Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- Qızın hanı? – Nadyadan soruşdu. 
 
- Ərim apardı, - hələ də Nadyanın qaşqabağı açılmamışdı. 
 
- Bayaq vermək yadımdan çıxdı, - cibindən balaca pələng balasını çıxardıb Nadyaya 
verdi, əlini vurdunmu, pələng başını oynadır, sağa-sola boylanırdı. – Mənim adımdan 
bağışlarsan. 
 
- Nahaq əziyyət çəkibsən, - səsində adamı dalayan istehza var idi, sanki demək 
istəyirdi ki, səndən nəsə almağı xahiş eləyən olmayıb. 
 
Yağış güclənmişdi, dükanın qabağında saxladığı maşına minib gözləməyə başladı. 
Sveta qaça-qaça gəldi, maşının yanında ayaq saxladı, geri dönüb dükana qaçdı.  
 
Gülləri unudubmuş, götürüb qayıtdı, bəxtiyarcasına gülümsəyirdi, qız adamları, 
yaşamağı sevirdi. İçəri keçən kimi də qəh-qəhə ilə güldü.  
 
Gölün sahilindəki «Aynur» restoranına getdilər.  
 
Burda Azərbaycan yeməkləri verirdilər, musiqiçilər də arada Azərbaycan mahnıları 
oxuyurdular, ancaq oxumasaydılar yaxşıydı, mahnıları yamsılayır, qol-qabırğasını 
qırırdılar.  
 
Pəncərə qabağında oturmuşdular, yağış inadla şüşələrə çırpılır, gölün üzərinə 
çökmüş qatı duman gölu görməyə imkan vermirdi, Bu yağışın sonu olacaqdımı, bu 
duman çəkiləcəkdimi? 
 
- Sizdə payız necə də cansıxıcı olur, - fikirli halda dedi. 
 
- Rusiyanın payızı gözəl olur! – Sveta onunla razılaşmadı. – Puşkin də ən çox payızı 
sevirmiş. 
 
- Hə, bilirəm, - dedi. – Başa düşmürəm, yağışın nəyinə vurulubmuş? Nə görübmüş 
payızda? 
 
- Gecələri uzun olur, yəqin ona görə, - qızın gözləri dəlicəsinə işıldadı, ürəkdən 
güldü. 
 
Sevdiyinlə olanda əlbəttə gecələr uzun olsa yaxşdı, tək, tənha olanda isə lənətə 
gəlmiş gecələr qurtarmır, uzanır, zülmət, yağışın boğuq, aramsız tappıltıları adama 
əzab verir, səhər açılmır. Allah, Allah, sanki təbiətə yox, onun ömrünə payız 


gəlmişdi, sanki ömrünün qürub çağıydı.  
 
Nə fəsildi bu, yarpaqlar, otlar gözünün qabağındaca saralır, solur, ağaclar ölür. Hava 
tutqun, səma qurğuşun rəngində, yağış da göz açmağa imkan vermir, sanki bir 
ağırlıq enir çiyinlərinə, di gəl, payızı sevənlər də tapılır.  
 
Biri də elə Puşkin. Sveta deyirdi ki, Levitanın payız rəsmlərini görməyibsən, ordakı 
payız rənglərini görsəydin, payızı sevərdin.  
 
İşə bax, kədərlə düşünürdü, payızı görür, yaşayır, sevə bilmir, ancaq rəsmlərə 
baxsaymış, ordakı rəngləri görsəymiş, payızı sevəcəkmiş. 
 
Musiqiçilər rəqs havası çalanda Sevta ayağa qalxıb onun qolundan yapışdı, yuxarı 
başdakı meydançaya doğru gedirdilər.  
 
İşıqlar sayrışır, lak çəkilmiş stolların süni parıltısı göz qamaşdırır, yerə döşənmiş 
xalıların üzərindəki xırda, göyümtül güllər evlərinin üstündəki çəmənlikdə bitən göy 
çiçəkləri xatırladırdı.  
 
Qızlar, oğlanlar sayrışan işıqlar içində süzür, yırğalanırdılar.  
 
Çöldə külək yağışı şüşələrə çırpıb uğuldayır, yağış dumanı pəncərələrin önündən 
dalğa-dalğa keçib gedirdi, sanki erkən yazda külək mavi, mapmavi səmada 
bəmbəyaz buludları qovurdu.  
 
Sveta ona sığınmışdı, saçlarından çöl yoncası qoxusuna bənzər bir qoxu gəlirdi. 
 
Yerlərinə qayıtdılar, restorana oynaq rəqs təranələri yayıldı, diksindi, inanmazdı, 
ağlına da gəlməzdi ki, uzun illər keçəndən sonra, həm də Vətəndən uzaqda bu 
havanı eşidəcək. «Qurutdu» havasıydı, atası toylarda oynardı.  
 
Hər çalan çala bilməzdi, atası bunu bilirdi, yalnız ustad çalğıçılar toyda olanda 
ortalığa girər, «Mənim havamı çalın!» deyərdi. Bu rəqsi oynamaq hər adamın işi 
deyildi, musiqi ara verdimi, oynayan hansı vəziyyətdəydisə, o vəziyyətdə də 
yerindəcə donub qalırdı. 
 
Kaset qoymuşdular, maqnitafon səsgücləndiricilərə qoşulmuşdu, yoxsa restoranın 
alababat çalğıçıları bu havanı çala bilməzdilər.  
 
Uzun, qarabəniz, qayışbaldır bir oğlan düşmüşdü ortalığa.  
 
Sanki ətrafında heç kim yox idi, bir musiqiydi, bir də o. Musiqiylə yanırdı, 


barmaqlarının ucundan, titrəyən saçlarından, çiyinlərindən, dalğın baxışlarından belə 
musiqi süzülür, axırdı.  
 
Oynayır, sanki bu rəqslə sözünü deyir, qəlbini boşaldırdı. Vətən həsrəti, Vətəndəki 
payız toylarının ab-havası dolaşırdı oğlanın başı üzərində.  
 
Millətindən asılı olmayaraq restoranda olanlar hamısı nəfəslərini içlərinə çəkib oğlana 
tamaşa eləyirdilər.  
 
Musiqi ara verən kimi də, oğlan heç kimlə vidalaşmadan çıxıb getdi, restorandakılar 
onu sürəkli alqışlarla yola saldılar.  
 
İstədi oğlanın arxasınca qaçsın, çağırıb soruşsun, kimsən, hansı eldən, obadansan?  
 
Qardaş, sən niyə gəlibsən, Vətəndə sənədəmi bir parça çörək tapılmadı? Vaz keçdi, 
qəhərlənmişdi, ağlayacağından ehtiyat edirdi. 
 
- Sənə nə oldu? – Sveta soruşdu. 
 
- Heç, - dedi. 
 
- Tutuldun axı… 
 
- O mənim yerlim idi… - qırıq-qırıq dedi. 
 
Fikrini yayındırmaq üçün başını pəncərəyə tərəf döndərdi və dərhal da restoranda 
rəqs eləyən oğlanı gördü.  
 
Dayanacaqda dayanıb avtobus gözləməmişdi, yağış döyəcləyən səkiylə gedirdi, sanki 
payızın, yağışın acığına başını dik tutmuşdu.  
 
Yağış dumanı arxasında görünməz olana kimi oğlanın arxasınca baxdı.  
 
Artıq axşam düşürdü, yeməkpaylayanı çağırıb hesabı verdi və restorandan çıxdılar. 
Çölə çıxanda yağışın nisbətən sakitləşdiyini gördülər. Bayaq olduğu kimi hiddətlə 
uğuldayıb çırpılmır, aramla yağırdı. Qıza onunla getməyi təklif elədi, qız bir söz 
demədən razılaşdı. 
 
- Sveta, - dedi, səsində sonsuz kədər var idi. – Səni hansısa vağzaldan yola 
salacağım gün həyatımda ən ağır gün olacaq. 
 
- Hökməndi yola salasan? 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə