İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   10   11   12   13   14   15   16   17   ...   84

42 
 
 
İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB SEYİD MƏHƏMMƏD  
XATƏMİYƏ  
 
Hörmətli cənab Prezident! 
Xorasan vilayətinin Nişapur şəhəri yaxınlığında baş vermiş dəmir yolu qəzası nəticəsində çoxsaylı insan 
tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.  
Bu faciə ilə  əlaqədar dərdinizə  şərik çıxır, Sizə, həlak olanların ailələrinə, bütün xalqınıza öz adımdan və 
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.  
 
Hörmətlə, 
                                                             
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 18 fevral 2004-cü il 


43 
 
 
BÖYÜK BRİTANİYANIN  
"GENEZİS İNİŞİEYTİV" TƏŞKİLATININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı 
 
19 fevral 2004-cü il 
 
   İ l h a m   Ə l i y e v: Hörmətli qonaqlar, sizi səmimi-qəlbdən  salamlayıram və sizin son iki gün ərzində 
Bakıda keçirdikləriniz görüşlərin ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından  əhəmiyyətli olduğunu 
məmnunluqla qeyd edirəm.  
L o r d   R e n d a l l (nümayəndə heyətinin başçısı, "Genezis İnişieytiv" təşkilatının sədri): Təşəkkür edirəm, 
cənab Prezident. Britaniyanın Baş naziri Toni Bleyerin salamlarını və məktubunu Sizə  çatdırıram.  
Mən 22 ildir siyasətlə məşğul olan adam kimi, Azərbaycanla Britaniya arasında əlaqələrin yüksək səviyyə-
sindən xeyli məmnunam və belə gözəl ölkəyə  səfər etməyimdən də çox şadam. Mən səfər müddətində Azər-
baycanda keçirdiyim görüşlərdən razı qaldığımı  və burada böyük qonaqpərvərlik gördüyümü bir daha qeyd 
etmək istəyirəm.   
İ l h a m   Ə l i y e v: Səmimi və xoş sözlərə görə sizə  təşəkkürümü bildirirəm. Mənim salamlarımı Baş nazir 
Toni Bleyerə çatdırmağınızı xahiş edirəm. Məmnunluğumu bildirirəm ki, iki ölkə arasında münasibətlər yüksək 
səviyyədədir. Birləşmiş Krallığın sərmayəçilərinin Azərbaycan iqtisadiyyatında fəal iştirakını xüsusilə vurğulamaq 
istəyirəm. Böyük Britaniya şirkətlərinin ölkəmizdə  ən böyük sərmayəçi olduğunu xatırladıram. Britaniyalı  iş 
adamlarının neft sektorundan tutmuş xidmət sahələrinədək müxtəlif sahələrdə iştirak etdiklərini, onların cəmiyyəti-
mizin üzvünə çevrildiklərini qeyd edirəm. Əmin olduğumu bildirirəm ki, ikitərəfli əlaqələr bundan sonra da yüksələn 
xətlə inkişaf edəcəkdir.  
L o r d   R e n d a l l: Cənab Prezident, mən Sizin yeni iş yerlərinin açılması və iqtisadi islahatların davam 
etdirilməsi sahəsində qarşınıza qoyduğunuz məqsədləri yüksək qiymətləndirirəm. Prezidentliyiniz dövründə bu 
məqsədlərin Sizin xalqınızın daha xoşbəxt yaşamasına xidmət edəcəyinə əminəm. 
İ l h a m   Ə l i y e v: Sizə məlumat verərək bildirim ki, ölkəmizdə iqtisadiyyatın inkişafına xidmət edəcək 
irimiqyaslı layihələr həyata keçirilir, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi də geniş şəkildə tətbiq olunur. 
Mən Azərbaycanda siyasi vəziyyətin sabitliyini, böyük intellektual potensialın və təbii ehtiyatların mövcudlu-
ğunu ölkə iqtisadiyyatının çiçəklənməsi üçün mühüm amillər kimi səciyyələndirirəm. Xüsusilə neft və qaz 
sektorunda ölkəmizin dünya təcrübəsini geniş surətdə öyrəndiyini və tətbiq etdiyini qeyd edirəm.  
Azərbaycan Böyük Britaniyanın Baş naziri Toni Bleyerin hasilat sənayelərinin şəffaflığı təşəbbüsünə dərhal 
qoşularaq ötən ilin iyununda bununla əlaqədar Londonda keçirilmiş konfransda təmsil olunmuşdur. Bütün 
bunlar – Yohannesburqda davamlı inkişafa dair keçirilmiş dünya sammitinin qərarları  əsasında aparılan işlər, 
habelə ölkəmizdə yaradılmış  və  şəffaf  şəkildə  fəaliyyət göstərən Neft Fondu iqtisadiyyatın daha da inkişafı 
məqsədlərinə xidmət edəcəkdir.     


44 
 
 
XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN XALQINA 
MÜRACİƏT 
 
Əziz həmvətənlər! 
Hörmətli soydaşlar! 
Bu gün sizə xalqımızın tarixində kədərli və faciəli bir səhifə, insanlığa qarşı ən qəddar və amansız kütləvi 
terror hadisələrindən olan Xocalı soyqırımı münasibətilə müraciət edirəm. 
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza 
qarşı apardığı etnik təmizləmə  və soyqırımı siyasətinin davamı  və qanlı  səhifəsi idi. Bu mənfur siyasət 
xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir. 
Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı irəli sürdüyü yeni 
ərazi iddiaları azərbaycanlıların doğma torpaqlarından kütləvi surətdə zorla qovulmasına, çoxsaylı terror aktları 
ilə müşayiət olunan genişmiqyaslı amansız müharibəyə gətirib çıxardı. Nəticədə on minlərlə insan həlak oldu
yüz minlərlə soydaşımız qaçqın və  məcburi köçkün vəziyyətinə düşdü. 1992-ci il fevralın 26-da Ermənistan 
hərbi birləşmələri tərəfindən qədim Xocalı  şəhərinin misli görünməmiş  qəddarlıqla məhv edilməsi, onun 
müdafiəçilərinə və dinc sakinlərə qanlı divan tutulması bu faciələrin ən dəhşətlisi idi. Yüzlərlə insan – qadın, 
uşaq, qoca xüsusi vəhşiliklə  qətlə yetirildi və  işgəncələrlə öldürüldü. Xocalı faciəsi öz qəddarlığına, 
kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə bəşəriyyətə qarşı ağır cinayətlər sırasına daxil olmuşdur. 
Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdülər: xalqımızı qorxutmaq, vahi-
mə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər 
və amansız düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə  əyilmədilər, 
qəhrəmanlıqla vuruşaraq vətənə sədaqət nümunəsi göstərdilər. 
Xocalı faciəsindən danışarkən o zamankı  rəsmi Azərbaycan rəhbərliyinin və ölkədə  vəziyyətə ciddi təsir 
edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. 
Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barə-
də beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görməmişdi. O zamankı müxa-
lifət isə faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə  gəlmək üçün istifadə etdi. O zaman Azər-
baycanda hökm sürən hərc-mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı  fəlakətin baş verməsinə 
şərait yaratdı. 
1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti er-
məni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqət-
ləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı 
siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı  və    ardıcıl fəaliyyət göstərir. Məqsəd Xocalı faciəsinə 
beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya 
ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən, Xocalı müdafiəçilərinin 
və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı 
yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir. 
Hazırda Azərbaycan rəhbərliyi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq 
normalarına uyğun, Azərbaycanın suverenliyi və  ərazi bütövlüyü çərçivəsində  həll olunması üçün ardıcıl 
fəaliyyət göstərir. Aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar getdikcə daha artıq dərəcədə 
Azərbaycanın ədalətli mövqeyini qəbul edir, ərazilərimizin işğalı faktını etiraf edir, Ermənistandan Azərbaycan 
torpaqlarını azad etməyi tələb edirlər. Biz dövlətimizin iqtisadi, siyasi qüdrətinə və qazanılmış təcrübəyə  arxa-
lanaraq problemin ədalətli həlli istiqamətində səylərimizi inadla davam etdirəcəyik. 
Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdırlar ki, erməni millətçilərinin anti-Azərbaycan təbliğatı getdik-
cə daha incə, daha mənfur formalarda davam etdirilir, ərazi iddialarını  əsaslandırmaq üçün yeni-yeni əsassız 
tezislər uydurulur. Buna görə də belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik. 
Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız Xocalı  həqiqətlərinin dünyaya 
çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində ardıcıl tədbirlər görürlər. Belə tədbirlər hər il 
daha əhatəli və peşəkar səviyyədə keçirilməli, xaricdəki soydaşlarımız isə öz fəallığını daha da artırmalıdırlar. 
 Bu kədərli matəm günlərində Xocalı  şəhidlərinin və qəhrəmanlarının əziz xatirəsini bir daha dərin hüznlə 
yad edərək Allahdan rəhmət diləyir, onların yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm. Uğrunda çalışdı-
ğımız müstəqil, güclü, firavan Azərbaycan onların ruhu üçün ən böyük təsəlli olacaqdır. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 24 fevral 2004-cü il 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə