- 11 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
Giriş
Son illərdə dünyanın inkişaf etmiş ölkələri öz siyasətlərini daha çox
davamlı inkişafı təmin etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir
modeli olan davamlı inkişafda əsas məqsəd ətraf mühiti qorumaqla mövcud
resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir.
Belə ki, bu resurslar istifadə olunarkən yalnız hazırki vəziyyət deyil, eyni za-
manda gələcək nəsillərin potensial ehtiyacları da nəzərə alınmalıdır. Müasir
dövrdə enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq onda davam-
lı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik.
Davamlı enerji siyasəti əsas iki istiqamətdən ibarətdir.
Bunlardan biri al-
ternativ və bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, digəri
isə enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması siyasətləridir. Ənənəvi
enerji resurslarının emalı nəticəsində ətraf mühitə verilən ziyan, bu resursla-
rın tükənməsi və ölkələrin enerji təhlükəsizliklərini təmin etmək istəmələri
davamlı enerji siyasətinin hər iki istiqaməti ilə bağlı tədqiqatların və
layihələrin artmasına gətirib çıxarmışdır. Əksər neft-qaz ölkələrindən fərqli
olaraq Azərbaycanda da son illərdə bu məsələlərə diqqət artırılmışdır və bir
sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının
Prezidenti
cənab İlham Əliyevin 21 Oktyabr 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramı” və 2009-cu ildə Alternativ və Bərpa Olu-
nan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə
aparılan əsas işlərdəndir.
Birələrlə məşhur bir təcrübə var. Şüşə qabın içərisində yerləşdirilən və ağzı
qapaqla bağlanan birələr üç gün sonra, qabın ağzı açılsa da qapağın yaratdığı
“xəyali həddən” yuxarı uçmur və qabı tərk etmirlər. Hətta birələrin törəmələri
də “xəyali qapağ”a öyrəşmiş valideynlərinin hərəkətlərini təkrarlayırlar.
Əslində belə bir mental maneə bəzən insanlar üçün də mövcud olur. Yüzilliklər
boyunca formalaşan streotiplər bəşəriyyətin enerji
istifadəsinə münasibətini
dəyişmir. Ənənəvi iqtisadi inkişaf modeli bir qum saatını xatırladır: yüksək
inkişaf tempi təbii sərvətlərin daha kəskin şəkildə istismarı deməkdir, başqa
sözlə sosial rifah halı yaxşılaşdıqca, təbii sərvətlər də azalır. Amma Gallup-ın
apardığı sorğular göstərir ki, bəzən xoşbəxtlik heç də iqtisadi inkişaf səviyyəsi
- 12 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
və ya onu təmin edən təbii sərvətlərin istismarı (enerji istifadəsi) ilə ölçülmür.
Məsələn, adambaşına təxminən 500 kvt/saat enerji istifadə edən Qvatemala
sakinləri, hər nəfərə 8 min kvt/saatdan çox elektrik
enerjisi istehlak edən Sin-
qapurlulara nisbətən özlərini daha xoşbəxt sayırlar.
Əslində dünyanın gələcəyi ənənəvi yoldan fərqli yeni bir iqtisadi modelə
möhtacdır. Elə bir model ki, iqtisadi inkişaf təbii tarazlığı pozmasın və onun-
la ahəng təşkil etsin. 2013-cü ildə müəllifinə Nobel mükafatı qazandıran
Hiqs sahəsi (Higgs field) ideyası yeni ekoloji iqtisadi siyasəti (environmen-
tally adjusted economic development) müəyyənləşdirmək üçün imkan ya-
radır. Ehtimala görə Hiqs sahəsi bu sahədən keçən hissəciklərə kütlə verir
və beləliklə, enerji kütləyə çevrilir. Bu zaman təbii ahəng qorunur. Ekolo-
ji iqtisadi inkişaf da elə
bir ahəngi təmin etməlidir ki, resurslardan mal və
xidmətlər istehsal ediləndə təbii ahəng pozulmasın.
AMEA Coğrafiya İnstitutunda aparılmış tədqiqatların nəticələrinə görə,
1880-2010-cu illəri əhatə edən dövrdə ölkəmizin ərazisində temperaturun
dəyişməsi müxtəlif regionlarda 0,2-dən 1,5 °C-yə qədər təşkil edir və son
40 il ən isti dövr kimi qiymətləndirilir. Temperaturun ən çox yüksəlməsi
Kür-Araz ovalığında (0,4-0,9 °C), Qazax-Gəncə zonasında (0,6-1,10 °C),
Böyük Qafqazın cənub yamacında (0,5-0,80 °C), Kiçik Qafqazın şimal-şərq
(0,6-1,5 °C) və şimal (0,4-0,6 °C) yamaclarında müşahidə olunur
1
. 1999-
cu ildə Helsinki şəhərində “İqlim dəyişmələri və Yer kürəsinin su balansı”
mövzusunda ikinci beynəlxalq simpoziumun gəldiyi
əsas nəticələrdən biri
gələcəkdə iqlimin istiləşməsi prosesində arid (quraq) ərazilərdə yağıntının
miqdarı bir qədər də azalacaq, rütubətli ərazilər üçün isə əksinə, yağıntının
miqdarı artacaq. Azərbaycan ərazisinin 60 faizinin arid ərazi olması proqnoz-
laşdırmağa əsas verir ki, onsuz da su ehtiyatlarından elə də zəngin olmayan
respublikamızda yağıntının miqdarı azalmağa meyllidir. AMEA Coğrafiya
İnstitutunda və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına
görə Azərbaycanda gələcəkdə temperaturun yüksəlməsi və yağınıtının azal-
ması proqnozlaşdırırlır.
Yeni iqlim şəraiti Azərbaycan iqtisadiyyatını
uzunmüddətli perspektivdə
müəyyən çağırışlarla üz-üzə qoyur. Xüsusilə, kənd təsərrüfatı sahəsində
istiliyə və quraqlığa davamlı bitkiçiliyin inkişafı, su resurslarının daha
1
Məmmədov R.M., İqlim dəyişmələri: mif və realliqlar, Elm qəzeti, 30 yanvar 2013-cü il, http://www.elmqazeti.
com/rubrics/physics-mathematics-technical/520-iqlim-d-yism-l-ri
- 13 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
səmərəli istifadəsi, meliorasiya və irriqasiya infrastrukturunun inkişafı, su
itkilərinin azaldılması, Xəzərin su ehtiyalarından
təsərrüfat məqsədləri ilə
istifadə, istilik və quraqlıq şəraitində infeksion xəstəliklərlə müalicə və s.
istiqamətlər diqqət mərkəzinə gətirilməlidir.
Davamlı enerji siyasətinin qeyd olunan iki istiqaməti bir-biri ilə çox
əlaqəlidir və eyni dərəcədə əhəmiyyətlidir. Bu tədqiqat işi əsasən enerjiyə
qənaət və enerji səmərəliliyinin artırılması məsələlərini əhatə edir. Tədqiqat
işinin əvvəlində Azərbaycandakı ümumi enerji istehlakı təhlil olunub, son-
ra iqtisadiyyatın müxtəlif sahələri üzrə enerji istehlakı və enerji səmərəliliyi
göstəriciləri analiz edilib və dünyanın inkişaf etmiş ölkələrinin bənzər
göstəriciləri ilə müqaisələr aparılıb. Kitabda
Azərbaycanda yüksək ener-
ji səmərəliliyinə nail olmaq üçün təkliflər verilib. Eyni zamanda enerji
səmərəliliyinin artırılması istiqamətində institutsional islahat imkanları
təhlil edilib və bu müvafiq tövsiyyələr edilib.