Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə11/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

(5.108) “Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermə­ləri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!”
Əgər dolayı sübutlar hər iki şahidin yalan danışdıqlarını və onlara bəslənən etibara xəyanət etdiklərini göstərərsə, onda mərhumun varislərindən olan iki nəfər ən yaxın qohumlarından olan kişi Allaha and içməli və deməlidirlər: “Bizim şahidliyimiz onların şahidliyindən etibarlıdır, çünki onlar yalan danışdılar, vəsiyyəti təhrif etdilər və onlara göstərilən etibara xəyanət etdilər. Əgər biz də ədalətsizcəsinə rəftar etsək haram edilmiş hədləri aşmış olar və yalançı şahidlik edər və əsil zalımlardan olarıq”.

Bu şahidliyin mahiyyətini, onun təsdiq olunmasını və şahidlərin yalanı aşkar edildiyi təqdirdə mərhumun qohumları tərəfindən onun təkzib edilməsinin mümkünlü­yünü açıqlayaraq, Fövqəluca Allah buyurur ki, belə hallar şahidləri həqiqəti söyləməyə sövq edir. Əks halda onların andları mərhumun varisləri tərəfindən qəbul olunmaya və təkzib edilə bilər. Allah haqq Təlimi dinləmək və göstərdiyi səmt ilə getmək istəməyən fasiqləri doğru yola yönəltmir.

Bütün bu deyilənlərdən aydın olur ki, əgər ölüm insanı səfər zamanı və ya digər oxşar hallarda, yəni yanında iki şahid və ya etibar ediləsi insanlar olmadıqda haqlayarsa, onda o, iki ədalətli müsəlmanın iştirakı ilə vəsiyyət edir. Ancaq o təkcə iki nəfər kafir şahid tapa bildikdə, ona onların iştirakı ilə vəsiyyət etməyə icazə verilir. Lakin onlar kafir olduqlarına görə mərhumun varisləri onların doğruçuluğuna şübhə edə bilərlər və belə olduqda, şahidlər namazdan sonra onlara göstərilən etibara xəyanət etmədiklərinə, yalan söyləmədiklərinə, vəsiyyəti dəyişmədiklərinə və təhrif etmədiklərinə görə and içməli­dir­lər. Bu andla şahidlər istənilən şübhəni özlərindən uzaqlaşdıra bilərlər. Lakin əgər mər­humun qohumları onlara inanmasalar, çünki dolayı sübutlar yalan şahidlik etdiklərinə işarə edəcək, onda mərhumun varislərindən iki nəfər istəyərsə, onların şahidliyinin əvvəlkilərin şahidliyindən daha doğru olacağına və əvvəlki şahidlərin xəyanət etdikləri və yalan danışdıqlarına Allah qarşısında and içə bilərlər. Bu halda onların iddiası təmin edilməlidir.

Bu kəramətli ayələr Təmim əd-Dari və Adiy b. Bəddanın başına gəlmiş və əl-Ədə­vinin vəsiyyətinin onlara çatdırılmasına dair məşhur əhvalatla əlaqədar nazil edilmişdi, amma bu barədə ən yaxşısını bilən Allahdır. Bu kəramətli ayələrdə gəldikdə isə onlardan bir sıra hökmlər çıxartmaq olar.

1. Vəsiyyətnamənin tərtib edilməsi şəriətlə qanuniləşdi­rilmişdir və ölüm ayağında olan şəxs bunu yerinə yetirməlidir.

2. İnsanın ölüm ayağında belə, şüuru özündə olduğu halda, tərtib etdiyi vəsiyyət­namə hüquqi qüvvəyə malikdir.

3. Vəsiyyətnamənin təsdiq olunması üçün iki ədalətli kişinin iştirakı zəruridir.

4. Ölüm ayağında və digər hallarda vəsiyyətnamənin şahidləri, son zəruriyyət kimi, kafirlərdən də ola bilər. İmam Əhməd bu rəyin tərəfdarıdır. Bir çoxları isə güman edirdilər ki, bu hökm ləğv edilmişdir, lakin onların iddiaları əsassızdır.

5. Buradan aydın olur ki, digər məsələlər üzrə də, əgər başqa şahidlər yoxdursa, kafirlərin şahidliyi qəbul oluna bilər. Bu rəyin tərəfdarı şeyxülislam İbn Teymiyyədir.

6. Müsəlmana, onun üçün təhlükəli olmadıqda, kafirlə səfərə çıxmağa icazə verilir.

7. Şəriət ticarət səfərinə çıxmağa icazə verir.

8. Varislər şahidlərin doğruçuluğuna şübhələndikdə, lakin onları yalançılıqda gün­ahlandırmağa əllərində sübut olmadıqda, şahidləri namazdan sonra saxlayaraq, Fövqəluca Allahın xatırlatdığı kimi, onlardan and içmələrini tələb edə bilərlər.

9. Əgər onlar şahidlərin nə yalan danışdığına, nə də doğruçuluğuna şübhə etmirlərsə, onda şahidləri namazdan sonra saxlamağa və onlardan şəhadətlərini andla təsdiq etməyi tələb etməyə ehtiyac yoxdur.

10. Şahidlik edilməsi mühüm əməldir, çünki Allah onu Özünə aid etmişdir. Bu isə o deməkdir ki, insanlar etdikləri şahidliyə diqqətlə yanaşmalı və şəhadət verdikdə ədalətli olmağa riayət etməlidirlər.

11. Əgər şahidlərin doğruçuluğuna şübhə etmək mümkün­dürsə, onda sözlərinin doğru və ya yalan olduğunu aşkar etmək üçün onları sınamağa və istintaq yolu ilə dindirməyə də icazə verilir.

12. Sübutlar vasitəçilərin28 yalançılığına işarə etdikdə, mər­humun iki ən yaxın qohumu Allaha and içməlidirlər ki, onların şahidliyi daha doğrudur və əvvəlki şahidlər onlara göstərilən etibara xəyanət etmiş və yalan danışmışlar. Sonra isə onlar iddia etdiklərini ala bilərlər və onların dediklərinin andları ilə təsdiq etdikləri dolayı dəlilləri, bu halda birbaşa sübutlar rolunu oynayır.

                
(5.109) “Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyu­ra­caq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri bilən ancaq Sənsən! – deyə cavab verəcəklər”.
Fövqəluca Allah bu ayədə Qiyamət günündən və həmin gün baş verəcək dəhşətli hadisələrdən xəbər verir. Allah bütün elçilərini (onlara salam olsun) toplayacaq və onlardan soruşacaq: “Sizin millətləriniz sizə nə cavab verdilər?” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bütün biliklər Sənə məxsusdur və Sən bu barədə daha yaxşı bilirsən! Sən qeybi və aşkarda olan hər şeyi bilirsən”.

                                                               

(5.110) “(Ey Elçim!) Xatırla ki, o gün (Qiyamət günü) Allah belə buyu­racaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adam­­larla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrət­mişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”
Allah Məryəm oğlu İsaya (ə) buyurur ki, ona və onun anasına göstərdiyi nemətini qəlbi və ürəyi ilə yadına salsın və Ona bu nemətinə görə minnətdarlıq etsin və ondan (ə) tələb olunan nə varsa yerinə yetirsin.

Ona doğrudan da, başqa məxluqların layiq görülmədiyi mərhəmət edilmişdi. Fövqəluca Allah onu (ə) təmizləyən, ona Allahın hökmlərini yerinə yetirmək və insanları Onun yoluna dəvət etmək üçün qüvvət verən Ruh və Vəhyi ilə himayə etmişdi. Belə bir rəy var ki, Müqəddəs Ruh – mələk Cəbraildir ki, ona peyğəmbərə kömək göstərmək, onu hər yerdə müşayiət etmək və çətin anlarda ruhlandırmaq tapşırılmışdı.

Allah İsaya (ə) hələ beşikdə olanda da, yetkin çağında da insanlarla danışmaq imkanı vermişdi. Burada söhbət adi bəşəri nitqdən deyil, onu deyənə və eşidənə fayda verən söz haqqındadır. Belə söz – Allaha dəvətdən ibarət idi. Ruhən sarsılmaz elçilərdən olan öz qardaşları kimi, İsa peyğəmbər (ə) yetkin yaşında insanlarla faydalı söhbətlər edir, onlara Allahın vəhyini çatdırır, onları xeyirli işlər görməyə və bəd əməllərdən çəkin­məyə dəvət edirdi. Lakin o, başqa elçilərdən onunla fərqlənirdi ki, hələ körpəlik çağında beşikdə olarkən o demişdi: (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqi­qə­tən, Allahın quluyam. O mənə Kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!” (Məryəm, 19/30-33).



Allah ona (ə) Kitabı və Hikməti öyrətdi. Burada Kitab adı altında həm əvvəlki Səmavi Vəhylər, onların arasında xüsusi yer tutan Tövrat və həm də İncil nəzərdə tutul­muşdur. Bu da ona imkan verdi ki, İsrail oğulları arasında, Musadan (ə) sonra ən bilikli peyğəmbərlərdən biri olmağa imkan verdi. Hikmət adı altında isə burada Allahın şəriətinin sirlərini bilməsi, dini hökmlərin xeyrini və mahiyyətini dərk etməsi, dəvət etmək bacarığı, insanlara təlim vermək və zəruri olan hər şeyi layiqincə yerinə yetirmək nəzərdə tutulurdu.

Allahın icazəsi ilə o (ə), gildən cansız quşa bənzər bir şey düzəldir və ona üfür­dükdən sonra o canlı quşa çevrilirdi. Allahın izni ilə o (ə) qoturları, görməkdən və gözdən məhrum olanları sağaldırdı. Allahın mərhəməti sayəsində o, ölüləri dirildirdi. Belə qəribə möcüzələri etməyə heç bir həkim və heç bir insan qadir deyil. Bunların vasitəsilə Allah İsa peyğəmbərə (ə) kömək edir və onun çağırışının haqq olduğunu təsdiq edirdi.

Allah, onun (ə) gətirdiyi həqiqətin açıq-aşkar möcüzələrlə təsdiq edilməsinə və hər bir insanın ona iman gətirməli olmasına baxmayaraq, onu adi bir sehrbaz adlandıran İsrail oğulları ara­sından olan kafirlərin ona (ə) qarşı fitnə-fəsad törətmək istə­yənlərinin qar­şısını aldı. Onlar hətta peyğəmbəri (ə) öldürmək niyyətindəydilər və öz planlarını həyata keçirməyə başlamışdılar, lakin Allah kafirləri ondan (ə) uzaqlaşdırdı və onu onlardan qorudu.

O, bununla Öz qulu və elçisinə iltifat göstərir və onu, ona bəxş etdiyi nemətlərə görə minnətdar olmağa və ondan tələb olunanların hamısını yerinə yetirməyə çağırır. Peyğəmbər (ə) isə öz borcunu kamil şəkildə yerinə yetirdi və möhkəm iradəli elçilərdən olan qardaşları kimi səbirlilik göstərdi.
             

(5.111) “Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim müsəlman olmağımıza şahid ol!” – deyə cavab vermişdilər.
Allah İsa peyğəmbərə (ə) ardıcıllar və köməkçilər yönəlt­məklə ona göstərilən lütfkarlığı unutmamasını əmr edir. Həvari­lərə təlqin edilmişdi ki, Allaha və Onun elçisinə (ə) iman gətir­sinlər, daha doğrusu, Allah onların qəlbinə iman salmış və onu özlərinin əqidəsi etmə­lərini əmr etmişdi. Bu hökm Allahın vəhyi ilə İsa peyğəmbərə (ə) nazil edilmiş və onun vasitəsilə həvarilərə çatdırılmışdı.

Həvarilər bu çağırışa qulaq asmış və demişdilər: “Biz iman gətirdik! Bizim müsəlman olmağımıza şahid ol!” Onlar özlərində həm xeyirxah əməllərdə təcəssüm edən itaətkarlığı və həm də qəlblərində gizlədikləri və onları münafiqlikdən və imanın azal­masından qoruyan həqiqi etiqadı bir yerdə cəmləşdirmişdilər.

Əlavə etmək lazımdır ki, köməkçiləri həvari adlandırırlar. Bir Quran ayəsində deyilir: “İsa onların küfrünü (inanmadıq­larını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim ola­caqdır?” - deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz – müsəlmanlarıq!” (Ali-İmran, 3/52).
                     
(5.112) “Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):” Əgər mömin­si­nizsə, Allahdan qorxun!” – demişdi”.
Həvarilər öz peyğəmbərlərinə bu sualı Allahın qüdrətinə şübhə etdiklərinə görə verməmişdilər. Onlarda belə bir istək yaranmışdı və onlar peyğəmbərdən bunu nəzakətlə soruşaraq tələbatlarının ödənilməsini istəmişdilər. Lakin belə bir möcüzənin göstərilməsi xahişi itaətkarlıqla və haqqa bağlılıqla uyuşmur və həm də həvarilərin sualı yanlış anlaşıla biləcəyinə görə İsa peyğəmbər (ə) onlara öyüd-nəsihət verir. O, onlara deyir ki, əgər onlar həqiqi mömindirlərsə, Allahdan qorxsunlar. Həqiqətən, iman insana Allahdan qorxmasına, Onun hökmlərinə tabe olmasına və möcüzə tələb etməməsinə kömək edir, çünki onun nəticələrinin necə ola biləcəyi qətiyyən məlum deyildir.
               
(5.113) “(Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sa­­kit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcü­zəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.

Həvarilər deyirlər ki, onlar heç bir pis şey nəzərdə tutma­mışdılar və ən təmiz niyyətdə idilər. Onlar sadəcə olaraq yemək istəyirdilər və bu onu göstərir ki, onların buna ehtiyacı vardı. Bununla yanaşı, onlar öz gözləri ilə möcüzə görmək istəyirdilər ki, onların qəlbində inamı artırsın və imanlarını gördükləri ilə təsdiq olunan əminlik dərəcəsinədək qaldırsın. Allahın sevimlisi İbrahim (ə) də eynilə bu tərzdə, ölülərin necə dirildilməsini ona göstərməyi Rəbbindən soruşaraq, öz arzusunu bildirmişdi. Fövqəluca Allah buyurur: “(Ey Elçim!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə gös­tər!” – dedikdə (Allah): “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” – buyurmuş­du. (İbrahim:) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruş­dum)” - deyə cavab vermişdi...” (Bəqərə, 2/260).

Qulların biliklərini, etiqadını və imanını artırmağa həmişə ehtiyacları var və buna görə həvarilər dedilər ki, onlar elçilərinin bütün gətirdiklərinin doğruluğuna bir daha əmin olmaq istəyirdilər. Onlar istəyirdilər ki, onların xələflərinə fayda gətirəcək şeylərin şahidləri olsunlar. Onlar möcüzə həsrətində idilər və onu görüb həqiqəti insanlara çat­dırmaq və onun növbəti dəfə təsdiq olunmasını istəyirdilər.
                      

(5.114) “Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
Məryəm oğlu İsa (ə) həvarilərinin sözlərini eşitdikdə və onların əsil mənasını anladıqda, o, onların xahişini yerinə yetirməyə razılaşdı və Allahdan xahiş etdi ki, onlara süfrə (yemək) nazil etsin və bu bütün iştirak edənlər üçün bayram və ziyafət və böyük bir möcüzə olsun ki, onu uzun illər boyu yaddan çıxarmasınlar.

Beləliklə, Fövqəluca Allah müsəlmanların bayramlarını və dini mərasimlərini Özünün möcüzələrinin və elçilərinin adətlərinin, onların düz yollarının və Allahın onlara göstərdiyi mərhəmətinin xatırlanması kimi müəyyən etdi.
                 
(5.115) “Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!”
Əgər insan ecazkar bir möcüzənin şahidi olursa, zalımlıq edərək və inadcıllıq göstərərək iman gətirməkdən boyun qaçırırsa, onda o, şiddətli əzab verən cəzaya və sərt intiqama layiqdir. Buna görə, Fövqəluca Allah yemək süfrəsi nazil etməyə söz verir və bundan sonra iman gətirməyənləri belə cəza ilə cəzalandıracağı ilə hədələyir. Lakin Allah onu onlara nazil etməsini göstərmir.

Belə bir rəy var ki, o, göndərilməmişdir, çünki həvarilər həmin şərtlərlə razılaş­ma­mışlar. Bu rəy onunla təsdiq olunur ki, xristianların əlində olan İncildə bu hadisə xatırlanmır.

Başqa bir rəyə görə isə, Allahın vədinə müvafiq olaraq yemək süfrəsi nazil edilmişdir, çünki O, Öz vədlərini pozmur. Əgər o, xristianların əlində olan İncillərdə xatırlanmırsa, onda ola bilsin ki, o, Kitabın xristianlar tərəfindən unudulmuş hissəsində qalsın. Bu hadisənin, ümumiyyətlə İncildə xatırlanmaması da mümkündür, lakin insanlar tərəfindən nəsildən nəslə rəvayət edilmişdir və Allah da qərara almışdır ki, bu kifayətdir. Bu nəticəyə, yemək süfrəsinin şahidləri olmaq istəyən həvarilərin sözləri əsasında gəlmək olar. Əslində baş verən hadisə haqqında ən yaxşı bilən Allahdır.
                                                                                      
(5.116) “(Ey Elçim!) Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəd­dəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim nəfsimdə olan hər şeyi bilirsən, mən isə Sənin nəfsində olanı bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!”

(5.117) “Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!”

(5.118) “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)”.
Bu, Allahı üç üqnimin üçüncü şəxsiyyəti kimi adlandıran xristianların qınan­masıdır. Allah bunu İsa peyğəmbərə (ə) xəbər verdikdə, o, belə baxışlara heç bir aidiyyəti olmadığını bildirdi. O dedi: “Ey Rəbbim! Sən bu mənfur sözlərdən sonsuzluğa qədər uzaqsan və Sən, Əzəmətinə yaraşmayan hər şeydən ucasan. Mən insanlara mənə yad olan və mənim haqqım çatmayan şeyləri deyə bilməzdim. Nə yaxın mələklər, nə peyğəmbərlər, nə də hər hansı məxluqlar ilahiləşdirilməyə layiq deyillər, çünki onları hamısı – itaətdə olan qullar və aciz varlıqlardır. Əgər mən belə bir şey desəydim, Sənə bu onsuz da agah olacaqdı, çünki Sən mənim nəfsimdə olanları, mənim etdiklərimi incəliklərinə qədər bilirsən. Sən qeybi və gizli olanları Bilənsən!”

Bu sözlərdə Məsihin öz Rəbbi ilə ünsiyyətdə riayət etdiyi kamil davranış qaydaları özünü büruzə verir. O demir ki, heç belə sözlər söyləməmişəm. Lakin onun danışığından aydın idi ki, o (ə), onun yüksək məqamı ilə bir araya sığışmayan heç bir söz söyləməmişdir. Bundan başqa, belə bir şey heç mümkün deyildi. O (ə) ən mükəmməl şəkildə Rəbbin hər cür qüsurdan pak olduğunu vurğulayır və bildirir ki, elm təkcə Ona – qeybi və aşkarda olanları Bilənə məxsusdur.

Sonra o (ə) izah edir ki, məhz o İsrail oğullarına əmr vermişdir. O deyir: “Mən onlara ancaq Sənin mənə buyurduqları demişəm. Mən – Sənin iradənə müti olan qulam və mən Sənə itaətsizlik etmərəm. Mən onlara əmr etmişəm ki, təkcə Sənə ibadət etsinlər və sədaqətlə xidmət göstərsinlər. Bu o deməkdir ki, mən onlara məni və ya anamı ilahlaşdırmağı qadağan etdim və onlara açıqlamışam ki, mən ancaq asılı olan bir qulam. Mən onlara bəyan etmişəm ki, onların Rəbbi həm də mənim Rəbbimdir. Mən onların arasında olduğum müddətdə əməllərinin şahidi idim və onlardan kimin mənim hökmlərimi yerinə yetirdiyinə və kimin bunu etmədiyinə şahidlik edə bilərəm. Sən məni (dünyadan) rahatlığa qovuşdurduqdan sonra, Sən onları, onların məxfi saxladıqları düşüncələrini və gizli niyyətlərini müşahidə edirdin. Sən bütün varlıq haqqında Öz elmin, eşitməyin və görməyinlə şahidlik edirsən. Sən bilmək lazım gələn hər şey haqqında bilirsən, eşitmək lazım gələn hər şeyi eşidirsən və görmək lazım gələn hər şeyi görürsən. Sən təkbaşına Öz qullarına layiq olduqlarının əvəzini verirsən, çünki onlarda gizlədilən xeyir və şər Sənə məlumdur. Sən onları cəzalandırmaq üçün hakimiyyətə maliksən, axı onlar – Sənin qullarındır. Sən onlara onların özlərindən daha çox mərhəmət göstərirsən. Sənə onların əməlləri məlumdur və əgər onlar itaətsizlik edən təkəbbürlü insanlar olmasaydılar Sən onları cəzalandırmazdın. Lakin Sən onları bağışlaya bilərsən, axı Sən – Qüdrətli və Müdriksən. Sənin bağışlaman Sənin mükəmməl qüdrətinin nəticəsidir. Sən, öz zəifliyi və gücsüzlüyü üzündən bağışlayan kəslərə oxşamırsan. Sən Müdriksən və sənin müdrikliyin Səndən öz əməlləri ilə bağışlanmağa layiq olanları bağışlamağını tələb edir”.
                        

(5.119) “Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danı­şan­lara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər göz­ləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!”
Qiyamət günü başlayanda Fövqəluca Allah qullarından kimin uğur qazanacağını, kimin məhv olacağını, kimin əbədi bədbəxtliyə məhkum ediləcəyini, kimin isə xoşbəxt olaca­ğını bəyan edəcəkdir. Həmin gün doğruçuluq əməlləri, sözləri və niyyətləri doğru yola və haqq rəhbərliyə uyğun gələn doğruçu insanlara fayda verəcəkdir. Qiyamət günü onlar belə doğruçuluğun bəhrələrini görəcək və Allah onları gerçək bir yerdə Qüdrətli Hökmdarın yanında məskunlaşdıracaqdır Onlar çaylar axan Cənnət bağlarına düşəcəklər və orada əbədi qalacaqlar. Allah onlardan razı olacaq, onlar da Ondan razı qalacaqlar. Bu böyük uğur olacaqdır. O ki qaldı yalançılara, onları başqa qismət gözləyir. Onların yalanı və iftiraları onlara böyük ziyan vuracaq və onlar yaramaz əməllərinin bəhrələrini dadacaqlar.

           
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə