Гуранда шаирляр щаггында айя



Yüklə 3,16 Mb.
səhifə15/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

BƏYAZ QARIN NAĞILI

Biri varmış, biri yox,

Ətəyində qarı çox,

Bir payız səhərində,

Ağ atın yəhərində-

Saqqalı buzdan olan,

Çiyninə əba salan,

Əlində bir ağ əsa,

Mənzil uzun, yol qısa.

Qoca pirani kişi,

Qəfil oldu gəlişi.

Döydü qapı-bacanı,

Üşütdü qəlbdə canı.

Necə özün yetirdi?

Payızda qış gətirdi.

Bakının küçələri,

Küləkli gecələri,

Gəlin tək ağ geyindi,

Şaxta, sazaq öyündü.

Buz bağladı yol-ırız,

Dondu hər cığır, hər iz.

Yollarda bir mərəkə,

Saldı hər kəsi bərkə.

Maşınlar əyləndilər,

Sürənlər söyləndilər.

Belədir qışın işi,

Qayğılıdır gəlişi.
Soyuğun insafı yox,

Evinsə möhnəti çox.

Aman et, Şaxta baba,

Neyləsin yazıq soba?

Hardan tapsın od-ocaq?

Müşkül işdir yanacaq.


Göy üzündə bir həşir,

Xəzri əsəbi bir şir,

Elə ki, ələndi qar,

Evdə nəki uşaq var

Töküldü dişarıya,

Pətəkdəki arıya-

Bənzədi o gün onlar,

Suvaşdı qarla donlar…

Səbinə və Təhminə,

Brilyant və Əminə,

Yeganə, Gülşən, Bahar,

Gülnaz, Gülnar və Aysel,

Əllərində kiçik bel,

Çağırdılar Əzizi-

Qartopuyla vur bizi.

Mustafa, Cavid,Turan,

Rəsul da gəldi bu an,

Cəfər, Kərim və Vüqar,

Əllərində topa qar,

Qızlara sarı qaçdı,

Sevinc səsi gül açdı.

Samirənin üzündə,

O qapqara gözündə,

Səadət nuru vardı,

Küçə onlara dardı…

Qarla dolu qurşaqlar,

O qayğısız uşaqlar,

Küçədə öcəşirdi,

Allah, bu nə həşirdi?

Onlara şaxta, sazaq,

Dərdi-sərdən çox uzaq-

Bir əzəmət gətirmiş,

Ürəklərdə bitirmiş.
Uy uşaqlar, necə də,

Bu gün bizim küçədə,

Ovsunlamış ağılı,

Bəyaz qarın nağılı!..

21.12.1997
DURNALAR
Qərib yolçular tək cəm olubsunuz,

Yığışıb gedirsiz hara durnalar?

Kövrək buludlar tək nə dolubsunuz?

Könlü çəkirsiniz dara, durnalar.


Mən də diləkləri quş tək havada,

Qəlblə çarpışıram qanlı davada,

Qala bilməyirəm heç bir yuvada,

Gəlmişəm canımdan zara, durnalar.


Sərhədsiz, sorğusuz qatar bağlarsız,

Əngin göy üzündə elə çağlarsız,

Qalıb qürbətlərdə qəmdən ağlarsız-

Qəlbi edərsiniz yara, durnalar.


Hicranlar ağradar sinənin için,

Yuvanı tərk edib gedirsiz neçin?

Sevdası irağa düşmüşlər üçün-

Yardan bir məktubsuz yara, durnalar.


Könlü ovsunlayar o quş dilləri,

Qanadlar günəş tək üzər yelləri,

Dumanlar oxşayar pərqu telləri,

Boz tüklər çəkilər tara, durnalar.


Bir Simurğ quşu tək məni alaydız,

Titrək qanadların üstə salaydız,

Dərdli ürəyimə layla çalaydız,

Könlə edəydiniz çara, durnalar.


Saman yuvanızda daş-qaşınız yox,

Sərvət savaşına qul başınız yox,

Nə ki, sarayınız, heç daşınız yox,

Dəyərsiz dövlətə, vara, durnalar.


Ölkələr içində qanad açarsız,

Elə səf bağlayıb nazla uçarsız,

Hərgah Şadiman tək öylə naçarsız-

Ərz edin yetişim kara, durnalar.

10. 04. 2002

DƏYMƏ MƏNİM ÜRƏYİMƏ


Gülə qonam bir bülbüləm,

Sevda düşüb diləyimə.

Axı özüm sənə diləm,

Dəymə mənim ürəyimə.


Eşqi təmiz saxlamışam,

Qəlb dolanda ağlamışam,

Sənə ümid bağlamışam,

Dəymə mənim ürəyimə.


Həyat başdan bizə sınaq,

Narahatlıq ona qonaq,

Gəl ikimiz birgə yanaq,

Dəymə mənim ürəyimə.


Şirin Xanım, susmaz dilin,

Yardır sənin ayın, ilin,

Əllərimdən tutsa əlin…

Dəymə mənim ürəyimə.

Dəymə mənim ürəyimə.

22.04.1987



QALDI YOLLARINDA YORĞUN BAXIŞLAR

Bəxtimə saldığın min bir düyünü,

Açıb bu aləmə eyləyəydin faş.

Tək sənin oduna yandığım günü,

Bir daha ömrümə qaytaraydın kaş.
Bu qəfil həsrətlə verib baş-başa,

Sənsiz günlərimlə alışmayaydım.

İnsaflı bağrımı döndərib daşa –

Bu dəli sevdaya qarışmayaydım.


İndi mən imkansız, sənsə peşiman,

Arada keçilməz min bir yoxuşlar.

Şirin Xanım, kimə gətirdin iman?

Qaldı yollarında yorğun baxışlar.


19.11.1990/ Qızılqum

ÖYRƏTMƏ MƏNƏ

Axı bu dünyanın ayrılığı var,

Salır insanları çiskinə, çənə.

Həsrəti, hicranı ürəklər ovar,

Özünü sən belə öyrətmə mənə.
Onsuz da xəzanı düşmüş payızam,

Sinəsi ah-nalə, dərdli bir sazam,

Ayrı planetə uçan ulduzam,

Özünü sən belə öyrətmə mənə.


Tanrının önündə gücsüz bəndəyik,

Hökmü-fərmanına biz daməndəyik,

Əcəl qarşısında gör nə gündəyik,

Özünü sən belə öyrətmə mənə.


Dəli sevgimizə qənim tapılar,

Həsrət üzümüzə açar qapılar…

Ayrılıq oduyla ürək çapılar,

Özünü sən belə öyrətmə mənə.


Sübhün yazısını oxudu kimlər?

Eşqin əlacını bilməz həkimlər,

Qarışıq dünyada çoxdu hökümlər,

Özünü sən belə öyrətmə mənə.


Bəlalı ürəyim yolunda ehsan,

Mən Şirin Xanımam, sən bahar, leysan,

Hər an torpaq onu udacaq asan,

Özünü sən belə öyrətmə mənə.


25.11.1990/ Qızılqum

GÖZÜM ALDI, KÖNÜL TUTDU, SEVGİLİM

Gözüm aldı, könül tutdu, sevgilim,

Tuti dilə, şirin sözə vuruldum.

Eşqin məni oda atdı, sevgilim,

Sinəndəki oda, közə vuruldum.
Dağdan aşan dəli seləm, çağlaram,

Xəyalınla pünhan ülfət bağlaram,

Möhnətindən illər boyu ağlaram,

Göz yaşımı süzə-süzə vuruldum.


Çiçəyinəm, üşüyürəm bağımda,

İlğımlara tuş olubdu bağım da,

Tufan vurmuş, xəzəl olmuş çağımda

O qamətə, o xoş üzə vuruldum.


Bir ocağam, gəl toxunma qoruma,

Eşqi məndən, məni ondan qoruma,

Könlün düşüb mənim sevgi toruma

Qoynuna gül düzə-düzə vuruldum.


Şirin Xanım, dərdin dağlar-qədərdir,

Taleyini qara yazan qədərdir,

Demə, gülüm, sevgi gəldi-gedərdir,

Faş eyləmə eşqi üzə, vuruldum.


03.12.1990/ Qızılqum


Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə