Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə115/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   111   112   113   114   115   116   117   118   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
İman CƏFƏROV 
Filologiya üzrə fəlsəfə doktoru
Naxçıvan Dövlət Universiteti 
altay1999@yahoo.com 
 
AZƏRBAYCAN MOLLANƏSRƏDDİNŞÜNASLIĞININ
YENİ MƏRHƏLƏSİ VƏ DÜNYA ƏDƏBİYYATI PROBLEMİ
 
 
Açar sözlər:
L.Tolstoy, dünya ədəbiyyatı, Avropa, Qərb, meyarlar, maarif-
çilik, dəqiq, mənim həyatım, mənim əhatəm 
Key words:
L.Tolstoy, world literature, Europe, west, criterion, 
enlightenment, exact, my life, my environment 
Ключевые слова:
Л.Толстой, мировая литература, Европа, Запад, 
критерии, просвещение, чёткий, моя жизнь, моё окружение
Qeyd-şərtsiz, son 30 ildə mollanəsrəddinşünaslığın ən böyük 
uğurları akademik İsa Həbibbəylinin adı ilə bağlıdır. Daha mühüm 
cəhət ondan ibarətdir ki, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” 
adlı sənət məktəbinə məxsus bədii-publisistik örnəkləri, eləcə də ayrı-
ayrı mollanəsrəddinçilərin yaradıcılığını Azərbaycan ədəbiyyatı tari-
xinin tərkib hissəsi, eyni zamanda məhz dünya mədəniyyəti faktı kimi 
dəyərləndirmişdir. Ümumiyyətlə, bir təəssübkeş və cəfakeş mollanəs-
rəddinşünas olaraq İsa Həbibbəylinin elmi-əməli fəaliyyətində Azər-
baycan ədəbiyyatına xidmət baxımından aşağıdakı istiqamətlər aydın 
görünməkdədir:
1.
Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına həqiqi xid-
mət yolunu tutan İsa Həbibbəyli qüdrətli qələm sahibi Cəlil Məmməd-
quluzadənin mühiti və müasirlərini real faktlar əsasında daha diqqətlə 
öyrənməklə, yüzlərlə mübahisəli məqama aydınlıq gətirmiş, gerçək 
elmi prinsipləri və bu zaman əsasən Avropa və rus ədəbiyyatşünas-
larının elmi obyektivlikdən qaynaqlanan meyarlarını nəzərə almışdır.
2.
“Molla Nəsrəddin” jurnalının tarixi xidmətlərini qiymətlən-
dirən alim məcmuənin Qərb-Şərq ədəbiyyatı və mətbuatı ənənələrinə 


309 
bağlılığını nəzərə almış, mollanəsrəddinçilərin sənət uğurlarını dünya 
ədəbiyyatı fonunda dəyərləndirərkən yeni elmi müddəalara imza at-
mışdır.
3.
Cəlil Məmmədquluzadə əsərlərinin ayrı-ayrı xalqların dil-
lərində nəşri vasitəsilə dünya xalqlarının Mirzə Cəlil irsi, həmçinin 
Azərbaycan ədəbiyyatı ilə tanışlığına nail olmuşdur.
“Molla Nəsrəddin” adlı ədəbi məktəbin sənət uğurlarını dəyər-
ləndirmək baxımından İsa Həbibbəylinin “Molla Nəsrəddin” ədəbi 
məktəbi və mollanəsrəddinçilik” əsəri xüsusi əhəmiyyətə malikdir. 
Maraqlıdır ki, dərginin tarixi xidmətlərindən bəhs edərkən türk-mü-
səlman və Şərq dünyasının sərhədlərini nəzərdə tutan akademik İsa 
Həbibbəyli jurnalın qiymətləndirilməsi işinə bir qədər də həssaslıqla 
yanaşmış, özünəqədərki mollanəsrəddinşünaslardan fərqli şəkildə, 
həm də çox doğru olaraq “Molla Nəsrəddin”i məhz dünya ədəbiyyatı 
və mətbuatının hadisəsi səviyyəsində görərək yazmışdır: “Özünün də-
rin ideya-məzmununa, forma və üslubuna görə “Molla Nəsrəddin” 
dərgisi Qərbin ən tanınmış mətbuat orqanları ilə yanaşı durmaq im-
kanlarına malikdir. “Molla Nəsrəddin” Azərbaycanda Qərb standartla-
rı ilə nəşr olunan mükəmməl Şərq jurnalıdır. Bundan başqa “Molla 
Nəsrəddin” Şərqlə Qərbin sintezindən yoğrulmuş ilk Avrasiya dərgi-
sidir. Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikri Avrasiya səviy-
yəsinə “Molla Nəsrəddin” nərdivanı vasitəsilə çıxmışdır” [1, s. 634].
Əlbəttə, dünya ədəbiyyatşünaslarının elmi prinsiplərinə, iş 
üsullarına dərindən bələd olan İsa Həbibbəyli sadəcə hökm çıxarmaqla 
kifayətlənməmiş, “Molla Nəsrəddin” ədəbi məktəbinin türk-müsəlman 
dünyasında yeri məsələsinə aydınlıq gətirmiş, məcmuənin Qərb mət-
buatının meyarlarına cavab verəcək səviyyədə nəşr edilməsi səbəb-
lərini üzə çıxarmış, bu qənaətə gəlmişdir ki, məcmuənin uğurlarını bir 
tərəfdən Azərbaycan maarifçilik hərəkatının, digər tərəfdən Mirzə 
Cəlil dühasının dünya maarifçilik hərəkatı ilə bağlılığı şərtləndirmiş-
dir. Öz təhlilləri ilə təkcə mollanəsrəddinçi sənətdə deyil, eyni za-
manda ədəbiyyatda şəxsiyyət və zaman münasibətlərinə akademik 
səviyyədə aydınlıq gətirən İsa Həbibbəyli yazmışdır: “...XX əsrin 
əvvəllərində “Molla Nəsrəddin” ədəbi məktəbinin yaranması ilk növ-
bədə Azərbaycandakı Qərbyönlü maarifçilik hərəkatının məntiqi ye-
kunu idi. ...Əslində Cəlil Məmmədquluzadə Azərbaycandakı Şərq-
yönlü milli inkişaf meyilləri ilə Qərb maarifçiliyini sintez halında 
çuğlaşdırmaqla yeni tipli ədəbiyyat və mətbuat yaratmağa müvəffəq 
olmuşdu ki, bu da tez bir zamanda öz ətrafına çoxlu sayda tərəfdarlar 
və pərəstişkarlar toplaya bilmişdi” [1, s. 636]. 


310 
Əlbəttə ki, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşü-
naslığı üçün son dərəcədə əhəmiyyətli olan bu elmi nəticəyə birdən-
birə gəlməmiş, Mirzə Cəlilin həyat və sənət yolunu, mühitini, müasir-
lərinin tərcümeyi-halını ədəbiyyat tarixinin faktı kimi dərindən incə-
ləmiş, Cəlil Məmmədquluzadəni əhatə edən mühitin daim dünya ədə-
biyyatı ilə təmasda olduğunu tutarlı faktlarla təsdiqləmişdir. Bu fikirlə 
razılaşmaqdan ötrü görkəmli alimin “Cəlil Məmmədquluzadə: mühiti 
və müasirləri” kitabına diqqət yetirmək yetərlidir. Ədəbiyyatşünas 
alimin bu əsəri öz oxucusuna belə bir ideya diktə edir ki, bütün ömrü 
boyu Cəlil Məmmədquluzadəni əhatə edən mühit yalnız şəxsiyyət-
lərdən, ictimai-sosial həyatdan deyil, eyni zamanda dünya ədəbiyya-
tına məxsus əsərlərdən ibarət olub. Budur, “Cəlil Məmmədquluzadə: 
mühiti və müasirləri” irihəcmli monoqrafiyasında gələcək yazıçının 
Naxçıvan şəhərində aldığı mollaxana təhsilinin əhəmiyyəti belə dəyər-
ləndirilməkdədir: “Şübhəsiz, C.Məmmədquluzadə Şərq ədəbiyyatının 
klassiklərindən sayılan Şeyx Sədi Şirazinin dini məktəblərdə əsas 
qiraət kitabı kimi qəbul edilmiş “Gülüstan” və “Bustan” əsərlərini də 
Molla Bağırın məktəbində oxuyub öyrənmişdi. Ədibin xatiratında bir 
yerdə həmin illərdəki mütaliədən bəhs edilərkən “Şahnamə”nin də adı 
çəkilir. Bütün bunlar bir neçə cəhətdən faydalı olmuşdur. C.Məmməd-
quluzadə: 
1)
Ərəb və fars dillərini öyrənmiş, bu sahədəki biliklərini də-
rinləşdirmiş və təkmilləşdirmişdir. 
2)
İslam tarixi vasitəsilə bütövlükdə Şərq tarixini öyrənməyə 
başlamışdır. 
3)
Şərq ədəbiyyatı nümunələri ilə ilk dəfə yaxından tanış ol-
muşdur. 
4)
Mütaliə vərdişlərinə yiyələnmişdir. 
5)
Əxlaqi qənaətləri müəyyənləşmiş, xarakteri daha da dərin-
ləşmişdir” [2, s. 54].
Azərbaycan ədəbiyyatşünaslığında Mirzə Cəlil adının “rus tən-
qidi realizminin son və ən qüdrətli nümayəndələrindən olan” [3, 
s.233] A.P.Çexovla tez-tez yanaşı çəkildiyi, hər iki yazıçının yara-
dıcılığı arasındakı ideya yaxınlığından söz açıldığı müşahidə edil-
məkdədir. Akademik İsa Həbibbəyli bu yaxınlığın zəminində həyat 
şəraitinin eyniliyini, tərcümeyi-hal göstəricilərinin oxşarlığını da gör-
müş, hər iki yazıçının dükan sahibi olan atalarının maarifpərvərliyini 
məxsusi yada salmış, C.Məmmədquluzadənin dünyagörüşünün tək-
milləşməsində atası Məşədi Məmmədquluya məxsus dükanın yeri və 
əhəmiyyətindən bəhs edərkən Çexov-Mirzə Cəlil paralelizmində tale 


311 
oxşarlığından da söz açmışdır: “Məşədi Məmmədqulu kişinin Naxçı-
van şəhərinin Şahab məhəlləsində açdığı dükanın fəaliyyəti də gənc 
Cəlil üçün təsirsiz qalmamışdır.
...Bundan başqa, A.P.Çexovun tərcümeyi-halında olduğu kimi, 
burada da ailəyə məxsus kiçik ticarət nöqtəsi adicə dükan, sahibi isə 
“dükana nisbətən qeyri-adi adam idi.” Bu cəhət Məmmədqulu kişinin 
həm də maarifpərvərliyi ilə bağlıdır” [2, s. 40]. 
Beləliklə, akademik İsa Həbibbəylinin fikrincə, bütün tarixi 
dövrlərdə olduğu kimi, XIX əsrin 70-ci illərində də Naxçıvan Şərq və 
Qərb mədəniyyətlərinin, ədəbiyyatlarının qovuşduğu bir bölgə səviy-
yəsində öz vətəndaşlarına xidmət göstərmiş, böyük dahilərin məmlə-
kəti statusunu qoruyub-saxlamışdır. Belə bir elmi mövqenin ifadəsidir 
ki, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” kitabında gələcək 
yazıçının təhsil aldığı Naxçıvan şəhər ibtidai məktəbindəki pedaqoji 
kollektiv, təhsil ocağının müəllimləri, burada şagirdlərə öyrədilən 
fənlər, məktəbə məxsus maarifçi mühitin xalq həyatı ilə əlaqələri haq-
qında daha əhatəli bilgilər alırıq. Mirzə Cəlilin xatirələrinə əsaslanan 
İsa Həbibbəylinin qənaətincə, Naxçıvan şəhər ibtidai məktəbinin ən 
böyük uğurlarından biri də C.Məmmədquluzadənin bədii təxəyyülün-
də İ.A.Krılov sənətinə yer qazandırmasındadır [2, s. 58]. 
C.Məmmədquluzadənin ömür və sənət yolundan bəhs edən ək-
sər tədqiqatçılar istər-istəməz elmi fikrin diqqətini Zaqafqaziya (Qori) 
Müəllimlər Seminariyasına yönəltmişlər. Bu cəhət İsa Həbibbəylinin 
“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” əsəri üçün də ke-
çərlidir. Bununla belə, görkəmli ədəbiyyatşünas faktları daha dərindən 
incələmək yolunu tutmuş, yüzlərlə qaranlıq məqama aydınlıq gətirmiş, 
Mirzə Cəlilin gələcək həyat və sənət yolunun müəyyənləşməsində 
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının rolunu qiymətləndi-
rərkən müqayisə məqamında yenə də dünya ədəbiyyatının klassik-
lərini nəzər nöqtəsinə çəkmişdir: “C.Məmmədquluzadənin mənəvi tə-
kamülündə, dünyagörüşünün formalaşmasında Zaqafqaziya (Qori) 
Müəllimlər Seminariyası mərhələsinin müstəsna əhəmiyyəti vardır. 
Çar Kəndli liseyi A.S.Puşkinin, Saratov Ruhani seminariyası N.Q.Çer-
nışevskinin, Taqanroq gimnaziyası A.P.Çexovun, İstanbul Fateh Mər-
kəz Rüşdiyyəsi Mehmet Akif Ərsoyun, “Məktəbi-Tərbiyə” Cavidin 
inkişafında hansı yeri tutursa, Qori Seminariyası da C.Məmmədqu-
luzadə üçün o qədər, hətta bir qədər də artıq faydalı olmuşdur” [2, 
s.72]. 
Bu təhsil ocağı ilə əlaqəli tədqiqat əsərlərini, müxtəlif alimlərin 
mülahizələrini xatırladan akademik İsa Həbibbəyli faktları daha 


312 
dərindən incələməyi məqsədəuyğun saymış, seminariyadakı ictimai-
maarifçi mühit haqqında dolğun təsəvvür yaratmaqla bərabər, C.Məm-
mədquluzadənin seminariya həyatına dair bütün sənədləri elmi döv-
riyyəyə daxil etmiş, obrazlı şəkildə demək mümkündür ki, gələcək 
yazıçının Qoridə keçən həyatını addım-addım izləmişdir. Fədakar 
mirzəcəlilşünas hətta Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında 
təşkil olunan dərsdənkənar ədəbi-mədəni tədbirlərlə bağlı geniş məlu-
matlar vermiş, C.Məmmədquluzadənin daim qatıldığı həmin tədbir-
lərdə dünya ədəbiyyatı klassiklərinin əsərlərinin oxunmasını ayrıca 
vurğulamışdır. Azərbaycan elmi ictimaiyyəti məhz “Cəlil Məmməd-
quluzadə: mühiti və müasirləri” kitabından öyrənir ki, 1882-1887-ci 
illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının tələbələri Av-
ropa ədəbiyyatının qüdrətli simalarının, o cümlədən alman yazarı Şil-
lerin, rus şairlərindən İ.A.Krılovun, A.S.Puşkinin, M.Y.Lermontovun, 
Nekrasovun, L.N.Tolstoyun əsərləri ilə daha yaxından tanış olmuşlar. 
İstər seminariyada, istərsə də Qori şəhərində keçirilən ədəbi-mədəni 
tədbirlərə C.Məmmədquluzadənin ardıcıl marağını sənədlər əsasında 
təsdiqləyən İsa Həbibbəyli bu nəticəyə gəlmişdir ki, Mirzə Cəlil 
dünyagörüşündə ölməz sənət haqqında ilkin təsəvvürlər məhz Qori 
Müəllimlər Seminariyasında təhsil aldığı dövrdə formalaşmışdır. Bu-
dur, akademik İsa Həbibbəylinin üzə çıxardığı yüzlərlə faktlardan biri: 
“A.S.Puşkinin vəfatının 50 illiyi ilə əlaqədar olaraq 29 fevral 1887-ci 
ildə keçirilən yubiley axşamı isə artıq təhsili başa çatdırmaq ərəfə-
sində olan C.Məmmədquluzadə... böyük sənətin, bəşəri ədəbiyyatın 
ölməzliyi haqqında ibrətamiz dərs almaq imkanına malik idi” [2, 
s.96]. 
Mirzə Cəlilin rus ədəbiyyatına ehtiramından bəhs edən ədəbiy-
yatşünaslar bir qayda olaraq N.V.Qoqolun adını çəkmiş və bu zaman, 
təbii ki, Mirzə Cəlilin əsərlərində N.V.Qoqolla bağlı məqamlar qa-
bardılmışdır. İsa Həbibbəyli belə bir ehtiramın yenə də maarifçilik 
zəminində formalaşması qənaətinə gəlmiş, müəyyənləşdirmişdir ki, 
C.Məmmədquluzadənin ayrı-ayrı hekayə və felyetonlarında rus yazı-
çısını böyük hörmətlə yad etməsi təsadüfi deyil. Daha doğrusu, Za-
qafqaziya Müəllimlər Seminariyasına məxsus ədəbi-maarifçi mühitlə 
bağlı “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” kitabında təq-
dim olunan bilgilər bu təhsil ocağında Qoqollara, Qriboyedovlara, 
Krılovlara rus ziyalılığının sevgisi haqqında dolğun təəssürat yarat-
maqdadır. Akademik İsa Həbibbəylinin tədqiqatları əsasında elmi fikir 
nəinki həmin sevginin ifadəsi olaraq seminariyada keçirilən tədbirlər, 
həmçinin təhsil ocağındakı müəllim-məmurların narahatlıqları ilə əla-


313 
qədar da geniş bilgilər alır. Əslində İsa Həbibbəylinin seminariya 
mühiti ilə bağlı axtarışları insanlıq tarixinə məxsus məlum həqiqəti bir 
daha təsdiqləyir ki, istənilən cəmiyyətdə mütərəqqi yenilikçilik heç də 
özünə asanlıqla yol açmamışdır. Bu vəziyyət Zaqafqaziya Müəllimlər 
Seminariyası üçün də keçərli olmuş, seminariyada həm 4 saat müd-
dətində N.V.Qoqolun anadan olmasının 75 illiyi qeyd edilmiş (1884-
cü il), həm də “Müfəttiş” komediyasının tədris olunması dayandırı-
lmışdır [2, s. 98-99].
Akademik İsa Həbibbəylinin əsərlərində məhz faktların danışdı-
rılmasına üstünlük verilməsi danılmaz reallıqdır və bu reallığı təsdiq-
ləyəcək ən ciddi mənbələrdən biri alimin “Cəlil Məmmədquluzadə: 
mühiti və müasirləri” monoqrafiyasıdır. Monoqrafiyada Zaqafqaziya 
Müəllimlər Seminariyası mühitində tərəqqipərvər ziyalıların İ.A.Krı-
lov yaradıcılığına daha artıq maraq göstərmələri ayrıca diqqətə çə-
kilmiş, “Vətən dili” dərsliyinin ikinci hissəsinə İ.A.Krılov təmsillə-
rindən çoxsaylı nümunələrin daxil edilməsi, bu məşhur təmsil usta-
sının əsərlərinin məcburi oxu kimi mənimsədilməsi halları genişliklə 
təhlil olunmuşdur. Əməkdar elm xadimi İsa Həbibbəyli seminariyaya 
dair əldə etdiyi sənədlərə, həmçinin Mirzə Cəlilin əsərlərinə istinadən 
bu qənaətə gəlmişdir ki, digər seminaristlər kimi, C.Məmmədquluzadə 
də Qoridə təhsil aldığı müddətdə Krılovun yaradıcılığını dərindən 
mənimsəmişdir. Bununla belə, ədəbiyyatşünas alim sənədlərin dedik-
lərini də xatırlatmağı unutmayaraq yazmışdır: “C.Məmmədquluzadə-
nin seminariya kitabxanası ilə əlaqələri, rus və dünya ədəbiyyatının 
klassik nümunələrini mütaliə etməsi də onun ədəbi dünyagörüşünün 
formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Doğrudur, seminarist 
Cəlilin hansı əsərləri oxuması, konspektləşdirib öyrənməsi barədə əli-
mizdə tutarlı bir arxiv sənədi yoxdur. Lakin müxtəlif xatirə və qeyd-
lərdən gələcək yazıçının Sokratın, Darvinin, Şekspirin, İ.A.Krılovun, 
N.V.Qoqolun, Derjavinin, L.N.Tolstoyun, görkəmli pedaqoqlardan 
Pestalotsi və Uşinskinin, Azərbaycan ədəbiyyatından M.Füzuli, 
M.P.Vaqif, Q.Zakir, M.F.Axundov, S.Ə.Şirvani və başqalarının əsər-
lərini mütaliə etdiyini öyrənirik” [2, s. 10]. 
“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiya-
sında Mirzə Cəlilin 1887-ci ildən 1903-cü ilə qədər yaşayıb fəaliyyət 
göstərdiyi Naxçıvan ziyalılar mühitinin dünya ədəbiyyatı ilə bağlılı-
ğına dair də maraqlı təhlillərlə qarşılaşırıq. Ümumiyyətlə, bu qiymətli 
elmi mənbədə Naxçıvan ziyalılarından Sadıq Xəlilov, Kərimbəy Əsəd 
oğlu İsmayılov, Əbülqasım Sultanov, Fərəc bəy Sultanov, Cümşüd-
Paşa İsmayıl bəy oğlu Sultanov, Məmmədqulubəy Şəfiağa oğlu Kən-


314 
gərli haqqında öz əksini tapan məlumatlar gələcək neçə-neçə irihəcmli 
tədqiqatlar üçün İskəndəriyyə mayakı missiyasını yerinə yetirəcəkdir. 
Əslində “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqra-
fiyası deməyə əsas verir ki, XIX əsrin 70-90-cı illərində Naxçıvan 
ziyalılar mühitinin hər bir üzvü təmsil etdiyi ictimai təbəqənin prin-
siplərinə, peşə və vəzifə fərqliliklərinə baxmayaraq, dünya ədəbiyyatı 
və mədəniyyətinin mühüm hadisələri ilə dərindən maraqlanmış, öz 
fədakarlıqları ilə sözün həqiqi mənasında milli təfəkkürdə Şərq-Qərb 
mədəniyyətlərinin vəhdətinə nail olmuşlar. Bu mənada Cümşüd-Paşa 
İsmayıl bəy oğlu Sultanovla bağlı monoqrafiyada öz əksini tapmış 
aşağıdakı açıqlamalar insanda xüsusi qürur hissi doğurur: “C.P.Sul-
tanov açıqfikirli, maarifpərvər, savadlı ziyalı kimi tanınmışdır. Onun 
öz dövrünə görə zəngin hesab edilən kitabxanasında rus və Avropa 
ədiblərinin əsərləri ilə yanaşı, Şərq klassiklərinin əsərləri, o cümlədən 
Hafizin divanı, Mollayi-Ruminin məsnəviləri, Ömər Xəyyamın rübai-
ləri də var imiş. O, xüsusən, Hafizin lirikasını, onun dünyəvi eşqi, 
həyatsevərliyi təbliğ edən şeirlərini həvəslə mütaliə etmiş, məclislərdə 
əzbər söyləmiş, “sufiməslək” şəxs kimi tanınmışdır” [2, s. 164]. 
Hesab edirik ki, böyük Mirzə Cəlil bəzi felyetonlarında satirik 
tipi ifşa edərkən birbaşa C.P.Sultanovun kitabxanasında tanış olduğu 
və yaddaşında əbədi daşlaşmış Hafiz divanındakı misralardan fayda-
lanmışdır. Başqa sözlə, belə demək mümkündürsə, əslində XIX əsrin 
80-90-cı illərində özünün xüsusi inkişaf mərhələsini yaşayan Nax-
çıvan ədəbi mühiti C.Məmmədquluzadənin dünya ədəbiyyatı ilə 
mənəvi bağlılığında mühüm rol oynamışdır. Bu sırada yada salaq ki, 
“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasında 
Cəlil Məmmədquluzadə ilə əqidə dostu olan Eynəlibəy Sultanovun, 
həmçinin Məhəmməd Tağı Sidqinin dünya ədəbiyyatı ilə bağlılığı 
haqqında geniş məlumatlar xüsusi əhəmiyyət kəsb etməkdədir. Şüb-
həsiz ki, istər E.Sultanov, istərsə də M.T.Sidqi vasitəsilə C.Məm-
mədquluzadənin tanış olduğu kitablar onun təxəyyülündə dünya ədə-
biyyatına dair yeni bir dünya canlandırmışdır. Ümumiyyətlə, İsa Hə-
bibbəylinin Mirzə Cəlilə, onun mühiti və müasirlərinə həsr etdiyi mo-
noqrafiyada E.Sultanov və M.T.Sidqinin dünya ədəbiyyatına bələdli-
yinə dair açıqlamalar, məlumatlar hətta XXI əsr oxucusunu heyrət-
ləndirmək səviyyəsindədir. Adıçəkilən elmi mənbə əsasında öyrənirik 
ki, E.Sultanov 1880-1886-cı illərdə İrəvan kişi gimnaziyasında təhsil 
alarkən rus, latın, yunan dillərindən dərs almış, “...fransız, latın, yunan 
dillərindən rus dilinə, yaxud rus dilindən həmin dillərə tərcümə 
məşğələləri zamanı xüsusi qabiliyyət nümayiş etdirmişdir” [2, s. 208]. 


315 
Bəli, E.Sultanov haqqında bu bilgiləri aldıqdan sonra C.Məmməd-
quluzadənin 13 iyul 1925-ci il tarixli məktubunda öz məslək dostuna 
yazdığı aşağıdakı cümlələr təəccüb doğurmur: “Elə bilirdim ki, haman 
Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq 
həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələm-
lərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər 
edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni, doğrudan da, 
maarif aləminə daxil elədin” [4, s. 353]. 
Mirzə Cəlil tərəfindən hələ 30 yanvar 1904-cü il tarixdə “Şərqi-
Rus” qəzetində çap etdirilmiş məlum nekroloqda (M.T.Sidqi 9 dekabr 
1903-cü ildə vəfat etmişdi) yüksək qiymətləndirilən Məhəmməd Tağı 
Sidqi haqqında elmi ictimaiyyətə bəlli məlumatların “C.Məmməd-
quluzadə: mühiti və müasirləri” monoqrafiyasının nəşrinə qədər 
(1997) qənaətləndiriciliyini söyləmək reallıqdan uzaq olar. Akademik 
İsa Həbibbəylinin təqdimatında isə Sidqini həm yazıçı-pedaqoq, həm 
də dünya ədəbiyyatı ilə daim maraqlanan, eyni zamanda yaxın 
müasirlərinin Şərq və Qərb ədəbiyyatına dair bilgilər almasına səy 
göstərən bir ziyalı kimi görürük (“Puşkin” məruzəsini yada salmaq 
kifayətdir). Bəli, İsa Həbibbəylinin ardıcıl tədqiqatları nəticəsində 
Azərbaycan elmi fikri M.T.Sidqinin simasında dünya ədəbiyyatına 
məxsus əsərlərin mütaliəsi yolu ilə öz məktəbində təhsil sistemini 
müntəzəm şəkildə təkmilləşdirən bir ziyalı ilə tanış olur. M.T.Sidqinin 
kitabxanasına aid “C.Məmmədquluzadə: mühiti və müasirləri”ndəki 
məlumatlar, həmçinin bu cəfakeş müəllim-yazıçının əsərləri ilə ta-
nışlıq deməyə əsas verir ki, vaxtilə M.S.Ordubadi, H.Cavid, Ə.Şərif, 
Ə.Qəmküsar kimi görkəmli simalara dərs demiş bu fədakar ziyalı 
Azərbaycan bədii fikrinin Qərb ədəbiyyatı səviyyəsinə yüksəlməsi 
üçün yorulmadan çalışmışdır. Daha bir mühüm göstərici də bundan 
ibarətdir ki, akademik İ.Həbibbəylidən öncə M.T.Sidqi-İ.Qaspıralı 
münasibətlərindən bəhs edən tədqiqatçılar əsasən bu insanları düşmən 
cəbhələrin nümayəndələri kimi tanıtmağa çalışmışlar. İsa Həbibbəyli 
isə “Tərcüman” qəzetinin onilliyi münasibətilə Sidqinin qələmə aldığı 
şeirdən 4 beyti nəzər nöqtəsinə çəkməklə elmi təfəkkürdə qərarlaşmış 
müəyyən yanlışlıqların aradan qalxmasına nail olmuşdur [2, s. 225]. 
“C.Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasında 
diqqət həm də Sidqinin “Puşkin” əsərinə yönəldilmiş, Naxçıvan zi-
yalılığına məxsus bu böyük uğur “Azərbaycanda Puşkinə həsr olun-
muş ilk elmi mənbələrdən biri” səviyyəsində dəyərləndirilmişdir [2, 
s.229]. 
Ədəbiyyatşünaslıq elmimiz XX əsrin əvvəllərindən bəhs edər-


316 
kən uzun illər istər ədəbiyyatımızı, istərsə də mətbuatımızı əks cəb-
hələrə bölərək öyrənmiş, tənqidi realistlərin xalqa dost, romantiklərin, 
xüsusən də guya “mürtəce” romantiklərin “düşmən” mövqedə dayan-
dığını bildirməklə hətta Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu kimi 
qüdrətli qələm sahiblərinin həyat və yaradıcılıqlarının doğru-düzgün 
tədqiqinə ehtiyac görməmişdir. Bu “qarşıdurmada” hər iki tərəfin 
xalqı düşünməsi müddəasını irəli sürən akademik İsa Həbibbəyli mol-
lanəsrəddinçi təlimin yaradıcısı Mirzə Cəlil və füyuzatçılığın əsasını 
qoyan Ə.Hüseynzadə ideyalarındakı yaxınlıqdan bəhs edərkən mütə-
fəkkir yazıçıların xalqın inkişafı naminə Avropa müəlliflərinin əsər-
lərinə gərəyincə əhəmiyyət vermələrini xatırlatmaqla, Azərbaycan ya-
zarlarının dünya ədəbiyyatına bağlılığını bir daha təsdiqləmişdir. Alim 
“Molla Nəsrəddin” və “Füyuzat” redaktorlarının dünya ədəbiyyatına, 
həmçinin L.N.Tolstoy, Emil Zolya yaradıcılığına üz tutmalarının sə-
bəblərini aydınlaşdıraraq yazmışdır: “...Dünya mədəniyyətinə, rus 
ədəbiyyatına münasibətdə də dahilərin baxışlarında nəinki oxşarlıq və 
ya yaxınlıq, hətta eynilik vardır. Avropa ədəbiyyatı nümunələrini tər-
cümə edib mənsub olduğu millətə çatdırmaq, onların mənalı həyatı və 
müsbət amallarını təbliğ edən məqalələr yazıb dərc etdirmək işinə 
ədiblərimizin hər ikisi xüsusi önəm vermiş, vaxt, zəhmət, enerji sərf 
etməkdə fayda görmüşlər” [2, s. 306]. 
Maraqlıdır ki, fransız yazıçısı Emil Zolyadan (1840-1902) həm 
Ə.Hüseynzadə, həm də Mirzə Cəlil konkret şəkildə söz açmışdır. 
Tarixi xronologiya baxımından Ə.Hüseynzadənin XIX əsr fransız 
ədibi haqqında fikirləri daha öncədir [5, s. 292]. Daha doğrusu, “Fü-
yuzat” jurnalının 12 iyun 1907-ci il tarixli sayında (№ 19) oxuculara 
təqdim edilən “Ə.H.” imzalı və “Əhvali-aləm və diri müstəhasələr” 
başlıqlı məqalədə, eləcə də “Molla Nəsrəddin” məcmuəsinin 27 iyun 
1910-cu il tarixli 25-ci sayındakı “Tacül-hac” sərlövhəli məqalə-
felyetonda [6, s. 118] Emil Zolyadan danışıldığını görürük. Fikrimizcə, 
İsa Həbibbəylinin “C.Məmmədquluzadə: mühiti və müasirləri” əsə-
rində aydınlıq üçün hər iki müəllifin məqaləsindən məhz Emil Zolya 
ilə əlaqəli hissələrin sitat səviyyəsində nəzər nöqtəsinə çəkilməsi xü-
susi elmi-estetik məqsəd daşımışdır. Bu tipli qarşılaşdırma nəticəsində 
aydın olur ki, Ə.Hüseynzadə oxucuların ibrət alması, Mirzə Cəlil isə 
oxucuların öz həyatlarını dəyişməsi üçün Emil Zolyanı yada salmışdır. 
Bəli, kiçik sitatlar vasitəsilə akademik İsa Həbibbəyli elmi ictimaiy-
yətə xatırladır ki, istər “Əhvali-aləm və diri müstəhasələr”də (müs-
təhas – daşa dönmüş, donuq, hərəkətsiz), istərsə də “Tacül-hac”da 
Emil Zolyanın “Roma”-“Rim” əsərinin adı çəkilir. Lakin Ə.Hüseyn-


317 
zadədən fərqli olaraq, C.Məmmədquluzadə bu əsərin təsiri ilə fran-
sızların yeni inkişaf yoluna qədəm qoyduqlarını da xatırlatmış, öz 
yazıçı həmkarlarını məhz ictimai təfəkkürü dəyişə biləcək əsərlər 
yazmağa səsləmişdir [2, s. 307]. 
Akademik İsa Həbibbəylinin tədqiqlərinə əsaslanaraq demək 
olar ki, əslində XIX əsrin sonu və XX əsrin əvvəllərində, ümumiy-
yətlə, xalqın gələcək taleyini düşünən Azərbaycan ziyalıları cəmiyyət 
həyatının inkişafı naminə dünya ədəbiyyatından faydalanmanı vacib 
və gərəkli saymışlar. Bu fikri “Cəlil Məmmədquluzadə: mühiti və mü-
asirləri” monoqrafiyasının “Cəlil Məmmədquluzadənin cənublu müa-
sirləri”, yaxud “Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” dövrü” 
bölməsindəki açıqlamalar da təsdiqləməkdədir. Məsələn, monoqrafi-
yanın “Cəlil Məmmədquluzadənin cənublu müasirləri” bölməsini oxu-
duqdan sonra belə bir fikir aydınlığı hasil olur ki, məcmuənin Cənubi 
Azərbaycanda nəşri həm də oradakı ziyalıların dünya ədəbiyyatına 
bələdliyindən qaynaqlanmışdır. Hər halda Cənubi Azərbaycandakı 
tərəqqipərvər ziyalılar ordusunu Avropa dillərindən bir neçəsini bilən, 
Lev Tolstoyun əsərlərini fransız dilində oxuyan Əbülfət Ələvi kimi 
mənəviyyatca zəngin şəxsiyyətlər təmsil etmişlər [2, s. 350]. Eləcə də 
İsa Həbibbəyli ədəbiyyatımızın “Molla Nəsrəddin” dövründən bəhs 
edərkən ilk növbədə həmin dövrün ən ümumi xüsusiyyətlərini dəqiq-
ləşdirmək istiqamətində iş aparmış, bu zaman yenə də dünya ədəbiy-
yatı ilə müqayisədə fayda görərək yazmışdır: “Rus ədəbiyyatının 
Qoqol dövrünü “əməli işlə məşğul olmaq” prinsipi səciyyələndirdiyi 
kimi, Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” mərhələsi də yazı-
çıların fəal vətəndaşlıq mövqeyi, gerçəkliyin daha sərrast inikası, ədə-
biyyatın ən zəruri milli problemlərin reallaşmasına ciddi surətdə təsir 
göstərə bilmək imkanlarının artması ilə fərqlənir” [2, s. 363]. 
Əslində akademik İsa Həbibbəylini hər hansı bir müqayisə deyil, 
rus ədəbiyyatşünaslığındakı dəqiqlik düşündürmüş, bu səbəbdən bö-
yük alim Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” dövrünü sə-
ciyyələndirərkən “Çernışevski metodu”na istinadən haqqında bəhs 
edilən ədəbi mərhələyə xas konkret cəhətlərin müəyyənləşdirilməsini 
məqsədəuyğun saymışdır. 
“Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin yaradıcılı-
ğını dünya ədəbiyyatı fonunda dəyərləndirmək baxımından akademik 
İsa Həbibbəylinin “Böyük ədəbiyyat nəhəngi” kitabının (Bakı: “Elm 
və təhsil”, 2012) əhəmiyyətindən məxsusi söz açılmalıdır. Mollanəs-
rəddinçi sənət korifeylərinin mübariz nümayəndələrindən olan Məm-
məd Səid Ordubadinin ömür və sənət yoluna həsr edilmiş bu kitabın 


318 
maraqlı cəhətlərindən biri M.S.Ordubadi – L.N.Tolstoy müqayisəsidir. 
Maraqlıdır ki, akademik İsa Həbibbəylinin müqayisəsi heç də ədəbi 
paralelizmi, yaxud M.S.Ordubadi irsinə L.Tolstoy təsirini üzə çıxar-
mağa hesablanmayıb. Bütünlüklə Azərbaycan ədəbiyyatı sevərləri nə-
zərə alınmaqla özünütənqiddən ibarət həmin müqayisədə məqsəd us-
tad qələm sahiblərimizin dünya xalqlarına tanıtdırılması işini qüvvət-
ləndirmək, bu sahədə dönüş yaratmaqdır. Qəti şəkildə deyə bilərik ki, 
müəllifi akademik İsa Həbibbəyli olan M.S.Ordubadi – L.N.Tolstoy 
müqayisəsi ədəbiyyatşünaslıq elmimizdə yenidir, orijinaldır, özünə-
məxsusdur: “Böyük Lev Tolstoy rus ədəbiyyatı tarixində malik olduğu 
səviyyə etibarilə hansı yeri tutursa, Məmməd Səid Ordubadi də Azər-
baycan ədəbiyyatında həmin mövqeyə sahibdir. Məmməd Səid Ordu-
badinin məşhur tarixi romanları, xüsusən, “Dumanlı Təbriz”, “Qılınc 
və qələm” özünün monumentallığına, əzəmətinə görə, epoxanın epo-
sunu yaratmaq xüsusiyyətlərinə görə Lev Tolstoyun “Hərb və sülh” 
romanı ilə yanaşı qoyula bilər. Fikrimizcə, bu məqamda şərtilik mə-
nası ifadə edən “müqayisə oluna bilər” ifadəsini işlətmək yerinə düşür. 
Doğrudur, ayrı-ayrılıqda “Dumanlı Təbriz” romanı ilə, yaxud “Qılınc 
və qələm”lə Lev Tolstoyun “Hərb və sülh” romanı yanaşı qoyulduqda 
Tolstoyun əsəri daha üstün görünür. Bütün reallıqlarla bərabər, bu 
həm də ona görədir ki, bizlərin təsəvvürlərində gerçək bir Lev Tolstoy 
ucalığı, əlçatmazlığı mövcuddur” [7, s. 8-9]. 
O da var ki, akademik İsa Həbibbəyli təsəvvürlərdə yaradılan 
Lev Tolstoy ucalığına, əlçatmazlığına görə rus elminin fədakarlığını 
alqışlayır, xatırladır ki, məhz rus ədəbiyyatşünaslarının xidmətləri sa-
yəsində dünya elmi Tolstoyu öyrənmiş, bu rus ədibi dünya xalqlarının 
sevimli müəllifinə çevrilmişdir. Böyük alim çox doğru olaraq bu 
fikirdədir ki, Lev Tolstoyun ömür və sənət yoluna dair dünya düşüncə 
sahiblərinin yazdıqları kitablar bir kitabxananı təmin edəcək qədərdir. 
Əməkdar elm xadimi İsa Həbibbəyli həm də onu nəzər nöqtəsinə çəkir 
ki, məhz bu cəhətdən M.S.Ordubadini rus ədibi Lev Tolstoyla müqa-
yisə etmək qeyri-mümkündür. Budur, görkəmli akademikin öz ədəbiy-
yatşünaslığımıza ünvanlanmış ittihamları: “Əvvəla, Məmməd Səid 
Ordubadinin tam külliyyatı hələ ki, çap edilib xalqa çatdırılmamışdır. 
...Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, XX əsrin əvvəl-
lərinin dövri mətbuatında M.S.Ordubadinin az qala hər gün, hətta 
bəzən bir gündə bir neçə məqaləsi, şeiri, felyetonu çap olunmuşdur. ... 
Bundan başqa, Məmməd Səid Ordubadinin Azərbaycan Milli Elmlər 
Akademiyasındakı Əlyazmalar İnstitutunun fondundakı şəxsi arxivin-
də onun çap olunmamış saysız-hesabsız əlyazmaları mövcuddur. 


319 
...Fikrimcə, məktubları da daxil olmaqla Məmməd Səid Ordubadinin 
tam külliyyatının 15 cilddə nəşrinə ehtiyac vardır. ...Məmməd Səid 
Ordubadinin latın qrafikası ilə yalnız “Qılınc və qələm”, “Qanlı 
sənələr”, “Həyatım və mühitim”, “İki çocuğun Avropaya səyahəti” 
əsərlərinin çap edilib oxuculara çatdırılması ilə görkəmli ədibi nəinki 
dünya miqyasına çıxarmaq, heç Azərbaycanda da layiq olduğu sə-
viyyədə tanıtmaq çətindir” [7, s. 12]. 
İnkaredilməzdir ki, akademik İsa Həbibbəylinin irəli sürdüyü bu 
konsepsiyaya istinadən, mollanəsrəddinçi sənətə, o cümlədən Cəlil 
Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər 
Sabir irsinə münasibəti tamamilə dəyişməli, böyük mollanəsrəddin-
çilərin yaradıcılığını dünya ədəbiyyatının tərkib hissəsi olaraq öyrən-
məli və öyrətməliyik.
Əlbəttə ki, ədəbiyyatşünaslıq sahəsindəki elmi-praktik fəaliyyə-
tində İsa Həbibbəyli yalnız nəzəri konsepsiya irəli sürməklə kifa-
yətlənməmişdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı Cəlil 
Məmmədquluzadəyə məxsus ömür və sənət yolunun, böyük sənətkara 
məxsus qiymətli ədəbi-publisistik nümunələrin dünya xalqlarına 
çatdırılmasında bu cəfakeş mirzəcəlilşünasın xidmətləri danılmazdır. 
İsa Həbibbəyli hələ 1992-ci ildə Türkiyə türkcəsində “XX. yüzyılın 
başlarında yaşayan Azerbaycan yazarlarının biyografileri” kitabını 
nəşr etdirmiş, çağdaş Türkiyə elmi ictimaiyyətinin 30-a yaxın Azər-
baycan yazarı, o cümlədən mollanəsrəddinçi nasir və şairlər haqqında 
sistemli bilgilər almasına imkan yaratmışdır [8, s. 34-57]. 
Qeyd-şərtsiz, mollanəsrəddinçi müəlliflərin əsərlərinin dünya 
dillərində nəşri, bu yolla “Molla Nəsrəddin” ədəbi məktəbi nümayən-
dələrinin dünya xalqlarına tanıtdırılması ədəbiyyatşünas İsa Həbib-
bəylini daima düşündürmüşdür. Görkəmli alim “Ustad Mirzə Cəlil 
Məmmədquluzadə (1869-1932)” əsərində qüdrətli yazıçı Cəlil Məm-
mədquluzadə qələminin məhsulu olan əsərlərin rus dilinə tərcüməsi 
sahəsində professor Əziz Şərifin xidmətlərini məxsusi dəyərləndirmiş, 
eyni istiqamətdə görülən işləri belə ümumiləşdirmişdir: “Görkəmli 
Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin əsərləri Avropa və 
Şərq dillərinə tərcümə edilmişdir. Ədibin ayrı-ayrı hekayələri rus, 
ingilis, fransız, ərəb, Ukrayna, gürcü, özbək, qırğız, tacik və başqa 
xalqların dillərində səslənmişdir. Mirzə Cəlilin “Danabaş kəndinin 
əhvalatları” povesti, “Ölülər” pyesi və hekayələri İranda fars dilində 
kitab halında nəşr edilmişdir. Tanınmış Türkiyə yazıçısı İldəniz 
Qurvuran Cəlil Məmmədquluzadənin əsərlərindən seçmələri kitab 
kimi Türkiyə oxucularına çatdırmışdır” [1, s. 100]. 


320 
Bütün bunlarla bərabər, fikrimizcə, akademik İsa Həbibbəylinin 
“Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri 
ilə” kitabı Mirzə Cəlil əsərlərinin dünya xalqlarına çatdırılması işində 
yeni bir mərhələnin başlanğıcı olaraq qiymətləndirilməlidir. 2004-cü 
ildə Pakistan İslam Respublikasının paytaxtı olan İslamabad şəhə-
rindəki “Leaf Publikations” nəşriyyatında çapdan buraxılmış bu kitab 
bir neçə cəhətdən maraq doğurur. Bu yeni nəşrin bir hissəsi Cəlil 
Məmmədquluzadə haqqında ədəbiyyatşünas alim İsa Həbibbəyliyə 
məxsus elmi mətndən, digər bir hissəsi Mirzə Cəlilin “Danabaş kən-
dinin əhvalatları” povestindən, “Ölülər” tragikomediyasından, “Poçt 
qutusu”, “Usta Zeynal”, “Pirverdinin xoruzu”, “Xanın təsbehi”, “Şə-
hər və kənd”, “Konsulun arvadı”, “Quzu”, “Saqqallı uşaq”, “İki alma” 
hekayələrindən, “Dil” adlı məqaləsindən ibarətdir. Təqdirediləsi haldır 
ki, kitabda Mirzə Cəlilin əsərləri urdu dilində, Cəlil Məmmədquluzadə 
haqqındakı elmi mətn isə urdu və ingilis dillərində oxuculara təqdim 
olunmuşdur: “İsa Həbibbəylinin “Görkəmli Azərbaycan mütəfəkkiri 
Cəlil Məmmədquluzadə əsərləri ilə” kitabı böyük ədibin Pakistanla 
yanaşı, urdu dilinin işlək olduğu Hindistan və Əfqanıstanda da ta-
nınmasına xidmət edəcəkdir. Beləliklə, ilk dəfə XXI əsrin əvvəllərində 
Cəlil Məmmədquluzadə gerçək olaraq Şərqin böyük ədibi kimi mü-
səlman dünyasının oxucuları ilə görüşmək imkanı qazanır” [9, s. 19]. 
Akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu və ön söz-
lərini yazdığı Cəlil Məmmədquluzadənin əsərlərinin ərəb dilində (Qa-
hirə, 2008), macar dilində (“Hekayələr”, 2011), gürcü dilində (“Poçt 
qutusu”, 2016), Litva dilində (“Nigarançılıq”, 2016) kitab halında nəşr 
edilməsi böyük demokrat yazıçıya böyük ehtiram, Azərbaycan ədəbiy-
yatına xidmətdir. İsa Həbibbəylinin Cəlil Məmmədquluzadənin əsər-
lərinin nəşr olunduğu ölkələrdə həmin münasibətlə keçirdiyi təqdimat 
mərasimləri geniş mənada azərbaycançılıq idealının təbliği sahəsində 
mühüm addımlardır. 
Daha bir üstün məqam: Akademik İsa Həbibbəylinin 2009-cu 
ildə “Əcəmi” nəşriyyatı tərəfindən oxuculara təqdim edilən “Cəlil 
Məmmədquluzadə” kitabı Azərbaycan, ingilis, fransız və rus dillərin-
dədir. Fikrimizcə, bu kitab vasitəsilə Azərbaycan ziyalısına belə bir 
ideya təlqin olunur ki, klassiklərimizin ədəbi irsinin, həmçinin klassik-
lərimiz haqqında tədqiqatlar əsərlərinin ayrı-ayrı ölkələrdə xarici dil-
lərdə nəşri ilə bərabər, eyni tipli nəşrlərin Azərbaycanda həyata ke-
çirilməsi dünya xalqlarının Azərbaycana marağının günü-gündən art-
dığı çağdaş zamanımızda xüsusi əhəmiyyətə malikdir.


321 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə