başlamaq fikrinə düşdü. Bütün ətraf qoşunları toplayıb İraq və Tehran səfərinə
hazır olmaq əmrini verdi. Belə səs yaydı: “Mən Tehrana gedib paytaxtı zəbt
edəcəyəm”.
Bu əsnada Abbas Mirzə bu əhvalatı öz atası Fətəli şah Qacara xəbər verdi:
“Budur sərdar Paskeviç nagəhani bəla kimi üzərimizə gəlir”.
Bundan sonra Fətəli
şah sülhə razı olmağa məcbur oldu. Türkmənçay adlanan yerdə ikinci dəfə
müzakirə başlandı. Hər iki tərəf sülh müqaviləsini bağlayıb dostluğun əsasını
qoydular, iki tərəf arasında müqavilələr yazılıb, möhürlənib bağlandı. Araz
çayını iki dövlətin sərhədi təyin etdilər. Bundan başqa Qızılbaş dövləti yeddi
kürur - beş yüz min babaxanı tüməni verməli oldu. O zaman hər tümən dörd
manatdan bir qədər az idi. Rusiya hesabı ilə on üç milyon manat eləyirdi. Bu
pulları təzminat hesabına verməyə razı oldular. Bir neçə şərt və əhdnamələrlə
sülh bağladılar. Bütün təzminatı verənəcən Xoy vilayətini girov olaraq tutdular.
Barışıq 1244 (1828)-cü il fevral ayında bağlandı. Təzminatın
qalan hissəsini
verəndən sonra Xoy da İran dövlətinə təslim olundu. Cənab general irəvanlı
sərdar qraf Paskeviç qoşunu götürüb Tiflisə yollandı. Mirzə Əbülqasim
Qaimməqam - Abbas Mirzənin vəziri bu barədə bir neçə misra demişdir. Yaxşı
olar ki, burada ondan bir neçə beyt qeyd edək:
Ş e ir {sətri tərcümə):
Bu dünya gah insanı əzizlər, gah zəlil edər,
Bu oyunbaz dünyanın belə çox oyunu vardır.
O gah özünü kafirlər kimi islamla töhmətləndirər.
Gah rahban və keşişlər
kimi kafirliyə meyl edər,
Gah Xorasandan Tiflisə yalançı qoşun çəkər.
Gah Peterburqdan Təbrizə amansız ləşkər gətirər...
108
MİR MEHDİ XƏZANİ VƏ ONUN
“KİTABİ-TARİXİ-QARABAĞ” ƏSƏRİ
Mirzə Adıgözəl bəydən sonra Qarabağ tarixinə dair Azərbaycan dilində əsər yazmış ikinci
müəllif Mir Mehdi Xəzanidir.
Mir Mehdi Mir Haşım bəy oğlu Qarabaği təqribən 1819-cu ildə Zəngəzur qəzasının Bərgüşad
mahalına daxil olan Məmirli kəndində anadan olmuşdur.
Hələ kiçik yaşlarından atasız qaldığına, ailə vəziyyətinin ağırlığına baxmayaraq, mükəmməl
təhsil almış, ərəb,
fars dillərini öyrənmiş, dövrünün bir sıra elmlərinə dərindən yiyələnmişdir.
“Xəzani” təxəllüsü ilə şeirlər yazmışdır. Bu şeirlər ilk dəfə olaraq bu yaxınlarda çap edilmişdir
1
. Mir
Mehdi Xəzaninin həyat və yaradıcılığını tədqiq edən N.Quliyev öz araşdırmalarında onun 1830-cu
ildə Qarabağa Şıxımlı kəndinə, 1838-ci ildə Gencəyə köçməsi, orada məktəbdarlıqla məşğul olması,
yenidən Şıxımlıya geri qayıtması və 1859-cu ildə Qarabağa Tuğ kəndinə köçməsi haqqında
məlumat
verir
2
.
Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün
Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdir
3
. O təxminən 1894-cü ildə
vəfat etmişdir.
Mir Mehdi Xəzaninin yaradıcılığında ən əsas yeri onun “Kitabi-tarixi-Qarabağ” tutur. Müəllif
özünün müqəddimədə qeyd etdiyinə görə əsəri Mirzə Adıgözəl bəyin,
Mirzə Camal Cavanşirin
“Qarabağ tarix”lərindən əlavə “təvarixi-qədimlər”dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi
Məhəmmədbəy Cavanşirin xahişi ilə “xalis türki” (Azərbaycan-A.F.) dilində yazmışdır. Əsər
müqəddimə, 24 fəsil və xatimədən (nəticə) ibarətdir
4
.
Azərbaycan SSR EA Əlyazmaları İnstitutunda “Kitabi-tarixi-Qarabağ”ın
beş əlyazma nüsxəsi
saxlanılır.
Keyfiyyət etibarı ilə başqa nüsxələrdən fərqlənən B-518 şifrəli əlyazmanı transliterasiya üçün
etibarlı saydığımızdan bu əlyazmanı çapa hazırlamağı lazım bildik. Fikrimizcə; bu nüsxədə müəllif
tərəfindən düzəlişlər aparılmış və redaktə olunmuşdur. Əlyazma XIX əsrin ikinci yarısında
naməlum
katib tərəfindən Platunovun 7 №-li fabrikində hazırlanmış kağıza nəstəliq xətti ilə köçürülmüş, 105
vərəqdən ibarətdir.
“Kitabi-tarixi-Qarabağ”ın B-2044 şifrə altında saxlanılan əlyazma nüsxəsi 1298/1880-ci ildə
naməlum katib tərəfindən nəstəliqtəlin xətti ilə köçürülmüşdür. Əsər 147 vərəqədə yerləşdirilmişdir.
Kitabın üçüncü - B-3158 şifrəli əlyazma nüsxəsi Həsənəli Qaradaği tərəfinden 1298/1880-ci ilin
avqust ayında Şuşada üzü köçürülmüşdür. Bu nüsxədə əsərin adı səhv olaraq “Asar ul-Camal”
(“Camalın əsəri”) kimi qələmə alınmışdır.
Yuxarıda qeyd etdiyimiz bu üç nüsxə dil və üslubuna görə bir-birindən fərqlənməyən
nüsxələrdir. Yerdə qalan “Kitabi-tarixi-Qarabağ”ın iki nüsxəsi isə yuxarıdakı üç
nüsxədən bir qədər
dil və üslub cəhətdən fərqlənirlər. Bunlar B-1917 və M-195 (I) şifrə altında saxlanılan əlyazma
nüsxələridir. M-195 (I) nüsxəsi şikəstə-nəstəliq xətti ilə 1 məhərrəm 1294/16 yanvar 1877-ci ildə
Hacı oğlu Çələbi tərəfındən köçürülmüşdür. B-1917 şifrəli nüsxə isə naməlum katib tərəfındən
1322/1906-cı ildə nəstəliq xətti ilə köçürülmüş və digər nüsxələrlə tutuşdurulmuşdur.
Mir Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ” əsəri digər “Qarabağnamə”lər içərisində
özünəməxsus yer tutduğuna baxmayaraq, ilk
dəfədir ki, çap olunur. Əsərin dili və üslubu olduğu kimi
saxlanılmışdır.
__________________________
1
Mir Mehdi Xəzani. Əsərləri (tərtib edənlər N.Quliyev, R.Kərimov), Bakı, 1989.
2Yenə orada, səh.5; N.Quliyev. Xəzani, “Elm və həyat” jurnalı, №2, 1977.
3
Əli Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967, səh.114.
4
Bizim istifadə etdiyimiz B-518 şifrəli əlyazmasında 25 fəsil var.
110