Xəyalin diGƏr adi: maddə


Zamanın nisbiliyi qədər həqiqətini də açıqlayır



Yüklə 1,03 Mb.
səhifə7/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Zamanın nisbiliyi qədər həqiqətini də açıqlayır.

Zamanın nisbiliyi ilə bağlı açıqlamalardan və ayələrdən göründüyü kimi, zaman hiss ilə bağlı dəyişən, qeyri-sabit anlayışdır. Məsələn, bizim üçün milyonlarla il davam edən zaman kəsiyi Allah qatında bir andır. Bizim üçün 50 min illik müddət mələklər və Cəbrayıl üçün bir gündür.

Bu həqiqətin bilinməsi qədər mövzusunun qavranması üçün çox vacibdir. Çünki qədər Allahın keçmiş və gələcək bütün hadisələri “tək bir an” içərisində yaratmasıdır. Bu da Allah qatında kainatın yaradıldığı andan qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların bir çoxu Allahın hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyini, Allah qatından keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin gerçəkliyini heç cür qavraya bilmirlər. Əslində isə “yaşanmamış hadisələr” bizim nöqteyi-nəzərimizdən yaşanmamış hadisələrdir. Çünki biz Allahın yaratdığı zamana bağlı şəkildə yaşayırıq və hafizəmizə verilən məlumatlar olmadan heçnə bilə bilmərik. Allah dünyadakı imtahan mühitinə görə, “gələcək” adlandırdığımız hadisələri hafizəmizə vermədiyi üçün gələcəkdə nə olacağını da bilmərik. Allah isə zaman və məkandan asılı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür. Buna görə, Allah üçün keçmiş, gələcək və hal-hazırkı an hamısı birdir və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləmir. Onsuz da bir hadisənin əvvəli də, sonu da Onun qatında tək bir anda yaşanır. Məsələn, Fironun sonunun necə olduğunu Allah hələ hz. Musanı Firona göndərmədən, hz. Musa hələ doğulmadan, hətta Misir dövləti hələ qurulmadan əvvəl bilir və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah qatında tək bir an kimi yaşanmışdır. Bundan əlavə, Allah üçün keçmişi xatırlama deyə bir şey də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allahın daima qarşısındadır, hamısı eyni anda mövcuddur.

İnsan bütün həyatını film lenti kimi düşünsə, biz bu lenti videokassetdən seyr edən kimi seyr edirik və kasseti irəli fırlatmaq kimi imkanımız yoxdur. Allah isə bu film lentini bütünlüklə eyni anda görür və bilir. Onsuz da bu filmi bütün detalları ilə müəyyən etmiş və yaratmış olan Odur. Biz necə bir xətkeşin başını, ortasını və sonunu bir dəfədə görə biliriksə, Allah bizim bağlı olduğumuz zamanı başından sonuna qədər tək bir an olaraq əhatə etmişdir. İnsanlar isə sadəcə zamanı gəldikdə bu hadisələri yaşayaraq Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar. Bu, dünyadakı bütün insanların qədərləri üçün də etibarlıdır. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq bütün insanların dünya və axirətdəki həyatları hər anları ilə Allahın qatında hazır və yaşanmış şəkildə mövcuddur. Allahın sonsuz “hifzində” milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılmış hadisələr də heç əskilmədən və ya itmədən durur. Qədər həqiqəti Allahın Hafiz (mühafizə edən, qoruyan) sifətinin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir.


Keçmiş” anlayışı hafizəmizdəki məlumatlara görə əmələ gəlir

Biz bizə verilən təlqinə görə, keçmiş, hal-hazırkı an və gələcək kimi hissələrə ayrılmış zaman kəsiklərini yaşadığımızı zənn edirik. Əslində isə “keçmiş” anlayışına malik olmağımızın tək səbəbi daha əvvəl də bildirdiyimiz kimi, hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbin birinci sinfinə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz bu səbəbdən bunu keçmiş hadisə kimi qavrayırıq. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə, biz hələ xəbərdar olmadığımız bu hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində keçmiş necə bizim üçün yaşanmış, təcrübədən keçirilmiş, görünmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilə bilmərik.

Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşında bir insanın hafizəsində 30 illik xatirələr, hadisələr var və buna görə, bu insan 30 illik keçmişi olduğunu düşünür. Əgər bu insanın hafizəsinə 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr verilsə, onda 30 yaşındakı bu insan üçün həm 30 ili, həm də 30 ilə 70 yaşı arasındakı “gələcəyi” keçmişə çevrilər. Çünki bu halda keçmişi də, gələcəyi də hafizəsində mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görünmüş, təcrübədən keçirilmiş hadisələr olacaqdır.

Ancaq Allah bizə hadisələri müəyyən ardıcıllıqla, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan zaman var imiş kimi hiss etdirdiyi üçün bizə gələcəyimizlə bağlı hadisələri bildirmir, bunlar haqqında məlumatı hafizəmizə vermir. Gələcək bizim hafizəmizdə yoxdur, ancaq Allahın sonsuz hifzində bütün insanların keçmişləri və gələcəkləri var. Bu, daha əvvəl də bildirildiyi kimi, bir insanın öz həyatını artıq mövcud olan filmdən seyr etməsinə bənzəyir. Film artıq çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəliyə çəkmək imkanı olmayan insan kadrları bir-bir seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.


Keçmiş və gələcək qeyb xəbəridir

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir:


De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən!” (Zümər surəsi, 46)
De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!” (Cumuə surəsi, 8)
(Allah): “Ey Adəm, bunların adlarını onlara bildir!”- dedi. (Adəm) onlara bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” - buyurdu. (Bəqərə surəsi, 33)
Ümumiyyətlə, qeybin sadəcə gələcəyə aid məlum olmayan məlumatlar olması düşünülür, əslində həm keçmiş, həm də gələcək qeybdir. Keçmişdə yaşananlar da, gələcəkdə yaşanacaqlar da Allah qatında qorunan məlumatlardır. Ancaq Allah Öz qatında olan qeyb məlumatlarından bəzilərini insanların hafizəsinə verərək bunları məlum olan, yəni müşahidə edilən hala salmışdır. Məsələn, Allah Quranda keçmişə dair məlumatlar verərək Peyğəmbərimizə (s.ə.v.) bunların qeyb xəbərləri olduğunu xəbər verir:
Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbir et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud surəsi, 49)
Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin! (Yusif surəsi, 102)
Allah Peyğəmbərimizə (s.ə.v.) hələ yaşanmamış bəzi hadisələrdən də xəbərlər vermişdir ki, bunlar gələcəyə dair qeyb xəbərləridir. Məsələn, Məkkənin fəthi (Fətih surəsi, 27) və Romanın bütpərəstlər üzərində qalibiyyəti (Rum surəsi, 3-4), bu hadisələr hələ yaşanmadan əvvəl Peyğəmbərimizə (s.ə.v.) bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v.) qiyamət əlamətləri, axır zaman kimi mövzulardakı hədisləri də o dövrün bütün insanları üçün qeyb olan bu məlumatları Allahın ona öyrətdiyini göstərir. Quranda peyğəmbərlərə və digər bəzi saleh möminlərə də qeybdən xəbərlər verildiyi açıqlanır. Məsələn, hz. Yusifə qardaşlarının tələlərinin boşa çıxacağı xəbər verilmiş (Yusif surəsi, 15), hz. Musanın anasına körpə oğlunun fironun zülmündən qurtulacağı və peyğəmbər olacağı vəhylə açıqlanmışdır (Qəsəs surəsi, 7).

Beləliklə, bizim keçmiş və gələcək adlandırdığımız hadisə və məlumatların hamısı Allah qatında gizli saxlanılan qeyb xəbərləridir. Allah istədiyi vaxt istədiyi şəxsin hafizəsinə bu xəbərlərdən bəzilərini verərək qeybin bir qismini açıqlayır. Müşahidə edilə bilən, yəni görünə bilən, şahid olunmuş bu hadisələr insanlar tərəfindən keçmiş kimi dəyərləndirilir.


Qədərə təslimiyyətin əhəmiyyəti

Keçmiş və gələcəyin əslində Allah qatında yaradılmış və yaşanmış şəkildə gizli və hazır hadisələr olması bizə çox vacib həqiqəti göstərir: hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə zaman, harada, nə yemək yeyəcəyi, necə, harada öləcəyi-hamısı məlumdur və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın hafizəsində yaşanmış şəkildə mövcuddur. Sadəcə bunların məlumatı hələ onun hafizəsində deyil.

Ona görə başlarına gələn hadisələrə kədərlənən, əsəbiləşən, qışqıran, gələcəyi üçün narahat olan və hirslənənlər əslində özlərini boş yerə üzürlər. Çünki necə olacağından qayğı və qorxu duyduqları gələcəkləri onsuz da yaşanmışdır və nə etsələr də, bunları dəyişdirmə imkanları yoxdur. Burada bir cəhətə diqqət edilməlidir: yanlış qədər anlayışından qaçmaq lazımdır. Bəzi insanlar: “Onsuzda qədərimdə nə varsa, o da olacaq, elə isə mənim nəsə etməyimə ehtiyac yoxdur”, -deyərək səhv qədər anlayışı əmələ gətirirlər. Hər yaşadığımızın qədərimizdə müəyyən edildiyi həqiqətdir. Biz hələ o hadisəni yaşamazdan əvvəl, o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün detalları ilə Allah qatındakı Lövhi-məhfuz adlı kitabda yazılmışdır. Ancaq Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı var imiş kimi hiss verir. Məsələn, insan su içmək istədikdə bunun üçün: “Qədərimdə varsa, içəcəyəm”, -deyərək oturub gözləməz. Bundan ötrü qalxar, stəkanı alar və suyunu içər. Həqiqətən də qədərində müəyyən edilmiş stəkanda, müəyyən edilmiş miqdarda suyu içir. Ancaq bunları edərkən öz iradəsi və istəyi ilə etdiyini hiss edir və həyatı boyu bu hissi hər etdiyi işdə yaşayır. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş insan ilə bu həqiqəti qavraya bilməyən insan arasındakı fərq budur: təslimiyyəti olan insan özü etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın istəyi ilə etdiyini bilir. Digəri isə hər etdiyini öz ağlı və gücü ilə etdiyini zənn edərək yanılır.

Məsələn, xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan bunun qədərində olduğunu bildiyi üçün çox təvəkküllü davranır. “Allah bunu qədərimdə yaratdığına görə, mütləq böyük xeyir var”, -deyə düşünür. Amma: “Onsuzda, qədərimdə sağalmaq varsa, sağalacağam”, -deyərək tədbir almadan gözləməz. Əksinə, mümkün olan bütün tədbirləri görər. Həkimə gedər, qidalanmasına diqqət edər, dərmanlarını qəbul edər. Ancaq getdiyi həkimin, həkimin yazdığı müalicənin, qəbul etdiyi dərmanların, bunların ona nə qədər təsir edəcəyinin, sağalıb-sağalmayacağının, qısaca desək, hər detalın qədərində olduğunu unutmaz. Bunların hamısının Allahın hafizəsində hələ o, dünyaya gəlməzdən əvvəl hazır şəkildə olduğunu bilir. Allah Quranda insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:


Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 22-23)
Elə buna görə, qədərə iman gətirən insan başına gələn heç bir hadisəyə görə kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə, son dərəcə təvəkküllü, təslimiyyətli və daima rahat olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəlcədən müəyyən olduğunu, buna görə başlarına gələn çətinliklər üçün kədərlənməmələrini və onlara verilən nemətlərə görə azmamalarını əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi uğur və zənginliklər də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün qədərlərində əvvəlcədən müəyyən etdiyi hadisələrdir. Bir ayədə bildirildiyi kimi, “... Allahın əmri əzəli hökmdür!” (Əhzab surəsi, 38). Allah başqa bir ayəsində isə: “Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq” (Qəmər surəsi, 49), -deyə bildirir. Sadəcə insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında müəyyən edilmiş qədəri var. Məsələn, sınan antik vaza qədərində müəyyən edilən anda sınmışdır. Bir neçə əsrlik bu vaza hələ istehsal edilərkən kimlərin istifadə edəcəyi, hansı evin hansı küncündə, hansı əşyalarla birlikdə duracağı müəyyən edilmiş şəkildə istehsal edilir. Vazanın hər naxışı, üzərindəki hər rəng qədərdə əvvəlcədən müəyyən edilmişdir. Vazanın hansı gün, hansı saatda, hansı dəqiqədə, kim tərəfindən necə sınacağı da Allahın hifzində yaşanmış şəkildə durur. Hətta vazanın ilk dəfə istehsal edildiyi an, ilk dəfə satılmaq üçün vitrində qoyulduğu an, evin küncündə durduğu an və sınaraq qırıq-qırıq olduğu an, qısaca desək, antik vazanın əsrlərlə mövcud olduğu hər an Allah qatında tək bir an kimi mövcuddur. Vazanı sındıran şəxs bir neçə saniyə əvvəl bundan xəbərsiz ikən, Allah qatında o an yaşanmışdır və məlumdur. Buna görə, Allah insanlara itirdiklərinə görə kədərlənməmələrini bildirir. Çünki əllərindən çıxan hadisələrdən dərs almalı, bunlarla tərbiyə olunmalı, bu hadisələrdəki hikmət və xeyirləri görərək daima qədərlərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını əsirgəyən və qoruyan Rəbbimizə yönəlməlidirlər.

Ən mühüm həqiqətdən qafil yaşayan insanlar həyatları boyu daim təşviş və qorxu içində olurlar. Məsələn, uşaqlarının gələcəyi üçün təşviş keçirirlər. Hansı məktəbdə oxuyacağı, necə peşənin sahibi olacağı, sağlamlığı, necə yaşayacağı kimi məsələlərdə təvəkkülsüz halda səy göstərirlər. Əslində isə hər insanın hələ tək hüceyrə halından ilk oxuma-yazma öyrəndiyi ana, universitetə qəbul imtahanında verdiyi cavablardan həyatı boyu hansı şirkətdə nə iş görəcəyinə, hansı kağızları neçə dəfə imzalayacağına, harada və necə öləcəyinə qədər hər anı Allah qatında bəllidir. Bu hadisələrin hamısı Allahın hifzində gizli şəkildə durur. Məsələn, hal-hazırda hər insanın rüşeym halı, ibtidai sinifdəki vəziyyəti, universitetdəki vəziyyəti, 35 yaşını qeyd etdiyi anı, işə başladığı ilk günü, öldükdə mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allaha hesab verdiyi anlar tək bir an kimi Allahın qatında mövcuddur. Belə olduqda hər anı Allahın qatında yaşanmış, görülmüş və hələ Allahın hafizəsində hazır şəkildə mövcud olan həyat üçün narahat olmaq, qorxu hiss etmək, kədərlənmək böyük qəflətdir. Nə qədər çalışsa da, nə qədər narahat olsa da, bir insanın özü də, uşağı da, həyat yoldaşı və yaxınları da özləri üçün Allah qatında hazır şəkildə mövcud olan həyatlarını yaşayacaqlar.

Elə isə ağıl və vicdan sahibi insan bu həqiqəti qavrayaraq Allaha və Allahın yaratdığı qədərə könüldən təslim olmalıdır. Əslində hər insan onsuz da Allaha təslim olmuş və boyun əymiş şəkildə yaradılmışdır. Çünki istəsə də, istəməsə də Allahın onun üçün yaratdığı qədərə boyun əyərək yaşayır. Qədəri inkar edən insan da qədərində “qədəri inkar etmək” olduğu üçün inkarçıdır.

Allaha könüldən təslim olaraq boyun əyənlər isə həm Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilərlər, həm də dünyada və axirətdə əminlik və xoşbəxtlik içində rahat həyat yaşayarlar. Çünki Allaha təslim olan, Allahın yaratdığı qədərin onun üçün ən xeyirlisi olduğunu bilən insanı kədərləndirəcək, qorxudacaq, narahat edəcək heç bir şey yoxdur. Bu insan əlindən gəldiyi qədər səy göstərər, ancaq bu səyin də qədərində olduğunu, nə edərsə etsin, qədərində yazılı olanları dəyişdirməyə gücü çatmayacağını bilir.



Mömin Allahın yaratdığı qədərə təslim olacaq, bununla bərabər qarşılaşdığı hadisələr qarşısında əlindən gəldiyi qədər səbəblərə sarılacaq, tədbir görəcək, hadisələri xeyirə doğru yönləndirmək üçün çalışacaq, amma bütün bunların qədəri çərçivəsində həyata keçdiyi və Allahın ən xeyirlisini əvvəlcədən təqdir etdiyini dərk edəcək və rahat olacaqdır. Quranda bu cür davranışa misal olaraq hz. Yaqubun övladlarının təhlükəsizliyi üçün aldığı tədbirdən bəhs olunur. Hz. Yaqub pis niyyətli insanların diqqətini çəkməmələri üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi nəsihət etmiş, amma bunun Allahın müəyyən etdiyi qədərə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:
Dedi: “Oğullarım! Eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusif surəsi, 67)
Allah insanların nə etsələr də, qədərlərini dəyişdirə bilməyəcəklərini bir ayədə belə bildirir:
Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O, sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey varmı?” - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur”. Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları təmizləsin. Allah ürəklərdə olanları biləndir!” (Ali-İmran surəsi, 154)
Ayədən də göründüyü kimi, insan ölməmək üçün xeyir və ibadət olan işdən qaçsa belə, əgər ona ölüm yazılmışsa, onsuz da öləcəkdir. Hətta ölümdən qaçmaq üçün əl atdığı yollar və üsullar da qədərində bəllidir və hər insan qədərindəki hadisəni yaşayacaqdır. Allah bu ayədə də insanlara qədərlərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların qəlblərini təmizləmək olduğunu bildirir. “Fatir” surəsində isə hər insanın ömrünün Allah qatında bəlli olduğu, ana bətninə düşən körpələrin də Allahın izni ilə olduğu bildirilir:
Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
“Qəmər” surəsinin aşağıdakı ayələrində isə insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilərkən, cənnət əhlinin yaşadıqları da yaşanmış şəkildə danışılır. Daha əvvəl də bildirildiyi kimi, cənnətdəki gerçək həyat bizim üçün gələcəkdir. Ancaq cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri hal-hazırda Allahın hifzində mövcuddur. Biz doğulmadan əvvəl də bütün bəşəriyyətin dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içərisində yaşanmışdır və Allahın hifzində mühafizə edilir:
Onların etdiyi hər şey dəftərlərdədir!

Hər bir kiçik və böyük yazılmışdır!

Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında,

Haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar! (Qəmər surəsi, 52-55)
Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcək olmadığını Quranda istifadə edilən bu üslubdan anlayırıq. Göründüyü kimi, bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr Quranda çoxdan olub-bitmiş hadisə kimi danışılır. Çünki Allah keçmişi də, gələcəyi də bir an kimi artıq yaratmışdır. Buna görə, gələcəkdə olacağı danışılan hadisə artıq olub-bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edirik. Məsələn, axirətdə insanların Allaha verəcəkləri hesabın bildirildiyi ayələr çoxdan olub-bitmiş hadisə kimi bəhs edilir:
Sur çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək, onlar arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir! Hər kəs öz əməlinin cəzası veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı biləndir! Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü kafirlər barəsində vacib oldu!” – deyə cavab verəcəklər. (Onlara) belə deyiləcək: “Girin cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün!” təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri: “Salam əleykum! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!” – deyəcəklər. (Zumər surəsi, 68-73)
Bu barədə digər misallar isə belədir:
Hər bir kəs bir sürüyən və bir də şahidlə gəlmişdir. (Qaf surəsi, 21)
Və (göy) süst düşüb parçalanmışdır. (Haqqə surəsi, 16)
Və onları etdikləri səbir müqabilində cənnətlə və ipəklə mükafatlandırmışdır. Onlar orada taxtlara söykənmiş, orada nə günəş, nə də sərt soyuq görəcəklər. (İnsan surəsi, 12-13)
Cəhənnəm də hər görənə görünəcəkdir. (Naziat surəsi, 36)
Bu gün isə möminlər kafirlərə gülürlər. (Mütəffifin surəsi, 34)
Günahkarlar atəşi görüncə ona düşəcəklərini yəqin etmiş və oradan baş götürüb qaçmağa bir yer tapa bilməmişlər. (Kəhf surəsi, 53)
Yuxarıdakı ayələrdə ölümümüzdən sonra yaşanacaq hadisələrdən yaşanmış və bitmiş hadisələr kimi bəhs edilir. Çünki Allah bizim bağlı olduğumuz nisbi zaman ölçüsündən və məkandan uzaqdır. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunu etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Böyük-kiçik hər hadisədən Allahın xəbəri olduğunu və bir kitabda qeyd olunduğu həqiqəti isə aşağıdakı ayədə belə xəbər verilir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)

SONSUZ ZAMAN ALLAHIN HAFİZƏSİNDƏ QORUNUR

Maddənin əsli ilə heç vaxt təmasda olmadığımızı və gördüyümüz hər şeyin beynimizdə əmələ gələn hisslər olduğu həqiqətini tam qavraya bilməyən bəzi insanlar müxtəlif səhv fikirlərə düşür, bu həqiqətdən səhv nəticələr çıxarırlar. Məsələn, bir qismi maddənin xəyal olduğuna dair izahları “maddə yoxdur” kimi anlayırlar. Bir qismi isə maddənin ancaq biz gördüyümüz zaman xəyal kimi mövcud olduğunu, ancaq görmədikdə yox olduğunu zənn edirlər. Bunların heç biri doğru deyil. Əvvəla, “maddə yoxdur” və ya “insanlar, ağaclar, quşlar... bunların heç biri yoxdur” demək qətiyyən doğru deyil. Çünki bunların hamısı var və hamısını Allah yaratmışdır. Ancaq Allah bütün bu varlıqları kitabın əvvəlindən bəri izah etdiyimiz kimi bizim üçün görüntü, hiss kimi yaratmışdır. Yəni Allah bu varlıqları yaratdıqdan sonra onları öz başlarına (qaim) olan sabit varlıqlar etməmişdir. Hər birini hər an yaratmaqda davam edir. Biz görsək də, görməsək də, bu varlıqlar Allahın hafizəsində sonsuzluğa qədər mövcuddur. Bizdən əvvəlkilər kimi, bizdən sonrakı varlıqları da Allah tək bir an içərisində onsuz da yaratmışdır. Zamanın hiss olması mövzusunda izah edildiyi kimi, zamanı da Allah yaratmışdır və Allah zamandan uzaqdır. Ona görə, bizim üçün gələcəkdə var olacaq varlıqlar da əslində Allah qatında “tək bir an” içərisində yaradılmışlar və hal-hazırda mövcuddurlar. Ancaq biz zamandan asılı olduğumuza görə, onları hələ görə bilmərik.

Gələcəkdə görə biləcəyimiz və ya bizim üçün gələcəkdə mövcud olacaq varlıqlar necə Allahın hafizəsində hər an mövcuddurlarsa, keçmişdəkilər də eyni şəkildə, heç itmədən Allahın hafizəsində mövcuddurlar. Məsələn, sizin rüşeym kimi ana bətnindəki halınız, oxuma-yazmağa başladığınız bu günkü halınız, ilk dəfə qiymət vəsiqənizi əlinizə aldığınız an, ilk dəfə avtomobil istifadə etdiyiniz an, bir gün avtobusda yer verdiyiniz yaşlı qadının üzündəki təbəssümün olduğu an kimi, keçmişdə yaşadığınız bütün anlarla yanaşı gələcəkdə yaşayacağınız bütün anlar da hal-hazırda Allahın hifzindədir və heç itmədən sonsuzluğa qədər qalacaqlar.

Yolda gedərkən ayağınıza ilişən daş parçası qədərdə siz hələ doğulmamış ayağınıza ilişəcəyi vaxt müəyyən edilmiş şəkildə yaradılmışdır. O daşın daha böyük qayadan qopduğu, bütün girinti-çıxıntılarının əmələ gəldiyi hər mərhələ Allah qatında siz hələ o daş ayağınıza ilişmədən əvvəl mövcuddur. Eyni şey zibil qutusunda gördüyünüz ölü kəpənək və ya başınıza ağacdan düşən quru yarpaq üçün də keçərlidir. Kəpənəyin hələ tırtıl halından baramadan çıxmasına, qanadlarını qurutduğu andan yerdəki zibilə qarışdığı ana qədər hamısı qədərdə sonsuz başlanğıcdan məlumdur. Allah qatında bu kəpənəyin canlı halları və ölü halı heç itmədən durur və sonsuzluğa qədər durmaqda davam edəcəkdir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə