44
kimin göyünə, yerinə şərik çıxmayıb, heç kimin gün-güzəranınına
boğazortağı olmayıb. Qartalların dilində, nitqində yalvarış yoxdur, çünki
dəlilik görməyiblər, çünki onların niyyətində, diləyində əlillik yoxdur,
çünki onların qəlbində paxıllıq yuva qurmayıb; ona görə ki, məskəni
göylərin təmizliyidir, dünya genişliyi, kahkəşan bolluğudur. Biz
göylərdə süzə-süzə də yaşaya bilərik. Yerə ondan ötrü enirik ki, öz
məkanımıza uzaqdan baxaq, həsrətini çəkək. Vətən həsrəti Vətəni
yaman sevdirir, a Ala qarğa! Vətən məhəbbətinə həsrət gücləndirir, a
Ala qarğa. Sizdə Vətən sevgisi, Vətən məhəbbəti çox kiçikdir, öz
yuvanız boydadır. O genişlikdə, o ucalıqda göyləri bir ağac haçasında
qərar tutmuş yumurta boyda yuvayamı yalvartmaq istəyirsən?! Bu, baş
tutmayacaq! Axı, bayaq dedim ki, ölməzlikdə yalvarış yoxdur!…"
Qartal istədi desin ki, a Ala qarğa, törəmələrinə hökm elə, bir parça qara
çit gətirsinlər, gözlərimi sarısınlar, göyləri görməyim. Demirəm, məni
açın, buraxın, demirəm mənə rəhminiz gəlsin, bu sizdən əlavə zülm
almaq təmənnasıdır, həmişə qaranlıqda qalmaq, zülmətdə yaşamaq
diləyidir. Axı, göyləri gördükcə həsrətim artır, nisgilim güclənir, bu
dərdə dözə bilmirəm. Qartal bu arzusunu da bildirmədi. Qorxdu ki, Ala
qarğa onu talaya sürüsün. Burda yarpaqlı budaqlar altında idi, göyü
yarpaqlar tərpənəndə, budaqlar yırğalananda görürdü, bəzən onu üzünü
xəzəl örtmüş gölə, gölməçəyə bənzədib: "Göy deyil!"
– deyə təsəlli tapırdı, intizarını küsdürür, özünə toxtaqlıq verirdi.
Açıq talada isə göy bütün aydınlığı, bütün genişliyi, bütün dərinliyi ilə
görünəcəkdi. Vətən həsrəti onu başından ərşə çəkəcəkdi, bu dərd, bu
həsrət onu tez öldürərdi. Dinmədi. Ala qarğa da gəzib-gəzib öz yuvasına
qalxdı, ala törəmələrinə tapşırdı:
– Gedin, ağzını tez sarıyın. Qarğış tökər, bizi qarğışı tutar. ***
Qartal heydən düşmüşdü. Düşmən qarşısında yıxılmaq istəmirdi, ayaq
üstə güclə dururdu. Tora salınmış bağlı qanadlarını belinə yığıb belində
saxlaya bilmirdi, hərəsi bir yandan, doldurulduqca uzanan şor xurcun
gözləri kimi uzanıb yerə çatmışdı. Hər gözü bir quyu dibində işıldayırdı.
Ala qarğa hər gün onun ağzını bir dəfə açdırırdı, bəy-bəy gəzinirdi ki,
yalvarış eşitsin. Lakin Qartalın inadla susması – " bu tərsliyi" Ala
Qarğanı hövsələdən çıxartdı:
Qartalın boynuna hoppandı, onun başını dimdikləyib deşməyə
başladı. Qartalın qan iyini alan mozalanlar elə bil pusquda durublarmış,
əmr gözləyirlərmiş, hərəsi bir güllə kimi bir yandan vızıldayıb gəldi.
Bir-ikisi lap az qaldı Ala qarğanın gözünə girsin. Ala qarğa canını
45
götürüb qaçdı. Mozalanların neçə-neçəsi Ala qarğanın dimdiyindəki qan
qoxusunu tutub yuvaya şığıdı, həyasız bir üzlülüklə onun başına –
gözünə təpildilər. Ala qarğa gördü ki, baş-gözünü salamat saxlaya
bilməyəcək, törəmələrini köməyə çağırdı. Ala törəmələr özlərindən
çəpər çəkdilər, aralarında iynə keçsə bircə boş yer də qoymadılar, lakin
mozalanlar sapand daşına dönüb onların da baş-gözlərinə çırpıldılar.
Özlərini bir-ikisinin gözünə necə vurdularsa, bu ala törəmələrin qışqırtı-
bağırtısı göylərə dirək oldu. Ala çəpərlər söküldü, pərən-pərən oldular,
Ala qarğa da uçub dərəyə, çayın kənarına endi. Törəmələri də onun
ardınca töküldülər. Hamısı yuyunmağa, qan qoxusunu itirib- azdırmağa
girişdi. Qartalın başına nə qədər mozalan qondu. Onun başında, yerə
damcılayan qanının üstündə dava düşdü. Yerdəki qan damcılarını tezcə
sordular, tezcə qurutdular, yenə də doymayıb Qartalın başında
kütləşdilər. Vızıltılarından başqa heç nə eşidilmirdi. Bəzən neçə-neçəsi
bir-biri ilə süpürləşib yerə düşürdü, yerdə savaşır, kürsək köpəkləri təki
boğuşurdular. Qartalın nə qədər qanı axdı, düşmən yarasının ağrısı onu
qəzəbləndirmədi, ancaq bu xırdaca mozalanlara yem olmağı ona yaman
yer elədi, onun heysiz canına qeyrət istiliyi yayıldı axı, bu mozalanlar
ondan əl çəkməyəcəkdilər, ətini də yeyəcəkdilər. Ala qarğanın başı öz
hayına qarışmışdı, Qartalın ağzı sarınmamışdı. Qartal əvvəlcə
ayaqlarının, sonra da qanadlarının torunu – tələsik xəncər-bıçaq
dimdikləri ilə kəsib-tökməyə, biçib- doğramağa başladı. Bir-iki addım
atıb qanadlanmaq istədi, ancaq qanadları qalxmadı. Dırmanıb zirvəyə
çıxmaq, oradan göylərə top gülləsi təki atılmaq istədi, qılçalarının gücü
çatmadı. Üzü aşağı yortdu ki, qanadlarının, ayaqlarının uzunluğu açılsın,
neçə dəfə dombalaq aşdı. Özünü düzəldib– tarazlayıb yönünü yoxuşa
tutdu, axı,enmək, alçalmaq onun mərəzi, onun təbiəti deyildi. Axı
dərələrə, enişlərə meyl etməmişdi, enişlərdə sürünmək vərdişi yox idi…
Meşədən çıxdı. Dağın zirvəsinə qalxhaqalxda onu ala törəmələrinin
hansınınsa gözü aldı. Ala qarğaların arasına vəlvələ düşdü: – Qoymayın,
qaçdı!.. Ala törəmələr nəfəslərini dərib, enib qalxa-qalxa zirvəyə
yaxınlaşanda Qartal dağın ən uca nöqtəsində dayanmışdı. Dili çölə
çıxmış təngənəfəs törəmələrin hamısını görürdü. Canına bir azdan
onların iş arısı kimi daraşacaqlarını yəqin etmişdi. Qanadı qalxmırdı, nə
etsin? Onu necə ağır əzabların, işgəncələrin gözlədiyini bilirdi.
Xainlərin, paxılların dimdiklərində didilə-didilə ölməkdənsə özünü daşa,
qayaya çırpıb məhv etmək yaxşı deyilmi?! Qartal qanadlarını son gücü
ilə qaldırmaq istədi, bacarmadı. Qanadı həmən qanad idi, zirvə həmən
46
zirvə, dağ həmən dağ, ucalıq həmin ucalıq, yüksəklik həmin yüksəklik
idi. Bəs bu necə hikmət idi ki, çatışmırdı? Qartal hiss etdi ki, ürəyindən,
ruhundan qanadlarına həmişə bir tükənməz qüvvə axardı. Bu – qartal
qüruru idi, qartal vüqarı idi. Ala qarğa, ala törəmələr onun qürurunu
sındırmamışdılar, vüqarını tapdalamamışdılar. Qartal qıy çəkib özünü
zirvədən atdı. Səsi dağlara, qayalara düşdü, bir qıyı min haray oldu, min
çağırış oldu, daşlar, sinələr aşağı yaz seli təki axdı, uçğunlarda,
yarıqlarda, çınqıllıqlarda tüfəng təki, top təki şaqqıldadı. Bu bircə qıy
dağlardan neçə qaya qopardı, dığırladı, daşlara vurub xırdalayıb, çınqıl
axını meşəliyə axdı. Ala qarğa, ala törəmələr yerə pərçimləndilər, Qartal
qıyı onların hərəsini papaqlı bir mismar kimi yerə çaldı, onlar zirvədən
qopub dərə dərinliklərinə cuman Qartalın son köçünü görmədilər, son
nəfəsindən xəbər tutmadılar. Qaranlıq qarışana qədər yapışdıqları
yerlərdən qopmadılar, Qartal vahiməsini həmişə göydə başları üzərində
hiss etdilər.
QOCALARIN DEDİKLƏRİ
Dünyanın təzəbəy vaxtı idi. "Gədə" deyilənlər kişiləşmişdilər,
atları arabaları, malları, qoyunları vardı. Havalı-davalı hərlənirdilər.
İniltili-zırıltılı kasıb-kusublar kolluqlarda yunu didilib-sökülüb getmiş
arıq qoyuna bəylərin, hampaların, məşədi-kərbalayıların gözünün
qabağında zağlı xəncər-bıçaq tiyəsi təki oynaşırdılar. Bu yana, o yana, o
yana , bu yana, çəkmə, irəlini geri qaytarma başlanmışdı. Gedərgilərin
təzə sözləri bəzənib çıxırdı. Təzə dünyadan ağzı, ürəyi əyrilər
beyniboşları öyrədirdilər, ciblərinə, ətəklərinə "xuşgəzər" atırdılar, o
yandan qaçaqları yollayıb seçmələri bir-bir zənlədirdilər. Bu
beyniyellilər elə güman edirdilər ki, təzə yox, quruca adı var, bu adı da
bu kəndin üstündən götürməyə nə zar: heç nə yoxkən ortada dingildəşən
gədə-güdələrin kələyini kəssələr, dünya yenə həminki dünya olacaq. Ay
özünüz öləsiniz! Sizi görüm cənazəniz yerdə qalsın, ağlaşasınız, leşinizi
götürüb qara yerə quylayanınız da tapılmasın. Tanrının kərəminə şükür,
ağalayasıların da qorxularından ağlamadılar da. Axı, onların özlərini
tərəfdar təkin göstərmələri, tanıtmaları da qorxulu idi, onlardan ötrü
ölüm idi. Vallah ki, cavanlar peyda olmuşdur, cavanlar atlanıb
tapançalanmışdır, yəhərdə qarğa kimi oturanda deyirdin sərkədədir.
Onlara komsomolçu deyirdilər. Başçıları Ağalar idi. Qaşları vardı, hərəsi
Dostları ilə paylaş: |