Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə11/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

 
36 
 
NAZİM  HİKMƏTİ  SEVƏNLƏR VƏ SEVMƏYƏNLƏR 
 
Mən  Türkiyədə,  Azərbaycanda,  Rusiyada,  Orta  Asiya  respublikalarında  Nazim 
Hikmət  yaradıcılığını  araşdıran,  öyrənən,  bu  sahədə  elmi  əsərlər  yazan  müəlliflərin 
tədqiqat  işlərini  oxumuşam  və  öz  yazılarımda  bu  əsərlərə  münasibətimi  bildirmişəm. 
Nəticə  etibarilə  onu  deyə  bilərəm  ki,  Nazimi  sevənlər  sevməyənlərdən  daha  çoxdur. 
Amma  Nazim  Hikməti  sevməyənlər  az deyil  və  onlar  öz  fəaliyyətlərini  bu  günə  qədər 
davam etdirirlər.  
Nazim Hikmət ilk şeirini qələmə alan gündən özünü təsdiq edən şairlərdən olub və 
həmin  andan  etibarən  də  yaradıcılığı  birmənalı  qarşılanmayıb.  İstər  məfkurəsinə  görə, 
istərsə  də  türk  poeziyasına  sərbəst  vəzni  gətirdiyinə  görə.  Amma  bu  bir  həqiqətdir  ki, 
dövrünün  Əbdülhəq  Hamid  kimi  nəhəng  sənətkarı  Nazim  Hikməti  bəyənib  və  təqdir 
edib. Özü də təkcə Əbdülhəq Hamid yox, yaşadığı dövrün əksər qüdrətli ədəbi simaları 
Nazim  Hikmətin  sənətini  yüksək  qiymətləndiriblər.  Amma  onun  kommunizm 
ideyalarına  (xüsusən  Moskvada  təhsil  alıb  qayıtdıqdan  sonra  yazdığı  şeirlərinə  görə) 
sədaqətini bəyənməyiblər, tənqid ediblər, hətta təhqir ediblər. Şair kommunizmə böyük 
ümid  bəsləyib,  inanıb  və  şeirlərində  onu  mütərəqqi  bir  ideologiya  kimi  tərifləyib. 
Amma  ömrünün  son  illərində  dərk  edib  ki,  bu  ideyalar  keçmiş  Sovetlər  İttifaqının  və 
sovet  kommunistlərinin  simasında  heçdir,  puçdur.  Nazim  Hikmət  ilk  dəfə  Moskvaya 
gəldiyi vaxt sovet cəmiyyətini ideal bir quruluş kimi qəbul etmişdi. 1938-1950-ci illərdə 
Türkiyədə  həbsxanada  yatdığı  vaxtlarda  “Zoya”,  “Moskva  simfoniyası”  kimi 
əsərlərində  Sovetlər  ölkəsini,  faşizmə  qarşı  sovet  xalqlarının  mübarizəsini  gur  səsi  ilə 
müdafiə  etmişdi.  Moskva  yazıçıları  da  Nazimin  müdafiəsinə  qalxmışdılar.  Bu  yolu 
davam  etdirən  Azərbaycanın  söz  ustaları  da  böyük  Nazim  Hikmətin  məhbəsdən  azad 
edilməsi  uğrunda  öz  səslərini  dünyanın  mütərəqqi  insanlarının  səsinə  qatmış,  şairin 
zindandan azad olunmasını tələb etmişdilər. 
Sonuncu  dəfə  Moskvaya  gəldikdən  sonra  isə  Nazimi  zahiri  təmtəraq  əhatə  etmiş, 
keçirdiyi  infarkt  onu  yatağa  salmışdı.  Sonrakı  illərdə  Nazim  Hikmət  kommunizm 
ideyalarının,  sosializm  cəmiyyətinin  mahiyyətini  artıq  yaxşı  başa  düşmüşdü.  Onun  hər 


 
37 
addımının  izlənilməsi  şairdə  xəyal  qırıqlığı  yaratmışdı.  Bu  xəyal  qırıqlığı  onu  ikinci 
dəfə  yatağa  salmışdı.  Şair  yaxşı  başa  düşürdü  ki,  geriyə  yol  yoxdur.  Türkiyəyə  qayıda 
bilmirdi,  sovetlərdə  isə  yaşamaq  artıq  mümkün  deyildi.  Ümid  yeri  Azərbaycandı. 
Mikayıl  Rəfili,  Süleyman  Rüstəm,  Rəsul  Rza  kimi  şairlərlə,  Əkbər  Babayev  kimi 
tədqiqatçılarla  olan  dostluğu,  səmimiyyəti  onu  yaşadırdı.  Bu  dostluq  və  səmimiyyət 
qardaşlıq  zirvəsində  idi.  O  illər  Azərbaycan  mətbuatında  Nazim  Hikmətə  aid  çoxlu 
məqalələr, resenziyalar çap olunurdu, əsərləri teatr səhnələrində tamaşaya qoyulurdu.  
Xalq  şairimiz  Süleyman  Rüstəm  belə  yazırdı:  “İnsan  yaşa  dolduqca  uşaqlıq  və 
gənclik illərinə qayıtmaq, o illəri bir daha yenidən yaşamaq istəyir. Bəli, insanın uşaqlıq 
və  gənclik  illərində  gördükləri,  yaşadıqları  onun  hafizəsinə  ömürlük  həkk  olunur.  İllər 
keçdikcə o xatirələr daha canlı, daha şirin və əziz olur. Təsadüf belə gətirib ki, qırx beş 
illik  yaradıcılıq həyatımda bir sıra ədəbi simalarla  görüşmüşəm və bunların bəziləri ilə 
şəxsi dostluğum olmuşdur. 
Türk xalqının böyük oğlu Nazim Hikmətlə dostluğumun qırx illik bir tarixi vardır. 
Biz  Nazimlə  1927-ci  ildə  tanış  olduq.  Nazim  Moskvada  təhsil  alırdı.  Mən  o  illərdə 
“Maarif  və  mədəniyyət”  adlı  ədəbi,  ictimai  məcmuənin  məsul  katibi  idim.  Nazim 
Hikmət bizə şeirlər göndərməyə başladı. 
Nazimin  şeirlərində  bizim  oxucular  üçün  çətin  anlaşılan  türk  sözləri  vardı.  Mən 
Nazimə yazdım ki, məcmuəmizin müəlliflərindən biri kimi azəri oxucularını bu barədə 
nəzərə alsın. Nazim mənim xahişimə əməl edib bizə tez-tez gözəl şeirlər göndərirdi. Bu 
şeirlər  dərhal  geniş  oxucu  kütləsinin  nəzərini  cəlb  etdi.  Artıq  biz,  bir-birimizə  tez-tez 
məktub yazmağa və poeziya haqqında fikir mübadiləsinə girişdik, hətta şeirlərimizi bir-
birimizə göndərib məsləhətləşirdik də. Nazimin o illərdə yazdığı ən gözəl şeirlər demək 
olar ki, bizim məcmuədə dərc edilmişdir. 
Nazim Bakıda olarkən ondan xahiş etmişdim ki, bizim məcmuəmizdə çap olunmuş 
və digər  yazılarını, şeirlərini toplayıb kitab halında nəşr  etdirmək üçün bizə göndərsin. 
Nazim  vədinə  əməl  edib  topladığı  otuza  qədər  şeirini  mənə  göndərdi.  Bunlar  1920-ci 
ildən 1927-ci ilə qədər yazılmış şeirlər idi. 


 
38 
104  səhifədən  ibarət  “Günəşi  içənlərin  türküsü”  kitabı  3.000  nüsxə  tirajla  nəşr 
edildi. Bu kitab bir neçə günün müddətində mağazalardan evlərə, evlərdən isə ürəklərə 
köçdü.” (“Bakı” qəzeti, 30 iyun 1967-ci il) 
Türkiyədə Nazim Hikmət Kültür ve Sanat Vakfının fəaliyyəti də diqqəti cəlb edir. 
Vaxtilə əsərləri Türkiyədə yasaq edilmiş Nazim Hikmət bu gün televiziya kanallarında 
görünür,  kitabları  nəşr  olunur,  pyesləri  tamaşaya  qoyulur.  Şairin  100  illiyi  qarşısında 
Türkiyədə  Nazim  Hikmətə  həsr  edilmiş  televiziya  verilişi  (”Kanal-D”)  daha  böyük 
maraq  doğurmuşdu.  2002-ci  il  yanvar  ayının  15-də  mavi  ekranda  göstərilmiş  bu 
proqramdan bəzi məqamları nəzərinizə çatdırmaq istəyirəm. 
Türkiyənin  teatr  sənətçisi  Gənco  Erkalın  dediklərindən:  “Şairlər  bir  az  zor 
anlaşılan kişilər olur. Nazim də belə idi. 7-dən 70-ə kimi hər kəs Nazimi sevirdi. Məni 
bir  sual  düşündürür:  belə  sevilən  şairdən  niyə  bu  qədər  qorxurdular?  Niyə  onu  “vətən 
xaini”  elan  etmişdilər?  Nazimin  bütün  cəhətləri  bir-birini  tamamlayan  özəlliklərdir. 
Nazimi  sevdirən  məncə,  onun  daxili  aləmi  ilə  zahirinin  bir  vəhdət  təşkil  etməsi  idi. 
Nazim bütöv bir şəxsiyyət idi. 
Mən Nazimin bütün şeirlərini sevirəm.” 
Aparıcı:  İndi  də  sözü,  amansız  bir  xəstəlikdən  vaxtilə  yatağa  düşmüş,  özünün 
dediyi  kimi,  Nazim  Hikmət  şeirlərinin  gücü  ilə  həyata  qayıtmış  Nazim  bəy  Səlimdara 
veririk. 
Nazim  Səlimdar:  Mən  zatən  həyatımı  onun  şeirləri  ilə  yaşadım.  Gəncliyimdən 
bəri  Nazim  Hikmət,  xüsusən  onun “Qurtuluş  savaşı  dastanı”  mənim  ürəyimdə  yaşayır. 
Onun  şeirlərini  araşdırmışam,  dəfələrlə  oxumuşam,  birər-birər  öyrənmişəm.  Elə  bil  ki, 
böyük ustadın ölümsüz əsərləri mənim xəstəliyimi uçurdu. Nazim Hikmət dastanı mənə 
arkadaş  oldu,  dost  oldu.  “Qurtuluş  savaşı”  dastanı    yoxdan  var  olan  bir  millətin 
salnaməsidir. 
Aparıcı: Sözü Nazim Hikmət heyranlarından Ümid Sağlıka verirəm. 
Ümid Sağlık: Nazim Hikmət həqiqət uğrunda mübarizə aparırdı. Bu mübarizə ona 
əkməkdən də üstündü. Təəssüf ki, onun vətəndaşlığını xəyanət kimi zənn edirdilər. İndi 
o,  bütün  dünyanın  vətəndaşıdır.  Mən  Nazimi  bəyənməyənlərə  cılız  adamlar  kimi 
baxıram. Onların haqqında danışmağa heç ehtiyac yoxdur. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə