Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

 

39 


Döyüşlərin  birində  bir  ölü  zənci  ələ  keçirmişdilər.  Ermənilər  bu  zəncinin  meyidini  bir 

neçə diri azərbaycanlıyla dəyişdilər. Və uşaqlar heç bilmədilər ki, ermənilər bu sahibsiz zəncinin 

meyidini niyə belə çox istəyir. 

Drakon da bu işdə ustaların ustasıydı, onun kimi silah səsi tanıyan yoxuydu. 

Bu vaxt BMP yenə çıxdı və yoldakı maşınlardan birini də vurdu. 

Komandir: 

-  Nu,  davay!  Üç  yerdən  qalxırıq.  Özünüzü  havayı  gülləyə  verməyin.  Snayper,  sən  çıx 

sağdakı yala, ordan işləyərsən. Güllə atan kimi də yerini dəyiş. Drakon, sən öz uşaqlarını götür 

sağdan  çıxart.  Mən  mərkəzdə  olacam.  İndi  Qatırdan  Vanyanı  istəyərəm.  Versə,  işimiz  asan 

olacaq.  Bəd  ayaqda  tarana  gedəcəyik  ha.  Bəri  başdan  deyirəm,  kim  qorxur  getsin,  qınamarıq. 

Amma döyüşdən qaçsa, özüm öldürəcəm! Ya Allah! 

Drakon: 


- Komandir, icazə ver, bir söz deyim. 

- Tez elə. 

- Komandir, bilirsən ki, mən buraları beş barmağım kimi tanıyıram. Sovet hökuməti üç il 

məni  bu  meşələrdə  tuta  bilmədi.  Sən  mənə  icazə  ver,  o  beempeni  aşırım.  Onların  gücü 

beempedədi.  Siz  yerinizi  möhkəmlədin,  hücuma  keçməyin,  çox  demirəm,  yarım  saat  məni 

gözləyin. 

Pələng çıxdı qabağa: 

- Komandir, mənə də icazə ver. Biz həmişə kəşfiyyata bir getmişik. 

Komandir: 

- Yox! Sən mənə burda lazımsan. 

Pələng baxışlarıyla Drakona yalvardı və Drakon bu baxışları tutdu: 

- Qoy gəlsin. Qorxma, mən onu bulvarda vuracam. 

Komandir yenə razı olmadı: 

- Yox, ona görə demirəm, Pələng mənə burda lazımdı. İstəyirsən başqa adam götür. 

Drakon: 

- Yaxşı, onda heç kim lazım deyil, mən getdim. 

Komandir sonuncu tapşırıqlarını da verdi, uşaqlar mövqelərini tutub girdilər döyüşə. 

Komandir telsizi götürdü: 

- Qartal! Qartal! Mən Komandirəm! Qartal! Qartal! 

Telsizdən Rəisin səsi gəldi: 

- Qartal eşidir! Qartal eşidir! 

-  Qartal!  Ermənilər  Gülablının  üstündəki  postu  götürüblər.  Camaat  qırılır.  Döyüşə 

girmişəm. Bizə kömək ver. Qartal! Eşidirsən? 

-  Eşidirəm,  Komandir!  Eşidirəm!  Milis  batalyonu  sənə  köməyə  gəlir,  özüm  də  gəlirəm. 

Möhkəm ol! 

- Kişisən, Rəis! 

- Day mən rəis deyiləm. Gecə işdən çıxartdılar. Yaz batalyonuna. 

- Zarafat edirsən? 

- İndi zarafat vaxtıdı? Gəlirəm! Möhkəm ol! 

Bu vaxt telsizdən Qatırın səsi gəldi: 

- Komandir! Eşidirsən? Komandir! 

Komandirin ürəyi atlandı: 

- Səsinə quzu kəsim! 

- Komandir! Mənimkilər gəlir. Bildin də kimi deyirəm? 

- Bildim! Bildim! 

- Möhkəm ol! 

-  Möhkəməm!-  dedi  Komandir,  sonra  üzünü  tutdu  uşaqlara:-  Qatır  tankı  göndərib. 

Uşaqlara deyin, ürəklənsinlər. 

- Qatır tankı göndərib... 



Lit.az 

 

 



40 

- Qatır tankı göndərib... 

- Vanya gəlir... 

Drakon özünün tanıdığı cığırlarla ermənilərin arxasına keçirdi. Yuxarı dırmaşdıqca nəfəsi 

çatmırdı. Hər dəfə döyüşə girəndə özünə söyürdü: “Nə bilim bu oğraş müharibə düşəcək, yoxsa 

nə içərdim, nə də çəkərdim”. Cavanların əlində siqaret görən kimi alıb atardı: 

- Mən çəkib ağ günə çıxmışam! 

Yenə  özünə  söyə-söyə  üzüyuxarı  dırmaşırdı.  Birdən  hiss  elədi  ki,  arxadan  kimsə  gəlir, 

girdi  ağacların  birinin  arxasına,  bıçağına  çıxartdı  -  bu  vaxt  Pələng  ləhləyə-ləhləyə  cığırda 

göründü, çiynində də qumbaraatan, Drakon duruxdu. 

- Ə, sən hara gəlirsən? 

Pələng: 


-  Səni  tək buraxa bilərdim?! Beempeni qranatla  partlatmaq çox çətindi.  Bunu görürən?- 

deyə çiynindəki qumbaraatanı göstərdi. 

- Bunu hardan aldın? 

- Almadım, meşədən tapdım. Bizimkilər qaçanda atıbmış. Heyf ki, bir atımlıqdı. 

- Qorxmursan səni ataram? 

- Yox. 


- Niyə? 

- Əlin qalxmaz! 

- Yaxşı, getdik. Bunu sonra ayırd eləyərik. 

Döyüş çox ağır gedirdi. Komandir tez-tez uşaqlara xəbər göndərirdi: 

- Qeyrətinizə qurban olum! Möhkəm dayanın! Arxamızda ana-bacılarımızdı! 

Amma  Qeyrət  bədbəxt  oğlu  bədbəxt  neyləsin!  Qeyrətin  gücü  pulemyotun,  avtomatın 

güllələri  qarşısında  çox  aciz  idi.  Qeyrət  nə  qədər  özünü  öldürürdü,  gücü  BMP-nin  gücünə 

çatmırdı.  Qeyrətin  gücü  sinəsi  ilə  o  güllənin,  o  mərminin  qarşısına  sipər  olmağa  çatırdı,  bu 

torpağın  yolund  ölməyə  çatırdı  və  ölürdü.  Və  qeyrət  sinəsini  gərmişdi  düşmən  gülləsinin 

qabağına. 

Adətən kinolarda “ura”  eləyib alman pulemyotunun qabağına  atılmaq olurdu, amma bu 

Kinoda  “ura”  eləyib  erməni  pulemyotunun  qabağına  atılmaq  olmurdu.  Çünki  o  kinolarda 

rejissorlar  “ura”  eləyənin  tərəfindəydilər,  bu  Kinoda  pulemyot  atanların.  Yüksəkliyə  yaxın 

düşmək mümkün deyildi. Yerdən baş qaldıran yerində vurulurdu. Beempe də öz işindəydi, qəfil 

çıxır,  köməyə  gələn  texnikalardan  birini  vurur  və  yenə  gizlənirdi.  O  biri  texnikalar  da 

qorxusundan  üzümlüyün  içindən  çıxa  bilmirdi.  Milislərin  gətirdiyi  minamyotun  da  elə  bir 

köməyi çatmırdı, atanlar çox təcrübəsiz idilər. 

Komandir: 

- Pələngi çağırın! Onun minamyotdan yaxşı başı çıxır. 

Amma Pələngi gördüm deyən olmadı. 

- Komandir, Pələng yoxdu. 

- Necə yəni yoxdu? 

- Yoxdu də. Bəlkə qaçıb? 

- Axmaq-axmaq danışmayın. 

- Vallah, yoxdu. Ya qaçıb, ya da vurublar. 

Elə bil Komandirə güllə dəydi. Döyüşdən qorxulu şey kiminsə qaçması idi. Hətta bircəcə 

nəfərin qaçışı bir neçə nəfərin ölümündən betər idi. Əslində bütün döyüşlərdə qəhrəmanlar iyirmi 

faiz  olurdu,  bu  iyirmicə  faiz  bəs  idi  qələbə  üçün.  Qırx  faiz  isə  bu  iyirmi  faizə  baxıb  döyüşür. 

Yerdə  qalan  qırx  faiz  isə  önlərində  olan  o  altmış  faizin  hesabına  qeyrətə  gəlirdi.  Amma  bircə 

nəfər qaçdımı, bütün düzən dağılırdı. İndi Pələng qaçmışdısa, düzən dağıla bilərdi. Ona görə də 

Komandir dedi: 

- Yaxşı, elə eləyin uşaqlar bilməsin. 

Komandir yenə telsizi götürdü: 

- Qatır! Qatır! Eşidirsən? 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə