Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

söykəmiş, ayaqlarını da bir-birinin üstünə aşırmışdı və arxasında dayanıb gülüşən adamlarla 
nə barədəsə söhbət edirdi. Bəzən də əli havada qövs cızırdı, sanki kiminsə karikaturasını 
çəkirdi. K.-nı buraya gətirən oğlan ona çox çətinliklə məlumat verə bildi. İki dəfə 
barmaqlarının ucuna qalxıb nəsə demək istədi, ancaq kişi ona fikir vermədi. Yalnız səhnədəki 
adamlardan biri onun diqqətini oğlana yönəldəndən sonra kişi ona tərəf döndü, əyilərək 
alçaqdan verilən məlumatı dinlədi. Sonra saatını çıxarıb baxdı və tələsik K.-ya tərəf döndü: 
– Siz bir saat beş dəqiqə bundan əvvəl gəlməli idiniz, – dedi. 
K. nəsə demək istədi, ancaq çatdıra bilmədi, çünki kişi sözünü qurtarar-qurtarmaz zalın sağ 
tərəfindəki dəstədən uğultu qopdu. 
– Siz bir saat beş dəqiqə bundan əvvəl gəlməli idiniz! – kişi səsini qaldırdı və zala baxdı. 
Yenə də uğultu eşidildi və kişi susduğu üçün tədricən itib getdi. İndi zalda bayaqkına nisbətən 
sakitlik idi. Yalnız qalereyadakı adamlar susmaq bilmir, söz atırdılar. Yuxarı yarıqaranlıq, 
tüstü-dumanlı olduğu üçün həmin adamların aşağıdakılara nisbətən kasıb geyindikləri güclə 
seçilirdi. Bəziləri hətta özləri ilə döşəkçə gətirib başları ilə tavanın arasına qoymuşdular ki, 
yaralanmasın. 
K. qərara almışdı ki, danışmaqdan çox buranı müşahidə etsin və elə buna görə də gecikdiyinə 
bəraət qazandırmaq əvəzinə dedi: 
– Gecikmiş olsam da, hər halda, gəlmişəm, burdayam. 
Yenə də zalın sağ tərəfində əl çaldılar. “Bunları öz tərəfimə çəkmək asandır,” – deyə 
ürəyindən keçirən K.-nın sol tərəfdəkilərdən nəsə xoşu gəlmədi: onlar düz K.-nın arxasında 
dayanmışdılar və bir neçəsi də əl çaldı. Fikirləşdi ki, nəsə tapıb desin, soldakıları bu dəfə, 
buna imkan olmasa, gələcəkdə tədricən öz tərəfinə çəksin. 
– Elədir, – dedi kişi, – ancaq mən sizi indi istintaq etməyə məcbur deyiləm... – yenə uğultu 
eşidildi, ancaq bu dəfə səbəbi bilinmədi, çünki kişi əlinin işarəsi ilə onları susdurdu və sözünə 
davam etdi: – Buna baxmayaraq, müstəsna hal kimi, mən bu işi indi görərəm. Ancaq belə 
gecikmək bir daha təkrar olunmamalıdır! Yaxşı, irəli durun! 
Kimsə səhnədən tullandı ki, orda K.-ya yer olsun və o, yuxarı qalxdı. Stola lap yaxın 
dayanmışdı, arxasında isə elə basabas düşmüşdü ki, müstəntiqi stolqarışıq itələyib səhnədən 
salmasınlar deyə, müqavimət göstərməli oldu. Ancaq bu, müstəntiqin vecinə deyildi, kresloda 
rahatca oturmuşdu və arxasında dayanan kişiyə son sözünü deyəndən sonra stolun üstündəki 
yeganə əşyanı – balaca qeyd dəftərçəsini əlinə götürdü. Bu dəftərçə köhnə idi, şagird dəftərinə 
oxşayırdı və çox işləndiyindən, didik-didik olmuşdu. 
– Beləliklə, – deyə müstəntiq dəftərçəni vərəqlədi və nədəsə yəqinlik hasil etmiş adam kimi 
sözə başladı, – siz rəngsazsınız. 
– Xeyr, böyük bir bankın birinci prokuristiyəm. 
Bu cavab aşağıda – zalın sağ tərəfində gülüş doğurdu. Ancaq bu gülüş o qədər səmimi idi ki, 
K. özü də onlara qoşuldu. Adamlar əllərini dizlərinə dayamışdılar, sanki onları öskürək 


tutmuşdu, əyilib-qalxırdılar. Hətta qalereyadakılardan da gülən oldu. Bərk əsəbiləşmiş 
müstəntiq, bəlkə də aşağıdakılara gücü çatmadığından, onların hayıfını qalereyadakılardan 
almaq istədi, ayağa qalxaraq onları hədələdi, başqa vaxtlar diqqəti cəlb etməyən qara, qalın 
qaşları gözlərinin üstündə dartılmağa başladı. 
 
Zalın sol tərəfi hələ də sakit idi, hamısı cərgə ilə düzülmüşdü, nəzərləri səhnəyə dikilmişdi və 
dinməzcə yuxarıda danışanlara, o biri dəstənin səs-küyünə qulaq asırdılar, hətta hərdən öz 
dəstələrindən kimlərinsə o biri dəstədəkilərin hərəkətlərini təkrar etdiklərinə də fikir 
vermirdilər. Sol tərəfdəkilərin sayı az idi və əslində, sağdakılar kimi elə böyük rol 
oynamasalar da, sakit dayanmaqları zala nəsə bir məna verirdi. K. da danışmağa başlayanda 
əmin idi ki, dedikləri onların xoşuna gələcək.  
– Canab müstəntiq, mənim rəngsaz olmağım barədə verdiyiniz sual – daha doğrusu, 
soruşduğunuz yox, boynuma qoyduğunuz – əslində, haqqımda qaldırılan iddiaya çox 
uyğundur. Etiraz edə bilərsiniz ki, bu hələ istintaq deyil, çox düz deyirsiniz, çünki o vaxt 
istintaq ola bilər ki, mən onu qəbul edəm. Ancaq mən onu indiki an üçün qəbul edirəm. Özü 
də yalnız sizə, müəyyən mənada, yazığım gəldiyi üçün... Adamın da o vaxt yazığı gələr ki
burda baş verənləri nəzərə alsın. Mən demirəm ki, bu çox mənasız bir istintaqdır, ancaq 
istəyirəm ki, bunu özünüz başa düşəsiniz.  
K. sözünə ara verib zala göz gəzdirdi. Dedikləri kəskin oldu, bəlkə istədiyindən də kəskin 
alındı, ancaq hamısı həqiqət idi. 
Ara-sıra əlçalanlar nəzərə alınmasa, tam sakitlik idi, yəqin hamı gərginlik içində cavabın necə 
olacağını gözləyirdi. Bəlkə də bu sükut içində hər seyə son qoyacaq bir partlayış hazırlanırdı. 
Zalın sonunda qapının açılması hamının diqqətini yayındırdı: gələn gənc paltaryuyan qadın 
idi. Yəqin işini qurtarmışdı, ancaq nə qədər ehtiyatla tərpənsə də, bəziləri dönüb ona baxdı. 
Gözü müstəntiqdə olan K. sevindi: deyəsən, bu sözlər onu elə həmin dəqiqə tutmuşdu. Bu 
vaxtda qədər K.-nın dediklərinə ayaq üstə qulaq asmışdı, ancaq əslində zalı sakitləşdirmək 
üçün ayağa qalxmışdı, K.-nın bu nitqinə elə təəccüblənmişdi ki, hələ oturmamışdı. İndi fasilə 
yaranan kimi asta-asta yerinə oturdu, sanki heç kəsin diqqətini cəlb etmək istəmədi. Bəlkə də 
həyəcanını gizlətmək üçün dəftərçəni təzədən əlinə götürdü. 
– Bir şey çıxmayacaq, cənab müstəntiq, – K.sözünə davam etdi, – dəftərçəniz də mənim haqlı 
olduğumu sübut edəcək. 
Bu qəribə iclasın sakitliyində yalnız öz səsini eşitdiyindən razı qalan K. hətta cəsarətlənib 
barmaqlarının ucu ilə müstəntiqin dəftərçəsini elə götürdü ki, sanki bircə vərəqinin əlinə 
gələcəyindən, sıx-sıx yazılmış, ləkə-ləkə olmuş, sarı rənglə haşiyələnmiş digər vərəqlərin yerə 
səpələnəcəyindən qorxdu. 
– Bu da müstəntiqin istintaq sənədləri! – deyə dəftərçəni stolun üstünə tulladı. – Nə qədər 
istəyirsiniz, ordakıları oxuyun, cənab müstəntiq, mən, doğrudan da, bu “günahlar kitabı”ndan 
qorxmuram. Halbuki, orda nə yazıldığını oxuya da bilmirəm, çünki barmaqlarımın ucu ilə 
onlara toxunuram, hec vaxt da əlimə götürmərəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə