Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

daha qapalı, daha diqqətli, daha ciddi, daha amansız olur. Yaxşı olar ki, vəkillərə mane 
olmaqdansa, bu işləri onların öhdəsinə buraxalar. İrad tutmaqla nəsə qazanmaq olmaz – ən 
çox da bu iradın səbəblərini açıqlaya bilməyəndə... Ancaq bununla belə, K.-ya deyilməlidir ki, 
dəftərxana müdirinə göstərdiyi o münasibətə görə öz işinə çox ziyan vurdu. Bu böyük mənsəb 
sahibinin adı, demək olar ki, K.-ya köməyi dəyə biləcək adamların siyahısından artıq silindi. 
Hətta o məhkəmənin adı ötəri çəkiləndə də, qəsdlə özünü eşitməzliyə vurur. Bəzi məsələlərdə 
bu məmurlar lap uşaq kimi olurlar. Bir də görürsən, adicə bir şeyin üstündə – təəssüf ki, K.-
nın ondakı hərəkəti adi şey deyildi – elə inciyirlər ki, hətta ən yaxın dostları ilə də danışmırlar, 
rastlaşanda üzlərini çevirirlər, imkan düşən kimi onların əleyhinə gedirlər. Ancaq sonra da 
gözlənilmədən, heç nədən adicə bir zarafata – adətən, adamın əli hər yerdən üzüləndə belə 
zarafata keçir – gülürlər və beləliklə də barışmış olurlar. Onlarla yola getmək həm çətindir, 
həm də asan və bunun da heç bir qayda-qanunu yoxdur. Bəzən adam lap təəccüb edir ki, orta 
bir insan ömrü burda, az da olsa, uğurla işləmək üçün bu qədər bilikləri əxz eləməyə necə 
çatır. Düzdür, hamı kimi onların da kədərli anları olur, elə bilirlər ki, indiyədək heç nəyə nail 
olmayıblar, elə düşünürlər ki, yalnız əvvəlində yaxşı sonluğu müəyyənləşdirilmiş 
məhkəmənin nəticəsi uğurlu alınıb, burda heç kəsin köməyinə ehtiyac olmayıb, qalanları 
uduzulub və deməli, bütün bu qaçhaqaçlar, əzab-əziyyətlər, o cüzi, yalançı uğurların böyük 
sevinci havayı imiş. Onda vəkil özünə əmin olmur və kimsə deyəndə ki, mahiyyət etibarı ilə 
yaxşı keçən məhkəmə onun “köməyindən” sonra başqa istiqamətə yönəlib, ona etiraz etməyə 
cəsarəti çatmır. Ancaq bu da özünəinamın bir növüdür və adama qalan da təkcə bu olur. Belə 
tutmalar – bəli, buna tutmadan başqa ad vermək olmaz – vəkilləri o vaxt haqlayır ki, xeyli 
müddət, kifayət qədər uğurla apardıqları işi qəflətən əllərindən alırlar. Bu, vəkilin başına 
gələn ən pis iş hesab olunur. Özü də müttəhimlərin vasitəsi ilə almırlar, heç vaxt belə olmur, 
müttəhim kimi özünə vəkil eləyibsə, o da işi axıra kimi aparmlıdır və həmişə də belə olub. 
Axı necə ola bilər ki, kiminsə köməyindən istifadə edəsən, sonra da hər şeyin öhdəsindən 
təkbaşına gəlməyə çalışasan? Deməli, bu mümkün deyil, ancaq bəzən məhkəmə elə bir 
istiqamətə yönəlir ki, vəkil daha orda iştirak edə bilməz. Sadəcə olaraq, vəkil məhkəmədən, 
müttəhimdən, ümumiyyətlə hər şeydən uzaqlaşdırılır. Belə hallarda məmurlarla çox yaxşı 
əlaqələrin də xeyri olmur, çünki onların özləri də heç nə bilmir. Məhkəmə onda elə bir 
mərhələyə çatmış olur ki, heç kimə kömək edə bilmirsən, onu əlçatmaz kollegiyalar aparır, 
vəkilin müttəhimə əli yetmir. Sonra da günlərin bir günü evə gələndə stolun üstündə böyük 
ciddi-cəhdlə, böyük ümidlərlə hazırladığın vəkalətnamələri görürsən, məhkəmənin yeni 
mərhələsində istifadə oluna bilmədikləri üçün hamısı rədd olunub, lazımsız kağız parçalarına 
çevrilib. Ancaq bu heç də məhkəmənin uduzulması demək deyil, yox, hələ uduzulmayıb, belə 
düşünmək üçün, ən azı, inandırıcı əsas yoxdur, sadəcə olaraq, məhkəmənin gedişindən 
xəbərdar olmursan və sonralar da heç nə öyrənə bilmirsən. Xoşbəxtlikdən, belə hallar 
istisnalıq təşkil edirlər və əgər K.-nın da məhkəməsində belə bir hal olacaqsa, eyib etməz, 
həmin mərhələyə hələ çox var. Burda müdafiə üçün çoxlu imkanlar var və K. əmin ola bilər 
ki, onların hamısından istifadə olunacaq. Deyildiyi kimi, vəkalətnamə hələ təqdim olunmayıb, 
heç tələsmək də lazım deyil, sözükeçən məmurlarla ilkin danışıqlar daha vacibdir və onlar da 
aparılıb. Düzünü desə, uğurlusu da olub, uğursuzu da... Ancaq yaxşısı budur, hələlik çox 
dərinə getməsin, çünki K.-ya pis təsir edə bilər – ya ümidlərini çox artırar, ya da qorxuya 
salar, indi bircə onu demək olar ki, bir neçəsi yaxşı danışıb, kömək etməyə hazır olduqlarını 
bildirib, bəziləri isə yaxşı danışmasalar da, köməkdən də imtina etməyiblər. Bütövlükdə 


götürəndə, nəticə çox sevindiricidir, ancaq nəticə şıxarmaq hələ tezdir, çünki ilkin danışıqların 
hamısı bir-birinə oxşayır, yalnız onların sonrakı gedişi bu danışıqların nə dərəcədə 
əhəmiyyətli olduğunu göstərir. Hər halda heç nə itirilməyib və bütün olub-keçənlərə 
baxmayaraq, dəftərxana müdirini öz tərəfinə çəkə bilsə – artıq bu istiqamətdə müəyyən işlər 
görülüb – hər şey, cərrahlar demiş, tərtəmiz yara olacaq, kəs götür, vəssalam... İndi sakitcə 
işin gedişini gözləmək lazımdır. 
Vəkil bu cür və ya buna bənzər nitqlərdən yorulmaq bilmirdi. Bunlar K.-nın hər gəlişində 
təkrar olunurdu. Həmişə irəliləyişdən danışırdı, ancaq heç vaxt onun nədən ibarət olduğu 
bilinmirdi. Elə hey ilkin vəkalətnamənin üzərində iş gedir, ancaq bitmirdi ki bitmirdi və eyni 
zamanda da bu, ən böyük üstünlük kimi qələmə verilirdi, çünki son zamanlar – heç kim bunu 
əvvəlcədən deyə bilməzdi – təqdimat üçün əlverişli deyildi. Bəzən bu nitqlərdən yorulan K. 
deyirdi ki, bütün çətinliklər nəzərə alınsa da, işlər hər halda ləng gedir, vəkil də etiraz edirdi 
ki, xeyr, işlər heç də ləng getmir, ancaq o, vəkilə vaxtında müraciət etsəydi, irəliləyiş çox 
olardı. Təəssüf ki, K. gecikib və bu gecikmə hələ çox çətinliklər yaradacaq, özü də onlar 
yalnız zamanla bağlı olmayacaq... 
Bu gəlişlər zamanı yeknəsəqliyi yalnız Leni pozurdu, işini elə qururdu ki, K. vəkilin yanında 
olanda çay gətirirdi. Sonra da K.-nın arxa tərəfində dayanırdı və özünü elə göstərirdi ki, guya 
acgözlüklə fincana tərəf boylanan, özünə çay süzüb içən vəkilə tamaşa edir, ancaq əslində, K.-
ya gizlincə şərait yaradırdı ki, onun əlindən tutsun. Araya sükut çökürdü. Vəkil çayını içirdi. 
K. Leninin əlini sıxırdı, qız da hərdən ürəklənib onun saçlarını nəvazişlə sığallayırdı. Vəkil 
çayını içib qurtaran kimi soruşurdu: 
 
– Sən hələ burdasan? 
 
– Gözləyirəm ki, qab-qacağı aparım, – deyə qız axırda kişinin əlini sıxırdı. Vəkil ağzını silib, 
təzədən coşurdu. 
Görəsən vəkil ona təsəlli vermək, yoxsa son ümidini də əlindən almaq istəyirdi? K. bunu 
bilmirdi, yalnız bircə onu bilirdi ki, müdafiəsi etibarlı əllərdə deyil. Ola bilsin, həmişə özünü 
ön plana çəkməyə çalışdığı lap aydın görünsə də, vəkilin dedikləri düz idi və çox güman ki, 
heç vaxt K.-nın məhkəməsi kimi böyük məhkəmə işi – özü bunu böyük iş hesab eləyirdi – 
aparmamışdı. Ancaq onun ardı-arası kəsilmədən məmurlarla əlaqələrini vurğulaması şübhəli 
idi. Məgər onların hamısı zorla K.-nın xeyrinə işləməli idilər? Vəkil söhbətin burda yalnız 
aşağı vəzifəli məmurlardan getdiyini onun nəzərinə çatdırmağı heç vaxt unutmurdu. Yəni 
onların hamısı kimlərdənsə asılı adamlar idi və məhkəmələrin gedişindəki hər hansı bir dönüş 
onların gələcəkləri üçün əhəəmiyyətli ola bilərdi. Bəlkə onlar vəkildən işin gedişində 
müttəhimin xeyirinə olmayan belə bir dönüş yaratmaq üçün istifadə edirdilər? Yoxsa bunu 
bütün məhkəmələrdə eləmirdilər? Əlbəttə, eləməzlər, bu inandırıcı deyil, yəqin elə 
məhkəmələr də olur ki, vəkilə yaxşı imkanlar yaradırlar, çünki onun ad-sanının qorunması 
özlərinin də maraq dairəsindədir. Əgər belə olarsa, bəs onlar, vəkilin deməyinə görə, K.-nın 
bu çətin, vacib, elə əvvəlindən böyük maraq doğuran məhkəməsinə necə qarışa biləcəklər? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə