ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ azərbaycan



Yüklə 1,46 Mb.
səhifə13/15
tarix04.11.2017
ölçüsü1,46 Mb.
#8427
1   ...   7   8   9   10   11   12   13   14   15

İşin tətbiqi əhəmiyyəti. Məqalədən folklorşünas və ədəbiyyatşü­nas­lar, həmçinin publisistik məqsədlərlə jurnalistlər istifadə edə bilər.
ƏDƏBİYYAT

1. Cəfərov N. İsmayıl Şıxlı, yaxud müdrikliyin poetikası, N. Cəfə­rov. “Seçilmiş əsərləri”, Vcilddə, V c., Bakı: Elm, 2007, 320 s.

2. Orucov Y. Nəsrimizin Cahandar ağa mücəssəməsi. “Yeni Azər­bay­can”, 14 aprel 1994-cü il.

3. Cəfərov N. İsmayıl Şıxlı, yaxud mənalı ömrün dastanı, N. Cəfə­rov. “Seçilmiş əsərləri”, V cilddə, II c., Bakı: Elm, 2007, 352s.



İSMAYIL ŞIXLI: ŞƏXSİYYƏTİN FOLKLOR TİPOLOGİYASI

(EPOS MƏNTİQİNDƏN “DƏLİ KÜR”Ə APARAN YOLLAR)

Xülasə

Məqalədə İsmayıl Şıxlının ictimai fəaliyyətində və yaradıcılığında (“Də­li Kür” romanı istisna olmaqla) zəngin xalq yaradıcılığından istifadə onun bioqrafiyasının ən mühüm detalları üzərində ümumiləşdirmələr əsa­sın­da təhlilə cəlb olunmuşdur. Həmçinin folklor təfəkkür modellərinin İs­mayıl Şıxlı yaradıcılığında epik təzahür spesifikası, ictimai görüşlərində bu modellərin fəal iştirakı da təhlilə cəlb edilən məsələlərdəndir.



Açar sözlər: epos məntiqi, folklor modelləri, epik təfəkkür, yazılılıq, şifahililik
Ismayil Shikhli: Folklore typology of the personality

(the ways to “Deli Kur” from the epos logic)

Summary

In the article usage of the rich folklore in the social activity and creative work of Ismayil Shikhli (except the novel “Deli Kur”) is analysed on the base of the generalizations of the most important details of his bio­grap­hy. The epic apperance specification in the activity of Ismayil Shikhli folklore thinking models and their active participation in his social thoughts are also analyzed.



Key words: epos logic, folklore models, epic thinking, writting, oral speech
Исмаил Шыхлы: Фольклорная типология личности

(Пути, ведущие от эпической логики к «Бурной Куре»)

Резюме

В статье анализируется общественную деятельность, творчество Исмаила Шыхлы (за исключением романа « Бурная Кура») исполь­зо­ва­ние им богатого народного творчества, привлечены к анализу СА­мые основные детали обобщения. Модели фольклорного вообра­же­ния, специфика эпического творчества Исмаила Шыхлы, активное участие моделей на общественных встречах одна из задач ана­лизирования.



Ключевые слова: эпическая логика, фольклорные модели, эпи­чес­кое воображение, письменность, устность.

Sevinc QASIMOVA

AMEA Folklor İnstitutu
NOVRUZ BAYRAMI VƏ MİLLİ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ
Məsələnin qoyuluşu: «Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə məskunlaşan bütün türk xalqları tərəfindən sevinclə qar­şı­lanan Yeni il – Novruz bayramının (1, s. 51) tarixinə nəzər salınarsa, onun milli dövlətçilik ənənələri ilə sıx bağlı olduğu üzə çıxar. Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möh­kəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmamış, dövlət səviyyəsində qeyd olunmuş, xalqımızın həyatını bütöv şəkildə əhatə etmişdir. Varlılar da, kasıblar da Novruzu qeyd etmiş, xal­qın bütün təbəqələri Novruz bayramında bir araya gəlmiş, bayramı bir­gə qeyd etmiş, bayram sevinci ümummilli dəyər halına gəlmişdir. Bu da öz növbəsində xalqımızı birləşdirmiş, bütövləşdirmiş, dövlətçilik tarixi­mi­zin milli əsaslarını möhkəmləndirmişdir.

İşin məqsədi: Göstərilən səbəblərdən «Azərbaycanda Novruz ənənə­lə­ri və inancları» mövzusunun öyrənilməsi Novruz bayramı və milli döv­lət­çilik ənənələri məsələlərinə də diqqət yetirməyi tələb edir. Belə ki, Nov­ruz ənənələri dedikdə göz önünə ilk növbədə bu bayramla bağlı ailə-məişət, mərasim ənənələri gəlir. Bunun səbəbi onunla bağlıdır ki, XX əsr­də sovet hökumətinin Novruz bayramını rəsmi bayram olmaqdan çıxar­ma­­sı, onu təqib etməsi, ayin və mərasimlərinin geniş meydanlarda ümumi xalq kütlələri tərəfindən böyük coşqu ilə qeyd olunmasına qadağa qoy­ma­sı onu məişət hadisəsinə çevirdi. Bu zaman Novruzun evlərdə, ailə-məi­şət içə­­risində icra olunan ənənələri yaşamaqda davam etsə də, dövlət tərə­fin­dən rəsmi səviyyədə icra olunan mərasim ənənələri aradan qalxdı. İn­san­lar tədriclə Novruz bayramının rəsmi mərasimi ənənələrini unut­dular. Ha­zır­da Azərbaycan müstəqillik əldə etmiş, Novruz yenidən dövlət tərə­fin­dən qeyd olunan ümumxalq bayramına çevrilmişdir. Belə şəraitdə «Azər­bay­canda Novruz ənənələri və inancları» mövzusu bizdən Novruz bay­ra­mı­nın milli dövlətçilik ənənələri ilə bağlı tərəflərinə də toxunmağı tələb edir.
Əlbəttə, Novruzun tarixi çox qədimdir. Tədqiqatçılar bu tarixi nə qə­dər dərinə aparırlarsa, Novruz bayramının tarixi sanki tükənmir. Çünki bu, bir ilbaşı bayramıdır. İnsanlar ilin dəyişməsini ibtidai icma dövründən qeyd etmiş, soyuq, ərzaq qıtlığı, səfalətlə dolu qışdan sonra yazın gəlişini böyük bir sevinc hissi ilə qarşılamış və bunu müxtəlif mərasimlərlə qeyd etmişlər. İctimai-iqtisadi formasiyalar dəyişdikcə təqvim düşüncəsi daha da inkişaf etmiş, bu əsasda Novruz bayramı xalqların və onların döv­lət­lərinin həyatında öz yerini daha da möhkəmlətmiş, yeni-yeni adət və ənə­nə­lərlə zənginləşmiş, məzmun və formaca əlvanlaşmışdır. Bu tarixi-mə­dəni prosesdə Novruz hər bir xalqın öz milli həyat tərzinə, milli dün­yagörüşünə, adət-ənənələrinə uyğun şəkillər almışdır. Elə bu səbəbdən də orta əsrlər tarixi mənbələrində Novruz bayramı hər xalqın öz milli ənə­nələri, o cümlədən hər xalqın öz dövlətçilik ənənəsi ilə bağlı bayram kimi təqdim edilməkdədir. Məsələnin bu tərəfinə hələ 1927-ci ildə «Maarif və mədəniyyət» jurnalında çap etdirdiyi «Azərbaycanda zərdüşti adətləri» ad­lanan məqaləsində diqqət verən Yusif Vəzir Çəmənzəminli yazırdı ki, bu günə qədər adət və ayinlərimiz tədqiq sahəsindən uzaqda qalmışdır. Az-çox Novruz haqqında fikir yürüdülmüşsə də, tarix nəzərə alınmamış və məsələ mücərrəd mülahizələr şəklində durub qalmışdır. Şərq müəl­lif­lərinin bu barədə verdiyi məlumat qarışıqdır və çox zaman məsələyə sami etiqadları qarışdırdıqlarından tarixi həqiqət ortada itib gedir. Məsələn, «Bürhani-qate»nin: «Cənab haq aləmi və Adəmi ol gündə (Novruz günü) xəlq elədi» deməsi bizə Tövratı andırır. Halbuki, qədim Azərbaycan və İran Tövrat fəlsəfəsinə yabançıdır (2, 83).

Bu fikirdən məlum olur ki, şərq müəlliflərinin Novruz bayramı haq­qın­da verdiyi məlumatlar qarışıq və ziddiyyətlidir. Yəni bir-birinə düz gəlmir, tarixlər, müxtəlif dünyagörüşləri bir-birinə qarışdırılmışdır. Müəl­li­fə görə, Novruz bayramının tarixi, mənşəyi ilə bağlı məlumatlar sami xalq­larının inanclarına, xüsusilə yəhudilərin müqəddəs kitabı «Töv­rat»dakı məlumatlara qarışmışdır.

Y.V.Çəmənzəminlinin «Bürhani-qate» adlanan fars mənbəsinə əsa­sən verdiyi başqa bir məlumat bilavasitə Azərbaycanla bağlıdır. Müəl­lif ya­zır: «Bürhani-qate» ikinci bir rəvayətdə nağıl eləyir: «Cəmşid şah ki ərəb­lər Mətuşələh deyirlər, səlatini-Pişdadiyandan bir padşahi-məşhurdur, nami-əslisi Cəmdir, əqtabi-ərzi geşt eləyərək Azərbaycan vilayətinə gəlib, ol mövzeyi estehsan etməklə əmr elədi. Bir mürtəfe məhəldə Şərq ca­ni­binə doğru bir mürəssə təxti-ali qurdular, kəndisi dəxi əlbisəyi-şahanə ge­yib və başında mücövhər və müşşə tac ol təxt üzrə mülukanə keçib qərar elədi. Vəqta ki, günəş tülu edib, şəşəəsi ol tac-təxtə toxunduqda bütün ol hə­valini qərğeyi-nur və ziya etməklə hər kəs bu keyfiyyəti təyəmmün və istisad edib, ziyadəsilə fərəhnak oldular və bu gün də bir yovmi-mümtazdır deyə o günə «Novruz» ilə təsmiyə elədilər və pəhləvi lisanında şüa – pörtövə «şid» itlaq olunmaqla cəm ləfzinə izafə ilə ol padşaha Cəm­şid dedilər və ol gün cəşni-əzim edib ondan sonra və hər sənə rəsmi-mər­qumu icra elədilər» (2, 83).

Müəllifin fikrindən məlum olur ki, Pişdadiyan (pişdadilər) süla­lə­sin­dən olan məşhur Cəmşid şah «əqtabi-ərzi» (dünyanın qütbləri arasındakı əraziləri) gəzib Azərbaycana gəlir. Burada hündür bir yerdə şah taxtı qur­durur, əyninə şahlara məxsus geyim geyir, başına şah tacı qoyaraq hə­min taxt­da əyləşir. Sübh tezdən günəş qalxır və onun şüaları şahın tacına və tax­tına düşərək ətrafı parlaq işığa qərq edir. Hamı sevinir və həmin gün bir «yovmi-mümtaz», yəni «seçilmiş, fərqli, məşhur bir gün» olduğuna görə onu Novruz adlandırıb, bundan sonra hər il böyük bayram, rəsmi dövlət bayramı kimi qeyd etməyə başlayırlar.

Bu təsvirdə, əslində, bir-biri ilə qovuşmuş iki mərasimin təsviri var:

Birincisi, Cəmşidin taxta çıxması (tacqoyma) mərasimi;

İkincisi, Novruz mərasimi.

Təsvirdən aydın olur ki, yeni şahın taxta çıxması mərasimi sübh tez­dən icra olunurmuş. Əgər günəş çıxıb öz şüalarını taxt-tacın üzərinə salar­mış­sa, bunu xoş əlamət kimi qəbul edərmişlər. Yəni insanlar sübh tezdən günəşin çıxmasını gözləyərmişlər. Əgər günəş doğarmışsa, onda onlar bu­nu yeni şahın göylər tərəfindən razılıqla qarşılanması kimi qəbul edər­miş­lər. Yox, əgər günəş doğmayıb, buludların arxasında gizlənərmişsə, on­da insanlar bunu göylərin taxta oturmaq istəyən şaha etirazı kimi başa düşərmişlər.

Digər tərəfdən, Cəmşidin taxta oturması gününün Novruz bayramı ki­mi qəbul olunmasına gəlincə, bu da yeni ilin başlanmağı ilə yeni şah­lığın başlanmağının üst-üstə düşməsi deməkdir. Bunu nəzərə almaq la­zım­dır ki, Novruz bayramı əsasında qışın yazla əvəzlənməsi duran mövsüm bayramıdır. O, dövri-qədimdən həmişə qışın sonunda – yazın baş­lan­ğı­cın­da qeyd olunmuşdur. Yəni insanlar Novruz bayramı ilə qışı (köhnə ili) yo­la salmış, yazı (təzə ili) qarşılamışlar. Demək, belə güman etmək olar ki, Cəmşidin taxta çıxması mərasimi də məhz bu zamanda – qışın sonu ilə ya­zın başlanğıcının bir-birinə qovuşduğu vaxtda icra olunmuşdur.

Ümumiyyətlə, tacqoyma mərasimi ilə yeni ilin üst-üstə düşməsi, da­ha doğrusu, tacqoyma mərasiminin yeni ilin ilk günündə icra olunması qə­dim tarixi ənənədir və dünyanın əksər xalqlarında buna dair çoxlu nümu­nələr var. Belə tarixi-etnoqrafik nümunələri nəzərdən keçirmiş Mirça Elia­de yazır: «Çox asanlıqla başa düşmək olar ki, nəyə görə tacqoyma məra­si­mi kos­mo­qoniyanı (dünyanın yaradılışını – S.Q.) təkrarlayır, yaxud Yeni ildə bayram edilir. Belə hesab edilir ki, şah bütün kosmosu (dünyanı – S.Q.) təzələyir. Təzələnmə, əsasən, yeni mövsüm dövrəsinin gəlməsi ilə Ye­ni ildə həyata keçirilir. Lakin bu zaman ritualla həyata keçirilən yeni­lənmə, mahiyyətcə, dünyanın yaradılışının təkrarıdır. O, hər yeni ildə tək­rarlanır» (3. 67).

Bu ümumiləşdirmədən o nəticəni çıxarmaq olar ki, Cəmşidin tac­qoy­ma mərasiminin yeni ildə keçirilməsi təsadüf deyildir. Yeni ildə hər şey təzələnməli, yenidən doğulmalı, o cümlədən hakimiyyət də təzə­lənmə­li­dir. Ona görə də belə güman etmək olar ki, yeni ildə Cəmşidin ya ilk dəfə tac­qoyma mərasimi keçirilir, ya da bu, Cəmşidin hakimiyyətinin hər il Nov­ruzda təkrarlanan yenilənmə, təzələnmə mərasimidir.

Bu mərasimdə iki cəhəti mühüm hesab edirik. Bunun birincisi Nov­ruz bayramının dövlətçilik ənənəsi ilə, ikincisi isə Azərbaycanla bağ­lan­masıdır. «Bürhani-qate»dəki rəvayətdə Novruz bayramının Cəmşidin tax­ta çıxması ilə bağlanması bu bayramın bilavasitə dövlətçilik bayramı ol­du­ğunun sübutudur. Yada salmaq olar ki, müxtəlif rəvayətlərdə Novruz bay­ramı dördüncü islam xəlifəsi Həzrət Əlinin də taxta çıxması ilə əlaqə­ləndirilmişdir. Tədqiqatçı Ramin Allahverdiyev yazır: «Bayramın keçdiyi mürəkkəb tarix yolu göstərir ki, müəyyən dövrlərdə Novruz mərasimi ilə mü­­qəddəs sayılan şəxslərin əlaqələndirilməsi meylləri olmuşdur. Bu cür vəziy­yətlərdə tarixdə böyük hörmət və ehtiram qazanmış şəxsiyyətlərin real tarixi simaları tədricən rəvayətləşdirilmiş (əfsanələşdirilmiş) cizgi­lər­lə əvəzlənilmiş olur. Sonrakı dönəmdə İslamın təsiri ilə Novruz məra­si­mi­nin müsəlmanların müqəddəs şəxslərindən sayılan Həzrət Əlinin taxta çı­xa­rılması, həmçinin, xəlifələrin taxta çıxarılması ilə əlaqələndirilməsi də bu cür əfsanələşdirilmənin nəticəsi kimi izah edilməlidir» (4, 77). Cəlal Qasımov da yazır ki, bir çox mənbələrdə «Novruz»un «Adəmin yara­dıl­dığı gün», «Nuhun gəmisinin torpağa oturduğu gün», «Türklərin Erge­ne­kon­dan çıxdıqları gün», «Dünyada ilk hökmdar hesab edilən Kəyumərsin adı ilə bağlı gün», «Cəmşidin Azərbaycana səyahəti ilə bağlı gün», «Atəş­pə­rəstiklikdən qalan bir bayram», «Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün», «Həzrəti Məhəmmədin peyğəmbərlik xələtini geydiyi gün», «İmam Əlinin xilafətə gəldiyi gün», «İmam Əlinin doğum günü», «Kü­sü­lülərin barışması üçün imam Əli tərəfindən elan edilən bayram», «İmam Əli ilə Fatimatüz-Zəhranın evləndikləri gün» və sair göstərilir (16, 15).

İkinci mühüm cəhət budur ki, Cəmşidlə bağlı əfsanənin mifoloji bir rəvayət olmasına baxmaraq, biz yenə də onun taxta çıxmasının məhz Azər­­baycanla bağlanmasını təsadüf hesab etmirik. Güman edirik ki, bura­da məsələnin kökləri dərindədir və Azərbaycanla bağlanma təsadüfi de­yildir. Əvvəlcə bu məsələyə Y.V.Çəmənzəminlinin öz münasibətini öy­rə­nək. O yazır ki, «Bürhane-qate» və bütün İran müəlliflərinin «Novruz»u Cəm­şidə mənsub elədikləri tarixi həqiqətdən uzaq görünür. Bir kərə Cəm və mənsub olduğu Pişdadiyan sülaləsi və Firdovsinin qeyd etdiyi əksər ad­lar tarixi adlar gərək olmasınlar: Yanani-qədim müvərrixlərində başqa-baş­qa adlar göstərilir və İran abidə və kitabələrinin son tədqiqi yunanların haqlı olduq­larını meydana çıxartdı. Ola bilər ki, sasanilər təşviq etdiyi ki­mi, onlardan əvvəlki sülalələrdən bir padşah «Novruz»a artıq əhəmiyyət verirmiş, lakin bu adətin bir şəxsə isnad edilməsi, məncə, doğru deyil. La­kin «Novruz»un Azərbaycan mədəniyyəti məhsulu olduğuna qaneyəm. Bu­na zatən «Bür­hane-qate» də işarə eləyir. İran mədəniyyətini Midiya və bilxassə Azər­baycan yaratmış və Midiya səltənəti münqəriz olduqda bu mədəniyyət zər­düştiliklə bərabər İrana keçmiş və əsrlərcə pars səltənəti ilə yan-yana azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə elə­mişlər. «Novruz» və başqa adətlərimiz də o zamanlardan qalmışdır (2, 83-84).

Yeri gəlmişkən qeyd edək ki, Cəmşid şah haqqında bu məlumat bir qə­dər fərqli şəkildə Əbu Reyhan Əl-Birunidə belə təqdim olunur: «Bə­zi­lə­ri deyir ki, Cəmşid müxtəlif yerləri səyahət etməyi sevərmiş və Azər­bay­canda olmaq istədiyi vaxt o, qızıl taxt-tacında oturmuş, insanlar çiynində onu daşımışlar. Günəşin şəfəqləri Cəmşidin üzərinə düşən zaman insanlar onu görmüş, heyran olmuş və sevinmişlər və bu günü bayram elan et­mişlər» (5, 226).

Görünən budur ki, Novruz bayramının Azərbaycan mədəniyyətinin məhsulu olduğunu qəbul edən Y.V.Çəmənzəminli həmin bayramın Cəm­şid şahla əlaqələndirilməsini qəbul etmir və göstərir ki, Cəmşid şah və onun mənsub olduğu Pişdadilər sülaləsi tarixi şəxsiyyət və sülalə deyildir. Bu, doğrudan da, belədir. Belə ki, Cəmşid şah «Dünya xalqlarının mif­lə­ri» en­siklopediyasında da İran mifologiyası və eposunda pişdadilər süla­ləsindən olan əfsanəvi-mifoloji obraz kimi təqdim olunur. İ.Braginski yazır ki, «Aves­ta»da Cəmşidin adı Yima kimi keçir. Onun yeddi yüzillik ha­ki­miy­yəti «Şahnamə»də «qızıl əsr» kimi təsvir olunur. Cəmşid insan­la­ra heyvan dərisindən olan paltar əvəzinə, parçadan olan paltar geyməyi öyrədir, döv­lətçilik və insanların təbəqələrə bölünməsi ənənələrini yaradır (6, 372).

XI əsr fars-tacik şairi, riyaziyyatçı, astronom, filosof Ömər Xəy­ya­mın «Novruznamə» əsərində Cəmşid haqqında verilmiş məlumatlar da onun əf­sanəvi-mifoloji obraz olduğunu göstərir: «Cəmşid iblisi özünə tabe edir və bina və zərxara inşa etməyi əmr edir. Ondan əvvəl zərxaranı “iblis to­xunu­şu” adlandırırmışlar. Lakin insanlar tədriclə indi gördüyümüz və­ziy­yətə gə­lib çatırlar. Daha sonra Cəmşid uzunqulaqla atı cütləşdirmiş, qa­tır əldə et­mişdir. O, qiymətli daşların surətlərini əldə etmiş, bütün silah və bər-bə­zək növlərini düzəltmişdir. O, mədənlərdən qızıl, gümüş, mis, qa­lay, qurğuşun əldə etmişdir: tac, taxt-tac, bilərzik, boyunbağı və üzüklər dü­zəltmişdir. O, müşk, ənbər, kamfara, zəfaran, aloya və digər ətirli mad­dələr əldə etmişdir. O, bizim qeyd etdiyimiz bayram gününə Novruz adını verdi və insanlara hər il yeni fərvərdinin hadisəsinin qeyd etməyi, bunu dönüm (Günəş) baş verməyənədək yeni gün (il) hesab etməyi əmr etdi» (7, 190-191).

Cəmşid şah haqqında Ömər Xəyyamın verdiyi bu məlumatı təhlil edən R.Allahverdiyev də yazır ki, buradakı Cəmşid obrazı heç də tarixi şəxs kimi özünü təqdim etməyir. Burada bu obraz daha çox əfsanələşmiş, yaxud başqa cür desək, mifləşdirilmiş şəxs kimi nəzərə çarpır. Onun icra etdiyi funksiyalar da, əslində, mədəni qəhrəmanın (demurqun) yerinə ye­tir­diyi funksiyalarla eyniyyət təşkil edir. Cəmşid obrazı bir sıra şərq xalq­larında olduğu kimi, farsların da ilkin mədəni qəhrəmanıdır. Şərq xalq­larının belə bir mühüm hadisəni öz demurqi ilə bağlaması tam mifoloji təfəkkürün daxili məntiqi qanunauyğunluğuna cavab verir (4, 76).

Beləliklə, verilmiş bu məlumatlar Cəmşidin bir mifoloji obraz oldu­ğu­nu, onunla bağlı ənənələrin, o cümlədən Novruz ənənəsinin əfsanəvi ta­rix olmasını göstərir. Lakin bu əfsanəvilikdə diqqətçəkici məsələ həmin əfsanəvi, mifoloji tarixin məhz Azərbaycanla bağlanmasıdır. Bunu təsadüf saymırıq. Çünki digər mifoloji ənənələr də məhz Azərbaycana işarə edir. Biz Cəmşidin taxta çıxmaq – tac qoymaq niyyəti ilə Azərbaycana gəlməsi ilə «Oğuznamə» dastanında Oğuz Kağanın Azərbacana gəlməsi arasında da bir bağlılıq, oxşarlıq, əlaqə görürük.

XIV əsr müsəlman tarixçisi Fəzlullah Rəşidəddinin Oğuz Kağanın dün­ya ölkələrini fəth etməsindən bəhs edən «Oğuznamə» əsərinin «Oğu­zun Arran və Muğan tərəfə hərəkəti» hissəsində deyilir ki, Oğuz Şirvan tərəfindən qalxıb Arran və Muğana gəldiyi zaman yay mövsümü idi. Hava son dərəcə isti və bu istidən orada qalmaq mümkün olmadığından məs­lə­hət­ləşərək yaylaq olan dağlara tərəf getdilər. Qış gələndə təkrar enərək bu vilayətləri alar və yağma edərik, dedilər. Yay aylarında bu vilayətlərin bü­tün yaylaqlarını və Sabalan dağlarına, Alataq və Ağdıböri dağlarına qə­dər yerlərini tamam işğal etdilər [Rəvayətlərə görə, Alataq adını onlar qoy­muşdular və Sabalan adını da onlar vermişdilər. Türkcə «ortaya çıxıb dik duran nəsnəyə sabalan deyirlər]. Yaylaqda qaldıqları zaman bu tərəf­lərdə olan bütün ölkələri ələ keçirib zəbt etdilər. Azərbaycan vilayətini də aldı­lar. Özünün xas atlarını otlaqları çox geniş və gözəl olan Ucan səh­ra­sı­nın otlaqlarında bəslədi. Orada olduğu vaxt bir gün hər kəsin toplanıb, bir ətək torpaq gətirərək burada bir təpə düzəltmələrini əmr etdi. Öncə özü bir ətək torpaq gətirib tökdü. Şəxsən özü torpaq tökdüyü üçün bütün əsgərlər də bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə oldu. Bu təpənin adına Azərbaycan dedilər. [«Azər» türkcə «yüksək» deməkdir, «baycan» da «zən­ginlərin, uluların» yeri anlamındadır. Bu ölkə bu şəkildə məşhur oldu. Bu gün də Azərbaycan demələrinin səbəbi budur] (8, 31).

Burada Oğuz Kağan haqqında rəvayətlə Cəmşid haqqındakı rəvayət arasında düşündürücü oxşarlıqlar var. Hər ikisi dünyanı gəzir, hər ikisi Azərbaycana gəlir və hər ikisi burada dövlətçiliklə bağlı mərasim icra edir. Cəmşid burada taxta çıxır, taxta çıxdığı gün Novruz adlanır. Maraq­lı­dır ki, «Oğuznamə»də Cəmşidin taxta çıxmaq – tac qoymaq üçün gəldiyi Azərbaycanın əsasını Oğuz Kağan qoyur. O, burada mənası məlum olma­yan bir mərasim icra edir, tökmə təpə düzəldir. Belə tökmə təpələrin kur­qan adlandığı məlumdur və kurqanlar türk dünyasının hər yerində türklərə məxsus abidələrdir. Lakin burada düşündürücü məqam Oğuzun bu tökmə təpəni nə səbəbdən ucaltması və ona Azərbaycan adını verməsidir. Oğuz kağanın həmin təpədə hansı mərasimi icra etməsi barədə «Oğuznamə» das­tanında heç nə deyilmir. Azərbaycana tac qoyma mərasimi üçün gələn Cəmşid məhz uca bir təpədə taxt qurdurur və mərasimi burada icra etdirir. O, mərasimi sanki Oğuzun ucaltdığı və Azərbaycan adını verdiyi təpədə həyata keçirir. Bu cəhətlərinə görə hər iki rəvayət bir-biri ilə bağlanır. Hər iki mərasim Azərbaycanda icra olunur. Oğuz burada təpə ucaltdırır və adını Azərbaycan qoyur. Cəmşid isə Azərbaycandakı uca bir təpədə tac­qoy­ma mərasimini həyata keçirtdirir. Burada əsas olan cəhətlərdən biri bu­dur ki, istər Cəmşidin, istərsə də Oğuzun icra etdirdiyi mərasimlə «Yeni gün» – Novruz başlanır. «Novruz» sözünün mənası hərfi mənada «yeni gün» deməkdir. Cəmşidin taxta çıxması ilə Novruz – Yeni gün adlanan bay­ramın əsası qoyulur. Oğuzun ucatdığı təpə ilə də bu vilayətin yeni adı – Azərbaycan adı qoyulur. Yeni adın qoyulması isə elə yeni həyatın, yeni zamanın, yeni günün – Novruzun başlanması deməkdir.

Bütün bu oxşarlıqları nəzərə alaraq güman etmək olar ki, Oğuzun tik­dirdiyi uca təpə onun hakimiyyətinin rəmzidir. Təpəninin tikilməsi ilə o, sanki Cəmşid kimi öz hakimiyyətini təsdiq edir, təzələyir. M.Eliadenin bir qədər əvvəl nümunə verdiyimiz fikrindən məlum olduğu kimi, şahlar hər yeni ildə öz hakimiyyətlərini və dünyanı təzələyirdilər (3, 67). Oğuz da bu təpəni tikməklə öz hakimiyyətini təzələyir. Yəni o, «Oğuznamə» dastanında bilavasitə təsvir olunmasa da, elə Cəmşid şah kimi sanki tac­qoyma mərasimini həyata keçirir. Cəmşidin tacqoyma mərasimi «Yeni gün» – «Novruz» olduğu kimi, Oğuzun da öz hakimiyyətinin təzələn­məsi­nin rəmzi olan təpə tikdirməsi Yeni gün – Novruzdur.

Əlavə etmək olar ki, Oğuz və Cəmşid haqqındakı bu rəvayətlərlə «Ər­gənəqon» əfsanəsi arasında da bağlılıq görünür. Əfsanədə deyilir ki, göytürklər tatarlarla müharibədə məğlub oldular. Hamısı qırıldı, yalnız El­xa­nın övladlarından Qıyan və Nogüz sağ qaldı. Müharibədən on gün son­ra gecə uşaqlarını alıb at belində qaçdılar. Savaşdan qabaq ordugah qur­duqları yerə gəldilər. Burada dəvə, at, öküz və qoyunları qalmışdı. Onları da götürdülər. Biri o birinə dedi: «Əgər burada qalsaq, düşmənlər bir gün bizi tapacaqlar. Başqa boylara da getmək olmaz, hər tərəf düş­mən­dir. Ən yax­şısı əldən-ayaqdan uzaq bir yerə qaçmaqdır». Bunlar belə deyib sürülərini qabaqlarına qataraq dağlara üz tutdular. Yolda bir dişi keyik (maral) gördülər. Dalınca getdilər. Keyik dağların üstündən düz bir yerə keçdi. Hər yeri yaxşıca yoxlayıb gördülər ki, gəldikləri yoldan başqa bir yol yoxdur. Bir az da getdilər. Geniş çəmənlik bir ölkə gördülər. Bu­ra­da axar sular, bulaqlar, meyvə ağacları, heyvanlar var idi. Sevindilər, burada məs­kən sal­dılar. Qışda heyvanların ətini yeyir, dərisini geyinir, yazda sü­dü­nü içirdilər. Burada 400 il qaldılar, o qədər artıb çoxaldılar ki, daha oraya sığmadılar. Baş­buğlar məşvərət elədilər, qərara aldılar ki, buradan çıxsınlar. Yol axtar­dılar, tapmadılar. Dəmirçi Burteçine dedi ki, dağı əri­də­­rək çıxmaq lazımdır. Sonra öyrəndilər ki, buraya gəlmiş bir qurdu qo­var­­kən dəmir, kömür yatağı tapılıb. Qurd isə yatağın yanındakı balaca de­şikdən qaçıb. Hamıya vergi qoyuldu: hər kəs bir sıra odun, bir sıra kömür daşıyıb oraya yığdı. Od vur­dular. Dağ əridi, yüklü dəvənin keçə biləcəyi qədər yer (oyuq) açıldı. Mar­tın 9-u günü Ərgənəqondan çıxdılar. Bur­te­çi­ne əlinə qurd başlı bir bayraq aldı. Tatarlarla yenə savaşdılar, bu dəfə zə­fər çalıb qisaslarını aldılar. Ə r k ə n – sarp, çılpaq, sərt, yalçın, k o n – ke­çid deməkdir (9, 44-45).

Rəvayətdən görünür ki, göytürklərin martın 9-da icra etdikləri bay­ram milli qurtuluş, yenidən doğuluş, yenidən yaranma, təzələnmə, yeni gün bayramıdır. Yəni martın 9-u göytürklərin Novruz – Yeni gün bayra­mı­dır və onlar bu bayramı hər il qeyd edirdilər. «Ərgənəqon» rəvayəti ilə Oğuz və Cəmşid haqqındakı rəvayətləri birləşdirən cəhətlər bunlardır:

1. Cəmşidin Azərbaycanda bir uca təpədə taxta çıxması həm də Yeni gün – Novruz bayramıdır.

2. Oğuz Azərbaycanda öz hakimiyyətinin rəmzi olan bir uca təpə tikdirir. Bu təpənin adını Azərbaycan qoyan Oğuz həm də bu vilayətin Azərbaycan adı ilə başlanan Yeni gününün başlanğıcını qoyur.

3. Oğuz və Cəmşidlə bağlı rəvayətlərdə təpə hakimiyyətlə, dövlətçi­lik ənənəsi ilə bağlıdır. Çox güman ki, «Oğuznamə» dastanında deyilməsə də, Oğuz da öz hakimiyyətinin rəmzi olan həmin təpədə taxtaoturma mə­rasi­mini icra etdirir. Çünki o, təpəyə yeni ad verir. Yeni ad vermək yeni həya­tın, yeni dövrün, yeni zamanın, yeni günün (Novruzun) başlanması deməkdir.

4. Arxaik-mifoloji ənənədə tacqoyma yeni illə bağlıdır. Cəmşid yeni ildə – Novruzda tac qoyur. Oğuz hakimiyyət, taxt-tac simvolu olan təpəni tikdirməklə yeni zamanın – Novruzun əsasını qoyur. «Ərgənəqon» əfsanə­sin­də də yeni həyata, yeni günə, yeni zamana, yeni hakimiyyətə qədəm qo­yan türklər onu bayram kimi qeyd edirlər.

Beləliklə, deyilən səbəblərdən Cəmşid şah, Oğuz kağan və «Ərgə­nə­qon» haqqında hakimiyyətin, dövlətçiliyin və ilin yenilənməsi motivləri əsasında vahid məna sırasında birləşə bilir.

Düzdür, bütün bu rəvayətlər özündə mifoloji-əfsanəvi səciyyəli mə­lu­matları əks etdirir. Ancaq bu zaman unutmaq olmaz ki, Novruzun ən qə­dim tarixi də məhz miflərə, mifoloji əfsanələrə gedib çıxır. Digər tərəfdən, müqayisə etdiyimiz rəvayətlər arasında əlaqənin, bağlılığın olub-olma­ma­sından asılı olmayaraq, onlarda fars dilindəki mənası «Yeni gün» demək olan «Novruz»un milli qurtuluş, milli yaranış, milli dövlətçilik, milli haki­miyyət ənənələri ilə bağlı olması şübhəsizdir. Tarixi qanaqların verdiyi bilgilərə görə, Novruz bayramı özünün dövlətçilik ənənəsi ilə bağlılığını qədim dövrlərdən orta əsrlərə doğru daha da gücləndirmişdir.

Məsələn, Y.V.Çəmənzəminli Novruz bayramının qədim dövrdə döv­lət idarəçilik ənənələri ilə necə bağlı olması haqqında yazır ki, qədim za­man­lar «Novruz» gününə kimi adətlər icra olunduğunu Nizamül-mülkün «Siyasətnamə»sindən öyrənirik. Bayrama bir neçə gün qalmış carçılar ba­zarlarda car çəkərmişlər və sarayın ümumi açıq olduğunu elan edərmişlər. Xalq toplanarmış və hər kəsin padşahdan nə şikayəti varmış, elan edərmiş. Sonra padşah taxtından enib möbidi-möbidanın qarşısında dizi üstə çökər­miş və deyərmiş: «Mənim şəxsiyyətimə əhəmiyyət verməyərək, bitərəfanə bu mənə qarşı elədiyi şikayətə bax və hökm ver». Carçının təkrar carına istinadən şikayətçilər xalqdan aralanıb bir tərəfə yığılarmış və məhkəmə qurularmış. Nəticədə «möbidi-möbidan» iki tərəfin də təqsirini bitərəfanə meydana qoyarmış. Bunu padşahlar məmləkət adamlarına örnək olmaq üçün edərmişlər və hər kəsi haqq və ədalət tərəfinə dəvət edərmişlər. Ni­za­mül-mülkün şəhadətinə görə, bu adət Ərdəşirdən Yezdgirdə qədər da­vam etmişdir (2, 85).

Burada Novruz bayramının dövlətçiliklə bağlı mühüm bir cəhəti üzə çıxır. Bütün il boyu hakimlik edən, insanlara hökm edən, onları mühakimə edən sasani şahları Novruz bayramında özləri hökm edilənə, məhkuma, mü­hakimə olunana çevrilirmiş. Yəni Novruzda xalqın hakimiyyəti qu­ru­lurmuş və bütün bunların əsasında haqq, ədalət dururmuş. Görünən bu­dur ki, Novruz bayramı hökmdarla rəiyyət, dövlətlə xalq, idarə edən­lərlə idarə olunanlar arasında barış, harmoniya, sabitlik yaradan bayram olmuşdur.

Novruz bayramı orta əsrlər Azərbaycan dövlətçilik ənənəsində də mü­hüm yer tutmuşdur. Bu sahədə XI əsr səlcuqlu hökmdarı Məlik şahın (1052-1092) fəalliyyəti diqqətçəkicidir.

«Azərbaycan tarixi»ndə Məlik şah haqqında göstərilir ki, Alp Ars­lan­dan sonra Səlcuq taxtı onun oğlu Məlik şahın (1072-1092) əlinə keçdi. Onun dövründə Oğuz imperiyasının hərbi-siyasi qüdrəti ən yüksək zir­və­yə çatdı. Yeni sultan öz atasının başladığı yürüşləri müvəffəqiyyətlə başa çat­dırıb, onun uğurlarını möhkəmlətdi (10, 355). Lakin bu hökmdarın ta­rix­dəki yeri onun təkcə hərbi-siyasi fəaliyyəti ilə yox, eyni zamanda mədəni fəaliyyəti ilə müəyyənləşir.

Elm və mədəniyyətin inkişafına xüsusi diqqət yetirmiş, istedadlı alim­ləri və sənət adamlarını himayə etmiş Məlik şah tarixdə həm də Nov­ruz bayramı gününün astronomik təyinatını müəyyənləşdirmək üçün şair və astronom Ömər Xəyyama verdiyi göstərişlə məşhurdur. Onun yaratdığı imkan və şərait əsasında Ömər Xəyyam beş il Səmərqənd rəsədxanasında ulduzları müşahidə edərək çalışdıqdan sonra 1074-cü ildə məşhur astro­no­mik təqvimini hazırlamışdır. Məlik şahın şərəfinə Ömər Xəyyam bu təq­vimi «Məlik şah cədvəli», «Sultan təqvimi», «Təqvimi-cəlaliyyə» adları ilə qeyd etmişdir. Məlik şah İranda təqvim islahatı aparmaq məqsədi ilə öz hakimiyyətinin üçüncü ilində Ömər Xəyyamı saraya çağırmış, onun rəhbərliyi altında alimlər heyəti yaratmış və heyətin qarşısında belə bir tələb qoymuşdur: Təqvim elə hazırlanmalıdır ki, ilin başlanğıc günü yar bəra­bərliyi günü ilə, yəni Novruz bayramı ilə üst-üstə düşsün (11, 130).

Maraqlıdır ki, Novruz bayramı milli dövlətçilik ənənəsində o dərə­cə­də mühüm yer tutmuşdur ki, orta əsrlərdə Azərbaycanda, İranda olmuş Av­ropa səyyahlarının xatirələrində – səyahətnamələrində də əks olun­muş­dur. Məsələn, alman alimi Adam Oleari XVII əsrin birinci yarısında Səfə­vi­lər dövlətinin tərkibində olan Şamaxıda Novruz bayramında iştirak et­miş və xalqın, dövlət adamlarının bu bayramı nə qədər böyük coşqu ilə ke­­çir­diyinin şahidi olmuşdur. O yazır ki, bayram münasibəti ilə bizim bəzi­lərimiz təbrik üçün xanın, kələntərin və digər cənabların yanına yol­landıq və onların böyük ziyafət məclislərində iştirak etmək üçün dəvət olun­duq (12, 549).

Adam Olearinin xatirələri Novruz bayramının dövlətin rəhbərliyi və bilavasitə iştirakı ilə keçirildiyini təsdiq edir. O göstərir ki, astroloq tez-tez stolun arxasına keçir, öz üstürlabı ilə Günəşi müşahidə edir, saata ba­xır, beləliklə, Günəşin gecə ilə gündüzün bərabərləşəcəyi məqama çata­cağı anı gözləyirdi. Elə ki, arzu olunan dəqiqə çatdı, o bunu bərkdən elan etdi. Dərhal hərbi toplardan yaylım atəşi açıldı, şəhərin qala divarları və bürclərin hər yerində gərənay səsləndi, təbillər çalındı və beləliklə böyük şənlik başlandı (12, 549).

Novruz bayramının səfəvilər zamanında rəsmi şəkildə qeyd olunması ilə bağlı başqa bir məlumat 1623-1624-cü illərdə Səfəvi dövlətində səya­hət­də olmuş rus taciri F.Kotov tərəfindən verilmişdir. O göstərir ki, mart ayın­da keçirilən Novruz bayramı çox şən qeyd edilir. Bütün gecə çalıb-oxu­yurlar. Bazar-dükan rənglənib ağardılır və güllərlə bəzədilir. Hər yer­də çıraq yandırılır. Meydançalarda səhnələr yaradılır. Qırmızı yumurtalar dö­yüşdürülür, evlərdə təmizlik işləri aparılır, xalçalar yuylur və s. (13, 84-85).

Başqa bir maraqlı məlumatı 1673-cü ildə mart ayının 21-də Səfəvi döv­lətinin qonağı olmuş fransız taciri Jan Batist Şardənin «Parisdən İsfa­hana səyahət» əsərindən əldə edirik. O göstərir ki, gün çıxandan qırx yed­di dəqiqə sonra qala qarnizonu və artilleriyası yeni il və bayram məqsədilə üç dəfə yaylım atəşi açdı, yeni ilin gəlməsini gecə və ya gündüz olma­sın­dan asılı olmayaraq, günəş qoç bürcünə daxil olan anda elan edirlər» (14, 45).

Fransız tacirinin verdiyi başqa bir məlumat Novruz bayramının döv­lətin və xalqın həyatında hansı bir yeri tutmasını ətraflı şəkildə təsvir edir: «Bayram səkkiz gün davam edirdi. Birinci gün şah xalqın xeyir-duasını qəbul edirdi. Ikinci gün alimlərlə, xüsusilə astronomlarla, üçüncü gün ka­hin­lərə, dördüncü gün məhkəmə idarəsi qulluqçularına – magistratlara, be­şin­ci gün əyalət hakimlərinə, altıncı gün özünün valideynlərinə, sonrakı gün ərzində isə arvadlarının valideynlərinə, öz uşaqlarına xeyir-dua verib, onların yeni ilini təbrik edirdi» (14, 46).

Gətirilən bu nümunələrdən başqa qeyd etmək olar ki, orta əsr mən­bə­lə­rində Novruz bayramı ilə bağlı məlumatlar çoxdur. R.Allahverdiyevin yazdığı kimi, dərin tarixi köklərə malik olan Novruz bayramı orta əsr ya­zılı mənbələrində geniş şəkildə əksini tapır. Bu mənbələrin hamısı, əs­lin­də, bayramın fundamental, dərin ritual-mifoloji kökləri olan və minil­lik­lər­lə formalaşan arxaik bir ritual olduğunu bilavasitə təsdiqləmiş olur (4, 82).

Müəllifin bu fikrinə onu da əlavə etmək istərdik ki, orta əsr yazılı mən­­bələri Novruz bayramının həm də milli dövlətçilik ənənələri ilə bağlı olduğunu bilavasitə təsdiqləyir.

Novruz bayramı XX əsrə qədər Azərbaycanda böyük coşqu ilə qeyd edil­mişdir. Hətta Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində ol­duğu XVIII-XIX yüzilliklərdə çar hakimiyyəti bayramı rəsmi dövlət sə­viy­yəsində qeyd etməsə də, onun xalq tərəfindən keçirilməsinə heç bir ma­­ne­çilik törətməmişdir. Məsələn, məşhur Azərbaycan aktyoru Hüseyn­qu­lu Sarabskinin «Köhnə Bakı» adlanan əsərində çar dönəmində Bakı şəhərində Novruz bayramının necə böyük coşqu ilə keçirilməsindən ətraflı bəhs olunur. Müəllif qeyd edir ki, Novruz bayramı Bakıda Qurban və Oruc­­luq bayramlarından dəfələrlə artıq bir təntənə ilə keçirilərdi (15, 127).

XX əsrin əvvəllərində rus imperiyasında baş verən dalbadal inqi­lab­lar nəticəsində çar höküməti çökür və Şimali Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulur. Bu, milli dövlət, Şərqdə ilk demo­kra­tik respublika idi. Parlamentli respublika olan AXC milli ənənələrin qo­run­masına və yaşadılmasına böyük əhəmiyyət verir, bunu milli ideo­lo­gi­ya­nın əsası, milli dövlətin yaşamasının, mövcudluğunun əsas qaynağı he­sab edirdi. AXC höküməti Novruz bayramına da milli bayram kimi böyük əhəmiyyət vermişdir. Bunu AXC dövründə Novruz bayramının yüksək sə­viy­yədə keçirilməsini təmin edən hüquqi sənəd də sübut edir.

«Novruz bayramı münasibətilə hökumət məmurlarına müavinəti-nəq­diyyə verilməsi haqqında qanun» adlanan bu sənəd AXC parlamenti tərəfindən 1919-cu ilin martın 19-da qəbul edilmişdir. AXC höküməti Nov­­ruz bayamının keçirilməsinə xüsusi önəm verərək, bu məqsədlə 1919-cu il fevralın 18-də bayram münasibətilə müavinət verilməsi barədə Parla­men­tə qanun layihəsi təqdim etmişdir. Qanun layihəsi Parlamentin 17 mart tarixli iclasında müzakirə olunmuş, müzakirədə Əhməd bəy Pepinov, Ağa Aşurov, Xudadat bəy Məlik-Aslanov, Məhəmməd Əmin Rəsulzadə və Mustafa Vəkilov çıxış etmişlər. Layihə səs çoxluğu ilə qəbul olun­muş­dur. Qanuna əsasən hökumət məmurları əmək haqqına görə üç kate­qori­ya­ya bölünərək, onlara məvaciblərinin 40-70 %-i qədər müavinət verilməsi qərara alınmışdır. Hakimiyyətin 1919-cu il 19 mart tarixli qərarı ilə nazir­lər, onların müavinləri və hökümətin işlər idarələri rəislərinin mart ayı üçün maaşı iki dəfə artırılmışdır (11, 143).

Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il (23 ay) ya­şa­mağa müvəffəq olmuş, 1920-ci ilin aprel ayının 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuşdur. Bəşər tarixinin ən qanlı ideolo­giya­la­rın­dan və bu ideologiyası əsasında qurulmuş dövlətlərindən biri olan sovetlər dövründə Novruza münasibət zaman-zaman fərqli olmuş, daim pisləşən xətlə getmişdir. Çünki Novruz bir milli bayram idi, Azərbaycan xalqını vahid milli ideologiya, o cümlədən milli dövlətçilik fəlsəfəsi ətrafında bir­ləşdirirdi. Çar hökümətini xalqlar həbsxanası adlandıran rus bol­şevik­ləri, əslində, sovet-sosialist ideyaları əsasında rus imperiyasını yeni donda – sovet hakimiyyəti şəklində yenidən bərpa etdilər. Bu zaman Novruz bay­ramı kimi milliliyi yaşadan, dağılmağa qoymayan bayramlar bolşeviklər-rus ideoloqları tərəfindən nifrətlə kənara itələnəmiş, hər cür repressiyalara uğradılmış, o cümlədən qanlı təqiblərə məruz qoyulmuşdur.

Novruz bayramını milli-mənəvi dəyərlərin sovet dövrü repressiyası kontekstində tədqiq etmiş Cəlal Qasımov göstərir ki, Novruz bayramı 1920-ci illərin əvvəllərində dövlət tərəfindən milli bayram kimi qeyd edi­lir­di. Hətta Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan İnqilab Ko­mi­təsi «1921-ci il martın 22-dək yol verilmiş fərariliyə görə əsgərlərə və hərbi qulluqçulara qarşı qaldırılmış işlərin xətm edilməsi haqqında» dek­ret qəbul etmişdi. Həmin dekretdə göstərilirdi ki, müsəlmanların Novruz bayramı ilə əlaqədar olaraq, Azərbaycan İnqilab Komitəsi cari il (1921-ci il nəzərdə tutulur – C.Q) martın 22-dək fərarilik etdiklərinə görə həbs edi­lib cəza çəkmə yerlərində saxlanılan bütün əsgərlərin və hərbi qulluq­çu­ların istintaqı dayandırılsın və onlar təxirə salınmadan azad edilərək öz hər­bi hissələrinə göndərilsin» (16, 14).

«Göründüyü kimi, XX yüzilliyin 20-ci illərinin əvvəllərində bir milli bayram kimi «Novruz» xilaskarlıq missiyası yerinə yetirir, hətta həbsdə olanlar onun sayəsində azadlığa buraxılırdı. Lakin 1920-ci illərin sonun­dan etibarən o, özü tədricən sıxışdırılmağa və yasaqlanmağa başlayır. 30-cu illərdən başlayaraq «Novruz»a qarşı təhdidlər yeni vüsət alır. Yeri gəl­miş­kən qeyd edək ki, Əbrəqunis rayon partiya komitəsinin katibi Murtuz Hüseyn oğlu Süleymanovu həm də ona görə partiya sıralarından azad edib həbs etmişdilər ki, o, 1936-cı ildə «Novruz» bayramında axır çərşənbə gü­nü bütün dini fanatiklər öz doğma övladlarının məzarını ziyarət etdiyi bir vaxtda, məhz axır çərşənbə günü o, mərhum qızının qəbrini təmir etdir­miş­dir. Novruzun yasaqlandığı dövrdə partiya işçisinin belə bir addımının güllələnmə ilə nəticələnəcəyi isə aydındır» (16, 14-15).

Qeyd edək ki, Novruz bayramına qarşı sovet-bolşevik ideoloqlarının bütöv tarixləri boyunca apardığı mübarizə öz bəhrəsini vermədi. Bu bay­ra­mı Azərbaycan xalqının ailə-məişətindən, milli yaddaşından sıxışdırıb at­maq mümkün olmadı. Mirzə İbrahimov yazır ki, iyirminci illərin axır­larında Sovet Azərbaycanında ifrat solçuluq təsirləri nəticəsində Novruz bayramına dini damğa basılmış və o, demək olar ki, rəsmən qadağan olun­muş­du. Buna baxmayaraq, o vaxtdan bu günə kimi xalq onu evlərdə bay­ram etmiş, çərşən­bələri, bayram günlərini, səməni, şəkərbura, paxlava, no­ğul-badam, bəzəkli xonçalar, rənglənmiş-boyanmış yumurtalarla keçir­miş­dir (17, 49).

C.Qasımovun qeyd etdiyi kimi, 1920-ci illərin axırı və 30-cu illərin əvvəllərində min illərlə xalqın yaddaşında kök salmış «Novruz» bayramı da din pərdəsi altında yasaq edilsə də, illər boyu küçə və meydanlarda bö­yük ruh yüksəkliyi ilə keçirilən bu milli bayramı xalq artıq gizli olaraq, qapalı şəraitdə, lokal bir məkanda – evində keçirməyə başladı. Bunu bilən dövlət məmurları evlərdə də bu tədbirin keçirilməsini qadağan etdi. Bütün qadağalara, təqib və təzyiqlərə baxmayaraq, xalq əcdaddan transfer edilən bu bayramın unudulmasına imkan vermədi, onu qoruyub saxlaya bildi. Baş­qa sözlə, nə bolşevik təbliğatı, nə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərimin illərlə gendə köklənmiş «Novruz»u yaddaşlardan bir­dəfəlik silə bilmədi, sadəcə, bu bayramın məkanı daraldı, küçədən, mey­dandan çıxaraq, evlərə, ürəklərə daxil oldu (16, 19-20).

Bəs qanlı repressiya üsulları ilə işləyən, milli düşüncənin ən xırda tə­za­hürlərinə görə insanları divara söykəyib güllələyən sovet-bolşevik ideo­lo­giyasının Novruz bayramı ilə mübarizədə, əslində, məğlub olmasının səbəbi nə idi?

Səbəb Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyər­lə­rinin, o cümlədən milli dövlətçilik düşüncəsinin ən dərin qatları ilə bağlı olması idi. Bunlar elə dərin qatlar, elə dərin köklər idi ki, bolşeviklər heç vaxt o dərinliklərə gedib çıxa bilməzdilər. C.Qasımov elə bu dərinlikləri, məhz bu kökləri göz önünə gətirərək yazır ki, 1930-cu illərin sərt qada­ğa­ları, zorakı sistem «Novruz»un meydan mərasimlərini müvəqqəti zaman kəsiyində sıradan çıxarsa da, bu milli bayramı bütövlükdə yaddaşdan silə bilmədi. Əslində bu, mümkün də deyildi. Novruz bayramı xalqın qan-gen yaddaşı ilə bağlıdır. Bu bayram tarixən türk etnosunun təşəkkül və forma­laş­ma prosesinin zəruri ünsürü, əsas tərkib materiallarından biri olduğu üçün bir xalq olaraq ümumtürk-oğuz kütləsindən diferensiasiya edən Azər­baycan xalqınının etnopsixoloji yaddaşının üzvi elementidir. Başqa söz­lə, Novruz qədim Azərbaycan türkünün yaddaşına kənardan gətirilmə­miş, etnosun fiziki-psixoloji təcrübəsinin içindən inkişaf edərək mentalitet sisteminin zəruri, ayrılmaz struktur səviyyəsinə çevrilmişdir. Bu cəhətdən bolveşik ideoloqları nəyi unudur, yaxud nəyi bilmirdilər:

– Novruz, sadəcə olaraq, bir bayram yox, Azərbacan xalqının ritual-mifoloji yaddaşınının funksional formulu, mifik-kosmoloji düşüncə ilə ya­şa­yan türk etnosunun gerçəkliyə münasibətinin etnopsixoloji mexaniz­mi­dir...

– Novruz bayramı əski türkün məkan-zaman haqqında bütün görüş­lə­rinin yaddaş modeli və bu modelin funksional sistemidir...

– Yaddaş hərəkətə gəlməklə etnosu yaşadır: etnos yaddaş formulları əsa­sın­da funksionallaşır – mövcudluğunu qoruyur və inkişaf etdirir...

– Etnosun fiziki-mənəvi təcrübəsinin bütün aksioloji dəyərləri ilkin kökdən başlayıb, bütün dövrlər (siyasi, ideoloji, dini epoxalar) boyunca Nov­ruza konsentrasiya olunmaqla onu akkumulyasiya mənbəyinə – et­noe­ner­getik sistemə çevirir...

– Vaxtaşırı (ritmik olaraq) Novruz bayramını keçirən etnos qapalı-döv­rəvi ritmlə ondan keçməklə hər dəfə özünü etnoenergetik arxetiplərlə təchiz edir... (16, 20-21).

1953-cü ildə sovet qanlı ölüm aparatının başçısı İ.V.Stalinin vəfat etməsi, Sovet İttifaqı Kommunist Partiyasının yeni katibi N.Xruşşovun Sta­linin SSRİ-də yaratdığı şəxsiyyətə pərəstiş və qanlı repressiya siya­sə­ti­ni dayandırması ölkənin siyasi həyatında müəyyən yumşalmalara səbəb oldu. Bu proses yasaq olunmuş xalq adət-ənənələrinin müəyyən şəkildə bər­pasına, o cümlədən xalq tərəfindən, əslində, heç bir zaman unu­dul­ma­yan Novruz bayramının da rəsmi şəkildə bərpasına, müvəqqəti də olsa, öz təsirini göstərdi. Bu işdə görkəmli partiya və dövlət katibi, yazıçı-dra­maturq, ictimai xadim Şıxəli Qurbanovun (1925-1967) böyük rolu oldu.

«Şıxəli Qurbanov Azərbaycan KP MK-nın katibi olarkən (1966-1967) onu düşündürən ən vacib məsələlərdən biri və ən başlıcası unudul­muş, yaxud sovet rejiminin yasaq etdiyi adət-ənənələrimiz, mərasim-bay­ram­larımız olmuşdur. Rejimin hegemonluğuna, milli şüurun kütləş­diril­məsi siyasətinə baymayaraq, Ş.Qurbanov 1967-ci ildə Novruz bayramının ümumxalq bayramı olmaqla dövlət səviyyəsində qeyd edilməsi təşəbbüsü ilə çıxış edir və öz ideyasını həyata keçirmək yolunda hər cür çətinliklərə qarşı mübarizədən geri çəkilmir. Düşünülmüş şəkildə tərtib olunmuş Nov­ruz bayramı şənlikləri Azərbaycanın bütün bölgələrində, xüsusən Bakı şəhərində ümumxalq şənliyi səviyyəsinə qaldırıldı. Möhtəşəm Qız qala­sının ətrafı Novruz bayramının qeydolunma mərkəzinə çevrildi. Axın-axın insanların toplaşdığı Qız qalası qarşısında xalq oyun-tamaşaları böyük rəğ­bət hissi ilə qarşılandı. Həmin ilin (1967) Novruz bayramına Azər­baycan mətbuatı da xüsusi səhifələr ayırdı. O vaxt yeganə olan Azər­baycan Dövlət Televiziyası və Radiosu verilişlərini bilavasitə Novruz bay­ramına həsr etdi. Vertolyotlardan «Yaz – Novruz bayramınız müba­rək!» yazılmış vərəqələr Bakının küçə-meydanlarına səpələndi. Ağ paltar­lı Bahar qızı keçdiyi yerlərdə hamı tərəfindən gül-çiçəklə qarşılandı. Də­niz­kənarı bulvarda, şəhər meydanlarında bayram yarmarkaları təşkil olun­du. Bakı şəhəri əhalisi Şıx çimərliyində Novruz bayramı – ağacəkmə bay­ra­mı iməcliyi keçirdi. Azərbaycana – Şıxəli Qurbanovun adına Novruz bay­ramını belə təntənəli keçirilməsi münasibəti ilə Özbəkistandan, Qırğı­zıs­tandan, hətta uzaq İraqdan təbrik teleqramları gəlirdi… Təbii olaraq, son­­rakı illərdə sovet rejimi Novruz bayramının, eləcə də digər xalq ayin, mərasimlərinin qarşısına öz keçilməz sipərini çəkdi. Bununla belə, Şıxəli Qurbanovun təşəbbüsü, milli cəsarəti ilə 1967-ci ildə böyük təntənə ilə qeyd olunmuş Novruz bayramı ürəklərdə kövrək iz qoydu» (11, 128).

1967-ci ildə Azərbaycanda keçirilmiş Novruz bayramı sovet rəh­bər­lə­rini, rus-kommunist ideoloqlarını və türkün qanlı düşməni erməniləri qorxuya saldı. Çünki rəsmi sovet bayramlarından fərqli olaraq, Novruz bay­ramı insanların düşüncəsində milli birlik, milli dövlətçilik, milli kimlik haqqında ideyaları oyadır və coşdururdu. Azad Nəbiyev yazır ki, 1967-ci ildə Novruz bayramının «bahar bayramı» adı altında təntənəli şəkildə qeyd olunması o vaxt SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri işləyən A.Mi­koyanın və onun əlaltılarının böyük qəzəbinə səbəb oldu. Erməni se­pa­ratçılarının liderləri Levon Şaumyan, Mariyetta Şaginyan, Sero Xan­zad­yan və onlarla başqalarının imzası ilə Kremlə məktublar axını başladı. Bu məktublarda Sovet rəhbərlərinə Azərbaycanda dini bayramın bərpa edil­məsi və bu ad altında geniş antisovet kompaniya aparılması barədə böh­tan­lar başlıca yer tutur, Azərbaycan rəhbərliyinin cəzalandırılması tələb edilirdi. Doğrudur, bayramın qadağası ilə bağlı Moskva rəsmi sənəd im­za­lamadı. Ancaq Novruzun adının çəkilməsi yenidən yasaqlandı, bu barədə təbliğat və tədqiqat işləri üzərinə yenidən ciddi senzura nəzarəti qoyuldu. Azərbaycanda Novruzun bayram ediliməsi yenidən qapandı (18, 75-76).

Təbii ki, nə Azərbaycan xalqı, nə onun milli ziyalıları, nə də partiya-dövlət orqanlarında çalışan milli düşüncəli kommunistlər öz milli bayra­mını unutmadı. Novruz bayramının üzərindən ideoloji yasağın götürül­mə­si­nə cəhdlər davam etdi. Keçmiş SSRİ-də 80-ci illərin ortalarından «Yeni­dən­qurma və aşkarlıq» şüarı altında iqtisadi və mənəvi baxımdan aşın­maqda, çökməkdə olan sovet-rus imperiyasının xilas edilməsi proses­lə­rinin başlanması ölkədə müəyyən qədər nəfəs genişliyi yaratdı. Bundan is­ti­fadə edən Azərbaycan kommunistləri Novruz bayramının bərpasını rəs­miləşdirdilər. Mirzə İbrahimov yazır ki, Azərbaycan Kommunist Partiya­sı­nın 1988-ci ilin noyabr ayında bu bayram üzərindən qadağan damğasını silib atmasını xalq böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladı» (17, 49).

Azad Nəbiyev yazır: «Ancaq bu qərar kağız üzərində qaldı. Novru­zun yenə ümumxalq bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi baş tutmadı. Bir toplu nəşr edilməklə, bir neçə məqalə yazılmaqla iş bitmiş hes­ab edildi. 1990-cı ildəki Qanlı Yanvar hadisələri zamanı hökümət «ma­təm günlərində bayram keçirmək olmaz» deyərək Novruzun üzərinə yeni yasaqlar qoydu. Ancaq mart günlərində akademik Fuad Qasımzadə Dövlət Televiziyasında: «Xalqı yasda saxlamaq olmaz, Novruz xalqı daha sıx birləşdirir», – deyə bayram nəşrləri üzərinə qoyulmuş qadağaları ləğv etməyə çağırdı, ilk dəfə olaraq televiziya efirində «İlaxır çərşənbələr» barə­də silsilə verilişlərdə çıxış edib, xalqı öz milli dəyərlərini qoruyub saxlamağa çağırdı» (18, 76).

Beləliklə, Şimali Azərbaycanın öz müstəqilliyinə qovuşması ilə Nov­ruz bayramı da milli əsarətdən xilas oldu. Əslində, Novruz milli müstə­qilliyin bayramına çevrildi və bu işdə görkəmli dövlət xadimi, milli öndər Heydər Əliyevin çox böyük rolu oldu.

Novruz bayramının milli-mənəvi dəyər kimi xalqımızın həyatında yerini çox gözəl bilən Heydər Əliyev ümumiyyətlə milli-mənəvi dəyərlərə böyük əhəmiyyət verirdi. «O dəfələrlə qeyd etmişdir ki, xalq öz mədəniy­yə­tinə, milli mənəvi dəyərlərinə görə tanınır: «Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Bizim milli-mənəvi də­yər­lərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqqiqi millət, hə­qi­qi xalq qola bilməz» (11, 71).

Bəkir Nəbiyev yazır ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyevin tarixi sərəncamından sonra Novruz ölkədə ümummilli bayram kimi dövlət səviyyəsində qeyd edilməyə başla­dı. Bu isə bayramın nüfuz çevrəsini daha da genişləndirdi, özünəqayıdışı gücləndirdi, xalqımızın milli birliyinin möhkəmlənməsinə, vətən, torpaq, sülh və dostluq uğrunda səfərbər olmasına öz dəyərli töhfəsini verdi. Bü­tün bunlar isə bayramın beynəlxalq aləmdə şöhrətlənməsinə və dünya xalqları içərisində sürətlə yayılmasına öz müsbət təsirini göstərdi (19, 11).

«Ulu öndərimiz Heydər Əliyevin hər il Bakıda İçərişəhərin qoşa qa­pı­sı qarşısında, küçə və meydanlarda keçirilən Novruz şənliklərində işti­rak etməsi, şənliyə gələnlərdən hər biri ilə səmimi görüşməsi əlamətdar ha­di­səyə çevrilirdi. Öz çıxışlarında o, Novruz bayramının müstəqil və su­veren Azərbaycan dövlətinin rəsmi bayramları sırasına daxil olduğunu, doğ­ma xalqımızın ən qədim mərasimlərini, adət-ənənələrini özündə yaşa­dan bu bayramın milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevril­diyini yük­sək qiymətləndirirdi» (11, 71).

Ulu öndər Heydər Əliyevin dövlətçilik kursunu böyük müvəffəqiy­yət­lə davam etdirən İlham Əliyev də Novruz bayramının milli dövlətçilik ənənələri ilə bağlılığına həmişə böyük əhəmiyyət vermişdir. «Azərbaycan xalq adət-ənənələrinin, mərasim və bayramlarının yaşadılması, milli ruhda zənginləşdirilməsi, onların, xüsusən gənc nəslin təlim-tərbiyəsində mü­hüm rol oynaması kimi vacib məsələlər də həmişə İlham Əliyevin diq­qətin­dədir. Prezident İlham Əliyevin Azərbaycanın milli Novruz bayramı şənliklərində iştirak etməsi, xalqla bir olması müstəqil Azərbaycan Res­pub­likası insanlarının birliyindən, sevincli günlərindən, parlaq sabahından soraq verir» (11, 79).

Novruz bayramı insanların təkcə sevindiyi, şadlandığı, yazı – yeni ili qarşıladığı şənlik deyildir. O, minilliklər, əsrlər boyunca xalqımızın milli bir­liyini, milli bütövlüyünü və milli dövlətçilik düşüncəsini qorumuş, ya­şat­mışdır. Novruzun müstəqil Azərbaycanın dövlət quruculuğuna verdi­yi töhfələr bunu bir daha sübut etməkdədir. Bu bayram xalqımızın adını, mədəniyyətini bütün dünyada tanıtmaqda və ona böyük şöhrət gətirmək­dədir. Novruz bayramının 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dün­ya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edil­məsi Azərbaycan dövlətinin bütün dünyada böyük uğuru oldu. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşmə­ramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük rolu olmuşdur.

Novruz bayramının Azərbaycan dövlətçilik ənənələrinin inkişafında ən böyük rolu Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü ses­si­ya­sında martın 21-nin bütün dünyada «Beynəlxalq Novruz günü» elan edil­məsidir. Burada ən əlamətdar cəhət ondan ibarətdir ki, dünyanın bir çox ölkələrində üç yüz miyondan çox insanın Novruz bayramını qeyd etmə­sinə baxmayaraq, BMT-də qəbul olnmuş bu qərar məhz Azərbaycan döv­lətinin təşəbbüsü ilə baş tutmuşdur.

Ə.Paşayeva yazır ki, 21 martın «Beynəlxalq Novruz günü» elan edil­məsi hadisəsi Azərbaycan Respublikasının təşəbbüsü ilə baş vermiş və Azər­baycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şə­rai­tində yaşamaq istəyini bir daha nümayiş etdirmişdir. 18 illik üzvlük dövründə Azərbaycan BMT-də böyük nüfuz qazanmış, onu özünün milli-mənəvi dəyərlərini dünyada yaymaq üçün mühüm bir tribunaya çevir­miş­dir. Bu isə bilavasitə ölkəmizdə mədəni dəyərlərin qorunub saxlanması və bərpasına ardıcıl göstəriliən dövlət siyasətinin məntiqi nəticəsidir (20, 13).


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə