ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

  – Əlahəzrət əmr edib ki, bu çılpaq qadının mühafizəsi üçün burada keşikçi qoyulsun. O, 
çadrasız Ninonu nəzərə alırdı. Ninonun halı dəyişmədi, çünki o, farsca başa düşmürdü. 
  Gecəni şəhər valisinin evində keçirtdik. Səhər tezdən keşikçilərimiz atları yəhərlədilər. 
Çarşab örtməyən Nino çılpaq sayıldığı üçün və eləcə də ölkəni bürümüş quldurlardan 
qorunmaq üçün keşikçilər bizi Tehrana kimi müşaiət etməli idilər. 
  Maşın yavaş-yavaş irəliləyirdi. Köhnədən qalmış yollarla Qəzvini keçirik. Şah Şahpur 
ordularını burada toplamışdı. Səfəvilər, sənətçilər, sənətçilərin xeyirxahları və 
müqəddəsləri burada məclis qurardılar. Yüz-yüzəlli kilometr yol getdim. Yol ilan kimi 
qıvrılırdı. Nəhayət uzaq Dəmavəndin qarlı təpəsindən Tehran qapısının dörd qülləsi 
ehtişamla yüksəlirdi. Qapı rəngarəng yumşaq çinilərlə bəzədilmişdi. Qapının üzərində 
zərif ərəb yazıları ilə həkk edilmiş kəlamlar elə bil şeytan gözləri kimi mənə baxırdı. 
Böyük qapının altında toz-torpaq içində bədənlərini yara basmış dilənçilər və pərişan 
dərvişlər oturmuşdular. Onlar incə barmaqlı arıq əllərini bizə uzadaraq hökmdarlara 
layiq Tehran şəhərinin gözəlliyi və əzəməti haqqında şerlər oxuyurdular, amma onların 
səsləri qəmgin və kədərli idi. Onlar bu minbir qübbəli şəhərə neçə illər bundan əvvəl 
böyük ümidlə gəlmişdilər. Lakin onların ümidləri puça çıxmışdı. 
  Balaca maşın əyri-üyrü dar küçələrdən, Top meydanından və şah sarayının Almas 
darvazası yanından keçib şəhərin o biri tərəfinə, Tehranın yaxınlığındakı Şəmiran 
qəsəbəsinə gedən geniş yola çıxır. 
  Şəmiran saray bağçasının qapıları taybatay açılmışdı. Qapıdan içəri girdikdə qızıl gülün 
ətiri bizi vurdu. Biz bağçadakı fəvvarələrin yanından keçib saraya girlik. Pəncərələri 
pərdələrlə örtülmüş qaranlıq otaq, bulaq suyu kimi sərin idi. Nino və mən başımızı 
yumşaq balışlara qoyub şirin yuxuya getdik. 
  Biz yatdıq, oyandıq, mürgülədik, yuxular gördük və yenidən yatdıq. Pəncərələri 
pərdələrlə örtülmüş bu sərin otaqda yatmaq həddindən artıq xoş idi. Saysız-hesabsız 
döşəklər, yastıqlar və xalılar alçaq divanın və döşəmənin üstünü örtmüşdülər. Yuxulu-
yuxulu bülbüllərin cəhcəhini eşidirdik. Adamı qeyri-adi bir hiss bürüyürdü. Biz bütün 
təhlükələrdən, Bakının əldən düşmüş qala divarlarından çox uzaqlarda, böyük bir sakit 
evdə mürgüləyirdik. Vaxt səssiz-səmirsiz keçirdi. Nino hərdənbir dərin bir ah çəkir, 
yuxulu qalxır, sonra başını mənim sinəmə qoyub yenidən yuxuya gedirdi. Mən isə İran 
hərəmxanasının cazibədar ətri gələn yumşaq yastığına başımı qoyub yatırdım. Məni 
dəhşətli bir tənbəllik bürümüşdü. Burnum qaşındığı zaman onu qaşımaq üçün əlimi 
qaldırmağa belə tənbəllik edirdik. Nəhayət burnumun qaşıntısı öz-özünə dayandı və mən 
yenidən yuxuya getdim. 
  Nino birdən oyandı və başını qaldırıb dedi: 
  – Əli xan, acından ölürəm. 
  Biz bağçaya çıxdıq. Fəvvarələrin ətrafını qızıl güllər bürümüşdü. Sərv ağacları göyə 
ucalırdı. Rəngarəng qanadlarını yelpinc kimi açmış tovuz quşu batmaqda olan günəşi, 
seyr edirdi. Uzaqlarda Demavənd dağı ucalırdı. Mən əl çaldım. Şiş sifətli bir hərəm 
xidmətçisi tez yanımıza gəldi. Onun dalınca da əlində xalça və yastıq tutan yaşlı bir qadın 
gəlirdi. Biz bir sərv ağacının kölgəsində oturub süfrə açdıq. Hərəm xidmətçisi su və ləyən 
gətirdi. Sonra yerə sərilmiş xalının üzərinə İran mətbəxinin ən ləziz yeməkləri ilə 
dolduruldu. 
 
106


  Pulemyotun şıqqıltısını eşitməkdənsə xörəyi əllə yemək yaxşıdır, deyən Nino sol əlini 
buğlanan plova uzatdı. Xədimağası qorxunc bir ifadəylə ona baxdı. Ağasının utanmasına 
şahid olmasın deyə xidmətçi üzünü yana çevirdi. 
  Mən Ninoya, İranda plovun sağ əlin üç barmağı ilə necə yeyildiyini öyrətdim. Bakını 
tərk etdiyimiz gündən bəri ilk dəfə olaraq Nino güldü. İndi mən də artıq özümü sakit hiss 
edirdim. Şah ölkəsində, Şəmiran sarayında, dindar şairlərin və müdriklərin diyarında 
həyat çox gözəl idi.  
  Nino birdən soruşdu: 
  – Bəs sənin əmin Əsəd-əs Səltənə ilə onun hərəmxanası haradadır? 
  – Hər halda, şəhərdəki saraydadı. Üç arvadı da onun yanında olmalıdır. Hərəmxananı 
soruşursan? Bu bağça və ətrafındakı otaqlar elə hərəmxanadır da! 
  Nino güldü: 
  – Deməli, məni hərəmxanaya gətirmisən, eləmi? Mən bilirdim ki, əvvəl-axır belə olacaq. 
  Bu zaman ikinci bir hərəm xidmətçisi gəldi. Bu xidmətçi bədəncə arıq və bir qoca idi. O, 
bizə yaxınlaşıb soruşdu ki, bizim üçün mahnı oxusun ya yox. Biz istəmədiyimizi bildirdik. 
Üç qız gəlib xalçaları bükdülər. Əvvəlki qoca xidmətçi də gəlib süfrədən artıq qalan 
yeməkləri yığışdırıb apardı. Balaca bir oğlan da tovuz quşuna yem verirdi. 
  – Əli xan, bu adamlar kimdirlər? 
  – Xidmətçilər. 
  – Görəsən nə qədər xidmətçi var burada?! 
  Mən bunu bilmədiyim üçün xidmətçini çağırıb ondan soruşdum. O bir qədər 
fikirləşəndən sonra dedi ki, Hərəmxanaya iyirmi səkkiz qulluqçu xidmət edir. 
  – Bəs burada neçə arvad yaşayır? 
  – Hal-hazırda ancaq biri, o da sənin yanında oturan qadındır. Amma burada kifayət 
qədər yer vardır. Əsəd-əs-Səltənə arvadları ilə birlikdə şəhərdə yaşayır. Bu indi sənin 
hərəmxanandır. 
  Sonra o oturub sözünə davam etdi: 
  Mənim adım Yəhya Quludur. Mən sənin namusunun keşikçisiyəm, xan. Mən yazmağı, 
oxumağı və hesablamağı bilirəm. Evi idarə etməyi və qadınlarla əlaqədar bütün 
məsələlərdən başım çıxır. Mənə bel bağlaya bilərsən. Yanınızda oturan qadının əcnəbi 
olduğu bəllidir. Amma mən ona yavaş-yavaş əxlaq və rəftar qaydalarını öyrədə bilərəm. 
Mən görürəm ki, onun qoltuqlarının altı tüklüdür. Bəzi ölkələrdə qadınların tərbiyəsinə 
son dərəcə etinasızlıq edirlər. Sabah onun dırnaqlarına həna qoyacağam və yatmazdan 
əvvəl onun ağzını da müayinə edərəm. 
  – Ay Allah, daha bunlar nəyə lazımdır? 
  – Çürük dişləri olan qadınların ağzından pis iyi gəlir. Mən onun dişlərinə baxıb, nəfəsini 
iyləməliyəm. 
  – Bu adam orada nə boşboğazlıq edir? – deyə Nino soruşdu. 
  – O diş həkimi kimi öz xidmətini təklif edir. Əcaib bir tipə oxşayır. 
  Qəribə bir vəziyyətə düşmüşdüm. Sonra hərəm xidmətçisinə dedim: 
  – Yəhya qulu, görürəm sən mədəniyyətə aid olan bütün məsələlərdən xəbəri olan 
səriştəli bir adamsan. Lakin, mənim arvadım hamilədir və ondan muğayat olmaq 
lazımdır. Elə bu səbəbdən də, körpə dünyaya gələnədək tərbiyə məsələlərini təxirə salırıq. 
 
107


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə