34
təsvirlərinin olması da sübut edir. Arxeoloqlar qayıqları orta
daş dövrününə -
mezolitə aid edirlər. Ehtimal olunur ki, onların ən qədimi 2 -6 nəfərlik kiçik qayıq
təsvirləridir. Bu tip qayıqlara Böyükdaş dağının yuxarı və aşağı səkilərində və
Kiçikdaşda rast gəlmək olar [257, 87; 167, 55].
İkinci növ - burun hissəsində günəş təsvir olunmuş qayıq siluet təsvirləridir.
Bu cür qamışdan hazırlanmış qayıq növü Böyükdaş dağının yuxarı səkisindəki 29,
34, 35 №-li (şək. 50; 51; ill. 69), aşağı səkisindəki 1 və 8 №-li daşlar üzərində (ill.
67; 70) və Kiçikdaş dağının 8, 19, 50, 99, 123 №-li
daşları üzərində (ill. 66) təqdim
olunur. Bu cür orağabənzər qayıqların əksəriyyətində 40 nəfərdən artıq adam
sxematik təsvir olunmuşdur.
Həkkolunma üslubuna və texnikasına görə Qobustan qayıqları dünyanın
şimal və şərq bölgələrinin qayıqlarından bir qədər fərqlənir. Anazağa mağarasının
arxasında yerləşən qayadakı qayıq rəsmini ən erkən və maraqlı təsvirlərdən biri
hesab etmək olar (şək. 50). 29 №-li
daş üzərində (şimal tərəfi) qamışdan olan
böyük qayığın barelyef (qabarıq) təsviri xüsusilə diqqətəlayiqdir (burada qədim
rəssam qayanın təbii çıxıntısından məharətlə istifadə etmişdir) (ill. 71). İşlənilmə
texnikasına görə bu təsviri ən erkən petroqliflər sırasına aid etmək olar.
Qamışdan hazırlanmış qayıq təsvirləri Dəclə və Fərat çayları ətrafı
ərazilərdən, Misir,
indiki Suriya, Livan və İsraildən Kiprədək, Krit, Korfu, Malta,
İtaliya, Sardiniya, Liviya, Əlcəzair, Mərakeşin Atlantik sahillərindən məlumdur.
İspaniyanın Atlantik sahili olan Kadis limanında (qədim Finikiya limanı) suyun
altından tapılmış Finikiya qabının üzərindəki burnunda günəş şəkli olan qamış
qayıqlarının relyef təsviri Qobustan qayıqları ilə bəzi oxşar cəhətlərə malikdir.
Misir və Əlcəzair Saxarasının bu növ qədim qayıq təsvirləri e.ə. VII-V
minilliyə aid edilir. Onlara Nil vadisi ilə Qırmızı dəniz arasındakı Misir
səhralıqlarında rast gəlmək olar [187, 256; 290, 185]. Qərbi Xəzəryanı əraziləri
Misir, Hindistan, Nil vadisi və Qırmızı dəniz sahillərindən
minlərlə kilometr
məsafə ayırır, lakin burnu günəşli qayıqlar haqqında təsəvvürlər uzaq şimal
tayfalarına da gedib çatmışdır.
Skandinaviya və Qobustanın qayaüstü qayıq təsvirlərinin oxşar cəhətləri
vardır [305, 366, 367, 368; 291, 60 63]. Qamış totoradan hazırlanmış böyük
qayıqlar haqqında Pasxi adasından tapılmış arxeoloji materiallardan məlumdur.
Buna sübut olaraq Pasxi adasının erkən dövrünə aid totoradan hazırlanmış qayıq
təsvirli heykəli qeyd etmək olar [290,150].
Qayaüstü qayıq təsvirlərini tədqiqatçı-alimlər müxtəlif cür şərh edirlər.
Bəziləri hesab edirlər ki, qayıq təsvirləri qədim qobustanlıların təsərrüfat
fəaliyyəti
olan balıqçılıqla əlaqədar idi və buna sübut olaraq mədəni təbəqələrdə aşkar
olunmuş ağırlıq materiallarını, balıqtutan torların hazırlanması üçün bizləri, balıq
sümüklərini qeyd edirlər [169,55]. Digərləri önündə günəş olan qayıq təsvirlərini
ayin təsəvvürləri ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, qədim insanların
inamlarına görə, günəş allahının şərəfinə vəfat etmiş insanların ruhu bu qayıqlarda
35
axirət dünyasına aparılırdı [152, 61-74]. Bəzi tədqiqatçı-alimlər isə qayıqları günəş
mifi ilə əlaqələndirirlər [ 203, 38-39].
Belə kompozisiyaların əmələ gəlməsi əcdadların sitayiş ideyaları ilə də
əlaqədar ola bilərdi.
Hun-sarmat dövründə Monqolustanın Tsaqaanqola dərəsində qayıqda dəfn
olunma təsvirləri çoxdur [129, 60, 3-166]. Qayaüstü təsvirlərdə qayıqların
kütləviliyi Baykaldan
Ağ dəniz və Baltikayadək, Skandinaviyadan Misirə,
fironların dəfn olunmuş qayıqlarınadək uzanmışdır.
Digər tərəfdən, Xəzəryanı zonada ibtidai dövrdə balıq ovu haqqında əldə
olunmuş arxeoloji nümunələr balıqçılığın inkişafı haqqında fikirləri təsdiq edir
[169,55]. lakin balıq ovunun texniki üsullarını və xüsusiyyətlərini göstərə bilən
arxeoloji materiallar, xüsusilə müxtəlif növ ağırlıq daşları tapıntıları çox azdır.
Etnoqrafik dəlillər göstərir ki balıq ovu xüsusi üsullarla yanaşı, həm də nizənin,
mizraqlı kəndirin, yəni quruda ov üçün nəzərdə tutulmuş silahların köməyi ilə
aparılırdı [42, 144, 145]. Çubuq və qamışdan hörülmüş torların qurulması üçün
ağırlıq daşlarından istifadə olunması da istisna deyil [100, 51].
Yuxarıda qeyd olunanlara əsasən belə bir
nəticəyə gəlmək olar ki, qədimdə
qayıqlardan, ilk növbədə təsərrüfat məqsədilə, yəni balıq ovu üçün istifadə
olunmuşdur. Qobustan ovçularının iqtisadi həyatında ən vacib hərəkət
vasitələrindən biri olan qayıq təsvirlərinin sitayiş - semantik mənasını da istisna
etmək olmaz.
Araba təsvirləri ayrıca və kiçik qrupda birləşir. Arabaların ən erkən
təsvirləri Ur və Akkaddan məlumdur. Onlar Urukdan aşkar olunmuş silindrik
möhürlər üzərində Hatac və Suz saxsı qablarında təsvir olunmuşdur [210, 203,
224-225,231].
Təkərlər üzərində günəş sxematik təsvirləri,
necə deyərlər, «Solyar
arabaları» Skandinaviya, Monqolustan, Orta Asiya, Qafqaz, Tıva və Novqorod
yaxınlığında aşkar olunmuşdur [203, 59].
Azərbaycan ərazisində arabaların meydana gəlməsinin tarixi son eneolit
dövründən başlanır [2,175; 15,133]. Onlar tunc və erkən dəmir dövrü tayfalarının
təsərrüfat həyatında vacib hərəkət vasitəsi idi. Bunu Azərbaycan ərazisində tunc
dövrünə aid müxtəlif yaşayış məskənlərindən tapılmış çoxlu gil təkər nümunələri
sübut edir [246,53; 2,139-140; 15,175].
Arabaların qayaüstü təsvirləri Naxçıvanın Gəmiqaya dağında dəfələrlə
qeydə alınmışdır. Qobustanda isə yalnız bir təsvir aşkar olunmuşdur (şək. 52).
Bundan başqa, Qobustanda daş təkər də tapılmışdır.
Gəmiqaya və Qobustanın araba
qayaüstü təsvirlərinə, həmçinin Urmiya
ətrafı yaşayış məskənlərindən tapılmış çoxrəngli yazılı saxsı qablar üzərindəki
rəsmlərə əsasən söyləmək olar ki, tunc dövründə at və öküzlərdən əsas qoşqu
heyvanı kimi istifadə olunurdu. Bu isə arabalardan intensiv istifadə olunmasını
göstərir.