Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə27/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

Elbəyi CƏLALOĞLU 
84 
–  Qızım,  Şəms Təbrizinin  qəlbi Allah  eşqiylə  yanıb-ya-
xıldığı halda, bəndə eşqi onu özünə qulmu edəcəkdir? Mən 
başa düşürəm ki, sənin ailə qurmaq haqqın var, lakin yaxşı 
düşün,  tələsən  təndirə  düşər,  deyiblər,  bir  də  ki,  axı  sizin 
yaş fərqiniz də böyükdür, – Kərra xatunun bu sözlərindən 
təsirlənən Kimya xatunun gözləri bahar buludu kimi doldu
özünü ağlamaqdan güclə saxladı və yavaş səslə, – anacan, 
dediklərini anlayıram, amma ürəyim sanki ovsun içindədir, 
könlüm siz deyənlərin əksini söyləyir, –  dedi. Kərra  xatun 
bir az düşündü və yenidən dilləndi: 
– Unutma ki, Şəmsə tək sənin deyil, Mövlananın, bütün 
alimlərin, bəlkə də bəşəriyyətin ehtiyacı var, ona görə də bu 
yoldan  sapmamalıdır,  qısa bir zamanda  onun  sayəsində 
Mövlana Cəlaləddinin nələrə nail olduğu göz qabağındadır, 
özü böyük alim olduğu halda,  Şəms Təbrizi təfəkküründə 
heç kəsə məlum olmayan incilər aşkarladı, – Kərra xatun bu 
sözləri  deyən  zaman  Əlaəddin  Çələbi otağa  daxil  oldu  və 
içəriyə girən kimi də söhbətdən duyuq düşmüş kimi, – nə 
pıçıldaşırsız? – deyə soruşdu. Kimya isə cəld ona doğru çev-
rilərək hirslə və ərkyana, – bilirsənmi nə var, sənlik deyil! –  
deyib tələsik otaqdan bayıra çıxdı. Bu zaman Kərra xatunun 
qaşları yüngülcə çatıldı, çöhrəsinə istehzalı təbəssüm qondu 
və  fikirli-fikirli gözünü  Kimyanın  şıltaqlıqla çəkib örtdüyü 
qapıya zillədi.  Onun  eşitdiyi isə  Əlaəddinin  dediyi sözlər 
oldu ki, onu cavablandırmağa heç ehtiyac da duymadı: “Nə 
olub  anacan,  yoxsa Kimya babası  yaşında  kişiyəmi vuru-
lub? Ax, bu qoca Şəmsdə nələr var!”... 
Mövlana Cəlaləddinin söhbəti həmişəki kimi bu dəfə də 
gərgin keçirdi. O, müdrik sözlərini zalda əyləşənlərə çatdı-
rır,  eləcə  də  özünün  və  Şəms Təbrizinin  bədənlə  ruh kimi 
birləşmiş eşq hikmətini onlara izah edirdi: 
–  “Ən  əl-Həqq” sözü Həllacı  Mənsurun  ağzında  nur, 
“Ən Allah” sözü isə Fironun ağzında əcaib bir yalan idi! – o, 
söhbətini bu sözlərlə başlamışdı, həm də ani bir vaxtda Şə-
ms Təbrizinin  bu  mövzu barədə  verdiyi  açıqlamanın  onu 
qane etmədiyini xatırladı, sonra da həmin ahəngdə, təmkin-


Eşq dənizləri qovuşanda 
 
85 
lə söhbətinə davam etdi: 
– Firon dünyada allahlığı öz əlinə almaq iddiasında ol-
duğu  halda,  Həllacı  Mənsur  insanları  ürəyindən  pislikləri 
ataraq Allahla vəhdətdə  olmağa  çağırırdı.  Çünki Həllacı 
Mənsur bunu təcrübəsindən keçirmişdi. O, pislikləri ürəyi-
nə  yaxın  buraxmadı,  onun  qəlbi  arındıqca  düşüncəsi pak-
laşdı, könlü nurlandı, camalı işıqlandı. Həllacı Mənsur elmi, 
helmi, ədəbi və vicdanının vəhdətini yaratmaqla Canlar Ca-
nına vara bildi, onun könlündə Allahın kölgəsindən başqa 
heç bir şey qalmadı. Bununla, o, artıq özünü unutmuş və nə 
edirdisə Bir olana uyğunluqla edirdi, onun danışdığı Haqq 
sözü,  söylədiyi Haqqın  buyruğu  idi.  Həllacı  Mənsurun  di-
lində  səslənən  “Ən  əl-Həqq” kəlməsi  əslində  onun  könlü-
nün  səsi  idi.  Çünki Həllacı  Mənsur  Tanrının  təcəllasını  öz 
könlündə  tapmışdı,  o,  buna  görə  “Haqq mənəm” və  ya 
“Haqq məndədir” söyləyirdi.  Necə  ki,  İsa  peyğəmbər  “İn-
cil”də buyurur ki, yol, həqiqət və həyat Mənəm və ya Mən 
Allahdayam, Allah da məndədir. 
 Əsa Musanın  əlində  doğruluğuna  şahid  oldu,  sehirba-
zın əlində isə əyləncə və məzhəkədən başqa heç bir şeyə ya-
ramadı. Deməli, təmiz söz həqiqətdən uzaq olan könüllərdə 
qərar tutmaz, amma nurlu könüllərin əslinədək gedər. Əyri 
ayaqqabı əyri ayağa necə uyarsa, şeytanın ovsun və əfsanəsi 
də doğru olmayan könüllərə o cür uyar! – Mövlana Cəlaləd-
din adəti üzrə, hikmət söyləyərkən heç vaxt tələsməzdi, o, 
zalda oturanlara bu fikirləri bir qədər beynində bişirdikdən 
sonra yaddaşına həkk etməsi üçün imkan verərdi. Lakin bu 
dəfə Mövlana Cəlaləddinin fasilə etdiyi vaxt müridlərındən 
biri ona belə bir gözlənilməz sual verdi: 
–  Ustad,  şərab halaldır,  yoxsa haram?  –  Mövlana 
Cəlaləddin  daşın  hansı  bostana  atıldığını  göydəcə  tutdu. 
Onun müridləri arasında hələ də Şəms Təbrizini sevməyən-
lər tapılırdı. Bunları Mövlana gözəl bilirdi və bir gün onla-
rın bu kini ürəyindən atacaqlarına da şübhə etmirdi, çünki 
hər  şey  zamana  bağlıdır.  Buna  baxmayaraq,  verilən  sual 
onun ovqatına bir qədər soğan doğradı. Çünki Mövlana Cə-


Elbəyi CƏLALOĞLU 
86 
laləddin anladı ki, bu sual Şəms Təbrizinin nəbiz içməyinə 
işarədir.  Sualı  verən  də  elə  onu  sevməyənlərdən  biri  idi. 
Odur ki, Mövlana Cəlaləddin həmin sualı təmkinlə və təfsi-
latı ilə cavablandırmağa çalışdı: 
– Allah təala “əl-Bəqərə” Surəsinin 219-cu ayəsində bu-
yurur: “(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haq-
qında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm 
də  insanlar  üçün  mənfəət  (dünya mənfəəti) vardır.  Lakin 
günahları  mənfəətlərindən  daha böyükdür”! (Allah yolun-
da) nəyi paylamalı olduqlarını soruşanlara isə de: ”Ehtiyacı-
nızdan  artıq  qalanını  (möhtaclara paylayın)!  Allah sizə  Öz 
ayələrini  bu  cür  bildirir  ki,  bəlkə  fikirləşəsiniz.”  Bundan 
başqa ən-Nisa (Qadınlar) Surəsinin 43-cü ayəsi də var. Allah 
burada  isə  belə  buyurur:  “Ey  iman  gətirənlər! Sərxoş  ikən 
nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğu-
nuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənə-
dək  namaza  (namaz  qılınan  yerə) yaxınlaşmayın...”.  Mən 
Qurani-Kərimin  bu  ayələrini  sizə  söylədim,  şərabın  haram 
və  ya halal olmasını  isə  özünüz  düşünün.  Lakin  məntiqə 
əsaslansaq deyə bilərəm ki, bir tuluq şərabı dənizə töksən, 
dəniz  dəyişməz,  o  şərab  dənizi bulandırmaz. Həmin  dəni-
zin suyu ilə yenə də dəstəmaz almaq olar. Amma kiçicik bir 
hovuzu bircə  damla  şərab  da  murdar  edər. Beləcə,  duzlu 
dənizə  düşən  hər  bir  şey  duz  kimi bərəkətə  dönər. Sənin 
sualının açıq cavabı budur ki, Şəmsəddin Təbrizi şərab içsə 
də, günah deyil. Çünki o, dəniz kimidir. Lakin bunu sənin 
kimi dardüşüncəlinin biri edərsə, əlbəttə ki, ona arpa çörəyi 
də  haramdır,  –  Mövlana  Cəlaləddin  bunları  deyib,  sözünü 
bitirdikdən sonra həmin oğlan yenə bir sual üçün icazə aldı 
və istehza ilə dedi: 
– Ustad, sən cahandan əl çəkmisən, əsl Haqq aşiqi kimi 
Yer üzünün nemətlərindən vaz keçmisən, amma Şəms Təb-
rizi belə  deyil,  onun  dünyanın  naz-nemətlərinə  də  biganə 
qalmadığını deyirlər. Bu barədə nə deyərsiniz? 
Mövlana Cəlaləddin Rumi bu dəfə bir qədər narazı gör-
səndi, lakin yenə də təmkin nümayiş etdirərək cavab verdi: 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə