İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə62/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
125
görünür. Qədim rəssam icma üzvlərinin ovdan əvvəl necə  məşq etdiklərini bu əsərində  nəql edir. Bu 
piktoqram göstərir ki, ən qədim qaya təsvirlərimiz daş dövründə  əcdadlarımızın ov təsərrüfatlarına, ovdan 
əvvəl məşq keçmələrinə və s. həsr edilmişdir. 
O dövrün ox və kamanları ibtidai olduğu üçün uzaq məsafədən vəhşi öküzləri ovlamaq olduqca çətin 
idi. Odur ki, qədim əcdadlarımız daş dövründə çox mühüm bir kəşf etmiş və onun nəticəsində də heyvanlara 
yaxınlaşmaq üçün müvəffəqiyyətli bir hiylə  işlədə bilmişlər. Onlar uzun müşahidələrin nəticəsində  kəşf 
etmişdilər ki, vəhşi heyvanlar özlərinin qüvvətli iybilmə qabiliyyətlərinə yox, çox zəif görən gözlərinə 
inanırlar. Odur ki, heyvanların bu zəif cəhətindən istifadə edən  əcdadlarımız heyvan cəmdəklərindən 
düzəltdikləri gizləncəklərin arxasında gizlənərək, vəhşi öküzlərə asanlıqla yaxınlaşır və onları yaxından vura 
bilirdilər. Vəhşi heyvanlar isə bu gizləncəkləri özlərinə oxşadığı üçün heyvan bilib yaxına buraxırdılar. 
Qobustan qayalarında bu gizləncəklərə həsr edilmiş petroqliflər çoxdur. 
Qobustanın qaya təsvirləri daş dövründən başlamış XIX əsrə qədər olan bütün dövrlərin təsviri sənət 
və yazı mədəniyyətini əhatə edir. Odur ki, Azərbaycan təsviri sənətinin mənşəyini öyrənmək üçün bu qədim 
rəsmlər qalereyası  tədqiqatçılara zəngin material verir. Ölkəmizdə incəsənət, din, estetika kimi mühüm 
ictimai elm sahələrinin tarixini araşdırmaqda Qobustan petroqliflərinin əvəzedilməz əhəmiyyəti vardır. 
Dulusçuluq. Qədim Azərbaycan ərazisində iki tip bədii dulusçuluq məmulatı istehsal edilirdi. Birinci 
tip-qırmızı gil keramikadır ki, bu, ölkənin cənub rayonları (xüsusilə, Naxçıvan zonası) üçün səciyyəvidir. 
Cilalanmış qara rəngli qablardan ibarət olan ikinci tip keramika isə Qafqaz Albaniyasına xas idi. 
Birinci tip keramika polixrom, əlvan rəngli olduğu üçün ona boyalı keramika adı verilmişdir. Bu tipli 
qabların saxsısı dulusçuluq kürəsində bişəndən sonra qırmızı və sarı rəng alır. Belə gil məmulatın üzərində 
bir qayda olaraq sarı, göy, qara, çox zaman qəhvəyi boyalarla çəkilmiş quş, heyvan və insanların stilizə 
edilmiş təsvirlərinə rast gəlirik. 
Boyalı keramika nümunələri Naxçıvan, Qarabağ, Mil düzü, Xanlar və Qazax rayonlarında olan qədim 
yaşayış yerlərindən və qəbirlərdən tapılmışdır. 
Azərbaycanda boyalı qablar istehsalı tunc dövründə (e. ə. II minillikdə) inkişaf tapmışdır. 
Azərbaycanda boyalı keramika sənətinin inkişafı  qədim  İran qəbilələri ilə iqtisadi-mədəni  əlaqələrin 
qurulması nəticəsində meydana çıxmışdır. 
Azərbaycanda tunc dövrünün boyalı keramikası iki üsulla-əl ilə və dulusçuluq dəzgahında hazırlanırdı. 
Bu qabların üzərində təsvirlərdən əlavə dalğavarı sınıq və mürəkkəb şəkilli düz xətlərdən ibarət naxışlar da 
çəkilirdi. 
Boyalı keramika mədəniyyəti orta tunc dövründən dəmir dövrünə  qədər dörd inkişaf mərhələsi 
keçmişdir. Birinci mərhələ qabların üzərində monoxrom (birrəngli) rəsmlərin çəkilməsi ilə səciyyələnir. Belə 
məmulatın üstü qırmızı anqob ilə (xüsusi gil məhlulu ilə) örtüldüyündən parıltılı səthə malik olurdu. Onların 
üzərindəki həndəsi naxışlar (üçbucaq, romb), quşların rəsmi qara boya ilə  çəkilirdi. Hündür formalı belə 
qablar Kültəpədə (Naxçıvan), Culfada, Zurnabadda (Xanlar rayonu) və Mil-Qarabağ düzlərində tapılmışdır. 
İkinci mərhələnin qabları daha kiçik, həm də girdə şəkildə hazırlanırdı. Naxçıvan rayonundan tapılmış 
belə qabların üzərindəki insan, heyvan və quş rəsmləri qara, qırmızı, ağ, qəhvəyi, sarı və s. boyalarla çəkilir, 
üstü qırmızı, sarı və ağ anqobla örtülürdü. Dolça və dövrə şəklində olan bu qab-ların ornamentləri qara və 
qırmızı boyalarla çəkilirdi. Naxışlar isə düzbucaqlı, üçbucaqlı  və romb kimi motivlərdən tərtib edilirdi. 
Qobustan petroqliflərində gördüyümüz «yallı» tipli rəqs təsvirlərinə bu keramikada da rast gəlirik. 
Şahtaxtıdan tapılmış polixrom rəsmli böyük qab (e. ə. XVIII-XVII əsrlər) da bu mərhələyə aiddir. Tovuz, 
keçi, at, vəhşi heyvan və quşların rəsmləri ilə  bəzənmiş kürəvi qabın üstü qırmızı anqobla örtülmüşdür. 
Qabın çiynindəki tovuzlar sırası sarı rəngli zolağın üstündə təsvir edilmişdir. Təsvirlərdə realist əlamətlərlə 
yanaşı dekorativliyə də geniş yer verilmişdir. 
Üçüncü mərhələnin qabları (Culfa-da, Kültəpədən tapılan nümunələr) çaydan, nimçə, kasa 
formasındadır. Onların üzərində qırmızı, qəhvəyi boyalarla çəkilmiş insan, heyvan və quş rəsmləri həndəsi 
naxışlarla haşiyələnmiş və qablar qırmızı, ağ anqobla örtülmüşdür. 
Dördüncü mərhələ  dəmir dövrünün başlanğıcına təsadüf edir. Bu vaxt boyalı  təsvirli keramika 
tənəzzülə  uğrayaraq ortadan çıxır. Dördüncü mərhələnin boyalı qabları dolça, çaydan və kasa formasında 
olub, dalğavarı  cızma üsullu ornamentlərlə  bəzədilir, naxışlar isə tünd-qırmızı boyalarla da çəkilirdi. Bu 
dövrün kürədə bişən-dən sonra qırmızı  rəng alan nimçələri günəşi andıran qabarıq ornamentlərlə 
bəzədilmişdir. Onların içərisi qırmızı, çölü isə sarı anqobla örtülmüşdür. Çaydanlar bu dövrdə  də 
hazırlanırdı. Onların üçbucaq, yanakı xətlər tipli naxışları cızma üsulu ilə hazırlanırdı. Boz rəngli silindrik 
piyalələr də bu dövrün bədii məhsulu idi. 
Boyalı keramika mədəniyyəti qədim qəbilələrdə estetik zövqün tərbiyəsində  əvəzedilməz, mütərəqqi 
bir rol oynamışdır.  Əslində bu mədəniyyət orta əsrlərdə Azərbaycanda  şirli keramika sənətinin yaranması 
üçün maddi və mənəvi əsas olmuşdur. 
