlikdə anamın dilindən eşitdiyim ilk laylay yadıma 

düşür:  

Laylay dedim yatasan 

Qızıl gülə batasan 

Qızılgülün içində 

Şirin yuxu tapasan. 

İndi öz yuxusunu qızılgüllərin, çox sevdiyi qərənfillərin 

içində tapırdı. Bəzən mənə elə  gəlir ki, o özü də bizim 

dünyamıza, hamımızın həyatına o ağ çiçəklərlə, güllərlə 

dopdolu olan bir aləmdən gəlmişdi və bir gün ora qayıdası  

idi... 


Güllər içində tapdığı bu "acı yuxuda" yalnız dünyayla deyil, 

yalnız bizimlə deyil, çiçəklərlə də vidalaşırdı: 



Sevib oxşadığım əlvan çiçəklər 

Əlvida, ey gözəl dağ çiçəkləri. 

Öpdüm gözlərimlə sizi hər səhər 

Yığdım dəstə-dəstə ağ çiçəkləri. 

 


 221 

Əssin üstünüzdə ruzgar ahəstə, 

Yığsın sizi qızlar hey dəstə-dəstə. 

Yel əssə tökülün sinəmin üstə, 

Payız çiçəkləri, yaz çiçəkləri. 

 

"Əzizim Nigar! 



Sənə hamı Nigar xanım. deyir. 

Mən isə Nigar! 

Mənə elə gəlir ki, xanım sözü bizim gənclik dostluğumuzun, 

məhəbbətimizin arasında sədd olar. 

Mən səni bu illər  ərzində fikrimdə, xəyalımda həmişə o 

səmimiyyətlə yaşatmışam. 

Bu günlərdə xəstə olduğunu eşitdim. 

Özüm xəstəxanadayam, odur ki, görüşünə gələ bilmədim. 

Sarı bülbül! Sənə  xəstəlik yaraşmayır, sən  şairsən, 

nəğməkarsan, demək güclüsən, əbədiyyətsən. 

Bir vaxt mən ağır xəstələndim. Sağalmağıma ümid az idi. 

Onda mənim həyata olan eşqim, inamım və poeziyanın işığı 

azarın söndürdüyü işıqları bir-bir yandırdı. Mən həyata 

qayıtdım. Yenə xəstəyəm, lakin həyata ümidim çoxdur. Sən də 

özünü bərk saxla. Tale bizə  şairlik kimi əvəzsiz bir sərvət və 

qüvvət verib. Qoy poeziyanın odu, işığı azarların bütün 

fəsadlarını yandırsın: Sənin qəlbində sağlamlıq, gümrahlıq 

çıraqları yandırsın.  

Amin! 

Öpürəm səni! 

Sənə tezliklə sağalmaq arzu edirəm. Şairə bacın, rəfiqən 

 

Mirvarid Dilbazi". 

 

Hamımız hiss edirdik: möhlət sona yetməkdədir – axırıncı 



günlərini yaşayır. Qərara gəldik ki, onu evə aparaq. Həkimlər 

də bizim qərarımızla razılaşdılar. Doğum gününün səhərisi – 

iyunun 30-da anamı evə apardıq. Dedik ki, həkimlər  şəraiti 

dəyişmək məsləhət görür, müalicəni evdə davam etdirəcəklər. 




 222 

Etiraz eləmədi. Yəni məgər etiraz eləyəsi halda idi? 

Xəstəxanadan çıxmaqdan qabaq nədənsə üzüyünü Fidana 

verdi: 


–Götür bu üzüyü, – dedi, – sənə bağışlayıram. 

Mat qalırdım: üç ay ərzində aclıq keçirən, müstəqil hərəkət 

edə bilməyən, çətinliklə danışan bu yaşlı, xəstə qadında nə 

qədər mənəvi güc vardı, iradə vardı, yumor vardı – ömrü boyu 

onun özünün də, bizim hamımızın da dadına çatan, qolundan 

tutan bu keyfiyyətlərini hələ də saxlamışdı. 

Maşınımız evə çatanda: 

–Məni evə  gətirdiz? – deyə  xəbər aldı. – Bəs mən elə 

bilirdim basdırmağa aparırsınız.  

Fidan eyniylə onun tərzində zarafatyana bir sərtliklə: 

–Heç diri adamı da basdırarlar, Nuruş? – dedi. 

Evdə isə birdən yenə Fidana müraciət elədi: 

–Madam ki, ölmürəm, onda qaytar üzüyümü, – dedi, – daha 

sənə bağışlayası olmadım. 

Yenə zarafat edirdi, amma bu, deyəsən, artıq axırıncı 

zarafatı idi. 

Biz hamımız, mən də, bacılarım da anamgildə gecələyirdik. 

Evə  gətirdiyimiz birinci gecə onun yatdığı otaqda Təranə 

növbə çəkirdi. 

Səhər – iyulun 1-də – atamın ölümündən düz üç ay keçən 

gün – sübh tezdən Təranə həyəcan içində məni çağırdı. Adətən 

özünü saxlamağı bacaran Təranə karıxıb qalmışdı: 

–Anar, tez bura gəl. 

Anam yatan otağa qaçdım. Anamın geniş açılmış gözlərində 

qeyri-adi bir dəhşət vardı, elə bil başqa dünyadan baxırdı bu 

gözlər. 


Gözlərini düz gözlərimin içinə zilləmişdi. 

–Rəsula nə olub? – deyə soruşdu. 

Təranə lap özünü itirmişdi, anamın bu sualı sübh tezdən 

verməsi, doğrudan da adamı vahiməyə salırdı. Bu an məni də 

dəhşət bürüdü. Amma bu hissə təslim ola bilməzdim. 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə