354
ruhiyyəni dəyişdirə bilər. Deleqat rəisi doktor Qarabəyli general-qubernatorun bu məsələ ətrafındakı bütün
tədbir və hərəkətini təsvib edir, haqlı görür.
Bir də baykot məsələsindən bəhs etdikdə deyir ki, general-qubernator razı ola bilməzdi ki, ermənilər külli
miqdarda ərzaq alıb onunla da əşqiya dəstəsini təmin etsinlər. Mən sizi inandırıram, cənab Qarabəyov, ki,
əhalini ərzaqdan məhrum etdikdə əşqiyanın heç vecinə də olmayır. Onlar sizdən, bizdən çox tapırlar, mütəzərrər
dinc əhali olur.
Bir də bunu qeyd etməlidir ki, hadisat zamanı hökuməti-məhəliyyənin rolu nə imiş və necə rəftar etmişdir.
Sabiq natiq Çubaryanı tənqid edərkən elə isnad verdi ki, guya o, general-qubernatoru talan əmələ gətirməkdə
ittiham edirmiş. Xeyir, elə deyildir. O şeylər ki, Şuşada olmuşdur, heç kəs deyə bilməz və deməyir ki, Şuşada
erməniləri qırmaq üçün hazırlanmış imiş. Bu ancaq geniş dairədə icra edilmiş (bəlkə ingilislərin də rizasıyla) bir
nümayiş idi ki, erməniləri qorxudaraq, Azərbaycan Cümhuriyyəti hökumətinə tabe olmağa, general-qubernatoru
qəbula məcbur etmək məqsədi ilə vaqe olmuşdur. Ərz etdiyim kimi burası pak böyük dairədə icra edilmiş bir
nümayiş idi; və əgər bir xəta və səhv olmuşsa, mən demirəm ki, general-qubernator tərəfindən bir cinayətdir.
Yoldaşım da belə deməyir. Biz deyirik ki, bu ehtiyatsızlıqdır. Nəticədə müəyyən müsadimələrə bais ola biləcək
tədbirlər görmək və bunu də əhaliyə xəbər verməmək ehtiyatsızlıqdır. Nə üçün general-qubernator bunu danır.
Nə üçün deyir ki, bu iş nümayiş məqsədi ilə deyildi. Köç yolunu mühafizə üçün idi. Gərək ermənilərin və gərək
müsəlmanların iztirab və həyəcan içində olduğunu nəzərə alsanız görərsiniz ki, general-qubernator belə bir
halda o cür tədbirlər görmək mümkün olmadığını bilməyə bilməzdi. Çünki ermənilər belə anlamışlar ki, onları
qırmaq hazırlıqları görülür. Ona görə də silahlı
[814 - 815]
adamlarını qaraulların müqabilinə çıxarmışlardır. İki
müsəlləh qüvvə qarşı-qarşıya durmuşdur. Belə bir zamanda vəziyyət müşkül, xalq həyəcanlı olan bir halda heç
əhəmiyyəti yoxdur kim qabaqca küllə atmışdır. Bilxassə ki, aralarında nizama tabe olmayan adamlar dəxi az
deyilmiş. Şuşa hadisəsini ehtiyatsızlıq hesab etmək olursa, Qaybalı hadisəsi hökumətin fəaliyyətsizliyi və
səhlənkarlığından başqa bir şey deyildir. Dün Qarabəyov isbat edirdi ki, general-qubernatorun kömək vermək və
qırğının önünü almaq imkanı yoxmuş. Yoldaşlardan bəziləri deyirlər ki, orada müsadirə olmuşdur, xeyir, orada
qırğın vaqe olmuşdur.
Deyirlər kömək vermək üçün 17 verst dolama yol getmək lazım gəlirdi. Halbuki firqə ərkani-hərbi iqamət
edən Xankəndi ilə Şuşa arasında telefon var. Bu surətdə istəsəydilər qırğının önünü almaq üçün telefonla
binaqozarlıq edə bilərdilər. Amma etməmişlərdir. Deyirlər etmişlər, fəqət kec olmuşdur. Yox, belə deyil. Nədən
hamı bilirdi, amma general-qubernator bilməyirdi ki, qırğın var. Deyirlər ki, erməni dəstələrinin hücumu
təhlükəsi varmış; mən qəti surətdə deyirəm ki, şəhərə heç erməni dəstəsi gəlməyirmiş və kələ bilməzdi. Hərbi
idarələr belə şaiyət əsasıyla iş görməzlər. Onlar kəşfiyyatçı göndərər, nə olduğunu bilərlər. Odur ki, demək
olmaz ki, kömək göndərmək mümkün deyildi. Bir də deyirlər ki, orada təqdim edilmiş olan çin əsgəri deyil,
məhkəmə məmurlarına məxsus bir şey olduğundan kürdlərin iştirak etdiklərinə bir dəlil deyildir. (?) Binaən-
ileyh Qaybalı kəndlilərin sübutları əsassızdır. Amma adətən mütəzərrirlərin şəhadəti əgər cərh edilməzsə dəlil
hesab olunur. Deyirlər Qaybalıya kömək göndərmək olmazdı, çünki sair kəndlərin də köməyə ehtiyacı vardı.
Fəqət, həzərat, qabaqça Qaybalı mütəzərrir olmuşdur. Binaən-ileyh sair kəndlərdən Daşaltı və sairlərinə hücum
edilməsindən bəhs olunmaz. Çünki onlar sonradan olmuş imişlərdir.
Bu işlərin hamısına, adi deyil, dövlət nöqteyi-nəzərindən baxılarsa, demək olar ki: əvvəla general-qubernator
belə hadisələrdə müsəlləh camaatın iştirakını məqul bir əmr sayırmış.
Müsəlmanların özlərinin dediklərinə görə orada müdafiə komitəsi var. haman komitə erməni sərhəddinə
müsəlləh adamlar göndərmişdir. Mən deyirəm ki, bu böyük xətadır, çünki general-qubernator
[815 - 816]
özü
təkrar bəyan etmişdir və heyət buna şərikdir ki, general-qubernatorun ixtiyarında hər növ nizamsızlığı yatırmaq
üçün lazım gələn miqdarda müsəlləh müntəzəm qüvvə var idi.
Davada nizama tabe olmayan camaat özü əldə silah iştirak etmişdir. Şahidlərdən birisi deyir ki: bizim
müdafiə komitəmiz var. Belə ittifaqlar da Könüllü müsəlləh adamlar çıxarır. Bunlar heç bir nizama tabe
olmayıbdır. Mən hər şeydən ziyadə diqqətinizi buna cəlb edirəm. Zira gələcəkdə burası bir ixtilaf və müsadimə
mənbəyi və qanun asayişi təhdid edici bir təhlükə ola bilər.
Bir mühüm məsələ də var: hadisatdan sonra heç bir təftişat və istintaq olmamışdır. On gün sonra bizim heyət
getdi, hələ istintaq yox idi. Məncə bu iş Qaybalının qırğınından bətərdir. Çünki cəza verilmədikdə camaat elə
güman edər ki, insanın kefi nə istəsə edə bilər.
Azərbaycan, 16, 17, 18, 20 iyul 1919, N 226, 227, 228, 229.
355
№ 54
Əlli dördüncü iclas
10 iyul 1919-cu il.
Rəis - Həsən bəy Ağayev.
Katib - Mehdi bəy Hacınski. İclas açılır saat 12-45
dəqiqədə
Rəis - İclas açılır. Bugünki Ruzinameyi müzakirat böylə tərtib edilmişdir. (Oxuyur):
1) - Daxil olmuş kağızlar; o cümlədən:
a) Hökumət işləri idarəsi cünbundə xüsusi şöbə təsis haqqında qanun-layihəsi; b) Azərbaycan cümhuriyyəti
hökumətinin qanunnamə və əmrnamələri məcmui nəşri xüsusunda qanun layihəsi; v) hökumət işləri idarəsi
xüsusi şöbə ştatının smetası; q) hökumət işləri idarəsi xüsusi şöbəsinin ümumi məxaric smetası; d) Azərbaycan
cümhuriyyəsi hökumət qanunnamə və əmrnamələri nəşri məxaric smetası; e) Maliyyə nəzarəti şurası haqqında
qanun layihəsi.
[816 - 817]
2) - Hökumət əndində xüsusi təftişat və təhqiqat komisyonu təşkili haqqında qanun layihəsi; 3) - Poylu
stansiyonunda gömrük idarəsi təsisi haqqında qanun layihəsi; 3-cü qiraət, məruzəçi Abduləli bəy Əmircanov; 4)
- Gömrük idarələrində anbar vergisi miqdarının artırılması haqqında qanun layihə-si 3-cü qiraət. Məruzəçi
A. Əmircanov; 5) - Bakı gömrüyünə ştatının təzyiqi haqqında qanun layihəsi, 3-cü qiraət.
6 - Gürcüstan cümhuriyyətindəki Azərbaycan siyasi nümayəndəliyi cünbündə maliyyə nəzarəti agentliyinin
təşkili haqqında qanun layihəsi. 3-cü qiraət; Məruzəçi A. Əmircanov; 7 -Ermənistan sərhəddində (Uzun Tala)
gömrük idarəsi qarşısında gömrükxana təsisi haqqında qanun layihəsi. 3-cü qiraət. Məruzəçi Əmircanov; 8 -
Xəzinə nəfinə buğ qazanlarından alınan verginin artırılması haqqında qanun layihəsi. Məruzəçi Abdulla bəy
Əmircanov; 9 - Məclisi-müəssisan seçkisi haqqında qanun layihəsi. 3-cü qiraət. Məruzəçi M. Ə. Rəsulzadə; 10 -
Sənaye şəhadətnaməli qiymətlərinin artırılması haqqında qanun layihəsi. Məruzəçi Şəfi bəy Rüstəmbəyov; 11 -
Hüquq məhkəməsi nizamnaməsinin 91, 383, 328 ilə cəza məhkəməsinin 141, 834, 49, 438, 643, 114, 323
maddələrinin təğyir və təbdili haqqında qanun layihəsi. Məruzəçi: Mehdi bəy Hacınski; 12 - Dəniz boyu,
idarələrində gəmi vergisi alınması haqqında qanun layihəsi, məruzəçi Abdulla bəy Əmircanov; 13 -
Ermənistanda bulunan müsəlman qaçqınlarına yardım etməkdən ötrü smetadan xaric olaraq 3 milyon rüblə
buraxılması haqqında qanun layihəsi. Məruzəçi Musa bəy Rəfiyev; 14 - Zəngəzur qəzası qaçqınlarına yardım
etməkdən ötəri smetadan xaric olaraq 1.875.000 rüblə buraxılması haqqında qanun layihəsi. Məruzəçi Musa bəy
Rəfiyev.
Daxil olmuş qanun layihələrindən birinci - 2, 3, 4, 5 və 6-cı bütün 6-sı da ləvayehi-qanuniyyə komisyonuna
gedir. Ruznaməyi müzakiratda olan 2-ci məsələ ki, ibarət olsun hökumət indidə xüsusi təftişat və təhqiqat
komisyonu təşkili haqqında qanun layihəsi və 10-cu məsələ ibarət olsun sənaye şəhadət-namələri qiymətlərinin
artırılması haqqında qanun layihəsi, məruzəçiləri Şəfi bəy Rüstəmbəyovundur. Şəfi bəy xəstə olduğundan bu
gün iclasa gəlməyə iqtidarı yoxdur, ona görə bu məsələlər bugünkü növbədən götürülür, bu gün baxılmayacaq.
(Rusca). Əgər bu cür tərtibata etiraz yoxsa qəbul olunur. Növbədəki
[817 - 818]
məsələ Poylu stansiyonunda
gömrük idarəsi təsisi haqqında qanun layihəsinin 3-cü qiraətidir. (Divani-rəyasətə təklif verilir).
Müzakirə olunan layiheyi-qanuniyyə münasibətilə keçən dəfə 2-ci qiraət əsnasında bir təklif varid olmuşdu.
Bu təklifin məzmunu böylə idi ki, layiheyi-qanuniyyəni qəbul etməklə bərabər parlaman hökumətə təklif edir ki,
qonşu millətlərlə gömrük məsələsi haqqında sazişə girsin. Çünki bu təkliflərin qanunun əsasına münasibəti
yoxdur. Bu bir xahişdir. Ona görə maddələrlə səsə qoyulmaz. Çünki maddələrə dəxli yoxdur. Bu ancaq bir
arzudur.
Səməd ağa - (yerindən rusca).
Rəis - Xahişi qanuna salmaq olmaz. Bu xüsusi bir arzudur, ancaq bəratilqövlə salarıq və hökumətə xəbər
verərik. (Katibə). Mehdi bəy, oxuyun layihəni.
Katib
-
Layihənin birinci maddəsini oxuyur.
Rəis - Birinci maddə xüsusunda danışmaq istəyən yoxdur ki? Yoxsa, səsə qoyuram. Əvvəlinci maddəni kim
qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Əvvəlinci maddə əksəriyyətlə qəbul olunur, 2-ci maddəni oxuyun.
Katib - (2-ci maddəni oxuyur).
[818 - 819]
Rəis - İkinci maddəni səsə qoyuram. Kim 2-ci maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər
qalxır). 2-ci maddə əksəriyyət səs ilə qəbul olunur. 3-cü maddəni oxuyun.
Katib - 3-cü maddəni oxuyur.
Rəis - 3-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə
əksəriyyət rəylə qəbul olunur. Layiheyi-qanuniyyəni tamamilə səsə qoyuram. Kim layiheyi-qanuniyyəyi
tamamən qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Layiheyi-qanuniyyə tamamən qəbul olunur.