Qədim Azərbaycanın ikinci növ keramikası - cilalanmış qara rəngli keramika, əsasən, eneolit 
dövründən yaranmağa başlamış, tunc dövründə isə inkişaf zirvəsinə çatmışdır. 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
126
İlk qara rəngli gil qablar eneolit dövründə hazırlanmışdır. Lakin dulusçular bu dövrdə kürələrdə 
yüksək istilik əldə edə bilmədiklərindən və qara keramikanın texnologiyası  hələ lazımınca məlum 
olmadığından ilk nümunələr olduqca nöqsanlı idi. Onların plastik forması yöndəmsiz, qara rəngləri ala-tala, 
dekorativ motivləri isə son dərəcə ibtidai şəkildə alınırdı. Bununla belə eneolit dövrünə aid qablarda qabarıq 
şəkildə olan qəribə naxışlar diqqəti daha çox cəlb edir. Belə naxışlı qablardan Qazax rayonunun Babadərviş 
adlı qədim yaşayış məskənində də tapılmışdır. E. ə. IV minilliyin eneolit qabları üzərindəki qabarıq işarələr 
həm bəzək məqsədi ilə vurulan naxış, həm də  təsvirli yazılar-piktoqramlar olduğu haqda fərziyyələr 
mövcuddur. Piktoqrafiya eneolit dövrünü əhatə edən Kür-Araz mədəniyyətinin mühüm əlamətlərindəndir. 
Bu dövrə aid piktoqrafik dulusçuluq nümunələri Naxçıvan ətrafında və Gürcüstanda da tapılmışdır. 
Piktoqrafiya - təsvirli yazı başqa xalqlarda olduğu kimi, Azərbaycanda da yazı  mədəniyyətinin ilk 
mərhələsini təşkil edir. 
İki Babadərviş piktoqramını  nə-zərdən keçirək. Birinci nümunədə iki qabarıq rəsm verilmişdir. 
Soldakı təsvir iki heyvan buynuzunun düz xətlərdə birləşməsindən əmələ gəlmişdir. 
Alban dövrünün fiqurlu keramikasında da belə  rəsmlərə rast gəlirik. Onlar tam plastik heyvan 
fiqurlarının tənəzzülə  uğraması, konkret mahiyyət-dən uzaqlaşması  nəticəsində ortaya çıxmışdır. Biz bu 
nəticəyə  əsaslanaraq piktoqramda təhrif edilmiş iki buynuzlu heyvan surəti görürük. Əkər dövr nəzərə 
alınarsa, güman etmək olar ki, piktoqramda iki keçi təsvir edilmişdir. Lakin sağ  tərəfdəki rəsmin sağ 
qurtaracağında ucu iti, yuxarısı isə əyri şəkildə olan əlavə bir rəsm də diqqəti cəlb edir. Bu, oxu, yuxarıdakı 
əyri xətt isə kamanı ifadə edir. Ox şəkli, ox sözü qədim zamanlarda ovçunu, döyüşçünü təmsil edər, onun 
şərti rəmzi kimi işlənərdi. Təsadüfi deyil ki, qədim türklərdə bir çox qəbilələrin adları ox ilə əlaqədar olaraq 
«Üç ox», «On ox» və s. qoyulmuşdu. O vaxt ox istehsal aləti kimi fetişləşmiş-ilahiləşdirilmişdi. 
Piktoqramda ox rəsminin ovçunu bildirdiyini qəbul etsək, onda məzmun anlaşılar: bu təsvirli yazıda 
bir ovçu iki keçi öldürmüşdür. Belə bir məzmun bizə qəribə gəlsə də, mis-daş dövrünün adamları üçün bu 
fövqəladə bir hadisənin xəbər verilməsi kimi zəruri və lazım idi. Piktoqramın yazılmasından məqsəd 
ovçunun igidliyini qəbilə üzvlərinə bildirmək idi. 
Babadərvişdən tapılmış ikinci piktoqram nümunəsi «M» şəklində  və onun üstündə üçbucaq 
formasında olan iki təsvir elementindən ibarətdir. Üçbucağın yuxarı uzadılmış yan xəttinə əlavə üç üfqi xətt 
uzadılmışdır. Belə əlavə xətlər rəsmin yanlarına da çəkilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, 
piktoqramın bu iki rəsmi də mücərrəd təfəkkürün, konkret varlıqların rəsmlərinin mücərrədləşdirilməsi 
əsasında yaradılmışdır. Aşağıdakı rəsm quşu, yuxarıdakı isə keçini təmsil edir. Sağ tərəfdəki dairəvi girinti 
günəşin simvoludur. Buradan anlaşılır ki, piktoqrafik yazı kosmoqonik (səma cisimlərinə  əsaslanan) 
təsəvvürün təsiri altında cızılmışdır. Nəzərə almaq lazımdır ki, qədim rəssamlar, səma cisimlərini simvolik 
mənalı  rəsmlərlə göstərirdilər. Buna əsasən deyə bilərik ki, piktoqramdakı quş təsviri göyü, keçi rəsmi isə 
yeri, torpağı  təmsil edir. Bizə elə  gəlir ki, bu yazıda təbiətin iki hissəsi, iki qüvvəsi (yer və göy) 
qarşılaşdırılmış, onların bir-birindən asılılığı əyani surətdə göstərilmişdir. Burada qədim «rəssam» torpağın 
göyə qarşı olan sitayişindən, yağışa olan təmənnasından danışır, sehrkarlıq işinə xidmət edir.  
Sonrakı tunc və alban dövrlərində yazılmış Qobustan və dulusçuluq piktoqramları isə konkret 
təfəkkürə əsaslandığından insan və heyvanların real təsvirlərindən yaradılmışdır. 
Tunc dövründə  İran Azərbaycanında olduğu kimi, Şimali Azərbaycanda da, xüsusilə Qafqaz 
Albaniyası ərazisində qara keramika mədəniyyətinin inkişafı yüksək səviyyəyə çatır. 
Cilalı qara keramika Azərbaycanın Xocalı, Mingəçevir, Çovdar, Xanlar kimi yerlərində yayılmış 
qədim məişətlə və dəfn ayinləri ilə əlaqədar inkişaf etmişdir. Belə məmulatın yaradılmasında əksər hallarda 
dulusçuluq dəzgahından istifadə edildiyindən, qabların plastik quruluşu yüksək estetik keyfiyyətə malikdir. 
Misal üçün, Çovdardan (Daşkəsən yaxınlığında) tapılmış qabda gövdənin yuxarıya və aşağıya doğru daralan 
bikonik şəkildə həll edilməsi onun plastik gözəlliyi üçün əsas yaratmışdır. Gövdənin dairəvi və zərif dayaq 
üzərində qurulması, çiyinlərin ritmik şəkildə olan üç qulp ilə tamamlanması gözəl siluetli qabın hündür 
görünməsinə səbəb olmuşdur. Bu qabın gövdəsi üzərində təkrar edilən ritmik şaquli xətlər və boğazı bəzəyən 
cızma üçbucaqlar dulusçunun məharətinə dəlalət edir. 
Ustalar məmulata dekorativ forma vermək üçün dulusçu dəzgahından bacarıqla istifadə etmişlər. Bunu 
Xanlar rayonundan tapılmış şaquli kompozisiyalı qabda aydın görürük. Burada oturacaq konus şəklində həll 
edildikdən sonra, gövdə  dəzgahın köməyi ilə qabarıq çevrələrə bölünmüşdür. Yuxarıya doğru daralan 
gövdənin plastik formasını həmin dekorativ ünsürlər kəskin surətdə nəzərə çarpdırır. Demək, asan bir üsulla 
çox mürəkkəb estetik keyfiyyət əldə edilir. 
Belə qabların qara rəngli və cilalanmış olması onların bədii keyfiyyətinə müsbət təsir göstərmişdir. 
Odur ki, tədqiqatçılar uzun zaman bu tip keramikanın texnologiyasını öyrənmək üzərində çalışmışlar. Bu 
haqda keçən  əsrin 30-cu illərində Türkiyə keramisti Nuru paşa ilk müvəffəqiyyətli nəticələr  əldə etmişdir. 
Dulusçular qədim keramik məmulatı qara rəngə boyamaq üçün adi hisdən bacarıqla istifadə etmişlər. Bu 
məqsədlə onlar açıq havada qurudulmuş gil qabları  əvvəlcə hamar sümük və yaxud başqa bərk çisimlə 
yaxşıca sürtərək onun üzərindəki məsamələri doldurub bərkidirdilər, bunu ona görə edirdilər ki, qab kürədə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə