Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə55/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   51   52   53   54   55   56   57   58   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
232 
 
SEYİD HÜSEYN SADİQ 
 
Seyid Hüseyni mən 1923-cü ildən tanıyırdım. 
O, Nərimanov texnikumunda bizim ədəbiyyat müəllimimiz idi. Gənclik 
illərimizdə aramızda "nadinc" tələbələr də vardı. Bəzi müəllimlərin yumşaq 
damarını tutub dərs zamanı  dəcəlliklər etdiyimiz yaxşı yadımdadır. Bir dəfə 
Həsən adlı müəllimimiz bizimlə ədəbi gecədə iştirak etdi. Onu deyim ki, Həsən 
müəllim öz ixtisasını gözəl bilən, mülayim xasiyyətli bir adamdı. O, səhnədə 
bir muğam dəstgahı oxudu. Yaxşı da səsi vardı. Onun bizə qohumluğu da 
çatırdı. 
Bir gün o sinfə girəndə hamımız bir ağızdan: 
- Müəllim, "bir ağız" deyə səs-küy saldıq. 
- Sakit, "nə bir ağız" başa düşmürəm, nə istəyirsiniz? 
- Müəllim, bir ağız... Səhnədə oxuduğunuzdan bir ağız. 
- Eyibdir. Şuluqluq salmayın, müdiriyyət otağında eşidərlər. Sonra 
yaxşı olmaz. 
Biz yenə inadla: 
- Müəllim, bir ağız, müəllim, bir ağız, deyib bağırdıq. 
Həsən müəllim çox həlim bir adamdı. O naçar qalıb qızara-qızara pəsdən 
bizim üçün bir ağız oxudu. Əl çalıb Həsən müəllimi alqışladıqdan sonra sakit 
olduq. Sonra isə tutduğumuz işdən çox peşman olduq. 
Seyid Hüseyn də çox sakit, xeyli həlim bir adamdı. Ona hamımız hörmət 
edirdik. 
O bütün dərsləri aydın, rəvan, sadə bir dillə bizə yetirməyi bacarırdı. Seyid 
Hüseynin dərsləri səmərəli keçirdi. Hamımız onun dərsinə hazır gəlirdik ki, 
xəcalət çəkməyək. O özünü bizə belə tanıtdırmışdı. 
Mənim ilk şerim onun köməyilə  nəşr olunmuşdur. Bu şerim çap 
olunmasaydı, bəlkə mən ədəbiyyat aləminə bu qədər tez atılmazdım. Bu, belə 
olmuşdur. 
Mən "Unudulmuş  gənc" adlı kiçik bir şeir yazmışdım. Onu utana-utana 
Seyid Hüseynə verib dedim ki, müəllim, mən bir şeir yazmışam. Xahiş edirəm 
baxıb mənə fikrinizi deyəsiniz. Seyid Hüseyn şeri alıb, çox gözəl, vaxt tapıb 
baxaram, dedi. 
Həftələr keçdi, lakin Seyid Hüseyn şerim haqqında mənə heç bir söz 
demədi. Mən də onu narahat etməkdən çəkindim. Bunun üstündən iki ay keçdi. 
Bir gün yoldaşlarım məni əhatəyə alıb təbrik etdilər. 
  - Gözün aydın, "Maarif və mədəniyyət" məcmuəsində şerin çıxıb. 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
233 
 
- Necə? Mən ora şeir verməmişəm, ola bilməz. Uşaqlar məni inandırdı ki, 
məcmuədə  şeri gözlərilə görüblər. Mən bunu növbəti zarafat bildim. 
Məktəbdən çıxanda məcmuəni aldım, vərəqlədim, gözlərimə inanmadım. 
Seyid Hüseynə verdiyim şerin məcmuəmdə bir kəlməsinə toxunulmadan 
eynən dərc edildiyinin şahidi oldum. Bu münasibətlə Seyid Hüseynə müraciət 
etdim. Ona təşəkkürümü bildirdim, o dedi ki, şeir xoşuma gəldiyindən jurnal 
redaksiyasına verdim, çap ediblər, sağ olsunlar. Seyid Hüseyn mənə yazmağı 
və çox mütaliə etməyi, şeir üzərində çox zəhmət çəkməyi məsləhət gördü. Bu 
hadisə mənə qol-qanad verdi. 
Seyid Hüseynin məsləhətilə ilhamlanıb gərgin mütaliəyə girişdim. Seyid 
Hüseynlə 1937-ci ilə  qədər tez-tez görüşərdik.  Şəxsən mən Seyid Hüseynin 
hekayə yazdığını bilmirdim. Amma inqilabdan əvvəl mətbuatda bir neçə 
hekayəsi çıxıbmış. 
Mən 1927-ci ildə Ruhulla Axundovun nıəsləhətilə "Maarif və mədəniyyət" 
məcmuəsinə  məsul katib təyin olundum. Jurnalın arxivini əvvəlki katibdən 
təhvil alanda Seyid Hüseynin "Gilan qızı" adlı hekayəsinə rast gəldim. 
Üzərində "getmədi" yazılmışdı. Katibdən hekayənin çap olunmamasının 
səbəbini soruşdum. O, dedi ki, hekayə  zəif olduğundan dorc etmədik. Mən 
hekayəni evə aparıb diqqətlə, böyük maraqla və  həyəcanla oxudum. Sonra 
Ruhulla Axundov da oxudu. Hekayə çox xoşumuza gəldiyindən məcmuədə 
dərc etdik. Beləliklə mən müəllimimin borcunu ödəmiş oldum. 
Seyid Hüseyni redaksiyaya çağırdıq. Jurnalımızda yaxından, fəal iştirak 
etməsini xahiş etdik. 
Seyid Hüseyn bir-birinin ardınca bizə "Bir kuçənin tarixi", "Gələcək həyat 
yollarında", "Yatmış  kəndin qış gecələrində", "Sümük azarı" və qeyri 
hekayələrlə məcmuəmizin səhifələrini zinətləndirdi. Belə əsərlər məcmuəmizin 
oxucularının artmasına səbəb olurdu. Biz Seyid Hüseyni proletar yazıçıları 
ittifaqına üzv qəbul etdik. 
Seyid Hüseyn gənclərin yetişməsində də böyük fəaliyyət göstərirdi. Biz onu 
fəhlə rayonlarındakı ədəbiyyat dərnəklərinə təhkim etmişdik. Mirzə İbrahimov, 
Məmmədağa Sultanov və başqaları onun rəhbərlik etdiyi dərnəklərdəndir. 
Seyid Hüseynin dili şirindi. Bəzi hərflər onun tələffüzündə zəif çıxırdı. 
Seyid Hüseyn çox prinsipial adamdı. Oxuduğu  əsər haqqında açıq və  qəti 
fikir söylərdi. İclaslarda "Kim söz istəyir, kim danışmaq 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
234 
 
istəyir" deyiləndə salondan səs çıxmazdı. Heç kəs birinci danışmaq istəməzdi. 
Burada Seyid Hüseyn bizim köməyimizə çatardı.  İlk o danışardı. Biz buna 
öyrəndiyimizdən müzakirə zamanı həmişə, "ağa, sözü sənə veririk" deyəndə o 
imtinasız tribunaya qalxardı. Yadımdadır, bir dəfə biri bizi evinə çağırdı. Seyid 
Hüseyn, Çəmənzəminli də bizimlə idi. Bu evdə qutabdan tutmuş plova qədər 
bişmişdi.  Əsər oxundu. Yeməkdən sonra əsər haqqında söhbət başlandı.  İlk 
sözü Seyid Hüseyn dedı: 
- Doğrudur, dadlı qutabınızı, plovunuzu yemişəm, inciməyin, ancaq əsəriniz 
çox zəifdir. Müəllifə bir-bir sübutla, dəlillə əsərin nöqsanlarını açıb göstərdi. 
Biz gənc  şairlər o zaman Seyid Hüseynə zarafatla "Məzlum ağa" adı 
vermişdik. Çünki o çox təmiz, açıqürəkli təvazökar bir insandı. Heç bir kəsə 
qarşı qəlbində həsəd, kin, qərəz hissi yoxdu. 
Gənclərə qayğıyla, öz həmyaşlarına isə ciddi yaradıcılıq tələbkarlığıyla 
yanaşardı. Onun yanında heç kəs başqasının qiymətini qırmağa cürət etməzdi. 
Seyid Hüseyn novxanılı idi, mən də ata tərəfdən novxanılıyam. Mən yayda 
onunla Novxanı bağlarında görüşərdim. 
1936-cıildəXalq Komssarları  Şurası  bədii  əsərlər üçün müsabiqə elan 
etmişdi. Mən səhnəyə bir qədər bələd olduğumdan Seyid Hüseyn təklif etdi ki
birlikdə bir dram əsəri yazaq. 
Əvvəlcə mövzu seçdik. Plan qurduq. Hərəmiz öz öhdəmizə düşən hissəni 
yazdıq. Sonra birlikdə  işlədik.  Əsər üzərində  həm onun içəri  şəhərdəki kiçik 
mənzilində, həm də Novxanıda birlikdə çalışdıq. Əsərin aqibəti yaxşı olmadi. 
Müsabiqədə  əsər yaxşı qiymət almışdı. Zərf açılandan sonra Seyid Hüseynin 
imzasnı mənim imzamla yanaşı görəndə diksinmişdilər. Nəticədə bizə mükafat 
verməməyi qərara almışdılar. 
Seyid Hüseyn 1930-cu illərdə  işçi teatrı üçün "Kölgə" adlı bir pyes 
yazmışdı. Mən həmin teatrda ədəbi hissə müdiri vəzifəsində çalışırdım. Bu əsər 
Abbas Mirzə  Şərifovun iştirakilə oynarıdı.  Əsər kənddə gedən sinfi 
mübarizədən bəhs edirdi. 
Biz 1937-ci ilə  qədər Seyid Hüseynlə tez-tez görüşərdik. Təəssüf, min 
təəssüf, bu böyük istedadı vaxtından çox tez itirdik. Sadə, təmiz geyimli, gözü 
eynəkli, əli əsalı Seyid Hüseyni sanki indi də Bakı küçələrində tələsik hara isə 
gedən görürəm. 
 
3 noyabr 1964  
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə