Fazil SƏNAN
Nifrətin
göz yaşları
“Elm və təhsil”
BAKI – 2018
Fazil SƏNAN
2
Redaktor: Rəsul MUROVDAĞLI
Şair-publisist.
Fazil SƏNAN. Nifrətin göz yaşları.
Bakı, “Elm və təhsil”, 2018, 216 səh.
Yazıçı-publisist Fazil Sənan “Nifrətin göz
yaşları” adlı yeni nəsr kitabı ilə oxucuların gö-
rüşünə gəlmişdir. Kitaba müəllifin 4 povesti və
10 hekayəsi daxil edilmişdir.
Fazil Sənan özünün yeni qələm məhsulla-
rında bu günümüzlə, mənəvi-əxlaqi dəyərləri-
mizlə bağlı məsələlərə toxunmuşdur. Onun oxu-
culara təqdim etdiyi yeni obrazlar özlərinin
maraqlı duyğu və düşüncələri, həyati mövqeləri
ilə maraq doğurur.
Kitabdakı yazılar orijinal sənətkarlıq xüsu-
siyyətləri və bədii dilinin mükəmməlliyi ilə diq-
qəti cəlb edir.
Ümidvarıq ki, müəllifin sayca 16-cı olan
“Nifrətin göz yaşları” kitabı oxucular tərəfindən
rəğbətlə qarşılanacaqdır.
ISBN 978-9952-8176-0-7 © Fazil Sənan, 2018
Nifrətin göz yaşları
3
SEVDALI KÖNÜLLƏR
arşımda bir kitabın əlyazması var. Oxu-
mağa başladım. Məni məndən alıb uzaq-
lara apardı. Sona qədər necə oxudum, onu
heç özüm də bilmirəm. İndi isə burdayam, elə burda,
yəni öz düşüncələrimi yazacağım yerdə!..
Əlyazmanın müəllifi Fazil Sənandır. O Fazil Sə-
nan ki, özünü tanımamış imzasını tanımışam. Özünü
tanımaq da qismət oldu. Şükür, çox sadə, təvazökar
insandı, bir az kobud desəm, yəni bu zəmanənin adamı
deyil. Bu əlyazma Fazil müəllimin 16-cı kitabının
əlyazmasıdı, 1-ci yox. 16 kitab müəllifinin bu qədər
təvazökar olması məni heyrətləndirir. İlk dəfədir ki,
ustad bir yazardan bu qədər təvazökarlıq görürəm. Əl-
qərəz, bu yazıları oxuyan varsa, demək, Fazil mü-
əllimin 16-cı görüşü baş tutub. İcazənizlə, siz oxucu-
larla könlümü yaxın edib bu sadə, gözəl insanı al-
qışlayım və mübarək görüşünüz mübarək olsun Fazil
Sənan, - deyim!!!.
***
Bəli, indi keçək əsas məsələyə... "Nifrətin göz
yaşları" adlı bu kitabda dörd povest və on hekayə var.
Bu povest və hekayələrdə iki gəncin bir birinə
olan saf məhəbbəti üstünlük təşkil etməsinə baxmaya-
raq, vətən eşqi, milli dəyərlər və günümüzün digər ya-
şanmış real hadisələri də əks olunur.
Q
Fazil SƏNAN
4
Fazil müəllimin yazılarının çox böyük hissəsi
yaşanmış real hadisələrə söykənir. Fazil Sənan yaradı-
cılığının sevilməsinin ən böyük sirri də məncə elə
bundadır.
Kitab adını aldığı "Nifrətin göz yaşları" po -
vesti ilə başlayır. Oxumadan öncə düşüncələr insanı
haralara çəkir, haralara?!. Povest evli bir qadına dəli
sevgi ilə bağlanan Üfüqün, son ana qədər sevgisinə sa-
diq qalan Dənizin keçdikləri acılı-şirinli sevgi yolla-
rından bəhs edir. Bundan əlavə əsərdə dost etibarına,
milli adət-ənənələrə də xüsusi yer ayrılır.
Eyni idarədə işləyən Üfüqlə Dəniz povestin baş
qəhrəmanlarıdı. Dənizə ülvi məhəbbətlə bağlanan
Üfüq sevgi oduyla qovrulur. Dənizin ona : "Nə zaman
burdan gedirsən?" - sözlərini nifrət kimi qəbul edən
Üfüq işdən ayrılır. Eyni şəhərdə Dənizdən aralı yaşa-
mağı qəbul edə bilməyən Üfüq Rusiyaya - dostunun
yanına gedir.
Dənizin isə xəyalları hərdən Üfüqə tərəf boylan-
sa da, özünü qınayır və illərdir özündən uzaqlarda
olan, bir dəfə də olsun bir zənglə, ya da məktubla belə
onu yada salmayan ərinin namusuna ləkə gətirmədən
yolunu gözləyir.
Həsrət amansız, zaman yüyrək olar. Povestdə
Üfüqlə Dənizin sevgisindən vüsal, vüsaldan ayrılıq,
ayrılıqdan nələrin doğduğunu oxuduqca kövrək
düşüncələrimi poeziyanın dili ilə ifadə etməyə
çalışdım:
Ürəklərdə boy atıb, vərəqlərdə inləyib,-
"Nifrətin göz yaşı"ndan doğulan bir məhəbbət.
İşvəsini yazmağa qələm cəsarət etmir,
Bir şeirə sığışmır bu dəcəl, kür məhəbbət.
Nifrətin göz yaşları
5
Fazil Sənan könlünün tellərin zilə çəkib,
Bülbülü mat eyləyən sevgisin gülə çəkib,
Hər sözü bircə-bircə rəssamtək elə çəkib,
Hər sözdə göy məhəbbət, hər sözdə yer məhəbbət.
Ürəklər hey ah çəkib olsa da qabar-qabar,
Ömrün tale yüküdü, yazılıbsa dərd, qubar.
Nifrətdən keçən eşqdə ayrılıq var, vüsal var,
Ayrılıq doğan vüsal, vüsalda sirr məhəbbət.
"Bir cüt qərənfil" povestində Atəşin Səmaya
olan müqəddəs sevgisindən söhbət gedir. Səmanı bü-
tün varlığı ilə sevən Atəşin sevgisinə biganə olmayan
Səma ürəyinin ən uca zirvəsində olan ata məhəbbə-
tinin yanına heç bir sevgini yaxınlaşdırmayacağına
inanır və bu inamı da qorumağa çalışır. Lakin ata itkisi
yaşadıqdan sonra həyatına qəst edən Səma xəstəxa-
naya düşür. Atəş isə gecə həkimdən icazə alaraq Sə-
manın baş ucunda dayanıb sağalması üçün Allaha dua
edir. Duası qəbul olan Atəş Səmadan hansı cavabı
aldığını, bundan sonra Səmaya qarşı olan sevgisini və
Səmanın ata məhəbbətini Səma qədər necə əzizlədiyi-
ni lirik bir duyğu ilə Fazil Sənan oxuculara çatdırır.
Mənsə Atəşin sevən ürəyinin həsrət döyüntülə-
rini bir bəndlə oxucuya çatdırmaq istəyirəm.
Sarışın qız, dilim tutmur söz deyəm,
Qorxuram ki, öldürəsən yox deyib.
Həsrətinə işıq olan közdəyəm,
Köz ağlayır ürəyimdən yağ yeyib.
«Ürək ağrısı» povestində isə bir kənddə yaşaya
Cəmil və Şəlalənin sevgidən qismətlərinə düşən pay
qələmə alınıb.
Dostları ilə paylaş: |