İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə56/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
118
İbtidai insanların primitiv şəkildə silahlanması və vəhşi öküzlərin qüvvətli heyvan sayılması ovçuları 
gələcək ovlara çox diqqətlə hazırlaşmağa və sonsuz məşqlər keçirməyə  məcbur edirdi. Bu məşqlər isə 
sonralar ayinlərə çevrilirdi. Dini görüşlər formalaşdıqdan sonra həmin ayinlər sehrbazlıq ayinlərinə 
çevrilirdi. Əcdadlarımızın ibtidai qəbilə quruluşundakı totemistik təsəvvürləri, ayrı-ayrı heyvan və bitkilərin 
ilahi qüvvəsinə insanlıq  əqidəsi, eneolit dövründən, mis-daş dövründən başlayaraq yayılmışdır. Totemizm 
ibtidai insanları canlı obyektiv real varlıq ilə, heyvanlar aləmi ilə möhkəm surətdə bağladı. Ruhlar kimi 
totemlər də toxunulmaz idi. Totemizm ideyaları  qədim  əcdadlarımızın yaradıcılıq təfəkkürünə  təsir 
göstərmiş, heykəltəraşlıq və folklor sahəsində, bir sıra maraqlı sənət əsərlərinin yaranmasına səbəb olmuşdur. 
Qədim türk qəbilələrində hər totemin plastik obrazı yaradılırdı. Həmin fiqur çadırın yuxarı başında asılırdı. 
Bu ilahi fiqurlarda bəzən zoomorf və antropomorfik ünsürlərin birləşdiyi özünü göstərir, yəni fiqurlarda həm 
heyvani, həm də insani xüsusiyyətlər vardır. Belə totem fiqurlarında insan şəklinin görünməsi göstərir ki, 
onlar xalis heyvan fiqurlarına nisbətən daha sonralar, eramızın ilk əsrlərində yaradılmışdır. 
Totemizm qədim xalq teatrı tamaşasına böyük təsir göstərmişdir. Bunlardan biri kəndirbaz oyunu idi. 
Adətən oyunçular heyvan dərisi geyərdilər. Novruz-Bahar bayramlarında geniş yayılmış kos-kosa oyununu 
götürək. Kos-kosa tamaşasının mənşəyi b.e. birinci əsrlərinə aparıb çıxarır. O vaxtlar belə tamaşalar qəbilə 
miqyasında daha əzəmətli dini ayin mərasimlərində keçirilərək məhsuldarlıq, bolluq, artım və su təsərrüfatı 
ilahəsi olan Anahitə  həsr edilirdi. Kos-kosa oyunu bizə  gəlib çatmış  həmin ayin mərasiminin bir hissəsini 
təşkil edir. Qədim Azərbaycanda müxtəlif totemlərin heykəlləri, o cümlədən bolluq ilahəsinə həsr olunmuş 
heykəllər də yapılırdı. 
Qədim Azərbaycanda animizm də xeyli yayılmışdı. Mürəkkəb xarakterli dini əqidə hesab edilən 
animizm totemizm dini mərhələsindən sonra yetişmiş, mücərrəd təfəkkürün məhsuludur. Animistik 
təsəvvürlər ruhun varlığını, ruhun daimliyini və onun hərəkətdə olduğunu  əsas tutur. Əslində ruhlara 
inanmaq kimi sadəlövh, ibtidai fikirlər çox sonralar yaranmış mürəkkəb xarakterli dinlərin (atəşpərəstlik, 
islam və s.) ideyaları üçün başlanğıc və möhkəm bünövrə olmuşdur. 
Magiyalar – sehrbaz təlimləri daima iki istiqamətdə inkişaf etmişdir: ağ sehrkarlıq, yəni xeyir 
qüvvələrə xidmət edən sehrbazlıq və qara sehrkarlıq, yəni  şər qüvvələrə kömək edən sehrkarlıq. 
Əcdadlarımız ruhları mühüm keyfiyyətləri olan, xarakterik rəngləri və  hətta cinsləri olan konkret obrazlar 
kimi təsəvvür edirdilər. 
İbtidai dinlər inkişaf edərək Azərbaycanda atəşpərəstlik formasında yayılmağa başlamışdır. Bu din 
ibtidai icma quruluşunda yaranmış və sonrakı quldarlıq dövründə inkişaf etmişdir. O, ilk feodalizm dövründə 
qədim İran Azərbaycanı ərazisində hakim dövlət dini səviyyəsinə qədər yüksəlmişdir. 
Azərbaycanda Zərdüştiliyin inkişafı əsrlərlə davam etmişdir. «Avesta»da baş allah, xeyir allahı Ahura 
Məzda,  şər ahı isə Anqra Manyu adlanır. Qədim yunan alimləri bu allahların adlarını  təhrif edərək, 
yunanlaşdıraraq, onları bütün dünyaya Hörmüz və Əhrimən adları ilə tanıtdırmışlar. 
Zərdüştlüyün qalıqları indinin özündə  də Azərbaycanda yaşamaqdadır. VII əsrdən başlayaraq 
Azərbaycanda  İslam dini yayılmağa başlamışdır. Bu dövrdə  ərəbdilli, farsdilli ədəbiyyatla yanaşı, türkdilli 
ədəbiyyat da geniş surətdə inkişaf etdirilmişdir. 
Memarlıq, heykəltəraşlıq, rəssamlıq, musiqi və  mədəniyyətin digər növləri böyük inkişaf yolu 
keçmişdir. Qədim dövrlərdə Azərbaycanın cənub və şimal hissəsi iqtisadi və siyasi cəhətdən müxtəlif inkişaf 
yolları keçmişdir. Belə ki, Azərbaycanda məhsuldar qüvvələrin yüksəlişi və  nəsli quruluşun parçalanıb 
bölünməsi sürətlə baş verdiyindən orada qəbilə birləşmələri daha erkən yaranmışdı. E.ə. III minilliyin 
sonunda meydana gəlmiş Manna qəbilələrinin ittifaqı  əsasında e. ə. IX əsrdə Urmiya gölünün ətrafında 
qüdrətli Manna dövləti yaradılmışdır. Paytaxtı İzurtu şəhəri olmuş bu dövlət ə. e. IX-VII əsrlərə qədər davam 
etmiş və Assuriya, Urartu kimi dövlətlərlə siyasi və mədəni əlaqədə olmuşdur. Mannalılar yüksək səviyyəli 
mədəni nailiyyətlər  əldə etmiş, onların yaratdığı  mədəniyyət və incəsənət qonşu xalqlara, xüsusilə 
midiyalılara və köçəri skif tayfalarına öz qüvvətli təsirini göstərə bilmişdi. Midiya dövlətinin mövcud olduğu 
vaxtda da (e. ə. VII-VI əsrin ortaları) Manna incəsənətinin bədii  ənənələri davam etdirilmişdir. Bu 
xüsusiyyəti nəinki Midiya incəsənətində, həmçinin qədim  İranın  Əhəmənilər sülaləsi mədəniyyətində  də 
izləmək olur. 
İranın qədim yunanlarla müharibələri (e.ə. V əsr) və daha sonralar İranın makedoniyalı  İsgəndər 
tərəfindən zəbt edilməsi nəticəsində  Şərq və antik ölkələrinin mədəniyyəti bir-birinə xeyli yaxınlaşdı. Bu 
zaman  Şimali Azərbaycan istər iqtisadi və istərsə  də siyasi inkişaf baxımından ölkənin cənub hissəsindən 
xeyli geridə qalırdı. Həmin gerilik, söz yox ki, mədəni inkişafda da özünü göstərirdi. 
Yunan tarixçiləri ilk dəfə e. ə. IV əsrdən başlayaraq qədim Alban qəbiləsinin fəaliyyəti haqqında 
yazmağa başlamışlar. Bu qəbilənin adı ilə əlaqədar olaraq Şimali Azərbaycan (Dağıstanın cənub hissəsi daxil 
olmaqla) Albaniya adlanmağa başlayır. Sonralar tədqiqatçılar bu ölkəni Qafqaz Albaniyası adlandırmışlar. 
Qafqaz Albaniyası münbit torpaqlara, suvarma arxları üçün bol su verən çaylar və başqa təbii zənginliklərə 
malik olmuşdur. Bu ölkədə  qəbilə ittifaqları e. d. I minilliyin ortalarında yaranmağa başlayır ki, bunun 
nəticəsində dövlət quruluşu Cənubi Azərbaycana nisbətən xeyli gec vaxta - e. ə. I əsrə təsadüf edir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə