Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə20/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

Eşq dənizləri qovuşanda 
 
63 
qolunu  aşağıda  tutaraq bədənlərini  müxtəlif  şəkildə  hərə-
kət etdirir və  sağ  ayağını  yerə  dayamaqla  sol  ayağı 
vasitəsilə hərlənirlər. Bu mənzərədə əllərin ifadəsi “göydən 
nə  aldıqsa,  torpağa,  Haqdan  nə  aldıqsa,  xalqa  verdik” 
mənasını,  ayaqların  ifadəsi isə  eşq  əhlinin  pərgar kimi 
olduğuna işarə etməklə, “bir ayağımız şəriət üstündə durur, 
o biri ayağımızla 72 milləti dövr eləyirik” anlamını daşıyır. 
Bundan başqa, Mövlana Cəlaləddin Səma rəqsini hərəsi-
nin  özünəməxsus mənası  olan  yeddi  hissəyə  böldü.  İlahi 
sevgini tərənnüm edən, Peyğəmbərimizi mədh edən birinci 
hissəyə  “Nəti-şərif”  deyilir.  İkinci hissədə,  Allahın  kainatı 
yaratdığı zaman “ol” əmrini verməsini təmsil edən kudüm 
və ya davul səsi eşidilir. Üçüncü hissədə, İlahinin canlılara 
nəfəs verməsini  təsvir  edən  ney  musiqisi  dinlənilir.  Dör-
düncü hissədə,  gizli ruhun  ruha salamını  anladan  bir  mə-
qam, səmazənlərin bir-birinə üç kərə salam verməklə dairə-
vi  şəkildə  addımlaması  izlənilir. Beşinci hissədə  isə  səma-
zən ağ donun üstündən geyindiyi qara çuxanı atır. Mövləvi-
liyə görə, bu məqam ruhun bədəni tərk edərək həqiqətə çat-
dığını  göstərən  əlamət hesab olunur.  Sonra isə  o,  əllərini 
çarpazlayaraq bir rəqəmini xatırladır. Səmazən bu vəziyyət-
də Allahın birliyinə şahidlik edir. Bundan sonra səmaya da-
xil olmaq üçün şeyx əfəndisinin əlini öpərək ondan izn alan 
səmazən  səma etməyə  başlayır.  Bu  zaman  o,  mərasimin 
qaydasına görə dörd dəfə salam verir. 
Birinci salam,  insanın  həqiqətə  yetişərək  ulu  Yaradanı 
dərk etməsi və özünün Bir olana qul olduğunu təsdiq etmə-
sidir.  İkinci salam,  bütün  aləmlərin,  eləcə  də  insanın  yara-
dılmasındakı  intizamı  və  ilahi  dəqiqliyi müşahidə  edərək 
Allahın qüdrəti qarşısında heyranlıqdır. Üçüncü salam, in-
sanın bu heyranlıq və minnətdarlıq duyğusunun Allah eşqi-
nə çevrilməsiylə yanaşı, həm də ağlın bütünlüklə bu sevgi-
yə xidmət etməsi, ona qurban verilməsidir. Dördüncü salam 
isə insanın mənəvi yolçuluğunu tamamlayıb, taleyi ilə razı-
laşaraq yaradılışındakı  vəzifəsinə,  Allahın  buyurduğu  qul-
luğuna  dönməsidir.  Qaydaya görə,  bu  salama  Şeyx  əfəndi 


Elbəyi CƏLALOĞLU 
64 
və səmazənbaşı da qatılırlar. 
Səma mərasiminin altıncı hissəsi “Əl-Quranul-Kərim”in 
“əl-Bəqərə – İnək” Surəsinin 115-ci ayəsinin oxunuşu ilə da-
vam edir: “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəl-
səniz  (üz  tutsanız)  Allah oradadır.  Şübhəsiz  ki,  Allah (öz 
mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!”. 
Yeddinci hissədə  isə  bütün  peyğəmbərlərin,  şəhidləri-
mizin,  övliyaların,  pirlərin,  eləcə  də,  dünyasını  dəyişmiş 
olan bütün imanlıların, inamlıların ruhları üçün “əl-Fatihə” 
Surəsi  oxunur:  “Bismillahir-rəhmanir-rəhim! Mərhəmətli, 
rəhmli Allahın adı ilə! Həmd (şükür və tərif) olsun Allaha – 
aləmlərin  Rəbbinə,  mərhəmətli,  rəhmli olana,  Haqq-hesab 
(qiyamət) gününün  sahibinə! Biz yalnız  Sənə  ibadət  edirik 
və  yalnız  Səndən  kömək  diləyirik! Bizi  doğru yola yönəlt! 
Nemət verdiyin  kəslərin  yoluna!  Qəzəbə  düçar olmuşların 
və  (Haqqdan)  azmışların  (yoluna)  yox!”.  Surənin  oxunuşu 
sona çatdıqdan sonra mərasim dövlətin və dövlətçiliyin sa-
lamatçılığı üçün edilən dualarla sona yetir. 
Dərvişlər səma mərasimindən sonra heç kimsə ilə danış-
madan zikr etmək üçün səssizcə hücrələrinə çəkilirlər. Zikr 
mərasimi mövləvilərin  gerçəyə  çatması  üçün  bir  üsul  yox, 
sadəcə  onların  düşüncəsini  Tanrının  dərkinə  yönəldən  bir 
gedişdir... 
Mövlana Cəlaləddin Rumi bütün bu islahatları etməklə 
yanaşı, həm də daxilində Mürşidi-kamil Şəms Təbriziyə bir 
mənəvi ehtiyac duyur, onun xiffətini çəkirdi. Kimi görürdü-
sə,  ondan  Şəms Təbrizini  soruşur,  hara gedirdisə,  orada 
Şəms Təbrizini arayırdı. Bir sözlə, hər vaxt onun gözü yol-
da,  qulağı  səsdə  idi.  Bir  gün  Mövlana  Cəlaləddin  belə  bir 
bəyanat yayımladı: “Şəms Təbrizidən xəbər gətirənə ən gö-
zəl libasımı verəcəm”. Bundan sonra Şəms Təbrizini gördü-
yü və  ya  eşitdiyi haqda  Mövlana  Cəlaləddini  müjdələyən 
hər kəs  ondan  hədiyyə  aldı.  Müjdəçilərin  arasında  yalançı 
məlumatlarla gələnlər  də  az  deyildi.  Bundan  narahat  olan 
Hüsaməddin  Çələbi  dostuna  yaxınlaşıb,  –  axı,  bu  xəbərlər 
yalandır, nədən onlara inanırsan, sən nəyə görə yalançılara, 


Eşq dənizləri qovuşanda 
 
65 
fırıldaqçılara paltarını paylayırsan? – deyə təəccüblə ondan 
sual etdi.  Mövlana  Cəlaləddin  isə  çox  sakit tərzdə  Hüsa-
məddin Çələbiyə, – dostun yalan xəbərini gətirənlərə libası-
mı  verirəm,  doğrusunu  deyənlər tapılsaydı,  onlara canımı 
verərdim, – deyə cavab verdi. 
Mövlana Cəlaləddinin müridləri bütün bu olub-keçənlə-
ri seyr edirdilər. Bir gün onlar bu narahatçılıqlara dözməyə-
rək məcralarından çıxdılar və öz mürşidlərinə çatdırdılar ki, 
Şəms Təbrizi Konyaya gələndən bəri dərs üzünə həsrət qa-
lıblar, Mövlananın söhbətlərini dinləyə bilmirlər, bu kim idi 
gəlib mürşidimizi bizdən aldı, özünə məftun elədi, hələ bir 
Mövlana onun xiffətini də çəkir, onu bir daha Konyaya qay-
tarmaq istəyir. Biz buna yol vermərik. Hüsaməddin Çələbi 
onların bu həyəcanlı müraciətini Mövlana Cəlaləddinə çat-
dıranda, o, yerindən durub müridlərinin qarşısına çıxdı və 
belə dedi: “Dünyada düşmənçilik, nifrət və qisas deyil, əksi-
nə məhəbbət, barış, anlamaq və dözümlülük hökm sürməli-
dir”. Bu zaman müridlərdən biri, – biz düşmənçilik etmirik, 
sizinlə olmaq istəyirik, – dedi. Mövlana Cəlaləddin onun sö-
zünü cavabsız qoymadı: 
– Biz qovuşdurmaq üçün gəldik, ayırmaqdan ötrü yox. 
Siz mənimlə bir yerdə olmaq, söhbətlərimi dinləmək, biliyi-
mə yiyələnmək istəyirsiniz, lakin bununla belə mənim dərs 
aldığım  mürşidimi  inkar  edir,  onu  qəbul etmirsiniz.  Bu, 
düşmənçilik deyilsə, bəs onda nədir? –  o, belə deyib sözünə 
qısaca fasilə verdi, sonra da heç kimdən səs çıxmadığını gö-
rüb, – ya olduğun kimi görün, ya göründüyün kimi ol! – de-
yərək ovqatı təlx vəziyyətdə yenə də hücrəsinə qayıtdı... 
Beləcə, Mövlana Cəlaləddin günlərin birində Şəms Təb-
rizinin hələ də Şamda olduğu barədə məlumat aldı və oğlu 
Sultan  Vələdi  mürşidinin  dalınca  göndərdi.  Onun  özü  isə 
bu xəbəri alalı yeni nicat tapmış kimi sevinirdi... 
 
 
 
 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə