İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə55/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   51   52   53   54   55   56   57   58   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
116
(Urmiya gölü), Aşağı  dənizə  (İran körfəzi) qədər uzanan ticarət yollarında  əmin-amanlıq yaranmışdır. 
Mesopotamiyaya xarici hücumların arası kəsilmiş, Urmiya gölü hövzəsi ilə dinc əlaqələr yaranmışdır. Şumer 
və Akkad gəncləri kuti qoşunlarına xidmətə cəlb olunmuşlar. 
Kutilər Mesopotamiya (İkiçayarası) mədəniyyətinə  cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa 
mətnli kitabələri mixi yazılar ilə tərtib olunurdu.  
Kutilər Ay allahına, məhəbbət, bərəkət və  məhsuldarlıq ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə 
ənənəvi məbəd tikintisini davam etdirir, yaxud sökülmüş  məbədləri bərpa edirdilər. Kutilər və onların 
hökmdarları türk mənşəli idilər. 
E.ə. III minilliyin sonunda Kuti və Lullubi dövlətləri xırda vilayətlərə parçalandılar. 
E.ə. III minillikdə Mesopotamiyada əvvəl  Şumer  şəhər-dövlətləri, sonra da Akkad dövləti mövcud 
olmuşdur. Bu dövrdə  qədim Azərbaycanın  ərazisində yaranmış dövlət qurumları daha çox Mesopotamiya 
dövlətləri ilə hərbi münaqişələrə girməli olurdular. “En-Merkar və Aratta hökmdarı” dastanına görə Aratta 
ilə Şumer arasında münasibətlər tez-tez dəyişir, gah düşmənçiliyə, gah dostluğa çevrilirdi. verilmişdir. 
E.ə. XXVIII-XXVII əsrlərdə Şumerdə Uruk şəhər-dövləti yüksək inkişaf mərhələsinə çatmışdır.  
Lullubi hökmdarları Akkada qarşı döyüşlər aparmışlar.  Şumer  şəhər-dövlətləri Akkadın hakimiyyəti 
altında birləşdirilmişdir. Odur ki, lullubilər Akkad müdaxiləsinin qarşısını almaq üçün Mesopotamiyaya 
hücumlar etmiş, geniş ərazidə ağalıq uğrunda mübarizə aparmışlar. Akkad dövlətinin işğalçı siyasətinə qarşı 
hərbi ittifaqlar yaranmışdır. 
İşğalçılara qarşı  uğurlu mübarizə aparmaq üçün Lullubi ərazisindəki xırda dövlət qurumlarını 
birləşdirmək lazım idi. 
E.ə. XXIII əsrin sonu-XXII əsrin  əvvəlində Urmiya gölündən cənubda güclü Lullubi dövləti 
yaradılmışdır. 
Hökmdar Anubanininin dövründə dövlət daha da qüvvətlənmişdir. Anııbanininin uğurları “Daş sütun” 
üzərində mixi yazılarla həkk olunmuşdur. Anubanini böyük dövlət yaratmışdı. Bu dövlət Urmiya gölünün 
cənub və cənub-şərq bölgələrini əhatə edirdi.  
Urmiya gölü yaxınlığında dövlət yaratmış kutilər də Mesopotamiyada baş verən hadisələrə qarışırdılar. 
Onlar daha çox Akkad ilə hərbi münaqişələrə girirdilər. Kutilər Şumer şəhərləri ilə müttəfiqlik edir, bəzən də 
onların köməyinə  gəlirdilər. Akkad hökmdarı Naram-Suen kuti tayfalarına qarşı düşmənçilik siyasəti 
aparırdı.  
Kuti hökmdarları Mesopotamiyaya yürüşlər edirdilər. E.ə. XX əsrin  əvvəlində kutilərin hökmdarı 
Yarlaçaş Mesopotamiyaya hücum edib Akkad dövlətinə süquta yetirdi. Mesopotamiya 100 ilə yaxın kutilərin 
hakimiyyəti altında qaldı. 
Mesopotamiyada sonuncu Kuti hökmdarı Tirikana qarşı Uruk şəhərində qiyam olmuşdur. Tirikan 
döyüşdə əsir düşdü. E.ə. XXII əsrin sonunda Mesopotamiyada kutilərin hakimiyyətinə son qoyuldu. E.ə. III 
minilliyin sonunda Kuti dövləti tədricən zəifləmiş və siyasi qurum kimi süqut etmişdir. 
Mesopotamiyada kutilərin hakimiyyəti tənəzzülə  uğradıqdan sonra burada III Ur Şumer sülaləsinin 
hökmdarlığı bərqərar oldu. Bu sülalənin hökmdarları Lullubilər ölkəsinə və qonşu ərazilərə dəfələrlə dağıdıcı 
yürüşlər etmişlər. Kutilərin cənub torpaqları bu sülalənin siyasi təsiri altına düşmüşdür. Ur hakimlərindən 
biri “Kutium canişini” və “Su ölkəsinin hökmdarı” rütbəsini daşıyırdı. Lakin e.ə. 2003-cü ildə su tayfaları 
Elam ilə birlikdə III Ur sülaləsini devirdilər. Su ölkəsi müstəqil oldu. Turukki və su tayfaları 
Mesopotamiyada baş verən hadisələrə qarışmağa başladılar. 
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar. Onlar Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil 
idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. 
Həmin tayfalar Zaqros dağ keçidləri vasitəsilə Mesopotamiyaya daxil olmuşlar. 
Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər 
və turukkilər) burada yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda məskunlaşmışlar. Lakin 
Mesopotamiyanın  şimalında yaranmış Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər 
müqavimət göstərərək öz torpaqlarını müdafiə etdilər, əks-hücuma keçib assuriyalıların nəzarəti altında olan 
Şuşarra vilayətini tutdular.  
E.ə. II minilliyin əvvəllərində Azərbaycan tayfalarını ayrı-ayrı başçılar, yaxud xırda hökmdarlar idarə 
edirdilər. Bu dövrdə kuti, lullubi və turukkilərin tayfa birliyi yaranmışdı. Onların ardı-arası kəsilməyən hərbi 
təzyiqi Assuriya dövlətini zəiflətmişdi. Babilistan hökmdarı Hammurapi (e.ə. 1792-I750) təhlükəni öz 
ölkəsindən sovuşdurmaq üçün Mesopotamiyanın  şimalında baş verən hadisələrə qarışmalı oldu və  həmin 
tayfalara qalib gəldi. Buna baxmayaraq, turukkilər tədricən Babilistan ərazisində də məskunlaşdılar. Qədim 
Babilistan sənədlərində burada yaşayan tayfalar arasında turukkilərin də adı çəkilir. 
E.ə. XIV əsrin sonundan Assuriyanın qüdrəti yenidən artdı. Assuriya hökmdarı I Adadnirari (e.ə. 
1307-1275) Azərbaycan ərazisinə bir neçə yürüş etmiş, lakin ölkənin içərisinə girə bilməmişdi. Yerli tayfalar 
arasında birlik yox idi. Kutilər bir müddət Adadnirarinin hakimiyyətini tanımağa məcbur oldular. Az sonra 
kutilər üsyan qaldırdılar. Lakin Assuriya hökmdarı I Salmanasar (e.ə. 1274-1245) kutilərin üsyanını yatırdı. 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
117
E.ə. II minillikdə  qədim Azərbaycan tayfaları turukkilər, lullubilər, kutilər və onlara yaxın olan 
şubarlar (subirlər) Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmış və müstəqillik uğrunda mübarizə aparmışlar. 
Tayfa başçıları  və  xırda hökmdarlar vahid dövlət halında birləşməmiş, buna görə  də Assuriyaya güclü 
müqavimət göstərə bilməmişlər. Lakin müharibələr qədim Azərbaycan tayfalarının yenidən dövlət halında 
birləşməsini zəruri edirdi. E.ə. II minilliyin sonu-I minilliyin əvvəlində  qədim Azərbaycan yeni dövlət 
qurumlarının meydana gəlməsi ərəfəsində idi. 
Bütün xalqlar özlərinin mədəniyyətlərini yaratmışlar. Xalqların mədəniyyətlərini «zəngin» və yaxud 
kasıb» mədəniyyətlərə bölmək düzgün olmazdı. Bir sıra mədəniyyətlər ciddi tədqiq edildikdən sonra onların 
nə  qədər zəngin olduğu aşkar olur. Elmi ədəbiyyatda  ən çox öyrənilən Misir, Hindistan, Çin, İran, Yunan 
mədəniyyətləri ilə yanaşı, öyrənilməyən, yaxud da az öyrənilən, ona görə  də az təbliğ olunan, tarix, 
ədəbiyyat və s. dərsliklərə düşməyən mədəniyyətlər də vardır. Belə  mədəniyyətlərdən biri də Azərbaycan 
mədəniyyətidir. Azərbaycan mədəniyyət tarixinin ümumtürk mədəniyyəti kontekstində öyrənilməsi olduqca 
məqsədəuyğundur. Coğrafi amil də nəzərdən qaçırılmamalıdır. Məlum olduğu kimi, türk xalqlarının böyük 
əksəriyyəti (türk dilinin bu və ya digər dialektində danışan xalqların ümumi sayına görə  təxminən yarısı) 
keçmiş SSRİ ərazisində yaşayır.  
Şübhəsiz, Şərqi Sibirdən Baltik dənizinə qədər uzanan ərazilərdə məskən salıb yaşayan bütün böyük 
və kiçik türk xalqları bir ana kök üzərində meydana gəlmişdir. Ana türk (prototürk) cəmiyyəti parçalanıb 
dağıldıqdan sonra yaxın-uzaq ölkələrə yayılmış, vahid siyasi, iqtisadi, mədəni əlaqələr kəsilmiş, hər bir türk 
qəbiləsinin tədricən özünəməxsus mədəniyyəti, iqtisadiyyatı  və siyasi dünyagörüşü formalaşmağa 
başlamışdır. Nəticədə qədim türk xalqları həm əsarətə aldıqları, həm də əsarətinə düşdükləri xalqların dinləri, 
adət-ənənələri və s. ilə tanış olmuş, onların mühüm mədəni ünsürlərini mənimsədikləri kimi, özlərinin də 
mədəniyyətini onlara mənimsətmişlər. Qonşu xalqlarla qarışmaq nəticəsində onların bütün mədəni-mənəvi 
sahələrində olduğu kimi, hətta antropoloji quruluşlarında belə ciddi dəyişikliklər baş vermişdir. Bütün 
bunlara baxmayaraq, bir ana kökdən ayrılan həmin qohum türk qəbilə  və xalqlarını birləşdirə biləcək  ən 
qədim xüsusiyyətlər məhz onların dilində, folklorunda və mifologiyasında qorunub saxlanmışdır. 
Azərbaycan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ ümumtürk, ümumbəşəri, 
arxaik-totemistik inkişaf mərhələsidir. Burada mifologiyada bir sıra heyvanlar, xüsusilə öküz mifi başlıca yer 
tutur.  İkinci mərhələ qurd görüşünün öküz mifizmi ilə çarpazlaşması  mərhələsi adlandırmaq 
məqsədəuyğundur. Mədəniyyətin həmin inkişaf mərhələsi həqiqətlərlə yarımhəqiqətlər  şəklində bizə  gəlib 
çatan erkən xaqanlıq-anaxaqanlıq və ataxaqanlıq, eləcə  də daş kitablar və abidələrdə tarixi iz qoymuş 
xaqanlıq  əxlaqi-fəlsəfi dünyagörüşü ilə bağlıdır. Mədəniyyətin üçüncü inkişaf mərhələsi zərdüştlük - 
maqların dini təlimi - xeyir və şərin əbədi mübarizəsi dövrü ilə əlaqələndirilməlidir. 
Dördüncü inkişaf mərhələsi islamın Azərbaycanda yayılmasından başlanır. Həmin dövrləri bir neçə 
mərhələyə də bölmək mümkündür. 
Azərbaycan  ərazisində Manna, Midiya, Atropatena və Albaniya dövlətləri fəaliyyət göstərmişdir. 
Lakin hələ dövlət meydana gələnə  qədər Azərbaycanın ilk sivilizasiya mərkəzi olması arxeoloji qazıntılar 
sayəsində sübut edilmişdir. Quru-çay və Azıx mağarası sakinlərinin hazırladıqları ilk əşyalar kobud 
çapacaqlar, müxtəlif qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlər olmuşlar. Onların bir çoxunun ağırlığı 
4-5 kq-dır. 
Arxeoloqlar Qazax rayonunda Damcılı, Daşsalahlı, Tağlar mağaralarında yüz səksən-iki yüz min il 
bundan öncə, insana daha çox bənzəri olan məxluqların yaşadığını  aşkar etmişlər. Azərbaycan  ərazisində 
şüurlu insan (homo sapiyens) otuz-qırx min il bundan qabaq təşəkkül tapmışdır. Bu dövrdə insanlar daha 
mükəmməl ov aləti - ox ilə yayı icad etmişdilər. Şüurlu insanlar hələ on min il bundan əvvəldən başlayaraq 
Qobustan qaya rəsmlərini yaratmışlar. Qayaların üzərində yaradılmış müxtəlif rəsmlər - ov səhnəsi, yallı 
getmək və s. həmin dövrdə yaşayan insanların şüurunun yüksək səviyyədə olmasını göstərir. Qobustan uzun 
dövr ərzində yaşayış məskəni olaraq qalmışdır. Maldarlığın, əkinçiliyin meydana çıxdığı (VI minillikdən) və 
ondan sonrakı dövrdə bu insanların qayalar üzərində qoyub getdikləri misilsiz qiymətə malik dilsiz şahidləri 
onların dənizçiliklə  də  məşğul olduqlarını göstərir. Qayalar üzərindəki qayıq rəsmi, qayığın baş  tərəfində 
günəş  təsviri bu torpağın aborigenlərinin dünyanın  ən qədim mədəni xalqlarından biri olan şumerlərlə 
bilavasitə əlaqədə olduqlarına dəlalət edir. Abşeronda, qədim Naxçıvanda, Gəmiqayada, Kəlbəcər ərazisində 
qaya rəsmləri kifayət qədərdir. 
Oddan istifadənin başlanması, ilk geyimlər, ilk yaşayış yerinin salınması, ilk nəqliyyat vasitələrindən 
istifadə olunması, müxtəlif  əmək alətlərinin hazırlanması, gil qablar, heyvanların  əhliləşdirilməsi və s. 
sivilizasiyaya doğru böyük addımların atılması hesab olunmuşdur. 
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Qobustan qaya rəsmləri e.ə. XIII-
X minilliyə aiddir. Onlar siluet şəklində ön, arxa və yan tərəfdən təsvir edilmiş, kürəklərində kaman olan 
ovçuların sxematik təsvirlərindən ibarətdir. Son mezolit dövründə (e.ə. X-VIII minilliklər) yaradılmış 
əzəmətli öküzlərin realistik qaya təsvirləri də diqqətəlayiqdir. Bu təsvirlər təxminən öküzlərin özü boyda 
cızılırdı. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə