ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

 

11

ümumrus məsələsinin həlli üçün artıq çoxdan Parisdə  məskunlaşan Sazanovun, Lvovun, Maklakovun və 



başqalarının əl altında olmalarını istəyirlər. 

Heç  şübhəsiz ki, bu arzunun həqiqətə çevrilməsi ilə bağlı yanvarın sonunda Prinkipo adasında 

(Konstantinopol yaxınlığındakı Prins adalarından biri) bolşeviklər də  kənarda qalmamaq şərti ilə keçmiş 

Rusiyanın müxtəlif hissələrində meydana çıxmış yeni dövlətlərin təmsilçilərindən ibarət ayrıca bir Konfrans 

çağırılması məsələsi gündəliyə daxil edilmişdir. 

Biz hamımız qeyri-müəyyən vəziyyətdə qalmışdıq. Lakin Parisdən nəzərdə tutulan Konfrans haqqında 

teleqraf vasitəsilə biri-birinin ardınca yeni xəbərlər gəlməkdə davam edirdi. İngilis zabitləri isə buradan 

(İstanbuldan - tərc.) "Rusiya" konfransının keçirilməsi üçün münasib bina axtarmaq məqsədilə Prinkipo adasına 

yola düşmüşdülər. 

Bütün bunlarla eyni zamanda ingilis və fransız nümayəndələri bizə Prinkipo adasında keçiriləcək 

konfransın nəticəsini gözləməyin zəruri olduğunu bildirirdilər. 

Bu məcburi və xoşagəlməz gözləmə zamanı, fevralın 13-də gözlənilmədən, Çxeidze və Sereteliyə Parisə 

getmək üçün icazə verilməsi xəbərini aldıq. 

Bu fakta müxtəlif izahlar verilir. 1. Çxeidze və Sereteliyə "rus ictimai xadimləri" kimi icazə veriblər; 2. 

Onlar fransız sosialist qruplarının təzyiqi altında sosialist kimi icazə alıblar; 3. "Shoqsheq 1a Qette" (qadın, 

gözəl cins - tərc.) amili-səfəri onlar üçün Sertelinin bacısının yaxın tanışlarından olan bir fransız "So1ope1"-i 

(polkovnik - tərc). təşkil edib. Yeri gəlmişkən, Seretelinin bacısı onun özü ilə birlikdədir və bir fransızda 

ərdədir. 

Gürcü Nümayəndə heyətinin qalan hissəsi buradadır. Çxeidze vö Sereteli hələ Parisə çatmayıblar, 3-4 

gün bundan əvvəl onların həbs edilmələri barəsində şayiə yayıldı. Necə və harada həbs ediliblər - məlum deyil. 

Bu hadisədən sonra mən fransız nümayəndəsinin yanında olanda və belə  ədalətsiz münasibətin bizə 

necə pis təsir etdiyini ona söyləyəndə nümayəndə cavabında bildirdi ki, Parisdən gürcü heyətinin iki təmsilçisini 

göndərmək barəsində əmr alınıb, gürcülər özləri isə Çxeidze və Seretelini seçiblər. 

"Bəs bizim Nümayəndə heyətindən heç kim getməyəcək?" "Gedəcək, yalnız iki nəfər, iki nəfər də 

dağlılardan". 

Lakin həmin vaxtdan (fevralın 14-dən) sonra bu iki nəfər məsələsi də yerli-dibli unudulub. Prinkipo 

adasındakı Konfransla bağlı təşəbbüs də eyni şəkildə yaddan çıxıb. Yalnız iki gün bundan əvvəl (martın 2-də) 

teleqram aldıq ki, Prinkipo adasındakı Konfrans məsələsi qəti  şəkildə gündəlikdən çıxarılıb. Buna da səbəb 

bolşeviklərin Konfransda iştirakla bağlı dəvətə qeyri-qənaətbəxş cavab vermələri olub. 

Beləliklə, yenə də əvvəlki siyasi xarakterli mülahizələr ("Rusiya məsələsinə" kompleks şəkildə baxmaq 

- tərc.) qüvvədə qalır. 

Yuxarıda adlarını  çəkdiyim Nümayəndə heyətlərindən başqa indi Donun, Kubanın nümayəndələri və 

Ukraynanın təmsilçisi də buradadır. Biz Don (Q. İ. Karaev) və Kuban (L. L. Bıç - keçmiş Bakı şəhər başçısı) 

nümayəndələrinin birgə nahar dəvətini qəbul etdik. Gürcülərin və dağlıların da iştirak etdikləri nahar zamanı 

Parisə getmək üçün icazə alınması  məsələsində birlikdə  fəaliyyət göstərmək haqqında qərar qəbul olundu. 

Nümayəndə heyətlərinin təmsilçilərindən ibarət Məsləhət  Şurası yaradıldı. Lakin gürcü Nümayəndə heyətinin 

hazırda Çxeidzeni əvəz edən müvəqqəti sədri Rtsxiladze Məsləhət  Şurasının tərkibindən çıxdığını bildirdi. 

Özünün bu addımını  sədrin səfərə yola düşərkən onsuz siyasi xarakterli heç bir qərar qəbul etməmək 

barəsindəki müvafiq təlimatı ilə əsaslandırdı. 

Mən də bu cür xarakterli birgə addımlar atılmasının  əleyhinə olduğumu bildirdim. Ona görə  də 

kubanlıların hələ Odessada ikən yazdıqları memorandumu rədd etdik. Mən yazdığım memorandum layihəsini 

təklif etdim. həmin sənəd də öz növbəsində digərləri tərəfindən qəbul olunmadı. Səbəb bu memorandumda 

Rusiyanın tərkibindən çıxmaq məsələsinin çox kəskin şəkildə qoyulması idi. Belə olduqda yeni memorandum 

hazırladıq (mənim düzəlişlərim  əsasında redaktə edildi). Bu memorandumdan yeni hökumətlərin təşkili və 

onların xarakteri məsələsi çıxarılmışdı. 

Gürcülər bu dəfə  də irəli sürülən təklifə qoşulmaqdan imtina etdilər. Ukraynanın burada Nümayəndə 

heyəti deyil, yalnız bir təmsilçisi olduğundan bizim, habelə, Donun, Kubanın və Dağlıların Nümayəndə 

heyətləri (yalnız sədrlər) memorandumu imzaladılar və dünən ingilis Ali komissarına (admiral Vebb) təqdim 

etdik. O, fransız komissarı ilə (admiral Amet) danışacağına söz verdi. Bu gün, yaxud da sabah fransız 

komissarının yanında olacağıq, habelə  İtaliya və Amerika komissarları ilə  də görüşəcəyik. Təqdim etdiyimiz 

memorandumun surətini fransız dilinə  tərcüməsi ilə birlikdə  (əlavə  №7), habelə  qəbul olunmamış digər iki 

memorandum layihələrini (əlavə № № 5,6)25, eləcə də "rus siyasi xadimlərinin" Parisdəki nümayəndə heyətinin 

hazırladığı sənədin tərcüməsini (əlavə № 8) göndərirəm. 

Güman edirəm ki, əvvəl-axır icazə alınacaq. Lakin hətta Parisdə  də Müttəfiq Dövlətləri inandırmaq 

çətin ki, mümkün olsun. Çünki onlar hələ də vahid Rusiya mövqeyində möhkəm dayanır, Finlandiya və Polşa 

istisna olmaqla yeni yaranmış hökumətlərin müstəqilliyini tanımamaq siyasəti yürüdürlər. 

Lakin bununla belə, məncə, artıq zəif də olsa, işıq görünür: Paris Konfransı bütün Cənubi Rusiyanın 

siyasi-sosial və iqtisadi vəziyyəti ilə tanış olmaq üçün xüsusi missiya göndərir. Missiya 30 nəfərdən ibarətdir. 




 

12

Onun  əksər üzvləri amerikalılardır. Missiya üç hissəyə ayrılmışdır. Bir hissə  məxsusi olaraq Qafqaz üçün 



nəzərdə tutulmuşdur. Dünən Qafqaz bölməsinin  şefi, amerikan "colonel"-и Benjamin Burges Moore mənim 

yanımda oldu. O, rusca yaxşı danışır. Mən və  Məmməd Həsən Hacınski onunla söhbət etdik. Aşağıdakı 

suallarına cavab verdik: 1. Siyasi və iqtisadi baxımdan Azərbaycan müstəqil yaşaya bilərmi? 2. Bunun üçün 

sizin maddi və  mənəvi gücünüz çatarmı? 3. Qafqazda, yaxud Zaqafqaziyada federasiya, yaxud konfederasiya 

yarana bilərmi? 4. Əkər Rusiya Federativ Respublikası qurularsa, Azərbaycan onun tərkibinə daxil olmaq 

istəyərmi? 5. Hər hansı başqa bir dövlətin sizə öz təsiri altına almasının mümkünlüyü barəsində 

düşünürsünüzmü? 

Yazdığım memoranduma uyğun birinci və ikinci suallara müsbət cavab verdikdən sonra mən məhz indi, 

Müttəfiq Dövlətlərin, görünür, ermənilərin artıq həddini aşan tələblərini qəbul etməyə hazır olduqları, onların 

isə bundan faydalanaraq bizim Federasiyaya qoşulmaq istəmədikləri, əksinə, hələ bu azmış kimi Türkiyənin və 

Azərbaycanın hesabına Böyük Ermənistan yaratmağa can atdıqları bir şəraitdə Qafqaz Federasiyası  təşkili 

ideyasına  şübhə ilə yanaşdığımı bildirdim. Dördüncü suala da mənfi cavab verdim. Beşinci sualın cavabında 

ölkəmizlə bağlı heç bir maddi mənafeyi olmayan, lakin bizə himayədarlıq etmək məsələsində  əxlaqi və 

ümumbəşəri xarakterli Vilson prinsiplərinə əsaslanan Amerikanın Azərbaycana təsir göstərmə imkanı olan bir 

dövlət kimi adını çəkdim. 

Görünür, cənab Moore ümumiyyətlə, söhbətimizdən razı qaldı. Yazdığım memorandumun bir nüsxəsini 

məmnuniyyətlə qəbul etdi və vidalaşarkən məndən ölkəmizdə görüşüb fikir mübadiləsi apara biləcəyi bir neçə 

şəxsi ona nişan verməyimizi xahiş elədi. Belə bir yardım göstərəcəyimizə söz verdik. O, bu gün Batuma yola 

düşür. Tiflisdə yaşayacaq, lakin Bakıya da mütləq gələcək. Qafqazda üç aydan artıq qalacaq. Onun bizə 

ünvanlandığı sualları  mən daha əvvəllər müzakirə üçün Nümayəndə heyətimizin üzvlərinə  təqdim etmişdim 

(bax: əlavə № 9). 

Ümumi vəziyyətin və bizim öz vəziyyətimizin tam qeyri-müəyyənliyinə diqqəti cəlb etməklə məlumatı 

bitirirəm. Sizinlə teleqraf bir yana qalsın, adi yolla, heç olmazsa, kuryerlər vasitəsilə  də  əlaqə saxlamaq 

imkanlarının mümkün olmamasına son dərəcə təəssüflənirəm. Siz ki, həftədə bir dəfə kuryer göndərməyə söz 

vermişdiniz. Özümə qalsa, mən hər həftə həmin vasitədən istifadə etmək istərdim. Lakin heyhat... yaşadığımız 

günlərin ağır şəraiti nəticəsində bu tamamilə imkan xaricindədir. Ancaq buna baxmayaraq mən əlaqə yaratmaq 

yollarını  sınaqdan keçirdim və yanvarın 19-da Nümayəndə heyətinin hələ  də Parisə yola düşə bilməməyi və 

icazə gözləməsi barəsində ingilislərin Baş qərargahına, Sizin adınıza teleqraf göndərdim. 

Teleqramı məndən qəbul etdilər. Ancaq Siz onu almışsınızmı? Məlum deyil. 

Bu qeyri-müəyyənlik və sabah nə baş verəcəyindən xəbərsizlik məni maddi vəsaitlə bağlı məsələyə də 

toxunmağa vadar edir. Söz yoxdur ki, Nümayəndə heyəti böyük məbləğdə pulla təmin olunub və üzvlərimiz, 

mənim fikrimcə, hətta lazım gəldiyindən də artıq məvacib alırlar. Lakin burada qalacağımız vaxtın qeyri-

müəyyənliyi, habelə Parisə gedəcəyimiz təqdirdə ortaya çıxacaq məsrəflər indidən Nümayəndə heyətinin zəruri 

xərclərinin və dikər ehtiyaclarının ödənilməsindən ötrü lazımi anda vəsait alması üçün zəruri tədbirlər 

görülməsini tələb edir. Nümayəndə heyətində bu məsələ müzakirə edilib və üzvlər məni Sizə bunları bildirməyə 

vəkil ediblər. Heyət yola düşərkən ayrılan məbləğ miqdarında yeni vəsaitin etibarlı adamla birbaşa 

Konstantinopola göndərilməsi daha məqsədə uyğun olardı. Yaxud vəsaiti general Tomsonun köməyi ilə 

ingilislərin Baş Qərargahı vasitəsilə bura köçürmək mümkündür. 

Bir də təkrar edirəm-bütün bunları pul tələbi kimi başa düşməyin, indiki şəraitin rabitə çətinliklərindən 

doğan ehtiyatlılıq kimi qəbul edin. Yeri gəlmişkən, bahaçılığı  və qaldığımız oteldəki xalis soyğunçuluğu da 

nəzərinizə çatdırmaq istəyirəm. Burada rus rublu hər gün öz dəyərini itirir. Məsələn, beş gün bundan əvvəl 

10000 Nikolay rubluna 909 türk lirəsi və 1060 ingilis funt-sterlinqi almaq mümkün idi. Dünən isə eyni 

miqdarda rus rubluna artıq 882 türk lirəsi və 1041 ingilis funt sterlinqi verilirdi. Konstantinopol birjası rus 

pulları ilə doludur. Bu pullar içərisində kerenkaları (Müvəqqəti hökumət dövründə  tədavülə buraxılmış kağız 

pullar - tərç.) demək olar ki, qəbul etmirlər, yaxud da 1000 kerenkaya 300 rubl verirlər. 

Bütün bu mülahizələri nəzərə alanda, yuxarıda bəhs etdiyim ehtiyatlılığın səbəbi aydınlaşır. Yoxsa, 

qürbət yerdə xoşagəlməz vəziyyətdə qala bilərik. 

Nə etmək olar? Xaosun hökm sürdüyü bir şəraitdə  qənaət etməklə bağlı bütün arzulara baxmayaraq, 

xərclər də bu xaosun xarakterinə uyğunlaşır. 

Düşünürəm ki, hətta xaosla da barışmaq mümkündür. Bir şərtlə ki, həmin xaosdan arzuladığımız dünya 

yaransın. Elə bir dünya ki, onun uğrunda mübarizədə adam itirdiyi qüvvə  və  vəsaitə  nəinki heyfsilənir, hətta 

özünü tamamilə qurban vermək istəyir. 

 

 

 



 

 

 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə