İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə59/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   55   56   57   58   59   60   61   62   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
121
günəş sözü ilə yanaşı çəkilirdi. Sonralar pir şəklinə düşmüş qədim abidənin hər iki kultun adı ilə adlanması 
göstərir ki, onlar çox yaxın və bir-birini əvəz edən ən qədim kultlar olmuşdur. 
Kromlexlər neolit və başlıca olaraq tunc dövründə yaradılmış çevrə boyu, şaquli  şəkildə  əzəmətli 
daşlardan düzəlmiş abidələrdir. Kromlex fransızca krom (çevrə) və lex (daş) sözlərinin birləşməsindən 
alınmışdır. Onlar bir çevrə  və yaxud bir neçə konsentrik çevrələr formasında olur. Belə abidələrin 
hündürlüyü 6-7 metr, diametri isə 100 metrə  qədərdir. Bəzən kromlexlərin ortasında dolmen və yaxud 
menhir də olur. Kromlexlərin yanında menhirlər sırasına da rast gəlmək olur. Kromlexlərin sahəsi qazılarkən 
qəbirlər, daş baltalar, gil qablar, əl dəyirmanı daşı  və s. tapılır. Belə abidələr Asiya, Amerika, Avropa və 
Zaqafqaziyada aşkar edilmişdir. Güman edilir ki, kromlexlər dəfn mərasimlərinin icra edilməsi və yaxud dini 
ayinlərin keçirilməsi üçün icma tərəfindən qurulmuş abidələrdir. Onların günəş kultu ilə əlaqədar olması və 
günəş məbədi vəzifəsini daşıması haqqında da nəzəriyyə mövcuddur. Kromlexlərin çevrə formasında olması, 
görünür, onların günəş kultu ilə olan yaxınlığından irəli gəlmişdir. 
Kromlexlərə Azərbaycan  ərazisində  də  təsadüf edilir. Qobustanın «Böyükdaş» adlanan hissəsində 
qayalıqların  ətəyində nisbətən düzənlik sahədə diametri 21 m olan belə bir abidə mövcuddur. Onun 
mərkəzində tək daş, ətrafında isə çevrə boyu daşlar qoyulmuşdur. Hələlik bu abidənin daxilində və ətrafında 
arxeoloji qazıntı  işləri aparılmadığından onun haqqında  ətraflı danışmaq mümkün deyil, Belə kromlexlər 
Abşeronda,  Şüvəlan kəndinin kənarında, «Ağ daş» deyilən yerdə daha çox tikilmişdir. Bir-birinə yaxın 
məsafədə qurulmuş bu kromlexlərin daşları üzə-rində müxtəlif ayinlərlə  əlaqədar olan cızma üsulu ilə 
çəkilmiş heyvan və insan rəsmləri vardır.  
Siklopik tikintilər Azərbaycanda daha geniş miqyasda yayılmış meqalitik abidələrdir. Belə abidələr 
qədim Yunanıstanda da çox olmuş  və yunan əsa-tirləri ilə  əlaqələndirilmişdir; guya bu əzəmətli tikintilər 
siklop adlanan nəhəng və  təkgöz (təpəgöz) insanlar tərəfindən yaradılmışdır. Elə buna görə  də  həmin 
tikintilər siklopik tikintilər adlanır. Siklopik tikintilər inşaat məhlulu işlədilmədən çox böyük daşlardan 
əmələ gəlmişdir. Daşların uzunluğu bəzən 2 metrə qədər olur. 
Siklopik tikintilərə dünyanın hər yerində, o cümlədən Zaqafqaziyada, Krımda, Tacikistan və Sibirdə 
rast gəlmək olar. 
Zaqafqaziyadakı  ən qədim siklopik tikintilər tunc dövrünə (e. ə. III-II minilliklər) aid edilir. Urartu 
dövlətinin Tuşpa, Topraqqala, Teyşebaini və s. siklopik abidələri isə ilk dəmir dövrünün (e. ə. X-IX əsrlər) 
məhsuludur. 
Azərbaycanın dağlıq rayonlarında 120-yə qədər, əsasən, dairəvi formada, nəhəng daşlardan, suvaqsız 
tikilmiş siklopik abidələr nəzərdən keçirilmişdir. Onlar Naxçıvan, Gədəbəy,  Şəmkir, Tovuz rayonlarında 
daha çox yayılmışdır. Xalq arasında belə tikintilərə «qalaça», «qalacıq», «hörük» və «hörükdaş» deyilir. 
Həmin tikintilər bəzən bir, bəzən də iki-üç divarla əhatə olunur. Azərbaycan ərazisindəki siklopik tikintilər 
yonulmamış kobud daşlardan hörülmüşdür. Lakin nadir hallarda yonulmuş daşlarla sıx hörülmüş abidələrə 
də rast gəlirik. Bu tipli abidələrin daha sonralar (dəmir dövrünün ortalarında və eramızın başlanğıcında) 
tikildiyini güman etmək olar. 
Azərbaycanın siklopik tikintilərinin nə  məqsədlə tikildiyi haqqında müxtəlif fikirlər vardır. 
Arxeoloqlarımız bu abidələri üç qrupa bölmüşlər: 
1. həcmcə çox böyük olan istehkamlardan dinc dövrdə yaşayış  məskəni kimi, müharibə zamanı isə 
əhalinin və mal-qaranın müdafiəsi üçün istifadə edilmişdir. 
2. həcmcə kiçik olan siklopik tikintilər müharibə vaxtı qala vəzifəsini görüb, müdafiə xarakteri 
daşımışdır. 
3. Dağ yerlərində müvəqqəti məqsədlərə xidmət etməkdən ötrü yaradılmış kiçik siklopik abidələrdən 
isə mal-qaranı saxlamaq, qorumaq üçün bir ağıl (çəpər) kimi istifadə edilmişdir. 
Daş qutu qəbirlər. Yuxarı Qarabağda, Gədəbəy, Lənkəran və başqa rayonlarda yayılan 3 min illik 
tarixə malik olan bu abidələr meqalitik abidələrin xüsusi bir növüdür. Bu nəhəng qəbirlərin içərisi səliqə ilə 
yonulub sandıq halına salınmış və üstü tava daşla örtülmüşdür. Güman etmək olar ki, bu qəbirlər ilk siklopik 
tikintilərlə bir zamanda yaradılmışdır. İbtidai icma quruluşunun adamları yaşamaq, dini mərasim keçirmək, 
müdafiə olunmaq üçün əzəmətli tikintilər yaradarkən elə  təsəvvür edirdilər ki, onların ölüləri də axirət 
dünyasında belə  nəhəng daş evlərdə yaşamalıdırlar. Bunun nəticəsidir ki, qədim  əcdadlarımız ölülərini 
nəhəng daş qutularda dəfn etməyi lazım bilirdilər. Belə daş qutu qəbirlərin üstündə isə daha əzəmətli 
görünən kurqanlar tikirdilər. 
Kurqanlar. Kurqan türk sözüdür. O öz mənşəyinə görə kor (qəbir), qurğu, qoruq sözləri ilə əlaqədardır. 
Kurqanlar ölülərin qəbirləri («axirət evləri») üzərində ucaldılmış konusvarı  təpələrdən ibarətdir. Qədim 
Azərbaycanda belə bir formanı əldə etmək üçün içərisində bir və bir neçə meyit dəfn edilmiş qəbrin divarları 
düzbucaqlı formada daşla tikiləndən sonra onun üstünə kvadrat şəkilli ağac haşiyələr qoyulurmuş. Belə ki, 
kurqanın konusvarı formada alınması üçün aşağıdan birinci haşiyə böyük, onun üstündəki haşiyələr isə 
yuxarı getdikcə daha kiçik ölçülü olmalı idi. Nəticədə əmələ gəlmiş pilləli ağac konus əvvəlcə taxta ilə, daha 
sonra isə torpaqla örtülürdü. Konusvarı kurqanlar bizə  qədim Misir piramidalarını xatırladır. Yuxarı 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
122
Qarabağda üstü çay daşı ilə örtülmüş kurqanlara da rast gəlirik. Onların hündürlüyü müxtəlifdir. Çox zaman 
hündür bir kurqanın ətrafında alçaq kurqanların yerləşdiyi də müşahidə olunur. 
Azərbaycanın dağətəyi və düzənlik yerlərində geniş yayılmış kurqanlar müxtəlif dövrlərin 
məhsuludur.  İctimai dövrlər dəyişdikcə bu qəbirlərin forması da bir qədər dəyişilmiş  və yeniləşmişdir. 
Məsələn, eneolit, mis-daş dövrünün (e. z. IV minillik. və III minilliyin birinci yarısı) kurqanlarında qəbirlər 
dairəvi şəkildə qazılandan sonra divarları daşla hörülərdi və xəndəklə əhatə olunardı. İlk tunc dövründə (e. ə. 
III minilliyin ikinci yarısı) kurqanların içindəki qəbirlər kvadrat şəklini almış, son tunc dövründə (e. ə. II 
minilliyin ikinci yarısı) isə qazıma qəbirlər  əvəzinə süni qəbirlər-kvadrat formalı qazıma daxmalar 
yaradılmışdır. Həmin daxmalar bəzən bir neçə mərtəbəli olurdu, birinci mərtəbədə ölü dəfn edildiyi halda, 
ikinci, üçüncü mərtəbələrdə  mərhumun «axirət dünyasında» rahat yaşaması üçün lazım olan avadanlıq 
qoyulurdu. Bu dövrün kurqanlarında qəbirlərdən başqa qurban qoyulan yerlər-qurbangahlar üçün də xüsusi 
yerlər ayrılırdı ki, bu da daşla haşiyələnmiş kvadratşəkilli çalalardan ibarətdir. Bu qurbangahlarda əcdadların, 
ölülərin ruhu və xeyirxah ruhlar üçün yemək, içmək şəklində qurbanlar qoyularmış. 
Azərbaycanda rast gəldiyimiz kurqanların hündürlüyü I metrdən 14-16 metrə  qədər olduğu halda, 
onların diametri əksər hallarda, 2-3 metrdən 18-22 metrə qədər çatır. Nadir hallarda isə onların hündürlüyü 
25 metrə çatır. 
Kurqanlar «axirət dünyası» ideyasına xidmət edən memarlıq abidələridir. 
Arxeoloq Y. İ. Hummel Xanlar rayonunun kurqanlarını  tədqiq edərkən, onların səpələnmiş halda 
deyil, müəyyən ərazidə toplanmasına diqqət yetirmişdir. O, qərara gəlmişdir ki, bütün qəbirlər müəyyən bir 
nöqtə  ətrafında - günəş  şüasının çevrə boyu yayılması istiqamətində tikilmişdir. Onun kəşf etdiyi bu 
qanunauyğunluq «şəfəq sistemi» adını almışdır. Alimlər bu sistemin Orta Asiya kurqanlarına da aid olduğu 
fikrini irəli sürmüşlər. 
Maraqlı  cəhət burasıdır ki, kurqanların quruluşu, ağac haşiyələrlə  və onun üstündən də torpaq ilə 
örtülməsi, onları Azərbaycanda geniş yayılmış qaradam adlı yaşayış evləri ilə bağlayır. Ayrımların yaşayış 
evi olan qaradamların üstünün bu üsulla örtülməsi göstərir ki, onlar da kurqanlar qədər qədim tikintilərdir. 
Məlum olur ki, qədim  əcdadlarımız ilk qaradamlarda yaşadıqları vaxtlarda «axirət evlərini» - qəbirlərini, 
kurqanlarını da qaradama bənzətməyə çalışmışlar. Ruhun əbədiliyinə, ölməzliyinə inanan ibtidai insanlar 
qəbirləri öləndən sonra özləri üçün daimi mənzil hesab edirdilər. 
Yaşayış tikintiləri. Arxeoloqlar müəyyən etmişlər ki, Azərbaycanın qədim yaşayış binaları qazıma və 
qara-damlardan ibarət olmuşdur. 
Tunc dövründə, eramızdan min il əvvəl tikildiyi güman edilən qazımaların yarısı torpağın altında 
yerləşirdi. Divarları  və arakəsmələri yonulmamış çay daşından tikilmiş bir qazıma aşkar edilmişdir. Bu 
binanın içərisi çox böyük, yəni uzunluğu 17-18 m olduğu üçün onu «çox-ailəli» evlər tipinə daxil etmişlər. 
Lakin həmin qazmanın ancaq bir giriş yolu olması onun bir ailəyə məxsus olduğunu göstərir. Binanın dörd 
bölmədən ibarət tikilməsi orada yaşamış ailənin böyüklüyünə, ailə başçısının oğlanları ilə birlikdə 
yaşamasına işarədir. 
Süni mağaralardan yarandığı güman edilən qaradamların Azərbaycanda yayılması tunc dövrünə 
təsadüf edir. Çiy kərpicdən tikilmiş belə binalar Mingəçevirdə tapılmışdır. Onların 3500-4000 illik qədim bir 
tarixi vardır. 
Qaradam tipli yaşayış evlərinin qalıqlarına indi də rast gəlmək olar. Onların qaradam adlanması 
güman ki, evin içərisinin qaranlıq olması ilə  əlaqədardır. Belə evlərdə xarici mühitlə  əlaqə ancaq qapı  və 
baca vasitəsi ilə yaradılırdı. Evlər bir qayda olaraq yoxuşa söykəndiyindən xaricə pəncərə açmaq mümkün 
olmurdu. Bu tip evlərin tikilməsində yerin relyefindən istifadə edilməsi, onların təpələrə söykədilməsi 
mənzilin yayda sərin, qış-da isə isti olmasına kömək etmişdir. Qaradamın təpə şəkilli damından aşağı axan 
yağış sularının evə tökülməməyi üçün qapının üstündə xüsusi örtük qoyulurdu. 
Tunc dövründə, eramızdan iki min il əvvəl Azərbaycanda çiy kərpicin geniş yayılmış inşaat materialı 
kimi işlədilməsini göstərən tikintilər də tapılmışdır. Ağdamın «Üzərliktəpə» deyilən yerindən qazılıb 
çıxarılmış tikintinin qalıqlarını buna misal göstərmək olar. Onun 20 metrə qədər uzanan enli divarları vaxtilə 
buranın yaşayış yeri olduğunu göstərir. Divarların çiy kərpiclə tikilməsində məhluldan istifadə edilmişdir. 
Şimali Azərbaycanda olan qədim tikintiləri öyrənmək üçün yaşayış binalarının tikinti qalıqlarından 
əlavə qaya təsvirlərinə, müxtəlif tipli modellərə  də müraciət etmək lazımdır. Bu cəhətdən Mingəçevirdən 
tapılmış tunc dövrünün araba modelləri səciyyəvidir. həmin modellərdə o dövrün yaşayış binalarının bir çox 
əsas xüsusiyyətləri  əks olunmuşdur. Bu modellərdən görünür ki, ikitəkərli arabaları quraşdırarkən insanlar 
yaşadıqları evlərin xüsusiyyətlərini nəzərə almışlar. 
Mingəçevir araba modellərinin quruluşu,  əksəriyyətlə, konus şəklində olub, alaçıqları xatırladır. 
Onların aşağı hissəsində qapısı, yuxarısında isə baca kimi istifadə olunan sivri formalı damı vardır. Gildən 
hazırlanmış belə araba modellərinin xarici səthi dairəvi cızma xətlərlə bəzədilmişdir. 
Daha sonrakı Midiya dövləti dövründə (e. ə. VII-VI əsrlər) Cənubi Azərbaycanda nəhəng və bəzəkli 
müdafiə tikintiləri ilə yanaşı saraylar və yaşayış binaları da yaradılmışdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə