İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə58/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

127 
 
 
AZƏRBAYCAN TAEKVONDO FEDERASİYASININ İDMAN SARAYININ TƏNTƏNƏLİ  
AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ 
 
Bakı, Nərimanov rayonu 
 
10 oktyabr 2003-cü il 
   
Hörmətli xanımlar və cənablar!  
Əziz idmançılar!  
Mən sizin hamınızı ürəkdən salamlayıram və taekvondo idman kompleksinin açılışı münasibətilə təbrik 
edirəm.   
Bu gün Azərbaycana gəlmiş Dünya Taekvondo Federasiyasının prezidenti, eyni zamanda, Beynəlxalq 
Olimpiya Komitəsinin vitse-prezidenti cənab Un Yonq Kimi xüsusi salamlayıram. Siz Azərbaycana xoş 
gəlmisiniz!  
Azərbaycanda taekvondo idman növü çox sürətlə inkişaf edir. Hər bir inkişafın da öz göstəriciləri vardır. 
İdmanda bu göstəricilər özünü daha açıq-aydın büruzə verir. Bu da medalların sayı ilə ölçülür. 
Çox  şadam ki, Azərbaycan taekvondoçuları ölkəmizin idman şöhrətini dünyada çox yüksək tuturlar. 
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun çıxışında qazanılan uğurlar 
haqqında məlumat verildi. Hər şey göz qabağındadır. Amma deyə bilərəm ki, 2000-ci ilə qədər Azərbaycanda 
taekvondo idman növü o qədər də böyük nailiyyətlər əldə edə bilməmişdi. Biz, idmana rəhbərlik edən şəxslər də 
bu idman növü ilə 2000-ci ildə Sidneydə keçirilən yay Olimpiya oyunlarında yaxından tanış olduq. Gördük ki, 
idmanın bu növü bizdə çox məşhur olan karate idman növünə bənzəyir.  
Belə fikir oyandı ki, biz də həmin idman növündə tanınmış mütəxəssisləri cəlb edək və olimpiya idman növü 
olan taekvondonu Azərbaycanda inkişaf etdirək. Bu məqsədlə, ilk növbədə, federasiyanın tərkibi gücləndirildi, 
federasiyanın rəhbərliyinə Azərbaycanda tanınmış şəxslər gəldi və ondan sonra da inkişaf başlandı. İndi hər şey 
göz qabağındadır. Bu gün burada səsləndi və mən bunu bir daha demək istəyirəm ki, Azərbaycan MDB ölkələri 
arasında yeganə respublikadır ki,  taekvondo idman növündə dünya çempionu vardır. Digər beynəlxalq 
yarışlarda, Avropa çempionatlarında, beynəlxalq birinciliklərdə idmançılarımız daim yüksək nəticələr 
qazanırlar. Mən əminəm ki, 2004-cü ildə keçiriləcək Olimpiya oyunlarında da idmançılarımız Vətənimizi ləya-
qətlə təmsil edəcək, medallar uğrunda mübarizə aparacaqlar.  
Taekvondonun Azərbaycanda inkişafı  həm də ona görə mümkün olmuşdur ki, Dünya Taekvondo 
Federasiyasından bizə böyük dəstək, kömək var. Bu dəstəyə görə mən federasiyanın prezidenti cənab Un Yonq 
Kimə öz minnətdarlığımı bildirmək istəyirəm.  
Siz bilirsiniz ki, Azərbaycanda taekvondo üzrə seçmə turnir, lisenziya turniri  keçiriləcəkdir. Bu bir növ o 
deməkdir ki, Azərbaycanda Olimpiya oyunlarının bir hissəsi keçiriləcəkdir. Biz Dünya Taekvondo Federasiyasına 
və  şəxsən onun prezidentinə minnətdarıq ki, bu turnir məhz Azərbaycanda keçiriləcəkdir.  Əlbəttə ki, bu, 
Azərbaycanda taekvondo idman növünün daha da yayılmasına kömək göstərəcəkdir.  
Mən  əminəm ki, bu turnirdən sonra idman bölmələrinə  uşaqların daha güclü axını hiss ediləcəkdir. Bu da 
bizim əsas məqsədimizdir. Əsas məqsədimiz budur ki, uşaqlarımız, gənclərimiz idmanla məşğul olsunlar, həm 
fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsunlar. Çünki idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. 
Bu istiqamətdə Azərbaycanda böyük işlər aparılır. 2000-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsi xüsusi 
proqram həyata keçirir və bunun nəticəsində bir neçə olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdir. 
Bu proses davam edir. Deyə bilərik ki, bu siyasətin birinci mərhələsi artıq başa çatmaq üzrədir. 
Biz söz vermişdik ki, Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün müasir şərait 
yaradılacaqdır. Bu belə  də oldu. Artıq Azərbaycanın bütün bölgələrində idman kompleksləri tikilib, biz də 
bunların açılışlarında iştirak etmişik. Bundan sonrakı mərhələ, əlbəttə, bu prosesin davam etdirilməsindən ibarət 
olacaqdır. Azərbaycanın hər bir yerində idmanla məşğul olmaq üçün şərait yaradılmalıdır. Biz də bunu təmin 
edəcəyik.   
Mən çox böyük məmnunluq hissi keçirirəm ki, artıq federasiyalar tərəfindən də belə komplekslərin 
tikilməsinə başlanmışdır. Azərbaycanın bir neçə idman federasiyası bu işlə  məşğuldur və bu, uğurla davam 
etdirilir.  
Bu gün açılışında iştirak etdiyimiz kompleks də məhz federasiyanın təşəbbüsü ilə bərpa olunub və artıq taekvon-
doçuların sərəncamına verilir. Bu, köhnə bir binadır. Bakı şəhərində bu binanı yaxşı tanıyırlar. Hamımız da yaxşı 
xatırlayırıq ki, bu bina çox yararsız vəziyyətə düşmüşdü, tamamilə dağılmaq ərəfəsində idi. Onu bərpa etdilər, müasir 
şəkildə təmir olundu, lazımi avadanlıq gətirildi və beləliklə, idmançılarımızın sərəncamına verilibdir. Bu bir daha onu 
göstərir ki, harada iradə, xoş niyyət varsa, orada iş görülməsi də mümkündür.  


128 
 
Ən böyük təbliğat, ən böyük nailiyyət real işin görülməsidir. Biz bu işi görürük. Bunu ona görə edirik ki, 
istəyirik Azərbaycanda idman kütləvi xarakter alsın. İdmanla məşğul olanların sayı artsın, Azərbaycan gəncləri, 
bütün xalqımız sağlam olsun. Mən əminəm ki, bu istiqamətdə işlər davam etdiriləcəkdir. Azərbaycanda idmana 
rəhbərlik edən qurumlar arasında həmrəylik, vahid strategiya var, biz vahid komanda şəklində  fəaliyyət 
göstəririk. Sizə deyə bilərəm ki, beynəlxalq idman tədbirlərində iştirak edərkən, öz həmkarlarımızla, Beynəlxalq 
Olimpiya Komitəsinin rəhbərləri ilə görüşərkən dəfələrlə bildirilmişdir ki, Azərbaycan, bəlkə  də, çox nadir 
ölkələrdən biridir ki, burada idmana rəhbərlik edən qurumlar arasında heç bir anlaşılmazlıq yoxdur. Təəssüflər 
olsun ki, bir çox ölkədə olimpiya komitəsi, nazirlik, federasiyalar arasında daim rəqabət aparılır. Azərbaycanda 
bu rəqabət yoxdur. Azərbaycanda  əməkdaşlıq, işbirliyi var. Çünki biz bir məqsədə qulluq edirik. O da ondan 
ibarətdir ki, Azərbaycanda  idman inkişaf etsin.  
Azərbaycanda bu inkişaf da var. Olimpiya oyunlarından sonra müxtəlif idman növlərində, o cümlədən 
taekvondoda dünya çempionlarımız olubdur. Bu proses davam edəcəkdir. Ona görə davam edəcəkdir ki, 
Azərbaycanda gənc nəsil yetişir. Azərbaycanda yeniyetmələrin, gənclərin idmanla məşğul olmasına diqqət 
göstərilir. Əgər biz yeniyetmələr arasında dünya və Avropa çempionatlarına nəzər salsaq görərik ki, ölkəmizin 
idmançıları orada da qabaqcıl yerlərdədirlər. 
Bu o deməkdir ki, beş-on ildən, iyirmi ildən sonra Azərbaycan idmançıları ölkəmizi daim ləyaqətlə təmsil 
edəcəklər. Bu o deməkdir ki, başlanmış proses dönməz xarakter almışdır. Mən bu nəticələri görəndə, Milli 
Olimpiya Komitəsinin Prezidenti kimi, çox böyük məmnunluq hissi keçirirəm.  
Biz 1997-ci ildə bu işlərə başlayanda bəziləri buna inanmırdı, qeyri-ciddi yanaşırdı. Amma biz bilirdik ki, 
düzgün yoldayıq. Bilirdik ki, görüləcək tədbirlər nəticəsində Azərbaycanda idman inkişaf edəcək və Azərbaycan 
dünyanın aparıcı idman ölkəsinə çevriləcəkdir.  
Əziz dostlar!  
Mən bu gözəl binanın, idman kompleksinin açılışı münasibətilə sizin   hamınızı bir daha ürəkdən təbrik 
edirəm, idmançılarımıza yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun. 
 
 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə