Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə68/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   64   65   66   67   68   69   70   71   ...   219

 227 

amma anamı yad adamların arasında dəfn olunmağa 

qoymayacam. Xahiş edirəm kimə lazımdırsa de ki, bu bütün 

ailəmizin fikridir. 

Vəfa: 

–Onda mən Kamran Mamedoviçlə danışıb sənə bir də zəng 



eləyərəm. 

Heç bir dəqiqə keçməmişdi ki, zəng elədi: 

–Yaxşı, – dedi, – istədiyiniz yerdə dəfn edin. 

Mən bu iki axırıncı  zəng arasındakı vaxtı – bir dəqiqəni – 

ona görə xüsusi qeyd edirəm ki, Kamran Bağırov bu qərarı 

təkbaşına vermişdi, bu iki dəqiqə  ərzində heç kəslə danışa, 

məsləhətləşə bilməzdi – H.Ə.Əliyev Bakıda yox idi. K.Bağırov 

rəsmi qərarı  ləğv etmək məsuliyyətini öz üzərinə götürmüşdü 

və bunun altını  məndən – "ictimai xadimdən" daha artıq o, – 

partiya işçisi çəkə bilərdi: 

Bu mərd hərəkəti də mən heç zaman unutmaram. 

Aktyor evində matəm mərasimi oldu. 

Bura mənim iş yerimdir – "Qobustan" redaksiyası burda 

yerləşir. 

Gündə keçdiyim foye qara geyinmişdi – bu mənim anamın 

matəmi idi. Salonun səhnəsi matəm əklilləri içində idi. Mən bu 

səhnədə onlarla yığıncaq açmışam, aparmışam, bağlamışam, bu 

səhnədə tamaşalarım, filmlərim göstərilib.  İndi bu səhnədə 

matəm çiçəkləri içində anamın tabutu qoyulmuşdu, anamın 

qara çərçivəli şəkli asılmışdı. 

Matəm mitinqini Mirzə  İbrahimov açdı.  Şairlər, yazıçılar, 

aktrisalar çıxış etdi. 

Fikrət Qoca çıxışında: 

–Biz torpağınıq, – dedi, – amma torpaq heç kimin deyil. Bu 

gün bütün Azərbaycan torpağı  Rəsul Rzanın qollarıyla açılıb 

Nigar xanımı qəbul edir. 

Yüz günün içində ikinci dəfə idi tabutun ağırlığını 

çiyinlərimdə hiss edirdim. Cənazəni Xaqani küçəsiylə aparırdıq 

– bu küçəyə ömrümün min bir xatirəsi bağlıdır. Gənclik 



 228 

illərində bu küçəylə nişanlımı evlərinə ötürərdim, bu tində 

görüşünü gözləyərdim. Sonralar özümüz bu küçənin o başında 

ev aldıq – evimizdən atamgilə, qayınanamgilə, Yazıçılar 

İttifaqına, iş yerimə – "Qobustan"a bu küçəylə gəlib-gedərdim.  

Bu gün anamın son yolu həmin küçədən keçir.  

Bir neçə gündən sonra yenə bu küçəylə evə, işə gedib-

gələcəm.  

Anamı Azərbaycan qəbirstanlığında,  əzizlərinin yanında 

basdırdıq. Nənəsi Xədicə xanım, anası  Cəvahir xanım, dayısı 

Fərrux Rəfibəyli, dayısının iki oğlu – düz əlli yaşı tamam olan 

gün vəfat etmiş  cərrah Səlahəddin və 18 yaşında vərəmdən 

ölmüş tibb institutu tələbəsi Mirzə burda dəfn olunublar. 

Mirzənin başdaşı üstündə vaxtilə anamın yazdığı iki sətir həkk 

olunub: 

Amansız taleyin adəti budur: 

Körpə budaqları vaxtsız qurudur. 

Cənazəni qəbrə qoyanda bacılarım ora bir parça da atdılar – 

anam bu parçadan özünə paltar tikdirmək istəyirmiş.  

Təzə  qəbrin başında, ayağında, böyründə  ağaclar 

pıçıldaşırdılar. Bu ağacları anam özü əkdirib – anasının, 

nənəsinin məzarları yanında. 

Fidan lap yavaşdan mənə: 

–Nə yaxşı yerdir bura, – dedi, bilmirəm bunu qəsdən dedi, 

həssaslıqla mənim  əzablarımı duyaraq anamı atamın yanında 

basdıra bilmədiyimdən nə  qədər  əlavə iztirab çəkdiyimi hiss 

etdiyindənmi dedi, ya doğrudan da, bu adi, sakit guşə anamın 

təbiətinə uyğun idi, ona yaraşan  şairanə bir son mənzil idi? 

Bilmirəm, amma belə bir dəqiqəmdə Fidanın mənə dediyi bu 

sözlər üçün ona çox minnətdaram. 



*** 

Heç nə, heç bir şey, nə "qubernator qızının xofu", nə 

otuzuncu illərin  ədəbi döyüşləri, nə 37-ci il, nə Moskvadakı 

təhsil illəri, nə müharibə, nə sonrakı dövrün ağlı-qaralı günləri 

– heç nə, heç bir şey Rəsul Rzayla Nigar Rəfibəylini bir-



 229 

birindən ayıra bilmədi. 

Həyat da ayıra bilmədi onları, ölüm də – Rəsul Nigarın 

əlacsız xəstəliyini, Nigar Rəsulun vəfatını bilmədi. Rəsul özü 

dünyada olmaya–olmaya Nigara ad günündə çiçəklər göndərdi, 

təltifatını  təbrik etdi. Nigar artıq dünyadan köçmüş  Rəsulun 

təzə  şerlərini dinlədi, ona salam göndərdi, yasəmənlər 

göndərdi, onun "etinasızlığından" gileyləndi... Nə  həyat, nə 

ölüm onları ayıra bilmədi. 

Onları ölümlərindən sonra ayırdılar. 

 

Mən ki doymamışdım heç vüsalından, 

Mənə zülm elədi yaman ayrılıq. 

Nə olaydı bir gün durub yuxudan 

Görəydim ki, olub yalan ayrılıq. 

Biz ki bir ruh idik iki bədəndə, 

O gülüb sevinsə, gülərdim mən də. 

Vüsalın bülbülü uçub gedəndə, 

Daş kimi qəlbimdə qalan ayrılıq. 

(Nigar Rəfibəyli) 

 

Hardan düşdü yadıma 



anamın göynəkli bayatısı!  

"Mən bütöv bir yuvaydım, 

Yel vurdu paralandım. 

Mən səndən ayrılmazdım, 

Zülmnən aralandım". 

(Rəsul Rza) 

 

...və  mən heç nə edə bilmədim.  Əlimdən heç nə  gəlmədi. 



Bütün varlığımda sonsuz bir acizlik, köməksizlik hiss edirdim 

– yalnız ömürlərimizi deyil, ölümlərimizi belə  tənzim edənlər 

qarşısında, torpağın üstündə kimin harda yaşamasını  və 

torpağın altında kimin harada yatmasını həll edənlər qarşısında 

tam iqtidarsızlığımı dərk edirdim. 

Axı, biz kimsədən xahiş eləməmişdik ki, atamı birinci Fəxri 

xiyabanda dəfn etsinlər. Özü də bunu istəmirdi, ölülərin 



 230 

dərəcələrə bölünməsi əleyhinə dönə-dönə demişdi də, yazmışdı 

da. Onlar nə birinci və beşinci xiyabanda, qoy lap ucqar, lap 

qərib bir yerdə, amma mütləq bir yerdə  dəfn olunsaydılar, 

özlərinin də, necə deyərlər, ruhu xoş olardı, camaata da yaxşı 

təsir bağışlardı, ailə üzvləri də kiçik bir təsəlli tapardı. 

Onların birliyi axı, yalnız bir məişət faktı deyildi, 

Azərbaycan ruhunun, Azərbaycan mənəviyyatının, Azərbaycan 

ailəsinin, sədaqətin, etibarın, vəfanın poetik rəmzi idi. Bu rəmz 

hər hansı bir xalqın iftixar edə biləcəyi, öyünə biləcəyi bir rəmz 

idi. 

Amma mənəviyyat və  rəmz bir yana dursun, Nigar 



Rəfibəylinin Rəsul Rzanın yanında dəfn olunmağa rəsmi 

imtiyazı da vardı. Bu günə  qədər rəhmətə getmiş bir çox 

yazıçılar,  şairlər və o cümlədən bütün Xalq şairləri və Xalq 

yazıçıları Birinci Fəxri xiyabanda dəfn edilib Bütün hamısı. 

Tək bir anamdan başqa. 

Niyə? Bu müəmmanın cavabı hələ də mənə açılmayıb. 



*** 

Çoxlu ailə fotolarımız var. Müxtəlif vaxtlarda hərdənbir 

onları  nəzərdən keçirərdik və hamısını  əzbərdən bilərdik. 

Amma həmin günlərdə nekroloq üçün, böyüdülmək üçün

matəm mərasimi üçun yenidən fotoları araşdıranda qəfilcən 

anamın 30-cu illərdə aid bir fotosunu – hansı möcüzəyləsə 

indiyəcən heç hansımızın görmədiyi bir şəklini tapdıq. Gənclik 

illərində çəkdirdiyi bu şəkildə bir məlahət, həzinlik, hüsn var. 

Necə olub ki, indiyəcən heç kim bu şəkli görməyib? Elə bil 

şəkil illər boyu özünü gizlədibmiş ki, anamı itirəndən sonra 

onun yeni bir surətini gözlərimiz qarşısında canlandırsın. 

Sonralar bu şəkli anama həsr olunmuş televiziya verilişində 

göstərdilər. 

Ölümündən sonra çıxan "Bir həzin axşamda duşsəm yadına" 

kitabına da həmin şəkli verdik. 

Yazı masamın üstündə atamın  şəklinin yanında anamın da 

bu şəklini böyüdüb asmışam.  



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə