8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   49

16
ümumi təhsil modeli əsas götürüldü. Dinə qarşı mübarizə adı altında minillik ənənəsi olan klassik
müsəlman təhsil müəssisələri – məktəb və mədrəsələr tamamilə ləğv olundu.
Bütün bunlar, SSRİ‑nin türkdilli respublikalarda, o cümlədən də Azərbaycanda həyata keçir ‑
diyi imperiya siyasətinin tərkib hissəsi, xalqı uzun illər ərzində formalaşmış islami, milli‑mənəvi
də yərlərdən uzaqlaşdırmağa yönəlmiş məkrli strategiyanın təzahürü və soyqırıma bərabər olan
repressiya prosesinə hazırlıq mərhələsi idi.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın inkişafına sarsıdıcı zərbə vuran repressiya illərində
əsasən ziyalıların hədəfə alınması, əslində aparılan «islahatlara» etiraz edə biləcək qüvvələrin aradan
qaldırılmasına xidmət edirdi. İmperiya siyasətini cəmiyyətə mütərəqqi inqilab kimi təqdim edən
ideoloqların səyi nəticəsində nəinki yerli ziyalılar, eləcə də Türkiyədən 1918‑ci ildə dəvət olunmuş
pedaqoqlar (Xəlil Fikrət, Əhməd Cövdət və başqaları) pantürkist, panislamist kimi damğalandılar.
Milli pedaqoqların ən yaxşıları cismən məhv edildi. Azərbaycan xalqının milli təfəkkürünün öncülləri
olan yüzlərcə ziyalı bu amansız terrordan qurtula bilmədi. Azərbaycanda xalq əleyhinə, xüsusilə
ziyalılara qarşı cəza tədbirləri 1937–1938‑ci illərdə ən qabaqcıl ziyalıların həyatını, sözün həqiqi
mənasında, cəhənnəmə çevirdi. Səlahiyyət sahibi olan erməni əsilli mə mur la rın: Sumbatovun,
Borşovun, Gerasimovun, Sinmanın, Şerin, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın,
Ovanesyanın, onların Atakişiyev kimi nökərlərinin və qeyrilərinin əli ilə təxminən 70–80 min ziyalı –
alim, müəllim, hərbiçi, yazıçı, sənət adamı, din xadimi, sovet və partiya işçisi məhv edildi.
Mən həmin dövrə aid materiallarla yaxından tanış olarkən diqqətimi bir fakt daha çox cəlb
elədi: Dadaş Bünyadzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov, Ayna Sul ‑
tanova, Məmməd Cuvarlinski, Müseyib Şahbazov… Bu şəxslər Azərbaycanın xalq maarifinə və
təhsil sisteminə rəhbərlik etmiş insanlardır. Onların hamısı «xalq düşməni» kimi mühakimə edilib,
repressiyaya məruz qalıblar. Yalnız maarif nazirləri deyil, ali məktəb rəhbərləri, məktəb direktorları,
tanınmış pedaqoqlar da bu acı taleyi yaşayıblar. Fikrimcə, xalqın həyatında bundan daha ağır və
məşəqqətli günlər ola bilməz!
Bununla belə, bolşeviklər insanların üzünün onlardan tamam dönəcəyindən ehtiyat edib, bir
sıra güzəştlərə getməyə də məcbur olurdular. Belə ki, Azərbaycan dili məktəblərdə əsas təlim dili
kimi təsdiq olundu. Bu illərdə təhsilin məzmunu dəfələrlə ciddi dəyişikliyə məruz qalsa da, tədris
plan və proqramları təkmilləşdirilirdi. Əlifba islahatı istiqamətində Azərbaycan Xalq Cümhuriyyəti
dövründə başlanmış işlər yenidən canlandı. İlk sovet dərslikləri meydana gəldi. Həmin illərdə əhali
arasında savadsızlığı ləğv etmək maarifin təməl prinsiplərindən biri sayılırdı. Odur ki, I və II dərəcəli
məktəblərlə yanaşı, kəndli‑gənclər məktəbləri də təşkil olunmuşdu. 
Çox təəssüf ki, sərt və ciddi qanunların tətbiqi ilə səciyyəvi olan ötən əsrin 30‑cu illərində
məktəblə bağlı qəbul edilmiş qərarlar, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin ideyası
təhsildə demokratik ənənələrin inkişafını ləngitməklə, yeni arzuolunmaz istiqamət formalaşdırdı.
Milli dəyərlər 20‑ci illərdə olduğundan daha sərt şəkildə arxa plana keçirildi, saxta beynəlmiləlçilik
aparıcı amilə çevrildi, təhsilin məzmunu tamamilə sovet ideologiyasının prinsiplərinə tabe etdirildi.
Məktəb haqqında 30‑cu illərdə qəbul edilən qərarlar təkcə siyasi sənəd deyil, həm də pedaqoji
prosesə partiyalı rəhbərliyi təmin edən metodoloji proqram idi.
Azərbaycan K(b)P MK və Azərbaycan Xalq Maarifi Komissarlığı (XMK) 1933‑cü il mayın 20‑də
«Proqramlar və dərs kitablarının ümumiləşdirilməsi haqqında» qərar qəbul etdi. Bu qərara əsasən,
respublika məktəblərinin riyaziyyat, fizika, kimya, təbiət, tarix, ictimaiyyat, coğrafiya, əmək və rəsm ‑
xət üzrə proqram və dərs kitabları RSFSR Xalq Maarifi Komissarlığı tərəfindən hazırlanan proqram
və stabil dərs kitabları ilə eyniləşdirildi. Təlim rus dilində olan məktəblərdə azərbaycanlı uşaqlara
Azərbaycan ədəbiyyatı əvəzinə rus ədəbiyyatı tədris edilməyə başlandı. Şagirdlər milli‑mənəvi
dəyərlərdən tamamilə xəbərsiz qaldılar.
Təsadüfi deyil ki, vaxtilə görkəmli rus pedaqoqu Pavel Petroviç Blonski yazırdı: «Bizim nə ‑
sillər pedaqoji fikir tariximizi öyrənərkən görəcəklər ki, Odessadan tutmuş Vladivostokadək uşaqlar


17
eyni dərsliklə oxuyurlar və bizə güləcəklər ki, biz eyni ümumittifaq tədris proqramları ilə dərs
keçirik. Amma bu işdə hər bir şəhərin, kəndin, rayonun xüsusiyyətlərini nəzərə almaq elə gözəl,
rəngarəng proqramların, forma və metodların meydana gəlməsinə səbəb olar ki, bunu heç
yuxumuzda da görmərik».
Azərbaycanda kəndlərdən gələn uşaqlar üçün internattipli yataqxanaları olan təhsil müəssi ‑
sələrinin yaradılmasına Xalq Maarifi Komissarlığının 1926‑cı il 6 yanvar tarixli qərarı ilə başlanılıb.
«Kəndli‑gənclər məktəbləri haqqında» əsasnaməyə görə belə məktəblərin nəzdində ailə şəraiti təhsil
almağa imkan verməyən uşaqlar üçün internattipli yataqxanaların təşkil edilməsi nəzərdə
tutulmuşdu.
Keçən yüzilliyin 20‑ci illərində latın qrafikalı əlifbaya keçmək istiqamətində Azərbaycanda
diqqətəlayiq işlər görülürdü. Ona görə də, 1926‑cı ilin 26 fevral–6 mart tarixlərində Bakıda çağırılmış
I Beynəlxalq Türkoloji qurultayda sovet respublikalarında və vilayətlərində yaşayan bütün türk
xalqlarına Azərbaycanın təcrübəsini öyrənib təbliğ etmək tövsiyə edildi. Yeni türk əlifbasına keçmək
üçün İttifaq miqyasında böyük işlər görüldü.
1929‑cu il fevralın 1‑də Azərbaycanda yeni əlifbanın tam tətbiq olunması rəsmən elan edildi.
Latın qrafikalı əlifba ilə dərsliklərin hazırlanması və nəşri reallaşdı. 
Düşünmək olar ki, əgər bu işlər o zamandan indiyədək belə davam etsəydi, türk dünyası daha
çox uğurlar qazana bilərdi. Amma sovet imperiyası buna imkan vermədi. Birdən‑birə onillik dövrün
gərgin zəhmətinin üstündən çox asanlıqla qələm çəkildi – 1939‑cu il iyulun 11‑də Azər baycanda
latın əlifbasının dəyişdirilməsi barədə qərar qəbul edildi. Heç bir hazırlıq işi aparılmadan, 1940‑cı il
yanvarın 1‑dən bütün təhsil müəssisələrində kiril (rus) qrafikalı Azərbaycan əlifbasının tətbiqinə
başlandı. Xalqı soykökündən təcrid etmək üçün atılan bu addım SSRİ‑nin Azərbaycanda apardığı
açıq imperiya siyasətinin tərkib hissəsi idi.
Bütün bunlara baxmayaraq, XX əsrin 50‑ci illərinin ortalarında Azərbaycan dilinə dövlət dili
statusunun verilməsi istiqamətində atılan addımlar siyasi proseslərin əsas hadisəsinə çevrilmişdi. Bu
sahədə Azərbaycan ziyalılarının, xüsusilə görkəmli yazıçı və dövlət xadimi Mirzə İbrahimovun
fəaliyyəti mədəniyyət tariximizdə, o cümlədən təhsil salnaməmizdə işıqlı bir iz qoydu. 
Stalin rejimi başa çatdıqdan sonrakı illər keçmiş SSRİ‑nin həyatında «mülayimləşmə» dövrü kimi
səciyyələnir. Bu dövrdə Azərbaycan təhsilində nəzərəçarpacaq yeniliklər baş verdi. Stalin şəxsiyyətinə
pərəstişin tənqidi, siyasi və mədəni həyatda demokratik normaların bərpası (30–40‑cı illərə nisbətən),
sosialist cəmiyyətinin potensial imkanlarına inamın stimullaşdırılması, pedaqoji işə yaradıcı proses
kimi baxılması, müəllim əməyinin partiya və hökumət tərəfindən yüksək qiy mət lən dirilməsi, məktəblə
bağlı qəbul edilən yeni demokratik məzmunlu qərar və sərəncamların həyata keçirilməsi Azərbay ‑
canda təhsilin inkişafında yeni istiqamətləri müəyyənləşdirdi. Təhsilin məzmu nu nun yeniləşdirilməsi
baxımından əhəmiyyətli addımlar atıldı, tədris proqramları, dərsliklər məzmun və forma etibarilə
yeniləşdirildi, məktəbdə təlim‑tərbiyənin səviyyəsi nəzərəçar pacaq dərəcədə yüksəldi.
Ötən əsrin 50‑ci illərindən etibarən ümumtəhsil internat məktəblərinin təşkilinə başlanıldı.
Fizika‑riyaziyyat, kimya‑biologiya, Seyid Cəfər Pişəvəri adına fars dili, Səttar Bəhlulzadə adına ərəb
dili, Anton Semyonoviç Makarenko adına humanitar fənlər, idman və Süleyman Rüstəm adına fars
dili, incəsənət təmayüllü internat məktəblərin yaranması həmin dövrə təsadüf edir.
Qeyd etmək lazımdır ki, sovet hakimiyyəti illərində Azərbaycanda yetim və valideyn
himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan uşaqlar tam dövlət nəzarətində
olub. Onların yaşaması, təhsil və tərbiyə alması üçün uşaq evləri, internat məktəblər və xüsusi
məktəblər təşkil edilib.
1969‑cu ildən etibarən Azərbaycan tarixində, eləcə də təhsil tarixində Heydər Əliyev erası
başlanır. Məhz onun rəhbərliyi dövründə respublikada geniş məktəb quruculuğu işləri aparılıb.
1970–1980‑ci illərdə 683,1 min şagird yeri olan 1191 ümumtəhsil məktəb binası tikilərək istifadəyə
verilib ki, bu da 1946–1970‑ci illərdəki göstəricilərdən (520 məktəb) iki dəfə çoxdur. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə