Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə10/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

(5.92) “Həm Allaha, həm də Elçisinə itaət edin və özünüzü gözləyin! Lakin üz çevirsəniz, bilin ki, Elçimizə düşən təkcə açıq-aydın ayələrimizi təbliğ etməkdir”.
Allaha itaət Elçiyə (ona Allahın salavatı və salamı olsun!) itaətdən heç nə ilə fərqlənmir. Allaha itaət edən Elçiyə (ona Allahın salavatı və salamı olsun!) də itaət edir. Elçiyə (ona Allahın salavatı və salamı olsun!) itaət edənlər isə əslində Allaha itaət etmiş olur. Bu o deməkdir ki, müsəlman Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmr etdikləri və dedikləri bütün işləri və sözləri qəlbi və bədəni ilə yerinə yetirməlidir. O, dinin, Allah və Onun məxluqları qarşısındakı vəzifələri ilə bağlı vacib (fərz) və nafilə (könüllü) hökmlərini yerinə yetirməli və Allahın, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qadağan etdikləri hər şeydən uzaq durmalıdır.

Bütün dini hökmlərdən məhz bu hökm geniş mənaya malikdir. Çox asanlıqla əmin ola bilərik ki, bu hökm qəlb və bədənə aid nə kimi hökm və qadağalar varsa, özündə ehtiva edir.

Sonra Allah əmr edir ki, yaradılmışlar Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərməkdən çəkinsinlər, çünki itaətsizlik əsil bəladır və onun ardınca şübhəsiz bir ziyan gələcəkdir. Lakin əgər insanlar bu hökmləri və qadağaları qəbul etməsələr, bilməlidirlər ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onlara təkcə haqqı çatdırmaq əmr olunmuşdu və o, ona həvalə edilmiş vəzifəsini artıq yerinə yetirmişdir. Əgər onlar düz yolla getsələr, ancaq özləri üçün xeyirli olar və əgər günah etməyə başlasalar, təkcə özlərinə zərər vurarlar. Onlar Allahın Özü qarşısında cavab verməli olacaq, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə öz vəzifəsini artıq yerinə yetirmiş və onu layiqincə həyata keçirmişdir.
                        
(5.93) “İman gətirmişlərə və xeyirxah işlər görmüşlərə, təqvalı olduqlarına, etiqad etdiklərinə və yaxşı əməllər işlət­diklərinə görə, əgər onlar bundan sonra yenə də təqvalı və imanlı qalmışlarsa və əgər onlar yenə də təqvalı olmuş və xeyirxahlıq etmişlərsə, onda onların (əvvəllər) nə yedikləri günah deyil. Axı Allah xeyirxahlıq edənləri sevir”.
Çaxırın və sərxoşedici içkilərin qəti qadağası nazil edil­dikdən və bu əməllə bağlı qorxunc xəbərdarlıqdan sonra, bəzi möminlər, İslamı qəbul edəndən sonra çaxır içən və o, qadağan olunana qədər vəfat edən qardaşlarının vəziyyətinin necə oldu­ğunu bilmək istəyirdilər. Allah onda bu ayəni nazil etdi və xəbər verdi ki, iman gətirmiş və xeyirxah əməllər işlətmiş möminlər haram edilənə qədər çaxır içdiklərinə və qumar oynadıqlarına görə sıxıntı çəkməyəcəklər.

Möminlərin əvvəllər yediklərinə görə günahları olmadığı haqqında xatırlatmanın həm sadalanan haram edilmiş ərzaq məhsullarına və həm də hər hansı digər qida maddələrinə aid olduğu üçün, Fövqəluca Allah bu ayənin mənasını dəqiqləşdirir və onu itaətsizlikdən qaçanlar və xeyirxah işlər görən və bu yoldan dönməyə qoymayan doğru əqidəyə malik olanlarla bağlayır. İnsanda bu keyfiyyətlərin özünü hərdən bir göstərməsi, onun günahlardan qaçmasına səbəb ola bilməz. O, ömrünün sonuna qədər belə qalmalı və daima yaxşılıqlar etməlidir, çünki Allah Yaradana səmimi ibadət edən və Onun qullarına kömək göstərən xeyirxah qullarını sevir.

Bu kəramətli ayə həmçinin qadağan olunması nazil edildikdən sonra haram ərzaq məhsulu yemiş və qadağan olunmuş işlər görmüş, lakin sonra günahını etiraf edərək Allah qarşısında tövbə etmiş, Ondan qorxmuş və yaxşı işlər görməyə başlamış insanlara da aid edilmişdir. Allah belə insanları bağışlayır və onları törətdikləri əməllərdən xilas edir.
                       

(5.94) “Ey iman gətirmişlər! Allah, Onu görmədən Ondan qorxanları (və ya insanlardan gizlicə), əlləri­nizin və nizələrinizin çata biləcəyi ov ilə hökmən sınaya­caqdır. Bundan sonra həddi aşanlara dəhşətli əzab hazırlanacaqdır”.
Allah qullarına mərhəmət göstərərək, Onun yazdığı qədərə və taleyə uyğun olaraq nə baş verəcəyi haqqında xəbər verir. O, bunu ona görə edir ki, qulları Ona itaət etsinlər və şüurlu surətdə davransınlar, həlak olanlar da bunu aydın başa düşsünlər və sağ qalanlar da öz qismətini tam bilərək yaşasınlar.

Allah möminlərə xəbər verir ki, onların imanını mütləq sınaqdan keçirəcək. Lakin O, Öz lütfkarlığı sayəsində bu sınağı asan etmişdir. Söhbət ovla bağlıdır. İnsanlar onu əllə tuta və ya öz nizələri ilə ovlaya bilərlər. Sınaq ancaq bu halda əhəmiyyət kəsb edir, çünki ov heyvanı insanın onu tuta bilməyəcəyi və ya silahla vura bilməyəcəyi uzaq məsafədə olsaydı, onda belə sınaq öz əhəmiyyətini itirərdi.

Sonra Allah bildirir ki, belə azdırma və sınaqlar Ona Öz qullarını elə ayırd etməyə imkan verir ki, onların həm özləri üçün bu aydın olsun və həm də qullarının bəzilərini mükafatlandırsın və bəzilərini də cəzalandırsın. Bunun sayəsində Allah ondan qorxanları və haram əməllər işlətmək imkanı olduğu halda onlardan çəkinənləri tanısın. Belə insanları Allah böyük səxavətlə mükafatlandırır. O, həm də təklikdə qalarkən öz Rəbbindən qorxmayan, sadəcə, özünü insanlar qarşısında Ondan qorxan kimi göstərənləri üzə çıxardır. Onlar məxluqlar qarşısında qorxduqlarına görə belə rəftar edirlər və heç bir mükafata layiq deyillər.
                                                  


(5.95) “Ey iman gətirmişlər! Ehramda olarkən ovlanmasına yol verilən heyvanı öldürməyin. Əgər sizdən kimsə qəsdlə onu öldürərsə, kəffarəsi tələf etdiyi heyvana bərabər olmalıdır. Bu barədə (qurbanlıq heyvanın ovlanana bərabər olması haqqında) qərarı sizdən iki nəfər ədalətli kişi çıxarır və o qurbanlıq Kəbəyə çatdırılmalıdır və yaxud günahın yuyulması üçün kasıblar yedizdirilməli və ya bərabər miqdarda oruc tutulmalıdır ki, (günahkar) əməlinin ziyanını dada bilsin. Allah keçmiş günahları bağışlayır, lakin kimsə buna qayıdarsa, Allah ondan qisas alar. Allah Qüdrətlidir və Qisasalan­dır”.
Allah, həcc və ya ümrə ziyarəti zamanı ehramda olarkən ovlanmasına icazə verilmiş heyvanı öldürməyi haram etmişdir. Bu qadağan ovlanmasına yol verilən hey­van­ların öldürülməsinə səbəb olan istənilən əmələ şamil edilir və buna görə zəvvar ehramda olarkən ovda iştirak edə, onu nişan verə, göstərə və onun öldürülməsində yardımçı ola bil­məz. Bundan başqa, o, onun üçün tutulmuş və ya öldürülmüş ovu yeyə bilməz. Bir sözlə, ehramda olan müsəlmana, ehrama girənə qədər ovlanmasına yol verilən heyvanları öldürmək və ya ovlamaq qadağan edilir və bu qadağa bu əzəmətli mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.

Əgər zəvvar ov heyvanını qəsdlə öldürərsə, onda o, kəffarə ödəmək məqsədilə bir baş dəvə, inək və ya qoyun kəsməli və sonra onu qurbanlıq kimi paylamalıdır. Qurban kəsilən heyvan ovda öldürülənə oxşamalı və bu barədə hökm verənlər iki nəfər ədalətli, dini qanunları və heyvanların oxşarlığını ayırd edə bilən müsəlman olmalıdır.

Həm də bu məsələdə səhabələrin rəylərinə istinad olunmalıdır. Onlar müəyyən etmişlər ki, göyərçinin öldürülməsinə görə - qoyun, dəvəquşuna görə - dişi dəvə, vəhşi inəyin öldürülməsinə görə isə inək qurban kəsilməlidir. Beləliklə, hər öldürülən heyvan üçün ona bərabər qurban kəsilməlidir. Əgər öldürülən heyvanın heyvanlar arasında bənzəri yoxdursa, onda onun kəffarəsi kimi, onun dəyəri ianə edilir. Bu qayda məhv edilmiş istənilən mülkiyyətə aid edilir.

Əgər zəvvar bu günahını yumaq üçün qurban verməyə hazırlaşırsa, o, qurbanlıq heyvanı Məscidülharamda kəsməlidir. Öldürülmüş heyvanın oxşarı olan heyvanı qurban vermək əvəzinə kasıbları yedizdirməyə icazə verilir. İslam alimlərinin əksəriyyəti hesab edirdilər ki, qurban kəsilməli heyvanın növü müəyyənləşdirildikdən sonra, zəvvar onun dəyəri miqdarında ərzaq məhsulları almalı və hər bir kasıba əla növlü bir mudd buğda və ya başqa növ ərzaqdan yarım saa verməlidir. Bunun əvəzində, zəvvara, yedizdirməli olduğu hər kasıb üçün bir gün oruc tutmasına icazə verilir. Bu əvəzetməyə ona görə icazə verilir ki, insan törətdiyi əməlin nə dərəcədə ziyanlı olduğunu dərk edə bilsin.

Bu ayədə ovlanmasına icazə verilən heyvanın təkcə qəsdən öldürülməsi xatırlanır, hərçənd zəvvar heyvanı səhvən belə öldürərsə də, törətdiyi əməlin əvəzini ödəməlidir. Bu qayda, insanların toxunulmaz olan sağlamlığına və ya əmlakına zərər vuran şəxslərin hamısına şamil edilir. Əgər bir adam, heç bir haqqı olmadan şüurlu surətdə bir başqasını şikəst edərsə və ya onun malını məhv edərsə, o, törətdiyi əmələ görə məsuliyyət daşıyır və buna görə Allah belə hallar üçün müvafiq cəza və əvəz müəyyənləşdirmişdir. Əgər insan bu əməli qəsdlə etməmişdirsə, onda o, ancaq etdiyinin əvəzini verir, cəza isə almır. İslam alimlərinin əksəriyyəti bu rəyi dəstəkləyirlər. Buna baxmayaraq, bu ayənin aydın mənasına istinad edən ən səhih rəyə görə, ovlanmasına yol verilən heyvanın qərəzsiz öldürülməsi günah deyil və ona görə zəvvardan günah yuyan əməllər yerinə yetirməsi tələb olunmur.
                    
(5.96) “Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna topla­nacağınız Allahdan qorxun!”
Ovlanan heyvanlara həm quruda və həm də dənizdə yaşayan heyvanların aid olduğunu nəzərə alaraq, Fövqəluca Allah ovlanan dəniz heyvanlarını istisna edir və ehramda olarkən onları ovlamağa icazə verir. Ovlanan dəniz heyvanları adı altında diri dəniz hey­vanları, dəniz qidası adı altında isə dənizin ölü məskunları nəzərdə tutulur. Bu o deməkdir ki, dəniz cəmdəkləri (leşləri) ilə qidalanmaq olar. Allah bu nemətlərlə qidalanmağı insanlara ona görə icazə verir ki, onlar öz həmkarları ilə birlikdə bundan faydalana bilsinlər. Lakin onlara quru ərazidə ehramda olduqları müddət ərzində ov etmək qadağan olunmuşdur.

Ərəb sözü olan “seyd”-i (“ov qəniməti”) leksik baxımdan təhlil edərkən nəzərə almaq lazımdır ki, burada söhbət ancaq vəhşi heyvanlardan gedir, çünki ev heyvanlarını ovlamırlar. Bunlar, ətinin yeyilməsinə icazə verilmiş heyvanlar olmalıdır, çünki ətinin yeyilməsi haram edilmiş heyvanları ov heyvanı adlandırmaq olmaz.

Bunu izah etdikdən sonra Allah insanlara əmr edir ki, dini hökmləri yerinə yetirərkən və Onun qadağalarını pozmaqdan çəkinərək, Ondan qorxsunlar. İnsanlara bunu başa düşməyə, onların Onun hüzurunda toplanacaqları xəbəri kömək göstərə bilər və o zaman O, Allahdan qorxan təqvalıları hədiyyələrlə mükafatlandıracaq və belə olmayanları isə cəzaya layiq görəcəkdir.
                            
(5.97) “Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!”
Fövqəluca Allah xəbər verir ki, Beytülhəram insanlar üçün istinadgahdır, çünki ona eh­ti­ram göstərməklə onlar öz ruhani və dünyəvi əmin-amanlığının qayğısına qalırlar, İslama olan bağlılıqlarını kamilləşdirir və günahlarının yükündən xilas olurlar. Beytülharama ziyarətə gedərək insanlar çoxlu mükafata və böyük nemətlərə nail olur, öz mallarını qurban verir və böyük çətinliklərin üstündən adlayıb keçirlər. Müxtəlif millətlərdən olan müsəlmanlar ən geniş yollarla axın kimi oraya axışıb gəlir, bir-biriləri ilə tanış olur, bir-birilərinə kömək edir, birlikdə ümumi problemləri müzakirə edir və onlara dini və dünyəvi işlərində faydalı olan möhkəm əlaqələr yaradır. Fövqəluca Allah buyurur: “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər)...” (Həcc, 22/28).

Kəbənin insanlar üçün istinadgah olmasına görə bəzi alimlər hesab edirdilər ki, hər il həccə getmək bütün müsəlman milləti üçün məcburi hökmdür və əgər müsəlmanlardan heç kim həccə getməsə, buna görə ziyarətə getməyə imkanı olan hər bir kəsin üstünə günah düşəcəkdir. Bundan başqa, əgər müsəlmanlardan heç kim həccə getməsə, onda onlar öz istinadgahından məhrum olarlar və belə olduqda, Qiyamət günü başlayar.

Qurbanlıq heyvanlar və ən layiqli qurban sayılan boyunbağı taxılmış heyvanlar da həmçinin insanların istinad edəcəkləri vasitələrdəndir, çünki o heyvanlar onlara böyük fayda və nəhəng mükafatlar gətirəcək. Allah bu hökmləri ona görə vermişdir ki, onlar yerdə və göydə olan hər şeyin Ona məlum olduğunu başa düşsünlər. O, Müqəddəs məscidi Öz qullarının xeyri üçün yaratmışdır. Axı, Ona məlum idi ki, o, onlara dini və dünyəvi işlərində fayda gətirəcəkdir.
         

(5.98) “Bilin ki, Allahın əzabı şiddətlidir və Allah Bağışlayandır, Rəhmedəndir!”
Bu iki həqiqət haqqında biliklər qəlbinizi tərk etməməlidir və siz onlara qəti əmin olma­lısınız. Siz bilməlisiniz ki, Allah itaətsizlik göstərənləri həm bu dünyada və həm də Axirətdə ağır cəzaya düçar edə bilər. Bununla yanaşı, O, tövbə edib, Ona tabe olan hər kəsi ba­ğışlaya və əfv edə bilər. Bu bilik sizə Allahın verəcəyi cəzadan qorxmağa və Onun bağışlayacağı və müka­fatlandıra­cağına ümid bəsləməyə kömək edər və belə olduqda, siz həmişə bu iki sifətə uyğun olaraq rəftar edərsiniz.
           
(5.99) “Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızı və gizlətdiklərinizi (hamısını) bilir!”
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yeganə vəzifəsi vəhyi insanlara çatdırmaqdı və o (ona Allahın salavatı və salamı olsun!), bu vəzifəni, ona tapşırıldığı kimi yerinə yetirdi. Əlbəttə ki, Kainatda baş verənlər onun (ona Allahın salavatı və salamı olsun!) sərəncamında deyildi və bunun əvəzində Allah qullarının nəyi aşkar etdikləri və nəyi gizlətdikləri haqqında hər şeyi bilirdi. Allah Öz biliyinə uyğun olaraq, onların hər birinə, layiq olduqlarının əvəzini verəcəkdir.
               

(5.100) “(Ey Elçim!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşu­na gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız”.
Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) tapşırır ki, insanları pisliklərdən çəkindirsin, onları xeyirxah işlər görməyə ruhlandırsın və onlara izah etsin ki, murdar şeylərlə halal olanlar heç vaxt bir-biri ilə bərabər tutula bilməzlər. İman heç vaxt kafirliklə, itaət üsyankarlıqla, Cənnət sakinləri Cəhənnəmdə əzab çəkənlərlə, murdar əməllər saleh əməllərlə və haram yollarla mal-mülk əldə edənlərlə halal zəhmətlə qazanılmış əmlakla müqayisə oluna bilməz. Əgər hətta murdar şeylərin çoxluğu insanı heyran qoysa belə, o ona heç bir fayda verməz, əksinə, onun dindarlığına və maddi rifahına ziyan vurar.

Sonra Allah ağıl sahiblərinə əmr edir ki, təqvalılığa etiqad etsinlər. Fövqəluca Allah sağlam mühakimə yürütmək qabiliyyəti və doğru baxışları olanlara layiq olduqlarına görə müraciət edir ki, onlara xüsusi diqqət yetirilsin, çünki onlar xeyirxah təşəbbüslər üçün yarıyırlar. Allah xəbər verir ki, insanların uğur qazanması onların Allahdan nə dərəcədə qorxmalarından asılıdır. Bunun mahiyyəti – insanın hansı səviyyədə öz Rəbbinin hökm­lərinə və haramlarına layiqincə riayət etməsindən ibarətdir. Təqvalı olmağa etiqad edən hökmən uğur əldə edəcək, kim isə ondan boyun qaçırsa, ziyana düşəcək və böyük mənfəətdən məhrum olacaqdır.
                         

(5.101) “Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bən­də­lə­rinə əzab verməkdə tələsən deyildir!)”.
Allah Öz iman gətirmiş qullarına, onlara yenicə məlum olan və qanlarını qaral­da­caq və narahat edəcək şeylər haqqında soruşmağı qadağan edir. Bu, Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun!) öz valideynləri və onların Cənnət bağlarında və ya Cəhənnəmdə yeri haqqında soruşan bəzi səhabələrin suallarına aid idi və halbuki bu barədə əldə edəcəkləri biliklər onlara yaxşı bir şey vəd etmirdi. Bu həmçinin qeyri-adi hadisələr haqqında verilən sualla­ra və ya soruşulması ardınca ağır hökmlər nazil edilməsinə səbəb ola biləcək və hətta müsəlmanları çətin vəziyyətə sala biləcək və yaxud da tamamilə faydasız suallara aiddi.

Allah bu barədə sual verməyi qadağan etdi. Ardınca belə arzuolunmaz nəticələrə səbəb olmayacaq suallara gəldikdə isə, müsəlmanlara belə sualları vermək əmr olunurdu, çünki Fövqəluca Allah bununla əlaqədar buyurur: “...Bilmirsinizsə, Zikr sahiblərindən soruşun” (Nəhl, 16/43).

Allah bildirir ki, səhabələr Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əlverişli vaxtda – Quran nazil edilən zaman aydın olmayan və başa düşül­mə­yən ayələrlə əlaqədar sual ver­səydilər, yəni, vəhyin göydən nazil edilməsi hələ mümkün olduğu bir şəraitdə sual ver­­səydilər, onda onlar izahat alar və həqiqəti öyrənə bilərdilər. Lakin səhabələr bunu etmədik­ləri halda, digər müsəlmanların hamısı, Allahın üstündən keçdiyi məsələləri müzakirə etməkdən çəkinməlidirlər.

O, Öz qullarına bu aydın olmayan məsələlərlə bağlı olan şeyləri bağışladı və elə onların əmin-amanlığı xatirinə bu mətləbin üstündən keçdi. O, onlara iltifat göstərərək, Vəhydə haqqında heç nə deyilməmiş hər şeyi etməyə imkan verdi. Bağışlama, səbirlilik və mərhəmət Onun ayrılmaz sifətləridir və insanlar Onun bağışlamasına can atmalı, Onun mərhəməti və lütfkarlığına sığınma­lıdırlar.

         
(5.102) “Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu”.
Sizdən əvvəl insanlar müsəlmanlara verilməsi qadağan edilmiş suallar vermişdilər. Onlar bunu, həqiqəti bilmək istəmədikləri halda, öz inadcıllıqlarına görə etmişdilər. Onlar verdikləri suallara cavab aldılar, amma sonra kafir oldular. Bir səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Sizə qadağan etdiyimdən çəkinin, sizə əmr etdiklərimi isə öz imkanınız daxilində yerinə yetirin, çünki sizdən əvvəlkiləri çox sual vermək və öz peyğəmbərlərinə etiraz etmək məhv etdi”.
                     
(5.103) “Bəhirə, saibə, vəsilə və hamı (onların) heç birisini Allah (sizin üçün mü­əyyən edib) qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydu­rurlar. Onların (kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər”.
Allah, Onun iradəsinin əleyhinə olaraq dini qanunlar uyduran və Onun halal etdiyindən bəzi şeyləri qadağan edən müşrikləri qınayır. Onlar öz nöqsanlı baxışlarına istinad edərək özləri özlərinə bəzi heyvanlardan istifadə etməyə qadağa qoymuşdular və onlar üçün xüsusi adlar tapmışdılar ki, bu, Allahın nazil etdiklərinə tamamilə zidd idi. Məhz buna görə O buyurur ki, bəhirə, saibə, vəsilə və ham barədə heç bir hökm çıxarmamışdır.

“Bəhirə” dişi dəvə idi və müşriklər onu müqəddəs hesab edirdilər. Onlar onun qulağını yarıb ona minməyi, onunla yük daşımağı qadağan etmişdilər. Müəyyən yaşa çatan dişi dəvəni, inəyi və ya qoyunları “saibə” adlandırır və onları müqəddəs sayırdılar. Müşriklər onlara minmir, onlarla yük daşımır və ətlərini yemirdilər. Həmçinin müşriklər mallarından nəzir etdiklərini nəzarətsiz buraxaraq ona da “vəsilə” adı qoyurdular. Müşriklər “ham” deyə adlandırdıqları dəvəni onlara məlum səbəblərə görə minilməkdən və yük daşıdılmaqdan qoruyurdular.

Müşriklər bu qadağaları əllərində heç bir sübut və dəlilləri olmadan qoymuşdular. Onlar Allaha böhtan atırdılar və bunun səbəbi də onların nadanlığı və düşüncəsizliyiydi. Buna görə də Allah buyurur ki, onların əksəriyyəti dərrakəsiz adamlarıydılar. Onlar müqəddəs mətnlərə və ağıllı dəlillərə istinad etmir və cahillik və ədalətsizlik üzərində qurduqları öz baxışları ilə azdırılırdılar.
                        

(5.104) “Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – de­yil­di­yi zaman: “Atalarımızın getdiyi yol bizə yetər” – deyə, cavab verirlər. Bəs ata­ları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!”
Müşriklərə Allahın nazil etdiyinə və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tərəf gəlmələrini təklif etdikdə, onlar boyun qaçırır və “Ata-babalarımızın etiqad etdiyi din, o hətta doğru olmasa da və Allahın cəzasından qurtulmağa kömək etməsə də, bizə bəsdir” sözləri ilə üz döndə­rir­dilər. Əgər onların ata-babaları ağıllı və elm sahibləri olsaydılar, onda onların bu dedikləri daha az təhlükəli olardı, lakin onların ata-babaları elmə malik olmayan düz yolla getməyən ağılsız axmaqlardılar.

Vay o şəxsin halına ki, doğru biliklərdən məhrum və sağlam düşüncəyə malik olmayan insanlara kor-koranə tabe olur! Vay o şəxsin halına ki, Allahın nazil etdiyini rəhbər tutmaqdan və Allahın elçilərinin yolu ilə getməkdən boyun qaçırır, halbuki məhz bu yol insanın qəlbini biliklə, imanla, düzlüklə və etiqadla doldurur.
                   

(5.105) “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!”
Allah möminlərə səhvlərini düzəltməyə can atmalarını əmr edir ki, kamilliyə nail olsunlar və doğru yolla sədaqətlə getsinlər. Əgər onlar islah olsalar və möminliyə ucalsalar, onda doğru yoldan çıxan və haqq dinə etiqad etməkdən boyun qaçıran azmışlar artıq bir daha onlara zərər vura bilməzlər, ancaq özlərinə ziyan edərlər.

Bu o demək deyil ki, qul ətrafındakıları yaxşı işlər görməyə və pis əməllərdən çəkindirməyə çağırmaqdan boyun qaçırarsa, özünə zərər vurmaz, çünki insan bütün zəruri hallarda belə davranmayınca, doğru yola tam gələ bilməz. Əgər o, insanları qına­nılan əməllərdən əli və ya dili ilə çəkindirməyi bacarmırsa, onda o, onları itaətsizliklərinə ürəyində məzəmmət etməlidir və ancaq belə olduğu halda, ətrafdakıların yolunu azması ona zərər verməz. Qiyamət günü başladıqda isə bütün məxluqlar Fövqəluca Allahın hüzurunda toplanacaq və O, onlara etdikləri bütün yaxşı və pis əməlləri haqqında xəbər verəcəkdir.
                                                   
(5.106) “Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət ver­mə­rik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq”, - deyə Allaha and içdirin!”
Fövqəluca Allah hekayət formasında iki şahidin iştirakı ilə vəsiyyət edilməsinə hökm verir. İnsan ölümünün yaxınlaşdığını hiss edir və onun əlamətlərini görürsə, onda o, iki nəfər etibara layiq müsəlmanı şahid çağırmaqla vəsiyyətini yazmalıdır. Zəruriyyət yarandıqda və müsəlmanlar olmadıqda, iki nəfər yəhudinin, xristianın və yaxud digər din tərəfdarlarının şahidliyi ilə razılaşmaq mümkündür.

Fövqəluca Allah, ölüm insanı hətta səfər zamanı yaxaladıqda da vəsiyyət üçün insanları çağırmağı əmr etmişdir. Bu o deməkdir ki, belə şəraitdə onların şahidliyi qəbul edilmə­lidir. Onların şahidliyinin doğruluğuna əmin olmaqdan ötrü onları, insanların ehtiram göstərdikləri proses olan namazdan sonra saxlamalıdırlar ki, onlar şahidliklərinin doğru olması, təhrif edilməməsi və dəyişilməməsi barədə Allaha and içsinlər. İnsanlar şahidlərə şübhə etdikdə onlar bunu etməlidirlər. Əgər onlara inanırlarsa, and içməyə ehtiyac qalmır. And içərkən onlar deməlidirlər: “Biz yalan danışmırıq və andımıza görə dünyəvi mənfəə­ti satın almırıq və hətta bu bizim öz qohumumuza aid olsa belə, biz öz qohumu­muzun maraqlarını güdmərik. Biz öz şahidliyimizi Allah qarşısında gizlətmirik. Əksinə, biz eşitdiklərimizi olduğu kimi çatdırırıq. Əgər biz onu gizlətsək - əsil günahkarlarıq”.
                                                 

(5.107) “Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin şahidlər tərəfindən) haqsızlığa məruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha layiq) olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq”,- deyə Allaha and içərlər”.

Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə