Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   2   3   4   5   6   7   8   9   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
26 
Alveri bol, bazarı çox, 
Daşımağa azarı çox. 
Beşiyi çox, məzarı çox, 
Dünya buydumu, budumu?   
 
Qaldıranda var eləyən, 
Endirəndə xar eləyən, 
Ömrü tezbazar eləyən, 
Dünya buydumu, budumu?   
 
Kül elədi ocağına, 
Toz elədi torpağına. 
Qoydu bizi tapdağına,  
Dünya buydumu, budumu?  
 
Yenə dağlar düzə qaldı, 
Sular axdı, təzə qaldı. 
Quru baxmaq bizə qaldı, 
Dünya buydumu, budumu?   
 
Dərk elədim hikmətini
Vüsalını, həsrətini. 
Tanıdım hər sifətini, 
Dünya buydumu, budumu?   
 
Ayrılığın çağı gəldi, 
Salamat qal, qoca dünya!  
Əcəl ömrə yağı gəldi, 
Salamat qal, qoca dünya!  
 
Ağırdı çiynimin yükü, 
Dərindi dərdimin kökü. 
Gəldim bir, gedirəm iki, 
Salamat qal, qoca dünya!  
 
Demədiyim nələr qaldı, 
Sinəmdə nəğmələr qaldı. 
Neçə arzum mələr qaldı, 
Salamat qal, qoca dünya!  
 
Əməlimi sal yadına, 
İstəyimin çat dadına. 
Halallıq ver övladına, 
Salamat qal, qoca dünya!  
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
27 
Dürlü-dürlü halın olsun, 
Daha çox əhvalın olsun. 
Hər sözüm halalın olsun, 
Salamat qal, qoca dünya!  
 
Oğlu Talıb soruşur, 
Ata, nədir istəyin, 
Nə istəyir ürəyin?  
Meylin nə çəkir, buyur! 
Fikrini Ələsgərin 
Gözlərindən oxuyur!  
 
- Oğul, son nəfəsdə 
Onu görmək bəsimdir. 
Səhnəbanı həsrəti  
Məndən sonra dünyaya 
Haray salan səsimdir!   
Oğul dedi: ay ata, 
Nə deyim bu həyata! 
Axı Səhnəbanının 
Yatağından durmağa 
Yox taqəti, imkanı. 
İncəlib, ipə dönüb, 
Nazilib, sapa dönüb. 
Onda elə cəsarət, 
Onda o qüvvət hanı?!  
Ata dedi: ləngimə, 
Diqqət elə, fikir ver, 
Sözümə, ahəngimə!  
Ona Ələsgər baxıb,  
Min il keçsə qocalmaz. 
O, illərdən bac alar
İllər ondan bac almaz. 
Yolda qoyma gözümü, 
Çatdır ona sözümü. 
Məni eşqə salan gün 
Geyindiyi paltarı 
Yenə geysin əyninə. 
Cilvələnsin qız kimi, 
Qocalığı, ağrını 
Heç almasın eyninə. 
Eşitsə xəbərimi, 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
28 
Yolunu dağ kəsə də, 
Dağlar aşıb gələcək. 
Yüz ilin həsrətlisi 
Dönüb şux gözəllərə, 
Cavanlaşıb gələcək!  
Oğul dedi: ay ata! 
Sultan ata, bəy ata! 
Axı, doxsan il keçir, 
O vaxtdan bu zamana
Nahaq düşmə gümana. 
Doxsan il əriməmiş 
Zirvədə qarmı qalar?  
Doxsan il dərilməmiş 
Bağçada barmı qalar?  
İndi çürüyüb gedib, 
Bu gün Səhnəbanıda  
Elə paltarmı qalar?  
Ata dedi: itirmə 
Həyata inamını, 
Söndürəmməz bu dünya 
Gözəllərin şamını. 
Əgər Ələsgər gözü  
O paltara baxıbsa, 
O paltara yaraşan  
Gül bədənin eşqinə 
Sinəsindən nəğmələr  
Könüllərə axıbsa, 
O ipəyin, atlazın  
Bircə ilməsi belə 
Min il keçsə çürüməz!  
Nə duman, nə də çiskin 
İlahi gözəlliyin 
Varlığını bürüməz!  
Son tapşırığı ustad 
Xoş bir avazla dedi. 
Sözlə dedi, doymadı, 
Üstəlik sazla dedi. 
 
“Gedin deyin o gəlinə 
Ölürəm, yanıma gəlsin. 
Gəlsə bəlkə tapam şəfa, 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
29 
Batmasın qanıma, gəlsin. 
 
Dəryada çox olar balıq, 
Mətləbini versin xalıq. 
Çit tuman, atlaz arxalıq, 
Yar geysin, yanıma gəlsin. 
 
Dəryaların adası var, 
Ələsgərin sədası var. 
Mərdin nə ki, qadası var 
Namərdin canına gəlsin.”  
 
Atanın söhbətindən oğul heyrətə gəldi, 
Quş tək sıçradı yerdən, gücə, qüvvətə gəldi. 
Çıxdı ildırım kimi qapıdan çölə sarı, 
Sürdü qara köhləni Mustafanın evinə, 
Gah ağlaya-ağlaya, gah sevinə-sevinə. 
İstədi haraylasın, gördü görünmür qarı, 
Xeyli nigaran oldu, çoxaldı intizarı. 
Baxdı bir qız dayanıb evin astanasında, 
Sanki daranıb çıxıb gözəlliyin tasında! 
Paltarı görən kimi Talıb dəhşətə gəldi
Özü də bilmədiyi 
Bir duyğu ürəyini dəldi!  
Gördü elə bu paltar 
Atasının dediyi o atlazdı, o ipək!  
Bu paltar deyirdi ki, 
Zamandan zülüm görən yoxdu Səhnəbanı tək!  
Dilləndi Səhnəbanı: 
Bilirdim gələcəksən, xoş gəlibsən, ay Talıb. 
Ələsgər can üstədi, 
Bir son görüşdən ötrü ümid tək sənə qalıb!  
Sənə nə tapşırıbsa 
Hamısını yuxuda öz gözümlə görmüşəm, 
Onun dediyi kimi,  
Saçıma sığal vurub, tellərimi hörmüşəm. 
Geyinmişəm doxsan il saxladığım donumu, 
Qoca dünya mənim də çatdıranda sonumu.  
Bu paltarın içində tapşıracam canımı, 
Yandırdı zalım fələk dinimi, imanımı! 
Bu paltara Ələsgər əlini vurub deyə, 
Bu paltar xəyalını quş tək uçurub deyə, 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
30 
Yayda tozdan gizlədim, qışda nəmdən qorudum, 
Mənə yüz yerdən baxan bu aləmdən qorudum! 
Di durma, Ələsgəri intizardan qurtaraq, 
Tamamlanıb o kitab, qalıb sonuncu varaq!  
Gördülər yaxalayıb Səhnəbanı yaxını, 
Yarıldı yarğan kimi 
Baş əydi, yol elədi ona insan axını!  
Ələsgər yol gözləyir, könlü həsrət içində, 
Səhnəbanı gəncləşib,  
Bu səhnəni görənlər qalıb heyrət içində!  
Nəğməkarın yarını apardılar içəri, 
Səhnəbanı, Ələsgər 
Birinci dəfəydi ki, 
Belə yaxın olurdu neçə illərdən bəri. 
Müqəddəsdir əzəldən el adəti, el dəbi. 
Səhnəbanı apardı 
Özünü ana kimi, 
Özünü qadın kimi, 
Baxışıyla danışdı hər mənanı, mətləbi. 
Ələsgər istədi ki, 
Ona doyunca baxsın, ancaq baxa bilmədi. 
Əcəlin pəncəsindən 
Xilas olmaq istədi, ancaq çıxa bilmədi. 
Ayaqlaşmaq istədi, dizə gücü çatmadı, 
Nəsə demək istədi, sözə gücü çatmadı! 
Necə oldu bayaqkı qız, 
Ələsgər baxanda 
Elə yandı, yaxıldı, gördülər ki, qarıdı. 
Yarımaz, bu dünyadan bax beləcə yarıdı. 
Ustad yumdu gözünü, tərk etdi nəfəs canı, 
Dünyanı silkələdi ellərin həyəcanı! 
Bir anda Ələsgərin can evi, can sarayı, 
Kərpic-kərpic söküldü! 
Ələsgərin üstünə  
Birinci göz yaşları  
Yenə Səhnəbanının gözlərindən töküldü!!! 
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə