Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   90   91   92   93   94   95   96   97   ...   111

 
247
deməməyim, açıqdan-açığa özümü bildirməməyim isə aldığım təlim, 
tərbiyədəndir. İndi mənə nə cəza istəyirsiniz verin. Ancaq bütün Rusiyanı sarsıdan 
inqilabın xeyrinə işləsəm, özümü xoşbəxt bilərəm. Keçdiyim yollara nifrət elərəm. 
Güman edirəm ki, siz mənə aman verib öz xeyriniz üçün istifadə edə bilərsiniz… 
Şadlinski susdu. Sözlərinin necə  təsir etdiyini bilmək üçün gah ona, gah 
buna nəzər saldı. 
Gerasimov soruşdu: 
- Yoldaşların kimdir? 
- Mən əvvəldən tək olmuşam. 
Gerasimov bayırda dayanan qızıl əsgəri içəri çağırıb dedi: 
- Dustağı aparın. 
Öz hiylələri ilə ölümün ağzından neçə dəfə çıxmış Şadlinski bağırdı: 
- Bolşeviklər, amandır, mənə rəhm eləyin! Ruslar rəhmdil olurlar, balalarıma 
yazığın gəlsin, komandir!.. 
- Gedək!.. – deyə əsgər onun qolundan tutdu. 
Şadlinski dartınıb Comərdin ətəyindən yapışdı: 
- Comərd, axı nə qədər pis olsam, yenə sənin öz millətindənəm!.. Məni xilas 
elə, Comərd! Bu yaxşılığı heç vaxt unutmaram. 
Comərd ətəyini onun əlindən çıxardaraq dedi: 
- Sən mənim millətimin bayquşusan! Müsavatçı, alçaq!.. 
Şadlinski özünü güllənin qabağına verməmək üçün son hiyləyə əl atdı: 
- Ah, ürəyim ağzımdan gəlir!.. – deyə o dəqiqə tirəmeş yerə uzandı. Bütün 
bədənini əsdirdi… 
 
Qızıl Ordu hissələri Dığ  və  İnzerak tərəfdən Zəngəzura hücuma keçmişdi. 
Zəngəzur partizanları Gerasimovun komandir olduğu polkla birləşmişdilər. 
Üç gün idi ki, şiddətli müharibə gedirdi. Bu müddət  ərzində bir çox kənd 
daşnaklardan azad edilmişdi. İstiqamət Gorusa doğru idi. Qızıl əsgərlər durmadan 
irəliləyirdilər. Lakin buna baxmayaraq, Karonun  komandası altında daşnak qoşun 
hissəsi inadla vuruşurdu. 
…Gecə bir qədər sakitləşmiş döyüş, bu gün erkən yenidən qızışdı.  İyul 
günəşi çeşt yerinə qalxana kimi, Keçəldağ  və onun sağ-solundakı kiçik dağlar, 
təpələr, düzənlər qırmızıların  əlinə keçdi. Bu yerlərdən Gorus əl içi kimi 
görünürdü. Komandanlığın göstərişinə  əsasən,  şəhər dağılmasın və  əhalisi 
qırılmasın deyə, topçular mərmiləri onun ətrafına yağdırırdılar. Düşmən mərmiləri 
isə qırmızıların səngərlərinin yan-yörəsində partlayırdı. 
Hər iki tərəfdən atılan güllələrin vıyıltısından, pulemyotların şaqqıltısından, 
topların gurultusundan qulaq tutulurdu. 
Qızıl əsgərlər səngərlərdən hücuma qalxıb tutarlı bir zərbə də endirsə idilər
daşnaklar bəlkə də mövqelərini buraxıb qaçmağa məcbur olacaqdılar…. 
Lakin bir təpənin döşündə  səngərə girmiş partizanları mühasirəyə almaq 
üçün daşnaklar sağ cinahdan hücuma keçdilər. 
Əlində tapança olan bir daşnak zabiti nə isə çığıra-çığıra qabağa yüyürəndə 
Surenin güllələri onu yerə uzanmağa məcbur etdi. Lakin o, yenə  qalxdı… 
Əri ilə bir səngərdə, çiyin-çiyinə vuruşan Siranuş təlaşla dedi: 


 
248
- Ora bax, yenə düz bizə tərəf gəlirlər, Suren!.. 
Suren arvadına gözucu baxıb dedi: 
- Yoxsa qorxursan, Siranuş? 
- Özümdən yox, səndən… Kaş bu davadan sağ-salamat qurtaraydın!.. 
- Nə mənim fikrimi elə, nə də öz fikrini. At! At!.. 
Hər ikisi zabiti nişan aldı. 
Zabit küləkdən yellənən bir budaq kimi irəli əyilib geri getdi, sonra şalban 
təkin  şappıltı ilə arxası üstə yerə  yıxıldı. Onun dalınca ayağa durub hücuma 
keçmək istəyən daşnaklar tez yerə uzandılar… 
- Zabiti sənin güllən öldürdü, Siranuş? – deyə Suren gülümsündü və tez 
tüfəngini patronlamağa başladı… 
- Yox, sənin güllən… 
Onlar yerə yatmış daşnak  əsgərlərini gözdən buraxmayıb güllələri onlara 
tərəf yağdırdılar… 
Levon sürünə-sürünə gələn iki daşnak əsgərinə qışqırdı: 
- Hara gəlirsiniz, ilanlar! – O, birini nişan aldı. Ondan bir az aralıda uzanmış 
Camal da tüfəngini ikinci daşnaka yönəltdi. Onun nişan aldığı  əsgər o dəqiqə 
yerində balıq kimi partladı… O biri əsgər yerdən qalxıb dalına baxmadan qaçmağa 
başladı. Bunu görən Yusif onu nişan aldı. Vahan Yusifi ürəkləndirmək üçün: 
- At, balaca partizan! – dedi. – At, gözünə dönüm! – Vahan özü də 
səngərdən çıxıb sağ dizini yerə qoyaraq, qaçan daşnakı gülləyə tutdu… 
Hayk, Rüstəm, Qiyas, Sergey, Qurgen əkshücuma keçmək üçün hərəsi bir 
səngərdən, bir daşın dibindən ayağa qalxdı.  Əyilə-əyilə addımladılar. Lakin 
qarşılarında bir mərmi partladı. Onlar toz-duman içində itdilər… 
Bir gözü düşməndə, bir gözü isə aralıda, qayanın dalından daşnaklara güllə 
yağdıran  ərində olan Növrəstə, daşnak  əsgərlərinin arxadan oğrun addımlarla 
Şahmərdana yanaşdığını gördü. Əsgər süngünü onun kürəyinə sancmaq üçün 
yuxarıya qaldıranda, Növrəstənin gülləsi açıldı. Daşnak səndələdi, tüfəngi əlindən 
yerə düşdü, özü isə  aşıb  Şahmərdanın qabağına sərildi.  Şahmərdan çevrilib geri 
baxdı, təkcə Növrəstəni gördü. Növrəstə dillənmədi.  Şahmərdan da heç bir söz 
demədi, lakin həyatını ölümdən qurtaran Növrəstəyə ürəyində təşəkkür etdi… 
Növrəstənin də  xəyalından bir şey keçdimi? Şahmərdanın heç olmasa bu 
ölüm-dirim meydanında onunla barışmasını arzuladımı? Kim bilir. Amma o, 
Şahmərdanı keçmiş əri olduğu üçün yox, azadlıq uğrunda çarpışan bir mübariz, bir 
kommunist kimi sevirdi… 
Ara getdikcə qızışır, döyüş getdikcə şiddətli və dəhşətli bir vəziyyət alırdı. 
Güllü-çiçəkli dağlara, yamyaşıl yastanlara daha çox qan tökülürdü, səngərlərdən, 
daşların dibindən, düzənliklərdən inilti, sızıltı səsləri ucalırdı. Adama elə gəlirdi ki, 
bu qanlı döyüş meydanından bir nəfər də sağ qurtarmayacaq; əlinə silah alıb 
davaya girmiş insanların həyatı sanki bir tükdən asılı idi… 
Elə bil ki, gecə ilə gündüz, fəlakətlə səadət üz-üzə durmuşdu… 
Gurultusu dağlara, dərələrə düşən «ura» səsi yüksəldi. Zəncir kimi açılıb, 
düşmən üstünə yeriyən rus əsgərlərinin qabağında təcrübəli komandir Gerasimov 
gedirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə