Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   20   21   22   23   24   25   26   27   28

 
Lena ona sığınmışdı, göz yaşları içində deyirdi ki, əri onu atıb gedib, körpə uşaqla tək 
qalandan sonra çox axtarsa da, iş tapa bilməyib.  
 
Nəyi varsa satıb, bilet alıb, onun yanına gəlib. «Yaxşı eləyib gəlibsən! – qıza təsəlli 
verirdi. – Afərin! Birlikdə işlərik, sənə qalmağa yer də taparıq. Ürəyini sıxma, çətin 
günlər arxada qaldı! Hər şey yaxşı olacaq» 
 
Qızı sakitləşdirib pəncərə qabağındakı kresloda oturtdu, Nadya çay gətirdi. Anası kimi 
qıvrım saçları olan, anasının donunun ətəklərini buraxmayan oğlanın saçlarını 
sığalladı, aşağı əyilib nəvazişlə soruşdu. 
 
- Adın nədi?  
 
- Zamin, - oğlan çəkinə-çəkinə dedi. 
 
- Necə? – səhv eşitdiyini zənn elədi. 
 
- Zamin, - oğlan təkrar elədi, Lenanın yanaqları allandı, sanki gizlin sirrinin üstü 
açılmışdı. 
 
Gövrəldi. Təkcə onun üçün doğma deyilmiş o illər, o uşaqlar. Onu da unutmayanlar, 
xatırlayanlar, adını yaşadanlar var imiş.  
 
Svetanı çağırdı, onu sözsüz başa düşən qız Lenanı evlərinə aparmağa həvəslə razılıq 
verdi.  
 
Dedi, anam Lenanı heç yerə buraxmayacaq, onsuz da mən çox vaxt gecələr evə 
getmirəm, arvad darıxır.  
 
Maşının açarlarını Svetaya verdi, Lenaya dedi ki, yol gəlbisən, yorğun olarsan, get, 
yuyun, dincəl, qalan işlər haqda sabah danışarıq.  
 
Axşama da hazırlaşın, gölün sahilindəki restorana gedəcəyik, bu görüşü qeyd 
eləməliyik. 
 
Dükanda Nadya ilə ikisi qaldı, işi çox olsa da, Nadya çay dəmləyib gətirdi.  
 
Onun fikirli, qayğılı olduğunu görüb bunu Lenanın gəlişi ilə bağlamışdı. «Fikir eləmə, 
- dedi, - bizimlə işlər. Kömək elərik». Başını qaldırıb, minnətdarlıq dolu baxışları ilə 
qızı süzdü. 
 


- Qızın necədi? – soruşdu. 
 
- Yaxşıdı, - ciddi, qaraqabaq idi, ancaq qızından söz düşdümü, gözlərində ilıq 
təbəssüm canlanırdı. 
 
- Neyleyir evdə? 
 
- Oynayır! - Nadya dedi və heç gözləmədiyi halda qəhqəhə ilə güldü. – Bir-iki dəfə 
bura gəlib, sizin musiqiyə qulaq asıb, indi hansı musqi çalınsa da, əllərini qaldırmır. 
Elə ki Azərbaycan musiqisi çalınır, saxlamaq olmur. 
 
Bax belə Nadya. Sən qafqazlıları sevmirsən, musiqimizi bəyənmirsən. Qızın isə hələ 
kiçikdi, dünyanın ölkələrə, millətlərə bölünməsindən xəbərsizdi.  
 
Hansı musiqini xoşlayırsa, hansı musiqi sümüklərinə düşürsə, onu da oynayır. 
Böyüyəndə necə olacaq? Nə biləsən, həyatı bilmək olur…  
 
Nadya çayı kəklikotu ilə dəmləmişdi, rütubətli, soyuq payız qoxuları içində kəkotu 
qoxusu, doğma çöllərin ətri onu gövrəldirdi.  
 
Yazın sonunda dağlardan əsən küləklər kəkotu, yovşan qoxusu gətirirdi, külək 
sakitləşəndən sonra belə uzun müddət bu qoxular çəkilmirdi, sanki dağlardan gələn 
kəkotu qoxusu daşlara, ağaclara, evlərə də hopurdu. 
 
- Nadya, - dedi, - sənə nağıl danışımmı? 
 
- Öz nağılını? 
 
- Hə, - dedi. 
 
- Bilirəm, - Nadya gülümsədi, - qızım danışıb. Sonunu bilmək istəyirəm, sonu necə 
olacaq? 
 
- Döyüşçü öz toprağına qayıdacaq. Deyəcək, imkan verin Vətəndə bircə payız 
yaşayım! Dözə bilmədim rus payızına. Allah, Allah, bu payız didir məni, parçalıyır, 
sökür! Allahım, məni bu payızdan qoru! 
 
- Allah səni insanlardan qorusun! – Nadya dedi və xaç çəkdi.  
 
Nadya ixtisasca geoloqdu, müxtəlif ekspedisiyaların tərkibində Rusiyanı başdan-başa 
gəzmişdi. Sibirdən, Tayqadan danışmağı xoşlayırdı.  
 


Sən Rusiyanın harasını görübsən ki, belə danışırsan, onu məzəmmətləyirdi. Bir 
görəydin Tayqa meşələri payızı necə qarşılayır?  
 
Kareliya ağcaqayınları, Ural dağları bilirsənmı payızda necə olur?  
 
O isə artıq Nadyaya qulaq asmırdı, yenidən xəyalə dalmışdı, bayaq qulaq asdığı 
mahnının sözləri qulaqlarında təkrar-təkrar səslənirdi.  
 
Deyəsən elə beləydi ki, vardı, sağ da yalandı, sol da, gedən də, gələn də, dünya da. 
 
Nadya televizoru açmışdı, xəbərləri verirdilər. Rusiyanın hansısa şəhərində 
terrorçular yaşayış evini partlatmışdılar, ölənlər, yaralanlar vardı. Aparıcının nə 
deyəcəyini gözləmədən Nadya öz qərarını verdi. 
 
- Sizlərin işidi! 
 
- Nədən bildin? – soruşdu. 
 
- Başqa kim partladacaq? – Nadya etiraza yol verməyəcək tərzdə əminliklə dedi. 
 
- Nadya, bəs mənim Vətənimdə minlərlə evləri, antik tikililəri, məscidləri partladanlar 
kimlərdi? Yüzlərlə kəndi, şəhəri yer üzündən silən, minlərlə günahsız insanları 
öldürən kimlərdi? Bir bina partalyıb, faciədi sizin üçün, bizim bu boyda faciəmizi niyə 
görmürsüz? 
 
Əlini yelləyib susdu, özünü qınayırdı, döyüşçü özünü bu qızın qarşısında təmizə 
çıxardır, şikayətlənirdi. Bununla belə düşüncələrini, qəlbindən keçənləri qızla 
bölməyə ehtiyac duyurdu. 
 
- Nadya, bizim yalnız bir günahımız var? 
 
- Nədi? – Nadya səmimi soruşur, onu anladığını hiss elətdirmək istəyirdi.  
 
- Türkük, bir də müsəlman. 
 
Qız ona heyrətlə baxırdı, birdən tükürpərdən səslə qışqırdı: 
 
- Zami...i…in!!! 
 
Dönüb baxdı, dazbaşlar gəlirdi, qabaqda gələn Canavarın əlində avtomat var idi. 
Özünə gələnə kimi Nadya onun üstünə atıldı, dərhal da atəş səsləri eşidildi.  
 


Şüşələr çiliklənib ətrafa sıçrayır, rəflərdən ayaqqabılar, köynəklər tökülürdü.  
 
Nadyanın vurulduğunu başa düşdü, qaraları sevməyən, onlara münasibətini hər 
vasitə ilə hiss elətdirən rus qızı onu qorumaq üçün güllənin qabağına atılmış, özünü 
qurban vermişdi. 
 
Dazbaşlar içəri girirdilər, ilk girənin Canavar olduğunu bildi, üstünə tökülən şeylərin 
altından kobud ayaqqabıları görünürdü.  
 
Ani bir hərəkətlə köynəkləri, ayaqqabıları Canavarın üstünə atıb ayağa sıçradı, 
Canavarın qolundan yapışıb, avtomatı onun əlindən aldı. Arxası üstə döşəməyə 
uzanıb, insanlıq simasını itirmiş bu vəhşilərə, qatillərə atəş açırdı.  
 
Güllə yağışına düşmüş Canavar sanki rəqs eləyirdi. Arxasınca gələnləri də sərrast 
atəşlə biçirdi, döyüşçüydü, gülləsi boşa çıxmırdı.  
 
Basqınçıların heç birinin sağ qalmadığına əmin olandan sonra çölə qaçdı, öldürməyə 
gələnləri ölüm tapmışdı, dükanın qabağında bir-birlərinin üstünə yıxılmışdılar.  
 
Geri dönüb Nadyanın yanına qayıtmaq istəyəndə sanki kürəyinə qızmar şiş batırdılar, 
atəş səslərini isə bir az gec eşitdi.  
 
Dönüb baxdı, ona atəş açanın gül kolunun arxasında gizləndiyini gördü, payız 
günəşinin solğun şəfəqləri daz başında oynaşırdı.  
 
Nişan almadan atəş açdı, bu da belə, onu öldürdü, ancaq özü də yaşaya bilmədi. 
 
Səntirlədi, arxası üstə səkinin kənarındakı yaşıllığa uzandı. Başı üzərindəki Moskvanın 
buludlu, bomboz payız səmasına baxır, ağrılar içində qıvrılırdı.  
 
Çox istədi, çalışdı, ancaq rus payızından qaça bilmədi, qayıda bilmədi Vətənə! 
 
O Vətənə ki, anasından başqa orda heç kim onun yolunu gözləmirdi, orda heç kimə 
lazım deyildi. 
 
Nadyanın fındıqburun qızı üzərinə əyilmişdi. 
 
- Danış, - qız dedi. 
 
- Nəyi? – ağrılar sözünü deməyə imkan vermirdi. 
 
- Nağılı! 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə