Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

– Bu, sadəcə, həqiqi Dorian Qreyin sözləri idi, vəssalam! 
– Düz deyil! 
– Düz deyilsə, bəs mənim günahım nədir axı? 
– Gərək sən gedəydin buradan... 
– Mən ki sənin xahişinlə qaldım... – lord Henri etiraz etdi. 
– Harri, mən eyni vaxtda iki əziz dostumla münasibətlərimi korlamaq istəmirəm
başa düşürsən? Lakin hər ikiniz mənim bu gözəl əsərimi  gözümdən saldınız. Mən 
bu portretə nifrət edirəm! Mən onu məhv edəcəyəm! Onsuz da, bu şəkil kətandan 
və rəngdən ibarətdir, vəssalam! Razı olmaram ki, bu portret bizim hamımızın 
həyatını zəhərləsin! 
Dorian Qrey balışın altından başını çıxarıb nəmli gözlərini rəssama dikdi; onun 
rəngi ağarmışdı. Rəssam hündür, pərdəli pəncərə yanındakı iş stoluna tərəf yeridi. 
Görəsən, nə etmək fikrindədir? Stolun üstü səliqəsiz idi; burada üst-üstə yığılmış 
boya qabları, quru fırçalar hara gəldi səpələnmişdi. Görünür, o, nəsə axtarırdı. Hə, 
budur, o, uzun, ağzı iti rəssam bıçağını axtarırdı, tapdı! O, portreti doğram-
doğram etmək istəyir! 
Dorian hıçqıra-hıçqıra divandan dik atıldı, Holvarda sarı yürüdü və əlindən bıçağı 
qapıb onu emalatxananın uzaq bir küncünə tolazladı. 
Qışqırdı: 
– Bazil, lazım deyil! Eləmə, bu, cinayət olar! 
– Dorian, siz, hər halda, mənim əsərimi dəyərləndirirsiniz, buna sevinirəm, – 
rəssam soyuqqanlıqla dedi və sanki, təəccübdən və heyrətdən ayıldı. – Elə 
bilirdim xoşunuza gəlməyib... 
– Dəyərləndirmək nədir? Mən ona vurulmuşam! Bazil, o, mənim bir parçamdır! 
Elə bil, mən onu içimdə hiss edirəm! 
– Çox yaxşı oldu! Onda siz hələ yaşsınız! Quruyan kimi sizə lak çəkərlər, 
ramkaya salarlar, sonra da evə göndərərlər. Bax o zaman özünüzlə nə istəsəniz 
edərsiniz. 
Rəssam qapıya tərəf yeridi və zəngi basdı ki çay gətirsinlər. 
– Dorian, çay gətirsinlər də sizə, hə? Henri, sənə də? Yoxsa sənə çay-zad lazım 
deyil, hə? 
– Mən adi ləzzətləri çox xoşlayıram, – lord Henri dilləndi. – Onlar mürəkkəb 
xarakterlər üçün sonuncu sığınacaq yeridir. Amma mən dramatik səhnələri yalnız 
teatrda xoşlayıram. Sizin hər ikiniz nə qədər mənasız, boş adamlarsınız! 
Maraqlıdır, görəsən, kim icad eləyib ki, insan ağıllı heyvandır?! Gör nə tələsik 
verilən tərifdir! İnsanın ağıldan başqa nəyi desən var! Mahiyyətcə mən buna 
sevinirəm, bu, elə də pis cəhət deyil! Lakin sizin portret üstündə dalaşmağınız 
mənim xoşuma gəlmir! Bazil, yaxşı olar ki, siz onu mənə verəsiniz. Bu axmaq 
cavan oğlan onu istəmir, amma mən, həqiqətən, bu şəkli götürmək istərdim! 


– Bazil, əgər siz o şəkli mənə verməsəniz, mən sizi heç vaxt bağışlamayacağam! – 
Dorian qışqırdı, – və heç kəsin də mənə “axmaq oğlan” deməyə haqqı yoxdur! 
– Dorian, axı mən dedim ki, şəkil sizinkidir, mən onu sizə vermişəm, bunu hələ 
işə başlamamışdan qərara almışdım. 
– Mister Qrey, inciməyin, – lord Henri dedi, – siz özünüz də bilirsiniz ki, özünüzü 
gic kimi apardınız və axı bir də... siz özünüz də etiraz etməzsiniz ki, sizə çox gənc 
desinlər. 
– Lord Henri, bu gün səhər, bəlkə də, beləydi. Amma indən belə mənə gənc 
deyənlərə möhkəm etiraz edəcəyəm... 
– Ah! Hə, bu gün səhər... Amma görün səhərdən bəri nələri yaşadınız!.. 
Qapı döyüldü, xidmətçi çay sinisi ilə içəri girdi və ortalıqda xırda bir yapon stolu 
açdı. Fincan və boşqabların cingiltisi eşidildi, Georq dövründən qalma iri 
çaydanın cızıltısı gəldi; xidmətçinin dalınca gələn oğlan əlindəki yumru çini 
qabları stolun üstünə düzdü. Dorian Qrey stola yaxınlaşdı, özünə çay süzdü. Bazil 
və lord Henri də tələsmədən stola sarı əyilib maraqla boşqabların qapağını 
qaldırıb baxdılar. 
– Gəlin axşam teatra gedək, – lord Henri təklif etdi. – Maraqlı tamaşalar çoxdur, 
biz hansınasa gedə bilərik. Doğrudur, mən bir nəfərə söz vermişdim ki, onunla 
Uaytın restoranında nahar edəcəyəm, lakin ona xəbər verib naharı təxirə salmaq 
olar, ya da deyərəm ki, nasazam; o, mənim köhnə dostumdur, elə bilirəm məni 
düzgün başa düşər. 
– Mənim sürtuk geyinməkdən zəhləm gedir, – Holvard mızıldandı. – Adam onu 
geyəndə darıxır! 
– Elədir, – lord Henri təsdiqlədi, – indiki kostyumlar çox pisdir, adamın canını 
sıxır. İndi qüsurdan başqa həyatımızda nə var ki! 
– Harri, Dorianın yanında belə şeylər danışma! 
– Hansı Dorianı deyirsən? Şəkildəkini, yoxsa bizə çay süzən Dorianı? 
– Hər ikisini! 
– Lord Henri, mən böyük məmnuniyyətlə sizinlə teatra gedərdim... – gənc oğlan 
bildirdi. 
– Çox gözəl, deməli, gedirik.... Bazil, sən necə, gəlirsənmi? 
– Yox, yox, mən gələ bilmərəm....İşlərim çoxdur. 
– Onda biz, mister Qrey, ikimiz gedirik. 
– Hə, çox istərdim. 
Rəssam dodağını dişlədi, çay fincanını ağzına aparıb portretə yaxınlaşdı. 
– Mən həqiqi Dorianla qalacağam burada, – kədərlə şəklə baxdı. 
– Həqiqi Dorian odur bəyəm? – Dorian Qrey də narazı halda portretə yaxınlaşdı. – 
Yəni, doğrudanmı, mən ona oxşayıram? 
– Əlbəttə, bu, elə sən özünsən! 
– Ah, Bazil, necə gözəldir! 


– Hər halda, zahirən oxşarsınız... və portretdə siz həmişəlik belə qalacaqsınız,  – 
Holvard ah çəkdi. – Elə bunun özü də az iş deyil. 
Lord Henri ucadan dedi: 
– Bu adamlar axı nə üçün sabitlik dalınca qaçır, bilmirəm! Aman Allah, axı hətta 
sevgidə belə bir sabitlik yoxdur! Bu, olsa-olsa, fizioloji bir məsələdir! Bizim 
iradəmizdən heç bir asılılığı yoxdur! Cavan adamlar sədaqətli olmaq istəyirlər, 
amma ola bilmirlər; yaşlı adamlar sevgiyə xəyanət etmək istərdilər, amma o 
halları qalıbmı?  Bax məsələ yalnız bundadır, vəssalam... 
– Dorian, siz teatra getməyin, – Holvard dedi. – Mənimlə qalın, birlikdə nahar 
edərik. 
– Yox, Bazil, qala bilmərəm. 
– Niyə? 
– Çünki lord Henriyə söz vermişəm, onunla gedəcəyəm. 
– Elə bilirsiniz, sözünüzün üstündə durmasanız, Vottonun sizə münasibəti 
dəyişəcək? O özü heç vaxt verdiyi sözə əməl etmir. Çox xahiş edirəm, onunla 
getməyin. 
Dorian Qrey güldü, başını yellədi. 
– Sizə yalvarıram, Dorian, getməyin! – Bazil bir daha təkrar etdi. 
Dorian tərəddüdlə lord Henriyə baxdı; Henri bic-bic gülümsəyir, onların 
söhbətinə qulaq asırdı. 
Dorian pıçıldadı: 
– Bazil, mən getməliyəm! 
– Özünüz bilərsiniz, – Holvard stola yaxınlaşdı və fincanını stolun üstünə qoydu. 
– İndi ki belədir, onda vaxt itirməyin. Gecdir, siz hələ əyninizi dəyişməlisiniz. 
Xudahafiz, Harri. Sağ ol, Dorian. Sabah gələrsiniz, hə? 
– Mütləq! 
– Yadınızdan çıxmaz ki? 
– Yox, əlbəttə! 
– Hə, bir də... Harri! 
– Nə var, Bazil? 
– Səhər bağda səndən bir şey xahiş etmişdim... onu yaddan çıxartma! 
– Nə barədə? Tamam yadımdan çıxıb...  
– Bax a! Mən sənə etibar edirəm. 
– Elə mən özüm də özümə etibar etmək istərdim! – lord Henri hırıldadı. – Gəlin 
gedək, mister Qrey, arabam bayırda gözləyir, sizi evinizə apara bilərəm. Hələlik, 
Bazil. Bugünkü görüşümüz çox maraqlı oldu. 
Qonaqlar gedəndən sonra rəssam, sanki, ağırlaşdı, özünü divanın üstünə atdı; 
onun üzünə əzablı bir ağrı qonmuşdu.  
 
ÜÇÜNCÜ FƏSİL 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə