Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

deməkdən yorulmazdı, hər məclisdə danışardı. «Qadın təzə paltarını geyinib 
güzgünün qabağında fırlanırmış.  
 
Oğlu soruşur: «Ana, paltarı atam alıb sənə?» «Eh, ay oğul, - qadın deyir, - atanın 
fərasətinə qalsaydı, heç indi sən də yoxdun». Məclis uğunub gedərdi, nə qədər 
qəribə olsa da, ən çox qadınlar gülərdi.  
 
Həyatında cansıxıcı, hüznlü günlər başladı, əvvəlcə bacısı əri qəfil xəstələnib öldü.  
 
Kişinin qırxı çıxmamış bacısı da xəstələndi. O günləri xatırlamaq istəmirdi, ağrılı 
günləriydi. Bakıdan xeyli xərc çəkib dəbdə olan müğənni qızı gətirmişdi rayona. 
Müğənni gələn gün bacısının xəstələndiyini eşitdi. Müğənninin pulunu verdi, qayıt, 
get, dedi, vacib işim oldu, getməliyəm. Elə zənn eləyirdi, müğənni buna sevinəcək, 
müğənni isə hirslənmişdi. Ələ salırsan, işin olacaqdısa, məni niyə çağırırdın? «Sən 
puldan ötrü gəlmişdin, pulunu da aldın, artıqlaması ilə.  
 
Çıx get də. Hökməndi mənimlə yatasan? Kişi tapılmayacaq? İşim olacağını hardan 
bilirdin, sən gələndən sonra iş çıxdı. Belə vacibdi, müavinimə tapşıraram, məndən də 
yaraşıqlı, boylu-buxunludu, narazı qalmazsan!» Müavininə tapşırığını verdi, elə 
güman eləyirdi müğənni qız çıxıb gedəcək, qalmayacaq. Amma sonradan öyrəndi ki, 
üç günlüyə gələn qız düz bir həftə qalıb rayonda, təkcə müavini yox, birinci katib də 
onu bulaq üstə aparıb, restoranlarda qonaq eləyib. 
Bacısını hara qaldı aparmasın, hansı həkim qaldı göstərməsin, xeyri olmadı, gözünün 
qabağındaca əriyirdi.  
 
Bir gün ona dedi. «Qağa, məni Mahmudun yanında basdırarsız». Ona qəribə gəldi, 
niyə anasının yox, ərinin yanında basdırılmasını istəyirdi? Elə bil bacısı onun nə 
fikirləşdiyini başa düşdü. «Qağa, - dedi, - mən o evdən çıxmışam. Öz ailəmin 
yanında olmaq istəyirəm». O isə ürək-dirək verir, bacısına deyirdi, hələ çox 
yaşayacaqsan.  
 
Sən məndən kiçiksən, ölüm növbəsi mənimdir. Bacısı isə gülümsəyirdi. «Allahımdan 
çox razıyam, - deyirdi, - qağamın, balalarımın çiynində gedəcəyəm». Sonra isə bir 
qədər ara verib: «Qağa, - dedi, - qırxım çıxandan sonra boşarsan o qadını». Heç nə 
başa düşə bilmədi, indiyə kimi bacısı bircə dəfə də olsun ona arvadından 
şkayətlənməmiş, narazılıq eləməmişdi. Niyə birdən-birə boşanmasını istəyirdi. 
«Uşaqların razı olmasa da, boşarsan!»  
 
Bu bacısının ona dediyi son sözlər oldu.  
 
Bacısını tanıyırdı, elə-belə söz demədiyini bilirdi. Qəti qərara aldı ki, arvadını boşasın, 
amma o arada başı qarışdı.  


 
Bacısının ölümü onu sarsıtmışdı, özünə gələ bilmirdi. Adi, sadə kənd qadınıydı, yeddi 
oğlu olmuş, yeddisi də çıxıb Rusiyətə getmişdi, ayda-ildə bir dəfə gəlirdilər Vətənə. 
Amma bacısının ölümündən sonra özünü gücsüz, yazıq, arxasız-dayaqsız hesab 
edirdi.  
 
Vəzifəsi, pulu, balaları artıq böyümüşdü, ona isə elə gəlirdi tək-tənha qalıb, heç kimi 
yoxdu. Nə sevinci, fərəhi, yaxşı günləri vardısa bacısı özüylə aparmışdı. 
Bir ara bacısının dəfniylə başı qarışdı, yeddisi, qırxı, ili, sonra yenidən qadınlar 
varlığına hakim kəsilməyə başladılar. Əvvəlki günləri başladı, xoşladığı bir qadını 
gördümü, başını itirir, ona nə vaxt sahib olacağı arzusu ilə yaşayırdı.  
 
Bacısının dediklərini də unutdu. 
 
Səlimin toyunu elədi, Rusiyətdəki bacısı uşaqlarına da demişdi. Toya gələn 
qonaqların sayı-hesabı yox idi, ancaq onun gözü yolda idi.  
 
Bacısı uşaqlarını gözləyirdi. Gəlmədilər, tamada onu təbrik üçün ilk sözü deməyə 
çağıranda mağara girdi, son dəfə geri dönüb baxdı, boylandı, bir qədər ayaq saxlayıb 
gözlədi, hələ də bacısı uşaqlarının gələcəyini gözəyirdi. Gəlmədiklərini görüb, ürək 
ağrısı ilə düşünürdü. «Ay namərdlər, heç olmaya biriniz gələydi! Biriniz bu gün 
mənim yanımda olaydı! Bacımın yadigarlarıydız, bacım yoxdu, sizlərdən biriniz olaydı 
heç olmaya!» İlk dəfəydi evlad toyu eləyirdi, ancaq varlığına sonsuz kədər hakim 
kəsilmişdi.  
 
Mikrafonu götürüb mağarı nəzərdən keçirir, özünə doğma olan adamları görmədikcə 
qəhərlənir, qorxurdu ağlaya, sözünü deyə bilməyə. Qısa danışdı, danışmaq onun 
üçün çətin idi, ara verə-verə danışır, nə qədər çalışsa da, səsindəki kədəri gizləyə 
bilmirdi. Qısa danışdı, sonra arvadını çağırıb rəqs havası sifariş verdi, qollarını 
qaldırıb oynamaq istəyəndə bacısı oğlanlarının yeddisi də bir-birinin dalısınca mağara 
girib, onu əhatəyə aldılar.  
 
Uçmağa qanadı yox idi, bayaqdan qəlbində qövr eləyən, boğazını göynədən qəhər 
sevincə dönsə də, göz yaşlarını saxlaya bilmədi. Harda qalıbsız, gəlin çıxın da, göz 
yaşları içində deyirdi. Yalnız özünü ələ alandan sonra soruşdu, nə əcəb hamınız 
gəlibsiz? «Anamız tapşırıb, - böyük qardaş dedi, - deyib, yaxşı gündə də, yaman 
gündə də dayınızın yanında olun. Bu gün yaxşı günündü, yanındayıq!» Toy yadından 
çıxmışdı, fərəhindən, sevincindən yerə-göyə sığmırdı. Bacısı oğlanlarının əhatəsində 
mağarda qol qaldırıb ürəkdən oynadığı anlar həyatının ən xoş anları idi.  
 
İndi hardaydılar? Yaman günü olduğunu eşitsəydilər yetirərdilər özlərini. Amma 
onlara zəng eləməzdi. Zəng eləyib necə desin ki, bu uşaqlar mənim deyil, böyük 


oğlum, davamçım, evimin çırağı bildiyim yad törəməsi məni öldürəcək, gəlin, 
qoymayın. Yox, heç vaxt deməzdi, bundansa elə qoy öldürsünlər. Özü məhv 
olmuşdu, onu sındırmış, alçaltmış, mənən də, cismən də öldürmüşdülər, heç olmaya 
qürbətdəki doğmaları sınmasınlar. Bütün bunları eşitmək onların da qəlbində 
sağalmaz yara buraxardı, qoy bilməsinlər. 
 
Yanlışlığa harda yol verdiyini yalnız indi anlamağa başlamışdı. Gərək onda bacısının 
vəsiyyətinə əməl edib boşayaydı bu qadını. Hələ cavandı, evlənər, öz uşaqları olardı.  
 
***  
 
Səlim ona rəhm eləməyəcəkdi. Lap elə durub desəydi də, ölmək istəmirəm, haçan 
əcəlim gələr, onda da gedərəm, sürücünün oğlü razılaşmayacaqdı.  
 
Kim onu ala bilərdi qatilin əlindən? İllər uzunu evində saxladığı, böyüdüb boya-başa 
çatdırdığı yad törəməsinin onu asanlıqla öldürməsi ilə barışa bilməzdi.  
 
Yox, öldürə bilməyəcəkdi! Gecə arvadının başını kəsib, gedəcəkdi evdən. Səlim 
rüsvay olmamaq üçün anasının öldürüldüyünü açıb ağartmaz, öz əcəliylə öldüyünü 
deyərdi. Hər halda atam anamın başını kəsib, evdən qaçıb, deyəcək qədər ağılsız 
deyildi.  
 
Mütləq öldürəcəkdi, yoxsa harda olsa rahatlıq tapmaz, qəbrində belə sümükləri od 
tutub yanardı. Dünya yarandığı gündən xeyirlə şərin mübarizəsi üstündə 
qurulmuşdu, indisə iki şər üz-üzə idi. Biri ölmüşdüsə, o biri də ölməliydi.  
 
Gözlədi, evdəkilər hamısı yatandan sonra ayağa qalxdı, əl fanarını, yaman gün üçün 
saxladığı pullarını, cib telefonunu, sənədlərini, stolun üstündəki meyvə bıçağını 
götürdü. Əliylə bıçağın tiyəsini yoxladı, kəsərliydi, qoca arvadın başını kəsməyə 
yarayardı. Ehtiyatla, səs salmamağa çalışaraq pəncələrinin ucunda otaqdan çıxdı.  
 
Bütün diqqətini toplayıb arvadının otağına doğru gedir, bıçağın dəstəyini möhkəmcə 
sıxırdı.  
 
Bu ifritəyə görə həyatının ən xoşbəxt anı onu necə alçaldıb, ələ salıb, təhqir eləyib, 
tədricən öldürdüyünü ona deyəcəyi an idi. Onun da həyatında ən xoşbəxt an bıçağı 
qarının boğazına sürtəcəyi an olacaqdı. Qorxurdu ki, qarı oyanıb qışqıra, yatanları 
oyada. 
 
Lap oyanıb qışqırsaydı da, əhəmiyyət verən deyildi, bıçağı birbaşa ürəyinin üstündən 
saplayacaqdı! Qolları gücdən düşsə də, ifritəni öldürməyə gücü çatacaqdı.  
Qapının dəstəyindən yapışıb yüngülcə özünə tərəf çəkdi. Qapı içəridən bağlıydı.  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə