Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   20   21   22   23   24   25   26   27   28

oğlanları dediyin cür eləyib. Şəxsən məni bir neçə dəfə!»  
 
Açıqlama alıb arxasını yazdı, əvvəlcə Tanyanı təbrik elədi. Sonra isə Tanyaya demək 
istədiyi sözləri yazdı. «Tanya, darıxmışam sizin üçün!  
 
Görüşək, bir yerə yığışaq bəlkə? Vətənə qayıtmaq istəyirəm. Bezdirdi məni sizin 
payızınız, yağışlarınız!  
 
Belə də payız olar? Bu nə cür yağışdı?» Həmişə beləydi, yalnız yazıb qurtarandan 
sonra bunların təbrik üçün yazılan sözlər olmadığını dərk eləyirdi, ancaq pozmadı.  
 
Tələbə dostuyla, şirin xatirələri ilə bağlı olan qızla öz fikirlərini, düşüncələrini ürəyi 
istəyən kimi bölüşürdü. 
 
***  
 
Evdən çıxıb maşını saxladığı dayanacağa doğru gedəndə yolun kənarındakı ağacların 
arasından bir dəstə çıxıb qabağını kəsdi.  
 
Qabaqda dayanan Faiq idi, soyuq və iyrənc istehza ilə gülümsəyirdi. Faiqin hirslənib 
onu hədələdiyini zənn eləmişdi, bu isə bir bölük adam götürüb gəlmişdi.  
 
Onu döymək, yada öldürmək istəyirdilər, hər halda salamlaşmağa gəlməmişdilər. Bu 
adam illər öncə Moskvaya gələndə cibində bir qəpik pulu, qalmağa yeri yox idi.  
 
Bir parça çörək üçün nəyə desən gedərdi.  
 
İmkan vermədi, qoymadı Faiqi çətinlik çəkməyə, bir il evində saxladı, cibinə pul 
qoyur, birlikdə yeyib içirdilər.  
 
Sonra Faiq üçün bazarda yer aldı, maya verdi, ticarətə başladı, indi dükanları, bəs 
qədər pulu var idi.  
 
- Bax belə, hesablaşmaq zamanı gəldi, - Faiqin hər sözü ürəyinə tikan kimi batırdı. – 
Sən məni alçaltdın, alçalmalısan. 
 
- Mən səni yox, oğrunu alçaltdım. Adamlarını da götür, get. Gülərlər bizə. 
 
- Sən əyiləcəksən! – Faiq onu eşitmirmiş kimi yaxınlaşırdı. – Alçalacaqsan! 
Ayaqlarıma döşənib üzr istəyəcəksən! Yoxsa, öləcəksən! 
 
- Mən əyiləndə qazancın nə olacaq? 


 
- Hər işdə qazanc güdülməz. 
 
- Gedin! – qəlb ağrısı ilə deyirdi. Öz yerlisi, din, qan qardaşı ilə yad, yabançı şəhərin 
küçələrində vuruşacağını fikirləşmək ona ağır gəlirdi. – Məni öldürmək olar, ancaq 
əymək, sındırmaq yox. Cəfəng işdi! 
 
Eyni anda üstünə atıldılar, o isə artıq hücumu dəf eləməyə hazırdı.  
 
Belini şam ağacına söykəmişdi, hansı ölkənin olmasından asılı olmayaraq ağaclar 
adamlardan fərqli olaraq bircə dəfə də ona qarşı namərdlik eləməmişdilər, indi də 
şam ağacı onu qoruyurdu.  
 
Xoş təsadüfdən ağacın qırılıb yerə düşmüş iri bir budağı əlinə keçdi və işi xeyli 
asanlaşdı, yoxsa bıçaqla, dəmir alətlərlə silahlanmış quldurlarla çətin olacaqdı.  
 
Kimsəni yaxın buraxmırdı, budaq kimə dəyirdisə bir daha ona yaxın düşmürdü.  
 
Sonda hamısı qaçdı, iki-üç budaq dəydiyindən qaça bilməyən Faiq isə yerdə qıvrılırdı. 
Sənə nə lazım idi, soruşurdu, bunumu istəyirdin?  
 
Xəbərdarlıq elədim, qarşıma çıxma, dedim. Sənsə çıxdın, hələ bir məni əymək
sındırmaq da istəyirdin.  
 
Faiq yalvarırdı, öldürmə məni, duz-çörək kəsmişik, dost olmuşuq. Yadına düşmüşdü 
nəhayət.  
 
Bəs, dostunun üstünə hər millətdən olan qatilləri, quldurları gətirəndə niyə bunlar 
yadına düşmürdü?  
 
Qazanc güdmürdun, sadəcə olaraq əymək, sındırmaq istəyirdin, ya da öldürəcəkdin. 
Elə isə özün ölməlisən. Birdən ağlına gələn fikirdən ayaq üstəcə donub qaldı.  
 
Yəqin bunun da anası var idi, gündə üç dəfə namaz üstə oğlunu qoruması üçün 
Allaha yalvarırdı.  
 
Oğlunun ölümünü eşitsəydi necə olardı halı, nələr çəkərdi? Yaxasını cırar, saçını 
yolar, qarğıyardı oğlunun qatilini. 
 
Faiqə bir-iki təpik vurub qovdu, Faiq axsaya-axsaya qaçırdı.  
 
Bir xeyli uzaqlaşandan sonra dönüb yenə də onu hədələdi. Bunlara nə olmuşdu, 


yanında olanda sözlərini deyə bilmirdilər, yalnız uzaqlaşandan sonra dilləri açılırdı. 
 
- Unutma! Günlərin birində düz alnının ortasından vurulacaqsan! 
 
- Kimin harasından vurulacağı bilinməz, - özüylə danışırmış kimi deyirdi. – Bu taledi! 
Kimin ömrü harda bitəcək, kim nədən öləcək, öz əcəliyləmi, ya qəzadanmı, kimsə 
bilə bilməz! 
 
Gözünün altı partlamış, alnı, üzü cızılmışdı, evə qayıdıb yuyundu, əzilən yerlərə 
yapışqan yapışdırdı, paltarlarını dəyişib çıxdı. 
 
Dükanda qızlar onu heyrətlə qarşıladılar. Bu nədi, kimlə dalaşıbsan, Sveta həyacanla 
soruşdu, yenə dazbaşlarla rastlaşdın?  
 
O da başıyla təsdiqləyirdi, hə, deyirdi, bu dəfə öz dazbaşlarımızdı. Qız inana bilmirdi. 
 
- Sizdə də onlardan var? Pul istəyirdilər? – qız təşviş içindəydi. 
 
- Yox, - dedi, - onlar qazanc güdmürlər. Sındırmaq istəyirdilər. 
 
Qız bir şey anlamadı, içəri müştərilər girdi və bu cansıxıcı söhbətdən canı qurtardı. 
Nadyanın qızı burdaydı, anasının başı müştərilərə qarışdığından onun yanına gəldi. 
Məlum işdi, nağıl danışmalıydı onun üçün, ya da nəsə soruşacaqdı. 
 
- Sizdə günəş doğur? – qızcığaz qəribə sual verirdi. 
 
- Doğur. 
 
- Dəniziniz var? 
 
- Var. 
 
- İstidi? 
 
- Əvvəllər isti olurdu, - ağır-ağır dedi. 
 
Qızcığaz ona təəcüblə baxırdı, o isə öz aləmindəydi. Qərarı qətiydi, qayıdacaqdı 
Vətənə. Deyəcəkdi, sizdən bircə xahişim var, imkan verin, Vətənin bir payızını 
yaşayım, vur-tut bircə payızını.  
 
Ondan sonra istəyirsiz öldürün, asın, kəsin, güllələyin.  
 


Qoy payızda alov rənginə çalan fıstıq ağaclarını, kolların dibinə yaprıxmış sapsarı çöl 
otlarını, çöllərin üzəriylə sürünən payız dumanını, ara vermədən yağan isti payız 
yağışlarını bir də görüm, son dəfə.  
 
Qız qolundan yapışıb silkələyirdi, verdiyi cavablar qızı qane eləməmişdi, 
qaşqabaqlıydı, nağılı danış, deyirdi. 
 
- Hansı nağılı? – soruşdu. 
 
- Döyüşçünün nağılını. 
 
- Danışaram, - söz verdi, - vaxtımız var hələ. 
 
- Birdən çatmadı? – qız qaşlarını çatmışdı. 
 
- Nə? – xəyaldan ayrıldı. 
 
- Vaxt. 
 
- Çatar, - qızın yumşaq saçlarını sığallayırdı, - insan ömrü bir nağılı danışıb 
qurtarmaq  
üçün hər halda bəs elər.  
 
***  
 
Dükana gələndə qızlar artıq burdaydılar. Sveta dedi ki, səni bir qız gözləyir. Qız ona 
tərəf gəlirdi, yanında kiçik bir oğlan uşağı var idi.  
 
Bu qızı hardasa görmüşdü, ancaq ha fikirləşsə də, harda rastlaşdıqlarını xatırlaya 
bilmirdi. 
 
- Tanımadın? – qız qızararaq soruşdu. 
 
- Yox, - etiraf elədi. 
 
- Lenayam, - qızın dodaqları əsdi, belə qarşılanacağını gözləmirdi. 
 
- Le…ena?! – inamsızlıqla səsləndi. Özüydü ki, vardı. Arıqlamış, sirsifəti solmuşdu, 
gözlərinin dərinliyində xəfif kədər var idi. Qarşısında dayanan həmən o qız idi, tələbə 
yoldaşı. Baxışlarından od, yanaqlarından qan daman dəcəl, şıltaq Lena! 
 
Qızı qucaqladı, bu görüşü gözləmirdi, gövrəlmişdi.  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə