Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə67/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   63   64   65   66   67   68   69   70   ...   219

 223 

–Nə olub ki, Rəsula dedim. – İndicə  Mərdəkana, yanına 

gedəcəm. 

Sözləri ağır-ağır tələffüz edərək: 

–Axı sən heç vaxt məni aldatmamısan, – dedi. Görünür bu 

cümləni, bu tutarlı dəlili uzun zaman hazırlamışdı, bu cümlənin 

hökmüylə həqiqəti məndən qoparmaq istəyirdi, – düzünü de, nə 

olub? 


İndiyəcən başa düşə bilmirəm ki, axı  nə  səbəbdən üç ay 

ərzində atamın səhhəti haqqında uydurduğumuz bütün 

yalanlara inanmışdı, bu gün, iyulun 1-də, sübh tezdən belə inad 

və israrla həqiqəti öyrənmək istəyir və deməli, bütün 

uydurmalarımızı  şübhə altına alırdı. Bəlkə daha heç bir 

sözümüzə inanmırdı? Baxışında nə isə elə bir şey vardı ki, 

bunu sözlə  təsvir eləmək mümkün deyil – elə bil hər  şeyi – 

atamın yoxluğunu – öz gözüylə görmüşdü. 

Anamı  gətirməzdən  əvvəl evi diqqətlə  səliqəyə salmışdıq. 

Yasdan işarə, əsər-əlamət qalmamışdı. Hər şey onların evi qoyub 

getdikləri şəkildə idi. Bəs öz evində keçirdiyi elə ilk gecədən sonra 

bu şübhə onun ürəyinə haradan, necə dammışdı? 

–Bax, aşağıda maşın gözləyir, – dedim. – Mərdəkana 

Rəsulun yanına gedirəm. İki saatdan sonra qayıdacağam. 

Bilmirəm bu sözlərə inandı, inanmadı, amma bir daha atam 

haqqında heç nə soruşmadı. 

Gündüzlər bir-iki saatlığa onun yanından gedirdim, 

studiyada olurdum "Üzeyir Hacıbəyov" filmi üçün Qədir 

Rüstəmovun səsini yazırdıq, geyim eskizlərinə baxırdıq. 

Evə qayıdanda anam: 

–Necə  oğulsan? – deyirdi. – Ananı burda qoyub gedib 

itirsən. Neçə gündür səni görmürəm. – Onun yanından iki-üç 

saat qabaq getmişdim; artıq vaxtı qarışdırırdı. 

Axırıncı iki günü artıq danışmırdı, ancaq iki qolunu havaya 

qaldırırdı. Çox qəribə bir jest idi bu – nə qədər taqətsiz olsa da 

hardansa güc tapır və qollarını havaya atırdı – elə bil uçmaq 

istəyirdi. Elə bil üç aylıq ölüm yatağının cazibəsini qırıb 



 224 

qanadlanmaq istəyirdi. "Durna olduğu yuxularında 

qanadlandığı" kimi. 

Elə bil haçansa yazdığı misralarını təsdiq etmək istəyirdi: 



Demirəm dünyadan köçüb gedəndə 

Vətəndə şöhrətli bir adım qalsın 

İstəyirəm bircə həzin xəyalım, 

Bir də uçmaq istəyən 

iki qanadım qalsın.  

Axşamlar qohumlar gəlirdilər, bizə ürək-dirək vermək 

istəyirdilər, əllərindən gələn köməyi təklif edirdilər. Amma nə 

kömək edə bilərdilər ki? Ümumiyyətlə, kim kömək edə bilərdi 

bizə… 

Anamın pəhləvan qamətli geoloq qardaşı  Rəşid dayı aciz-



aciz soruşurdu: 

–Həkimlər nə deyir axı, heç bir ümid yoxdur? 

Ona da təskinlik verməyə çalışırdıq. 

Gecə yarsına yaxın hamı dağılışırdı  və yalnız biz övladları 

qalırdıq. Elə bil başqa bir zaman, vaxt kəsiyinə düşürdük – axı 

neçə il idi ki, hərəmizin öz ev-eşiyi, öz ocağı, ailəsi vardı, bir-

birimizdən ayrı yaşayırdıq. 

Neçə gecə idi gözümüzü yummurduq – bu müdhiş, 

dözülməz bir vəziyyət idi – ananın ölüm yatağının yanını 

kəsdirəsən, biləsən ki, əlindən gedir və heç bir şey etməyi 

bacarmayasan.  Əlindən heç nə  gəlməyə. Vaxtı dayandıra, 

saxlaya bilməyəsən,  əcəl saatını yubada bilməyəsən. Ölümü 

azdıra bilməyəsən. Əlindən heç nə, heç bir şey gəlməyə... 

Biz danışırdıq da, susurduq da. Susanda da eyni bir şey 

haqqında susurduq. İçəri dünyalarımız bir-birinə qovuşub 

birləşmişdi hərə öz daxili aləminə çəkilmişdi, amma bu daxili 

aləmlərimiz – umumi yaddaşımız idi, – uşaqlığımız, diri 

atamız, sağlam anamız, hamımızın bir dam altında yaşadığımız 

günlər, aylar, illər... 

İyulun doqquzundan onuna keçən gecə – hiss etmişdik ki, 

axırıncı gecəsidir. Gecəyarısı qohumlar dağılışdılar. Rauf 



 225 

axşamdan getmişdi, zəng elədim ki, gəlsin. Saat birə yaxın halı 

lap xarablaşdı. Təcili yardım  çağırdıq. Gəldilər. Həkim: 

–Burda biz nə edə bilərik ki? – dedi... 

İynə vurdular, çıxıb getdilər... Anamın  ətrafında 

oturmuşduq, çox ağır nəfəs alırdı. 

Birdən nəfəsi sakitləşdi. Fidanın gözlərində ümid oyandı, 

elə bildi ki, halı bir az yaxşılaşıb. 

Mən dərhal başa düşdüm. Bu – son demək idi. Rauf 

güzgünü üzünə tutdu. Nəfəsi kəsilmişdi.  Əzab-əziyyəti bitib 

qurtarmışdı. 

Fidan: 


–Anasız qaldıq, – dedi, ağladı, Təranəni qucaqladı. 

Təranə: 


–Ağlaya bilmirəm, dedi, – göz yaşım qalmayıb. Ancaq bu 

saatlarda bir-birimizə bildirdik ki, həkimlərin ona ölüm hökmü 

verdiyi hamımıza məlum imiş. Təranə mənə və Fidana baxıb: 

–Birdən sizə bir şey olar, – dedi, – onda mən neylərəm. 

Anamın yoxluğunun ilk saatlarında danışdığımız bütün bu 

adda-budda sözlər, pərakəndə, mənasız cümlələr elə bil qızmar 

maşayla – hafizəmə həkk olub – bu gecənin hər dəqiqəsi, hər 

sözü dünənki kimi yadımdadır. Fidanın qəfil isterikası da, 

dərddən quruyub daşa dönmüş  Təranənin halı da... Səhərə 

yaxın Zemfiraya zəng vurdum. 

Telefonda hönkürdü: 

–Haçan? 


–Üç saat bundan qabaq, – dedim.  

–Niyə elə gecə zəng vurmadın?  

Bir qədər sonra qohumumuz Fikrətə zəng vurdum. 

Səhər açılanda Elçinə zəng elədim. 

Mənim bir neçə yaxın dostum var, hamısı  mənə  əzizdir, 

onları heç vəchlə bir-birinə qarşı qoymaq istəməzdim. Amma 

atamın vəfatı günündə də, anamın keçindiyi gecə də yadıma ilk 

düşən Elçin oldu. 

Ev yavaş-yavaş qohum-əqrəbayla dolurdu. 



 226 

Yüz gün içində ev ikinci dəfə matəm libası geyinirdi – 

güzgülərə qara örtük çəkilir, qonşulardan stol, stul daşınırdı. 

Ölümü müşayiət edən yüz cür iş başlanırdı... 



Dünya, bir sirrini aşkar et mənə, 

Nədən parlayırsan, nədən sönürsən! 

Bu qədər siqləti alıb arxana, 

Sən öz məhvərində necə dözürsən. 

*** 

Rəsmi yerlərdən, Yazıçılar  İttifaqından telefon edirdilər. 

Mirzə  İbrahimov ailəmizin yeganə xahişindən xəbərdar idi, 

bilirdi ki, anamı atamın yanında basdırmaq istəyirik. Bilmirəm 

yuxarıda bunu məsləhət eləmişdi ya yox,  amma ayın 10-da 

gündüz bizə gəlmişdi və mən soruşanda dedi ki, bu məsələ hələ 

müzakirə olunur. Düz demirmiş. Məsələ artıq həll olunubmuş 

və Mirzə  İbrahimov da bu barədə bilirmiş. Anamı atamın 

yanında yox, ikinci Fəxri xiyabanda basdırmaq haqqında qərar 

artıq qəbul olunubmuş. Bu barədə Fikrət mənə  xəbər gətirdi, 

ikinci xiyabana gedibmiş, görüb ki, orda anam üçün məzar 

qazırlar. Mən Vəfa Quluzadəyə  zəng elədim, o həmin xəbəri 

təsdiq elədi. 

–Yox, – dedim, – əgər atamın yanında basdırmağa icazə 

verilmirsə, mən onu ümumi qəbiristanlıqda, öz anasının və 

əzizlərinin yanında basdıracam.  

Vəfa: 

–Onda qoy mən bir Kamran Mamedoviçlə danışım, – dedi. 



Bilmirəm daha kim kimlə  və necə danışdı, amma bir saatdan 

sonra Vəfa zəng elədi. 

–Bilirsən, – dedi, – axı  qərar var ki, ikinci xiyabanda dəfn 

olunsun. Qərarı necə dəyişmək olar? 

–Mən onu öz anasının yanında basdırmaq istəyirəm, – dedim. 

–Axı, sən yalnız oğul deyilsən. Sən Anarsan, ictimai 

xadimsən, sənin özünçün də bunun nəticəsi yaxşı olmaz. 

Mən mümkün qədər yumşaq danışmağa çalışaraq: 

–Mən öləndə, – dedim, – harda istəsəz, orda basdırarsız, 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə