“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   26   27   28   29   30   31   32   33   34

 
120
şifahi sənətlərin fünksiyası bir az fərqlidir. Belə ki, burada 
ilk növbədə diləyatımlılıq, tez yadda qalma, avaz, musiqi, 
əyləndirmə  və b. qeyri-məzmun elementləri tələb oldu-
ğundan məzmunun zəif olması ümumi sənətin gözəlliyinə 
xələl gətirmir.   
Bildiyimiz kimi xalq bayatılarında adətən  əsas fikir, 
məna biri-biri ilə qafiyələnməyən son iki misrada olur, ilk 
iki misra isə sonuncu ilə qafiyələnməsi xatirinə deyilir və 
adətən ya mənası olmur ya da mənasının məzmuna dəxli 
olmur. Bu da təsadüfi deyil. Belə ki, bayatıda misranın 
qısa olması fikri ifadə etməkdə  məhdudiyyət yaradır. 
Lakin digər tərəfdən əsas fikrin deyildiyi misraların biri-biri 
ilə qafiyələnməməsi, həmçinin sonuncu ilə qafiyələnən ilk 
iki misranın mənasının önəmli olmaması bu məhdudiyyəti 
müəyyən qədər azaldır. Ona görə  də  dərin mənalılıq və 
gözəllik bayatıda (son iki misrada olsa da) baş tutur. 
Misallar: 
 
Mixək əkdim ləyəndə, 
Mixək boynun əyəndə, 
Yeddi qurban kəsərəm 
Əlin əlimə dəyəndə. 
                                            Xalq bayatısı 
 
Qızıl gül oyum-oyum, 
Dərim qoynuma qoyum, 
Yağış yağar yer doymaz,  
Mən səndən necə doyum? 
                                              Xalq bayatısı 
 
Lakin bütün misraları arasında məna  əlaqəsi olan, 
məntiqi fikir ardıcıllığının  əvvəldən axıra izləndiyi xalq 
bayatıları da var: 
 
 


 
121
Bağa girdim üzümə, 
Tikan batdı dizimə, 
Əyildim çıxartmağa 
Yar sataşdı gözümə. 
                   Xalq bayatısı 
 
Boz at gəlir enişdən, 
Sinəbəndi gümüşdən, 
Bizə də qismət olsun 
Tərkindəki yemişdən. 
                      Xalq bayatısı 
 
Forma qaydaları xatirinə deyilən, mənasız və ya 
mənasının mətləbə  dəxli olmayan misraların deyilməsi 
şifahi sənət kimi bədahətən deyilən meyxanalar üçün də 
xarakterikdir. Lakin şifahi sənət olduğuna görə meyxa-
nada da bu hallar bağışlanılandır. Çünki, burada əsas 
məqsəd bədahətən söz qoşmaq, insanları əyləndirməkdir 
və burada bəndin yalnız son misralarının hətta qismən 
mənalı olması da kifayətdir.  Yazılı  ədəbiyyatda isə 
meyxanavari, meyxananı xatırladan süni söz quraş-
dırmaları “şair” adına layiq hal deyil və yazılı ədəbiy-
yata bir növ hörmətsizlikdir.  Təəssüf ki, yaradıcılığı 
başdan-başa belə şeirlərdən ibarət, lakin “güclü şair” 
kimi tanınan  şəxslər də var. Halbuki, yazılı poeziyada 
müəllifi heç kim tələsdirmir, istədiyi formanı seçə, kifayət 
qədər düşünə, şeiri üzərində işləyə bilər.  
Ümumiyyətlə, şeirdə qafiyələnmədə iştirak etmə-
yən misraların sayı  nə  qədər çox olsa və misra nə 
qədər uzun olsa forma məhdudiyyətləri o qədər az 
olar.  Gəraylı, qoşma, müxəmməs və onlara bənzər  şeir 
şəkillərində isə qafiyəsiz misra olmadığından və  bəndlər 
arasında da qafiyə  əlaqəsi (bəndlərin son misralarının 
qafiyələnməsi)  olduğundan bu şəkillərin məhdudiyyətləri 
daha çoxdur. Sərbəst (qafiyələnmədə  iştirak etməyən) 


 
122
misralı  və çarpaz qafiyəli  şeirlərdə isə forma məhdu-
diyyətləri nisbətən azdır.  
Əruz vəznində yazılan şeirlərin daha çox qəzəl jan-
rında, özü də adətən heca sayı 14-dən yuxarı olan qəlib-
lərdə yazılması da sözsüz ki, təsadüfi deyil. Belə ki, bildi-
yimiz kimi əruz vəzni heca vəzni ilə müqayisədə daha çox 
məhdudiyyət yaradır. Lakin, qəzəlin misralarının uzun ol-
ması və birinci beytdən başqa bütün beytlərin birinci mis-
rasının qafiyələnmədə iştirak etməməsi, həmçinin klassik 
ədəbiyyatımızda  əcnəbi sözlərdən həddən çox istifadə 
ənənəsi də  həmin məhdudiyyəti xeyli aradan qaldırmış-
dır. Ona görə  də klassik qoşma-gəraylı  ədəbiyyatı ilə 
müqayisədə kalassik qəzəl  ədəbiyyatında  şeirin forma 
qaydalarını  təmin etmək xatirinə yazılmış, mənası  zəif 
olan və ya mənasının məzmuna dəxli olmayan parçalar 
tapmaq demək olar ki, qeyri-mümkündür. Yəni  əslində 
qəzəl yazmaq gəraylı, qoşma, müxəmməs və onlara 
bənzər, qafiyəsiz misrası olmayan şeirləri yazmaqdan 
asan olmuşdur.  Məhz buna görədir ki, klassik şərq 
poeziyasında qəzəl janrı daha çox işlənmişdir. 
Şeir formalarının məhdudiyyətlərini və  fəsadlarını 
aradan qaldırmaq üçün bütün digər  şeir formalarından 
imtina edib yalnız bölgüsüz, qafiyəsiz sərbəst  şeir yaz-
maq ideyası ilə bu gün çıxış edənlər var. Lakin nəzərə 
almaq lazımdır ki, məhdudiyyət yaradan şeir formaları 
həm də  şeirdə müəyyən  funksiyaları yerinə yetirir. 
Ədəbiyyatşünaslıqda bu məsələ  də demək olar ki, 
araşdırılmayıb.  Yəqin ki, məhz bu funksiyalarına görə 
şeir formaları  məhdudiyyətlərinə baxmayaraq nəsildən 
nəslə keçərək yaşamış, öz əhəmiyyətini itirməmişdir.   
Şeirin forma elementlərinin məhdudiyyət yaratmaqla 
bərabər yerinə yetirdiyi funksiyalar aşağıdakılardır: 
1. Deyilişi asanlaşdırma və gözəlləşdirmə funksiya-
sı. Bu funksiyanı  əsasən vəzn və qafiyə yerinə yetirir. 
Əruz vəzni bu funksiyanı daha yüksək səviyyədə yerinə 


 
123
yetirir. Bu funksiya şeirlərin, o cümlədən mənzum xalq 
yaradıcılığı nümunələrinin insanlar tərəfindən asan istifa-
də edilməsinə və sevilməsinə şərait yaratımışdır. 
2. Yadda saxlamanı asanlaşdırma funksiyası. Bu 
funksiyanı da əsasən vəzn və qafiyə yerinə yetirir. Bu 
funksiya  şeirlərin, o cümlədən mənzum xalq yaradıcılığı 
nümunələrinin yaddaşlarda saxlanılmasına və əsrlər boyu 
nəsildən-nəslə ötürülməsinə şərait yaratmışdır. 
3. Məcazlardan (bədii təsvir vasitələrindən (BTV)) 
istifadəyə yönəltmə funksiyası. Bu çox mühüm bir funksi-
yadır. Bu funksiyanı əsasən qafiyə və rədif yerinə yetirir. 
Belə ki, qafiyə  və ya rədif  şairi fikrini dolayı yolla ifadə 
etməyə vadar edir ki, bu da bədii təsvir vasitəsinə çevrilir. 
BTV isə  şeirə gözəllik verir. Əlbəttə ki, yerində  və  qədə-
rində işlədilən BTV. Onu da unutmaq olmaz ki, şeir yaz-
maqda məqsəd yalnız BTV-dən istifadə deyil. BTV olma-
dan da dərin mənalı və gözəl şeirlər yazıla bilər və yazıl-
mışdır. Məsələn, aşağıdakı  bənddə heç bir BTV yoxdur, 
lakin kifayət qədər təsirli və gözəldir: 
 
...Otaqda boş qalır gümüş çarpayın, 
Küncdə bir kitabı yel varaqlayır. 
Naxışlı fincanda soyuyur çayın. 
"Vağzalı" çalınır, anam ağlayır... 
                                     T. Bayram 
 
Bəzən  şeiri BTV ilə  həddən artıq yükləyirlər, 
halbuki, həmin BTV o qədər də dərin məna və gözəl-
lik yaratmır,  əksinə oxucunu əməlli başlı yorur və 
bezdirir.  Əslində bu hal, şairlərin BTV arxasında giz-
lənməsi və zəifliyinin əlamətidir. 
4. Mövzu vermə funksiyası. Bu da çox mühüm bir 
funksiyadır. Bu funksiyanı  əsasən qafiyələr, xüsusən də 
bəndin rədifi və ondan əvvəl gələn sabit qafiyə yerinə 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə