Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu atiF İslamzadə


II FƏSİl QAZAN XAN OBRAZININ RİTUAL-MİFOLOJİ STRUKTURUNU PROYEKSİYALANDIRAN



Yüklə 0,96 Mb.
səhifə10/12
tarix09.03.2018
ölçüsü0,96 Mb.
#31014
1   ...   4   5   6   7   8   9   10   11   12

II FƏSİl
QAZAN XAN OBRAZININ RİTUAL-MİFOLOJİ STRUKTURUNU PROYEKSİYALANDIRAN

RİTUAL-MİFOLOJİ MODELLƏR
Qazan xan obrazının ritual-mifoloji səviyyələri elə onun xan­lıq statusunda cəmlənir və bu statusdan qopan hissələr Qa­zan xan obrazını bütünlüklə oğuz epik ənənəsində səciy­yələn­dirir. Qazan xan obrazının statusu funksionallaşaraq (bəy, bəy­lər bəyi, xan, xaqan) epik səviyyədə oğuz epik ənənəsində müx­təlif anlamları ifadə edirsə də, dərininə endikcə də Oğuz mi­finin invariant struktu­rundan qopan paradiqmalar kimi üzə çı­xır. Qazan xan obrazının ritual kodeksin rəsmi daşıyıcısı ki­mi iştirak etməsi mütləq onun xan statusundan keçir. Çünki ri­tualların təşkili xan, xaqan tərəfindən həyata keçirilir, ic­ra­çı­lı­ğı isə ruhani funksiyada çıxış edən şəxslər vasitəsilə baş tu­tur. Qazan xanın xan statusu DQK-də ritual səviyyədə, eyni za­manda mətnüstü təsviri mövzu, süjet və motiv səviyyəsində əsa­sən aşağıdakı şəkildə aşkarlanır:

1. Xan öyüncləri (təyinlər)

2. Ov ritualı

3. Dua ritualı

4. Vərəsəlik törəsi

5. Yəğma ritualı

Xan təyinləri, yaxud xan öyüncləri barədə əvvəldə bəhs aça­rkən aydın oldu ki, digər mövzulara da bu təyinlərdən ke­çid­lər vardır. Elə bu səbəbdən də digər məsələlər haqqında qı­sa­ca bilgi vermək ehtiyacı yaranır. Əslində Qazan xan ob­ra­zı­nın ritual-mifoloji strukturu elə I fəsildə yetərincə ay­dın­laş­dı­rıl­mışdır. Bu elə Xan öyünclərinin (təyinlərin) təkrar olaraq II fəs­lin başlığında formal statusda görünməsindən də aydın gö­rü­nür. Lakin digər ritualların Qazan xanla bağlılığı bu möv­zunu daha əhatəli şəkildə araşdırmaq məcburiyyəti yaradır.

1. Ov ritualı
İlk öncə diqqəti “ov ritualı cəlb edir. DQK-də aşkar gö­rünür ki, ov ayini, daha doğrusu kütləvi ov icrası xan sta­tu­su­na aid olan şəxslərin ixtiyarındadır. Misal üçün, I boyda ov hü­ququ Dirsə xanda görünür. Belə ki, Buğacı şərləyən qırx na­mərd, atasının gözündən salmaq üçün iki yerə bölünüb, iyir­mi-iyirmi onun yanına gəlir və Buğac haqqında böhtan, if­ti­ra söyləyirlər. Birinci iyirmilər deyir:

Görürmisin Dirsə xan, nələr elədi!?

Yarımasun, yarçımasun sənin oğlın, kür qopdı, ərcəl qopdı.

Qırq yigidin boyına aldı,

Qalın Oğuzun üstinə yüriş etdi,

Nə yerdə gözəl qopdısa, çəküb aldı;

Ağ saqallu qocanın ağzın sökdi,

Ağ birçəklü qarının südin tutdı (97, 36,37).


İkinci iyirmilər isə deyir:

Qalqubanı, Dərsə xan, sənin oğlın yerindən uru turdı,

Köksi gözəl Qaba tağa ava çıqdı,

Sən var ikən av avladı, quş quşladı (97, 37).

Göründüyü kimi, namərdlər Buğaca böhtan deyərkən onun Dirsə xandan iznsiz ova çıxmasını, Dirsə xan dura-dura ov etməsini ən böyük günahların başında sada-layır. Halbuki Bu­ğac artıq buğa öldürmüş, Buğac adı almış, statusu də­yiş­miş, bəylik rütbəsi əldə etmiş, taxta oturmuş, elə buna görə də qırx dostu ona paxıllıq edib düşmən olmağa başlamışlar (97, 36). Hətta bu səviyyədə də olsa Buğacın Dirsə xandan icazə al­mamış, yaxud onsuz ova getməyə ixtiyarı yoxdur. Çünki küt­ləvi ov ayini xana məxsusdur, o isə bəydir. Dədə Qorqud Bu­ğaca ad verərkən deyir:

Hey Dirsə xan! Oğlana bəglik vergil,

Təxt vergil, – ərdəmlidir! (97, 36).

Dirsə xan ritual ənənəsinə uyğun olaraq ona bəylik verir: “Dərsə xan oğlana bəglik verdi, təxt verdi” (97, 36).

Buğac boy başlığında xan adlansa da (“Dirsə xan oğlı Bu­­ğac xan boyını bəyan edər xanım, hey!..”) (97, 34) fərdi xan statusuna malikdir, faktiki olaraq isə ona bəylik verilir. Hər halda xana bəylik verilə bilməz. Elə buna görə də onun xan sta­tusuna aid olan ov qaydasını pozması böhtanı onun üçün ağır nəticələr törədir. Əlbəttə, başqa günahlar da status mə­nimsə­nilməsi güman edilən Buğaca qarşı cəza tədbiri dü­şü­nül­mə­sində rol oynayır. Lakin onun sakral ritual ənənəsini poz­ması ən ağır günah hesab olunur. Elə bu səbəbdən də cəza da məhz ritual tabusunu pozduğu üçün ritual ənənəyə uyğun ola­raq ovda verilir: “Alar sabah Dərsə xan yerindən uru turdı. Oğ­lancuğın yanına alub, qırq yigidin boyına saldı, ava çıqdı” (97, 37).

Dirsə xanın xatunu “Oğlancığımın ilk avıdır” deyib Dir­sə xanla gedən Buğac üçün atdan ayğur, dəvədən buğra, qo­yun­dan qoç qırdırıb (97, 38) “toy” təşkil edir, buna şölən (ri­tu­al) görüntüsü vermək üçün “Qanlı Oğuz bəglərin toy­lı­ya­yım” bəyanını nümayiş etdirir. A.Xəlil bu situasiyanı “Qanlı toy ritualı” adlandırır (86, 47).

Fikirimizcə, xatunların toy verməsi Bayındırın və Oğuz xan­larının keçirdiyi toy xarakterində olmayıb, yığıncaq an­la­mı verir. Lakin bu tədbir və ritual (toy) sayıldığı üçün ritual təs­nifatda yerinin müəyyənləşməsi lazımdır. Daha doğrusu, mət­nin alt layında arxaik ritual yerini saxlayıb ifadə sə­viy­yə­sin­də bunu “xatunun ov toylaması” icraçılığı ilə süjet qə­li­bin­də ozan təhkiyəsi müəyyən qədər ya dəyişdirmiş, yaxud ritual eti­ket bilərəkdən kodlaşdırılmışdır. Bu yerdə mərasimin ri­tu­al­dan ay­rıldığı pillə aydın görünür. Elə A.Xəlil də ehtimal ki, bu baxım­dan bu məqamı, daha çox mərasim olaraq qəbul edir (86, 47).

Xatunun bu ovu oğlunun ilk ovu sayması təsadüfi deyil. Çün­ki Dirsə xansız Buğacın ova çıxması, qeyd etdiyimiz ki­mi, ritual gələnəyinə ziddir və ağır cəzası vardır. Xatun oğlu Bu­ğacın belə bir hərəkət edəcəyini gözləmir, bu barədə oğ­lu­na iftira atılmasından da məlumatsızdır. Lakin xan statusuna aid olan ov ayininin Buğacın statusu olmadığını yaxşı bildiyi üçün atası ilə getdiyi ovu onun “ilk avı” adlandırır. Bundan əla­və Buğacın ilk ovunu mərasimləşdirməklə artıq ov iştirakı qazanmış “qanlı bəylərin” nəzərində Buğacın bundan əvvəl ovda iştirak etməsi haqqında yayılan şayiələrin yalnız bir iftira olduğunu mexaniki-assosiativ şəkildə doğrultmuş olur. Oğuz cəmiyyətində ov yalnız vaxt keçirmək ünsürü deyil, xan tərəfindən müəyyənləşdirilən qanun-qaydaların icra edilməsi üçün seçilən məkandır ( 12, 175).

Konkret olaraq DQK-də ov aktı aşağıdakı şəkildə özünü göstərir:

1. Cəza yeri kimi seçilir (ovda günah törətməsi güman edilən Buğaca ovda cəza verilir) kütləvi ayindir.

2. Əyləncə yeri kimi seçilir (II boyda Qazan xan əyləncə məqsədilə ova gedir) kütləvi ayindir.

3. Hərbi-siyasi taktika kimi seçilir (Bəkil Oğuz eli ilə döyüşməmək və siyasi gərginliyi artırmamaq üçün ova gedir) fərdi ayindir.

4. Status qutlamaq üçün seçilir. Status qutlama ayinidir (Beyrəyə ad verildikdən sonra həyata keçirilir). Kütləvi ayindir.

5. Cəngavərlik statusu qazanmaq üçün seçilir (Hünər göstərmək, at yarışı, ox atışı, güləş və s.). Fərdi ayindir.

6. Status dəyişmə kimi seçilir. Status dəyişmə ayinidir (Uruz üçün nəzərdə tutulur). Kütləvi ayindir.

7. Ov əti ilə xüsusi şəxslərə qonaqlıq verilir (Bayındır xan Bəkil üçün təşkil edir). Kütləvi ayindir.

8. Ova gizli getmək istisnası da vardır (Qazan xan tərəfindən həyata keçirilir). Fərdi ayindir.

Ov təşkili iki şəkildə diqqət çəkir:

1. Kütləvi-ictimai ov ayini (I, II, IV, IX boylar).

2. Fərdi ov ayini (III, XI boylar).

DQK-də beş kütləvi, üç fərdi ov ayini vardır. Cəza yeri ki­mi seçilən ov aktı haqqında yuxarıda bilgi vermişik. II boy­da ov əyləncə yeri kimi Qazan xan tərəfindən müəyyən­ləş­di­ri­lir: “Yüriyəlim a bəglər! Av avlıyalım, quş quşlıyalım, sığın, ke­yik yıqalum, qayıdalım otağımıza düşəlim: yeyəlim, içəlim, xoş keçəlim!” (97, 42).

Mətnin üst qatında, ifadə planında əyləncə funksiya­sın­da, alt qatında siyasi münasibətlərin yaratdığı gərginliyi zəif­lət­mək üçün cəmiyyətdən təbiətə qayıdışı işarələyir. Siyasi kon­teksti bildirir. II boyda alt qatda kodlaşdırılan məlumat IX boy­da mətnin üst qatında ifadə səviyyəsində görünür. Bəkil məhz eyni xarakterə uyğun situasiyada ova çıxır (97, 105). Bu ov aktı üst qatda II boyun alt qatını, alt qatda isə hərbi təlim­lə­ri işarələyir. III boyda Beyrəyin yeni statusa keçib ad al­ma­sın­dan sonra ov aktı keçirməsi ritual ənənənin tərkib hissəsi ki­mi diqqət çəkir. Dərəcə alan Beyrəyin bəylərlə birlikdə küt­lə­vi formada ova çıxması ov ayininin status göstəricisi ol­ma­sı­nı göstərir: “Qalın Oğuz bəgləri əl götürdilər, dua qıldılar, “Bu ad bu yigidə qutlu olsun!” dedilər.

...Bəglər həb ata bindi. Boz ayğırın çəkdirdi, Beyrək bin­di. Ala tağa ala ləşkər ava çıqdı” (97, 54).

Bu ov aktı mətnin üst qatında ov əyləncəsini, alt lay­lar­da isə status qutlamanı işarələyir. İctimai-sosial konteksti bil­di­rir. Yenə III boyda Banıçiçək dadısı sifətiylə Beyrəklə ya­rı­şa çıxır: “Mən Banıçiçəgin dadısıyam. Gəl imdi sənünlə ava çı­qalım. Əgər sənin atun mənim atumı keçərsə, onun atını də­xi keçərsən. Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi ke­çərsən və həm səninlə gürəşəlim. Məni basarsan, anı dəxi ba­sarsan”, – dedi” (97, 54, 55).

Bu döyüşdə Beyrək Banıçiçəyə qalib gəlir və ona qalib gəl­diyi yerdə öz aralarında nişan əlaməti kimi barmağına üzük keçirir. Bu ov aktı mətnin üst qatında hünər funk­si­ya­sı­nı, alt qatında isə soy artırma aktını işarələyir. Sosial kon­teks­ti bildirir.

IV boyda Qazan xanın ova çıxması statusdəyişmə məq­sə­diylə edilir. Belə ki, Uruza baş kəsib, qan tökməsini deyən Qa­zan, sabah onu taxtına yaxın buraxmayacaqlarından na­ra­hat­lıq keçirdikdə Uruz ona:

Qaçan sən məni alub kafər sərhəddinə çıqardın,

Qılıc çalub, baş kəsdin?

Mən səndən nə gördüm, nə örgənim? (97, 69) – deyir.

Məhz bundan sonra Qazan xan ova çıxmaq əmrini verir: “Mən bu oğlanı alayın, ava gedəyin. Yedi günlik azuğla çı­qa­yın. Ox atduğım yerləri, qılıc çalub, baş gəsdügim yerləri gös­tə­rə­yim” (97, 69).

Məhz bu ov aktının Uruzun statusunun dəyişməsi üçün hə­yata keçirildiyi aydın olur. Burada kafər sərhəddinə çıxmaq ov ayininə aid olsa da, status­dəyişməni reallaşdırmağa xidmət edir. Kafərlər də xtonik olduğuna görə eyni mahiyyətdə çıxış edir­lər. Fikrimizcə, IV boyda Uruzun kafərlərə əsir düşməsi də təsadüfi deyil. Belə ki, ritual kodeksin ifadəsi olan sta­tusdəyişmənin həyata keçirilməsi üçün mənəvi funksiya ic­ra­çı­sı Dədə Qorqudun iştirakı vacibdir. DQK-də demək olar ki, bü­tün statusdəyişmələrdə bu sabitdir (Buğac, Beyrək, Basat və s.). Bu situasiyada isə Qazan xan taxt-tac naminə bunu tək­ba­şına həyata keçirmək istəyir. Elə bu səbəbdən də düşünülən va­riant Uruzun əsir getməsi ilə sonuclanır. Çünki strukturda kod­laşan məlumat­ları ozan epik düzümü qanunauyğun şəkildə nü­mayiş etdirə bilər.

Bu ov aktının ritual sakrallığını nümayiş etdirmək üçün yed­di sakral rəqəminin mərasim müddəti kimi götürülməsi (Yed­di günlük azuqə ilə ova çıxırlar) psixi-assosiativ şəkildə küt­ləvi şüura statusdəyişmənin qanundankənar olmadığını aşı­lamaq üçün nəzərdə tutulur.

Bu ov aktı beləliklə mətnin üst qatında statusdəyişməni, alt qatında isə siyasi hakimiyyət uğrunda mübarizəni işarə­lə­yir. Siyasi konteksti bildirir.

IX boyda Bəkil üçün ov əti qonaqlığı verilir və bunu Ba­yındır xan təşkil edir: “Üç gün dəxi Bəkili av-şikar ətilə qo­naqlıyalım, bəglər!” – dedi” (97, 104).

Bu ov aktı süjet səviyyəsində Oğuz elinə “qaravulluq” edən şəxsə xan, xaqan diqqətini bildirirsə, alt laylarda isə ar­xa­ik ov ritualı ilə bərabər, Oğuz cəmiyyətində pay bölgü­sü­nün ədalətli, nizama uyğun formada aparılmasının, haqq-hü­quq­ların pozulmamasının məlumat səviyyəsi dayanır. Tə­sa­dü­fi deyil ki, Bəkil ov ətlərinin müəyyən qisminə öz hünəriylə şə­rik­dir. Bu DQK-də bu şəkildə bəyan olunur: “Üç yüz almış altı alp ava binsə qanlu keyik üzərinə yüriş olsa Bəkil nə yay qu­rar­dı, nə ox atardı. Həman yayı biləgindən çıqarardı, bu­ğa­nın, sığının boynına atardı, çəküb turğızardı. Arıq olsa, qu­la­ğın dələrdi, avda bəllü olsun deyü. Əmma semüz olsa, bo­ğaz­lar­dı. Əyər bəglər keyik alsa, qulağı dəlük olsa, “Bəkil sü­ni­ci­dir” deyü Bəkilə göndərərlərdi” (97, 104).

Bu ov aktı aydın şəkildə siyasi konteksti bildirir.

Mətndə XI boyda Qazan xan tərəfindən “gizli ov” təşkil et­mə də həyata keçirilir: “Tırabuzan təkurı bəglər bəgi xan Qa­zana bir şahin göndərmişdi. Bir gecə yeyüb oturarkən şa­hin­çibaşına aydır: “Mərə, sabah şahinləri al, xəlvətcə ava bi­nə­lim!” – dedi. Erkən bindilər, av yerinə vardılar” (97, 116).

Aşkar görünür ki, Qazan xan ova xəlvət gedir. Lakin xa­nın gizli ov aktı keçirməsi, təkbaşına ova getməsi deyil. Onun­la birgə iyirmi beş bəy də ova çıxır. Kafərlər Qazanı tut­ma­ğa gələndə bu bəylər kafərlərlə döyüşüb şəhid olurlar: “Ka­fəri qarşuladılar, cəng etdilər. Qazanın üzərinə yigirmi beş bəgini şəhid etdilər” (97, 116).



DQK-də boyların həm ayrı-ayrılıqda oğuznamə olması, hər boyun öz strukturunun mövcudluğu, həmçinin bir-birinə bağ­­lı vahid orqanizm təşkil etməsi və vahid struktura malik ol­ması, struktur və komponentlərin arxitektonikliyini digər lay­lar­da olduğu kimi XI boyda da aşkarlayır. Qazan xan nə üçün ova xəlvətcə gedir? Bu suala cavab tapmaq üçün əvvəlki boy­larda Qazan xanın ova getməsini izləmək lazımdır. Qazan II və IV boyda ova çıxır. Hər ikisində kafərlər hücum çəkib ona ov aktı zamanında ziyan vurur. Qazan ov aktından ziyan çə­kən duru­munda olur. Birincisində, elini, obasını, ailəsini, xü­susilə də evinin üstünə qoyduğu taxt varisini – Uruzu əsir apa­rırlar. İkin­ci ov aktında isə Uruza yeni status verilməsi dü­şü­nülərkən və Uruzun birinci məğlubiy­yəti kütləvi hafizədən si­linməyə çalı­şıldığı zaman yenə də Uruz əsir götürülür. Elə bu səbəbdən də Qazana bir müddət ov ayini yasaq olunur. Ola bil­sin ki, struk­turda ritual icraçıları bu yasağı gerçəkləş­dir­miş­lər. Qeyd etdi­yimiz kimi ov ritualında statusdəyişməni ritual ənə­nəyə uyğun keçirməyən Qazan ola bilsin ki, həm bu sə­bəb­dən, həmçinin keçirdiyi hər iki ov ayinində uğursuzluğa dü­çar olduğuna görə onun üzərinə bu qadağa qoyulmuşdur. Elə buna görə də Qazan ova xəlvət gedir. Lakin bu onun üçün da­ha ağır nəticələr törə­dir. Əgər əvvəlki iki ov aktında oğlu Uruz xan kafər əlində əsir gedirsə, Qazan ov situasiyasında nə qə­dər özü­nə arxayın olsa da, bu dəfə özü kafərlərə əsir düşür. Məhz onun özü statusdə­yişməyə məruz qalır. Əgər status­də­yiş­mə bir mər­hələdən digər mərhələyə inkişaf dinamikası üz­rə keçməkdirsə (buna tərəqqi deyilir) Qazan geriyə doğru sta­tus­dəyişmə ilə üz-üzə qalır (buna tənəzzül deyilir). O, bir igi­din ömrü qədər (DQK-də 16 il) olan müddətdə Qalın Oğuzun baş­çısı statu­sun­dan məhrum olur. İcti­mai-siyasi-sosial xan sta­tusunu itirir, yalnız fərdi xan statusunu özündə saxlayır. Uru­zun onu xilas etməsi ilə yenidən əvvəlki statuslar bərpa olu­nur. Uruzun Qa­zan xanı xilas etməsi Qazanın xəlvəti ova get­məsinin bəraə­tidir. Çünki Qazanın ovda olması II, IV boy­da Uruzun zindana düşməsi ilə sonuclanıb. Qazanın təkrar sə­viy­yədə, həmçinin xəlvəti olaraq ovda olması onun özünün zin­dana düşməsinə səbəb olmaqla və məhz Uruzun gəlişi ilə bu zindandan azad olmaqla Qazan xanın xan statusu ilə bə­ra­bər ov ritualında iştirakını təmin edir, ov statusunu da Qazan xa­na qaytarır. Epik mətndə kompozisiya səviyyəsində anax­ro­nizm­dən istifadə olunması eyni zamanda epik mətndə irəli ge­dən zamanla da, geriyə qayıdan zamanla da eyni anlamın izah olun­masının mümkünlüyünü yaradır. İrəli gedən zamanla II boy­dan IV boya, IV boydan XI boya doğru inkişaf edən süjet xət­ti yuxa­rıda diqqət çəkdiyimiz anlamda aşkarlanır. II, IV boy­da Qa­zanla Uruzun ata-oğul kimi münasibətləri əks olun­du­ğu halda (Uruz Qazanla ova gedir) XI boyda birdən-birə Qa­zan zindana düşərkən Uruz körpə olur, böyüyüb igid ya­şı­na çatdıq­dan sonra atasının zindanda olduğunu bilir və onu xi­las erməyə gəlir. Bu epik səviyyədə motiv ifadə etməklə struk­tur-semantik səviy­yədə ov ritualını inikas etdirir. Qeyd et­diyimiz kimi, Qa­zan xan ritual ənənəsini pozub ritual ic­ra­çı­lı­ğını təkbaşına hə­yata keçir­mək üçün Uruzu ova gətirib və ov ayi­ni qadağası ilə üzləşib. Bu qadağanı pozub ova getdikdə isə mənəvi cəzaya məruz qalıb kafər zindanına düşüb. Məhz Qa­zanın yenidən bərpa olunması üçün ozan təhkiyəsi mif yad­daşını təzələyir. Uruzun körpəlik çağı və ov aktına qədərki öm­rü yenidən ve­ril­məklə onun Qazanla getdiyi ov müddəti bi­lərəkdən yaddaşdan silinir və bu da Qazanın xan statusunun ye­nidən bərpa olunma­sında və ov ritualına uyğun yasağın üzə­rindən götürülməsində aktiv rol oynayır. Qazan Oğuz eli üçün əvəzsiz şəxsiyyət oldu­ğun­dan Oğuz ozanı strukturda kod­laşan məlumatları ifadə sə­viy­yəsində aşkarlamır və ana­xron hadisələrdən istifadə etməklə Qazan xana bəraət qa­zan­dı­rır.

Epik zaman “geriyə qayıdan zaman” düsturu ilə epik mətn­də gerçəkləşərək hadisələr XI boydan IV boya, IV boy­dan II boya doğru hərəkət edir. Bu trayektoriyada Uruzun tə­bii yaş artımı ilə boya-başa çatması maddi zaman baxımından ger­çək şəkildə epik mətndə reallaşır. Lakin “Qazan xanın ova xəl­vət getməsi” anlamı qeyd etdiyimiz anlamda strukturda kod­laşır, epik ifadə səviyyəsində oxunmur. Ancaq buna bax­ma­yaraq sonuc yenə də dəyişmir. Ov səhnələri, status­də­yiş­mə­lər və kafər zindanına düşmələr yenə də öz yerində qalır. Ka­fər üzərində qələbə artıq bərpa olunma prosesinin semantik an­lamı kimi ortaya çıxır. “Kafər üzərində qələbə” motivi struk­turda ritual komponenti kimi iştirak edib statusdəyişməni və bərpaolunma dinamikasını bildirir.

Araşdırmaya qısaca cəlb etdiyimiz ov aktının xan statusu ilə bağlılığı yeni bir sual doğurur: Ov ritualı ilə xan statusu hansı formada əlaqəlidir?

Bu suala cavab tapmaq üçün DQK-də ov ayininin təs­ni­fa­tına bir daha göz gəzdirmək lazımdır. Aydın görünür ki, bü­tün kütləvi ov ayinlərini xan rütbəsi qazananlar müəyyən edir. Yal­nız Oğuz demokratiyasında digərləri təklif hüqu­qunu özün­də saxlayır:

1. Dirsə xana təklif olunsa da, ov ayinini təyin edir və bəylərə də söz demək hüququ verir (II boy).

2. Əyləncə funksiyası olaraq Qazan xan ov ayinini təyin edir və bəylərə də söz demək hüququ verir (II boy).

3. Beyrəyə status verildiyi üçün mətn strukturunda bu ayin qərarını assosiativ olaraq Beyrəyin verdiyi kodlaşdı­rılmışdır. Epik səviyyədə isə məlum olmur (III boy).

4. Uruzun təklifi ilə Qazan xan ova çıxmaq qərarı verir (IV boy)

5. Ov əti ilə xüsusi şəxslərə qonaqlıq verilir. Bu ov ritualını Bayındır xan təşkil edir (IX boy).

Diqqət edin, bütün hallarda ova çıxmaq əmrini xanlar ve­rir. Yalnız Beyrəyin adı mətndə görünmür. Bu da ondan irə­li gəlir ki, Beyrək ad aldıqdan sonra hələlik bəy olduğuna gö­rə onun aşkar səviyyədə ov əmri vermək hüququ ol­ma­dı­ğın­dan bu, konkret şəkildə dəqiqləşdirilməmiş, yalnız kod sə­viy­yəsində saxlanmışdır. Ola da bilər ki, bu ov əmrini Beyrək de­yil, Bayındır xan vermişdir. Əsas odur ki, kütləvi ov ayin­lə­ri içərisində xan olmayan Beyrəyin əmr verməsi epik sə­viy­yə­də münasib hesab edilməmişdir. Lakin onu da deyək ki, epik mətn­də Beyrək özü də xan Beyrəkdir (97, 60). Lakin bu ov ak­tı zamanı Beyrəyə bir yerdə də xan deyilmir, yalnız bəy, ya­xud bəy oğlu bəy kimi müraciət olunur (97, 54-55).

Fərdi ov səhnələri isə onu göstərir ki, bu ov aktı xan sta­tu­su ilə tam olaraq bağlı deyil. Yəni fərdi şəkildə hər tə­bə­qə­nin nümayəndəsi ov təşkil edə bilər:

1. Beyrək ovda ov təşkil edir (III boy).

2. Bəkil gərgin ovqatını düzəltmək üçün ov təşkil edir (IX boy).

3. Qazan xan xəlvəti ova çıxır (XI boy).

Beləliklə, DQK-də ov ritualı əsasən xan statusunu işa­rə­lə­yən ictimai-siyasi-hərbi faktor kimi aşkara çıxır. Bunu Qa­zan xanın Qaragünəyə dediyi “Mənim avımı bozma, ləşkərimi ta­ğıtma!” (97, 44) sözləri də təsdiq edir. Maraqlıdır ki, bu söz­lər ekstremal vəziyyətdə Qazan xanın yurdu haqqında na­ra­hatlıq keçirdiyi situasiyada deyilir. Demək, ən gərgin situ­asi­yalarda belə ov pozmaq uğurlu hesab olunmur. Bu konkret sü­jet səviyyəsində Qazanın yuxu sınamasına görə ov dağıt­maq əmri vermədiyini göstərirsə də, mətn strukturunda ritual prosedura­sının pozulmasının yasaq olduğundan xəbər verir.

Qazan xan obrazı Oğuz mifinin paradiqması kimi ov ak­tı­nın obrazlaşmasında da Oğuz mifinə bağlanır. Oğuz kağanın ka­ğan statusunun əsas funksiyasından biri kimi ova çıxması, gər­gədanı, şunqarı ovlaması (110; 108; 142; 33; 36; 147; 165) DQK boylarının ov səhnələri üçün arxetip rolunu oynayır.


2. Dua ritualı
Qazan xanın xan statusunu ifadə edən əhəmiyyətli ha­di­sə­lərdən biri də “Dua ritualı”dır. Bu, Qazan xanın Oğuz cə­miy­yətində nə qədər mühüm yer tutduğunu göstərir. Biz dua ri­tu­alını diqqətə çatdırarkən məlumdur ki, əsasən Dirsə, Boy­börə və Baybicanın düşdüyü çətin situasiyanı nəzərdə tuturuq. Oğuz xanına bəd dua edib onu soy aktının iştirakında aktiv ol­ma­ğa çağıranların başında xanlar xanı Bayındır xan dayanır (I boy). Baybörə və Baybicanın eyni aktda iştirak etməsinə müs­bət aurada fəallıq göstərənlərin başında Qazan xan dayanır (III boy). Bayındır xan mənfi, Qazan xan müsbət situasiyanı öz üzərinə çəkir. Vasitəçi olan xan və bəylər, səbəb isə Al­la­hu-Təaladır. Bayındır xan Dirsə xan üçün: “Oğlı olanı ağ ota­ğa, qızı olanı qızıl otağa qondurın. Oğlı-qızı olmıyanı Allah-Tə­ala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün” (97, 34) de­yir.

Qazan xan ilə övladı olmayan Baybörə (Qambörə) bəy ara­sında bu şəkildə dialoq baş verir: “Qazan aydır: “Məq­su­dun bumıdır Baybörə bəg?” Aydır: “Bəli budır. Mənim dəxi oğ­lım olsa, xan Bayındırın qarşusın alsa – tursa, qulluq ey­lə­sə, mən dəxi baqsam, sevinsəm, qıvansayum, güvənsəyim...” – dedi. Böylə digəc Qalın Oğuz bəgləri yüz göyə tutdılar. Əl qal­dırıb dua eylədilər. “Allah-Təala sana bir oğul versün!” – de­dilər. Ol zəmanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Du­aları müstəcab olurdı” (97, 52).

Eyni situasiyanın davamı Baybican bəylə də təkrar olu­nur (97, 52).

Nə üçün xanlar (Bayındır, Qazan) dua ritualında xan sta­tusu ilə iştirak edir? Bizim fikrimizcə, bunun iki səbəbi var. Birinci səbəb odur ki, soy aktı Oğuz demoqrafiyası ola­raq ictimai-sosial əhəmiyyətə malikdir. Xüsusilə savaş və­ziy­yə­tində olan Oğuz eli hərbi qüvvənin daima artımına maraq­lı­dır ki, bunun da əsasını soy artımı təşkil edə bilər. Özü də ma­raq­lıdır ki, oğuz cəmiyyətində yalnız əsgəri qüvvə kimi kişilər de­yil, həmçinin qadınlar iştirak edə bilir. Burla xatun öz ömür yol­daşı ilə alp olaraq döyüşə çıxır (IV boy). Selcan xatun as­lan­lar yenən nişanlısı Qanturalı ilə birgə kafərlərlə döyüşür (VI boy). Banıçiçək Beyrək ilə alp savaşına çıxır, yalnız məğ­lub olduqdan sonra ona ərə getməyə razı olur (III boy). Elə Bay­bicana münasibət də bu baxımdan Baybörəyə mü­na­si­bət­dən seçilmir. Təbiidir ki, soy aktı ictimai-siyasi-sosial əhə­miy­yət daşıdığından Oğuz elinin xa­qanı və xanı ali idarəçilik təş­kilatının başçısı kimi onun təyin olunmasında təmsilçi tərəf ola­raq iştirak edir. Məhz dua ritualının xan tərəfindən həyata ke­çirilməsi buna misaldır.

Dua ritualında ritual icraçısı Dədə Qorqudun iştirak et­mə­məsi çox güman ki, Oğuz düşüncəsində yer tapmış Tovhid ədə­binə uyğun olan dua ilə Allahın arasında kimsənin da­yan­ma­masından irəli gəlir. Dədə Qorqud ritual ruhanisi kimi sə­bəb­də iştirak etmir, nəticədə isə iştirak edir. Dirsə xanın du­a­ya yönəldilmə aktında Dədə Qorqud görünmür, Buğacın ərlik qa­zanıb ərlik yaşına çatmasında isə ritual icraçısı kimi mey­da­na çıxır. Beyrəyin dua ilə dünyaya gəlmə diləyində Dədə Qor­qud yenə də gözə dəymir, Beyrəyə advermə ritualında isə rəs­mi törən nümayəndəsi kimi gəlib ona ad qoyur. Beyrək ərlik qa­zanır, ona bəylik verilir. Boy sonunda isə gəlib ona boy (Oğuz­namə) bağışlayır, Beyrək ərənlik qazanır, ona xanlıq ve­rilir. Rituallarda qızlara ad verilməsi aktı isə DQK-də qey­də alınmadığından Baybican bəyin qızı barədə mülahizə yü­rüt­mək əhəmiyyətsiz görünür.

Xanların dua ritualında iştirak etməsinin ikinci səbəbi də odur ki, xaqan Tanrı ilə insan arasında vasitəçi rolunu da­şı­yır. “Oğuz kağan” dastanında bu aydın görünür. Hətta ka­ğa­nın Tan­rı elçisi anlayışı da vardır. Bu Rəşidəddin “Oğuz­na­mə”sində aşkar diqqət çəkir ( 116; 165). Oğuz xan, yaxud Oğuz xaqan bu funk­siyada iştirak edir. Elə onun törəmə sə­ciy­yələri kimi Qazan və Bayındır xan da soy aktına uyğun dua ritualında aktiv ol­maq­la xan-xaqan statusunun vəzifə tə­ləb­lərindən çıxış edirlər.

Beləliklə, Tanrı ilə dua edən kimsə arasında vasitəçi ol­ma­dığı üçün Dədə Qorqud bu ritualda iştirak etmir. Tanrı ilə in­san arasında vasitəçi olan xaqan-xan institutu isə soy aktının küt­­ləviləşməsində iştirak edən tərəf kimi bu aktda iştirak edir. Da­ha doğrusu qeyd etdiyimiz kimi ritualda sakral funksiya da­şı­yıcısının iştirakı vacib olduğundan Dədə Qorqud nəticədə iş­tirak edir. O yerdə ki epik mətndə sakral-ruhani missiya xa­na yük­lənmişdir, o zaman ritual icraçısı təbii olaraq gözə gö­rün­mür, yalnız nəticədə görüntülənir. Əksinə olduqda isə ri­tu­al ic­raçısı ilə ritual təşkilatçısı (Dədə və xan) eyni situasiyada diq­qət çəkir.


  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə