İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   27   28   29   30   31   32   33   34   ...   142

– Nə bilim? – Bilo çiyinlərini çəkirdi. – Dedim, bütün ölkədə məşhur olacaqsınız. Onun belə
cəfəngiyat yazacağı hardan ağlıma gələrdi?
– Nə yaxşı şəklimizi çəkməsinə icazə vermədik, yoxsa indi şəhərin bütün adamları burdaydılar və
bizi daşqalaq eləyirdilər!
Əfi onlar üçün sinidə çay gətirdi, hava soyuq idi, elə ayaq üstəcə dayanıb çay içirdilər. Bilo deyirdi:
“Siz hirslənibsiz, amma onun yazdıqlarında da həqiqət var. Siz doğrudan da ermənilərə nifrət
eləyirsiz. Əlinizə harda erməni keçərsə, öldürərsiz. Uşaq, qoca, qadın demədən”. “Bilo, sən nə alçaq
adamsan! – bu dəfə də Pori özünü saxlaya bilmədi. – Onlar bizə nifrət eləyirlər, biz də onlara. Bəlkə
buyuracaqsan onlar bizi sevirlər? Müharibəni onlar başlayıb, torpağımızı onlar işğal eləyib, minlərlə
kənd və şəhərimizi viran qoyublar. Biz onlarla döyüşmüşük, onlar bizləri öldürüblər, biz də onları.
Amma şəxsən mən uşaq ağlayanda göz yaşlarımı saxlaya bilmirəm, bir uşağı, ya qadını, qocanı
ermənidir deyə necə öldürə bilərəm? Mənim uşağa əlim qalxmaz!” “Mənim də eləcə! – Coni də onu
müdafiə elədi. – Biz döyüşdük, amma bircə dəfə də uşaq, qadın öldürmədik, əsir almadıq. Amma
onlar Xocalıda neylədilər, bilirsənmi?” “Yaxşı, yaxşı, – Bilo söhbəti çox da uzatmadı, – qəzetlər
baqajdadır, bunları yandıraq, yoxsa ələ düşər”.
Bağda quyu qazdılar, Bilonun maşınının baqajındakı bütün qəzetləri daşıyıb ora yığdılar. Bilo
maşından benzin çəkib gətirdi, qəzetlərin üstünə səpib, od vurdu. Pori əlində yaba dayanmışdı, tez-tez
qəzetləri çevirirdi ki, sona qədər yansınlar.
Bilo bütün qəzetləri aldığını desə də, onlar narahatdılar. Digər şəhərlərdən, Bakıdan gələnlər alıb
gətirə bilərdilər. Səksəkə içində yaşayırdılar, amma narahatlıqları əbəs imiş. Rusiya qəzetlərində
Azərbaycan və azərbaycanlılar haqda o qədər belə yazılar gedirdi ki, adamlar hamısını oxumağa,
reaksiya verməyə çatdırmırdılar. Bu yazıyla da maraqlanan olmadı, lap oldusa da, söhbətin hansı
döyüşçülərdən getdiyini bilmədilər, arayıb axtarmadılar.
Ara sakitləşəndən sonra bir axşam Əfi gülərək Poriyə dedi, Pori, siz tarixə pul xərcləməyə xəsislik
eləsəniz də, mən də Səmoş kimi bekar dayanmadım. Yelqovanların tarixini incələdim və çox maraqlı
fakta rast gəldim.
Pori özünü itirdi, qulaqlarına inana bilmirdi, Əfi yelqovanlarda maraqlı nə tapa bilərdi?
Əfi onu intizarda qoymadı, yadındamı, mən səndən bir dəfə soruşmuşdum, niyə yelqovanların içində
bircə dənə də hacı yoxdur? Sən dolaşıq, qarışıq cavab vermişdin. Səbəbini özüm öyrəndim.
Yelqovanların üç ağsaqqalı, yəni sənin üç ulu baban qərara alıblar haca getsinlər. Gediblər də, amma
biri yolda ölüb, həm də faciəli surətdə. Gecə gölün sahilinə su başına gedib, işini qurtarandan sonra
əyilib göldən əliylə su götürərək yanını yuyurmuş. Öz aləmində özünü təmizə çıxardırmış. Əli suya
rahat çatsın deyə arxasını oynadanda ayağı sürüşüb, düşüb gölə. Yelqovanlar meşə adamıdılar, üzmək
bilməzlər. Göldəcə xosun vay olub. Biri haca çatandan sonra ölüb, amma faciəli surətdə ölüb, ya
faciəsiz surətdə, öz əcəliylə, orasını bilmirəm. Biri də gəlib evinə çatan kimi, amma bunun öz
əcəliylə öldüyünü dəqiq bilirəm. Adamlar ağızlarını açıb ona “Hacı, xoş gəlibsən!” demək istəyəndə
kişinin ruhu bədənindən uçub, gedib o biri babalarının yanına. “Ha” deyiblər, “cı”yı deməyə
çatdırmayıblar. Yelqovanların öz babalarından kiməsə “hacı” demək arzuları ürəklərində qalıb.
Ondan sonra heç biri haca getməyib, deyiblər, hac bizə düşmür. Getsək, yollarda qalacağıq. Üstündən
bir əsr-filan keçəndən sonra yenidən hac sevdasına düşüblər, bu necə ola bilər, deyiblər, bütün
tayfalarda hacı olsun, bizdə yox? Yenə də üç baban haca yola düşüblər, çox təəssüf, bunların da ikisi
yollarda tapşırıblar. Hə, az qala deməyi unutmuşdum, faciəli surətdə. Biri atdan yıxılıb boynunu
sındırıb, birinin də ərəb yanlışlıqla nizəni qarnına soxub. Ərəb çox pərişan olub, ölmə, qardaş, deyib.


Amma bu yelqovan, nizəyə tab gətirər? Üçüncüsü gəlib kəndinə çıxıb, evinə çatanda başlayıb
titrəməyə. Yelqovanlar qışqırıblar, amanın günüdü, ölüb eləmə, qoy heç olmaya hərəmiz sənə bircə
dəfə hacı deyək, sonra ölərsən. Harda? Hacı demək üçün ağızlarını açanda kişi tir-tap dəyib yerə,
baxıb görüblər haçan tapşırıb. Beləcə yelqovanların növbəti dəfə və bu dəfə əbədilik öz tayfalarından
kiməsə hacı demək arzuları ürəklərində qalıb. Bununla da hac-mac söhbətini yığışdırıblar. Bizə
düşmür də, deyiblər, ölürük də, niyə gedək? Hə, Pori, neyləməli, sən deyən kimidir, bu işdə zor
olmaz. Sizlərdən kiməsə hacı olmaq qismət deyilmiş.
Pori bu haqda ucundan-qulağından nəsə eşitmişdi. Amma söhbətin eyni ilə Əfi deyən kimi olduğuna
da əmin deyildi, tayfaların tarixindən söz düşəndə Səmoşun da, Əfinin də bəzəyib-düzəməyi var idi.
Amma bununla belə incimədi, əksinə, arvadına qoşulub güldü.
 
 


VIII. Tanrının ədaləti
 
 
Onlara dedilər: “Quşların, balıqların, heyvanların başını yeməzlər. Yalnız itlər və çölün vəhşiləri baş
yeyərlər”.
Dəniz sahilindən gələnlər belə cavab verdilər: “Babalarımız balıq başı yeyiblər. Biz də yeməliyik.
Yeməsək, ölərik”.
Yedilər, amma yenə də öldülər. Bütöv bir tayfa yer üzündən silindi. Çünki onlar əcdadlarından fərqli
olaraq duzlu su balıqlarının yox, şirin su balıqlarının başını yeyirdilər.
 
***
Bu adama Ciddi deyirdilər, hədəfə vurmuşdular, adam ciddilikdən əriyib gedirdi. Ona təklif elədiyi iş
rayondakı işinin davamı idi. Rayondan gələn bağlamaları ayrı-ayrı ünvanlara çatdıran sürücünü
müşayiət eləyirdi. Ona “Kalaşnikov” avtomatı və tapança vermişdilər. Amma bu silahlardan bircə
dəfə də istifadə eləmədi. Malı verir, pulu alırdılar, kimsə nəinki silahdan istifadə eləmək üçün əsas
verirdi, heç mübahisə də eləmirdi.
Ciddi onun işindən razı idi, bir dəfə iş dalınca göndərdimi, azından üç gün dincəlmək, gözdən-
qulaqdan uzaq olmaq üçün vaxt verirdi. Bir gün ona dedi, pulun var, nəyə görə kirayə qalasan, mənim
şəhərin kənarında, At yalında yeddi sot yerim var. Bir az mübahisəlidir, amma mübahisəni həll
eləmək olar. Get, bax, xoşun gəlsə, bir tikinti briqadası ilə danış, özünə ev tikdir. Həyət evində
yaşamağın daha yaxşıdır, qorunmağın üçün də, gizlənməyin üçün də.
Qobi gedib bu torpağı tapdı. Yovşanla və göy otlarla örtülmüşdü, ortasından heyvanların və
insanların açdığı cığır uzanırdı. Burda küləklər əsir, otların və yovşanların üzərində günəş şüası
oynaşır, daşlar yaşıl rəngə çalırdı.
Burda nə mübahisə ola biləcəyini düşünürdü ki, yovşanlıqda dayanmış adamı gördü, əlində soğan var
idi, Qobi başa düşə bilmirdi, soğan onun nəyinə lazımdır? Bəlkə qoxumuşdu, soğan qoxusuyla öz
qoxularını ört-basdır eləmək istəyirdi? Demək, mübahisə deyilən bu imiş, gəlib dayanmışdı
qarşısında. Bu mübahisəni həll eləmək ona elə də çətin gəlmirdi.
– Bağırdaram, – adam başının üzərindən harasa uzaqlara baxaraq dedi və Qobi dəqiqləşdirə bilmədi,
o məhz kimi və ya nəyi bağırtmaq istəyir, onu, ya soğanı? Nə sualına cavab verən soğanın fiziki
olaraq bağırmaq qabiliyyəti yox idi, bağırda bilməzdi. Beləcə söhbətin ondan getdiyini aydınlaşdırdı.
– Bağırda bilərsən? – soruşdu.
– Bilərəm! – adam qətiyyətlə dedi.
– Əminsən?
– Əminəm! – eyni qətiyyətlə dedi.
Soğanı başının üstündən arxaya atdı və gözlənilmədən qolaylanıb onu vurmaq istədi, zərbədən
yayındı, adamın alnının ortasından var gücüylə bir yumruq vurdu. Adam havaya sıçradı, bir anlığa
havada donub qaldı, baxışlarında inamsızlıq ifadəsi vardı, havadan yapışmaq istədi, amma yapışa
bilmədi, arxası üstə yerə dəydi. Əl atıb yovşanlardan yapışdı, yovşanlar əlində qaldı, yolunan
yovşanların kəsif qoxusu günəşin qızdırdığı torpağın qoxusuna qarışdı. Üzüaşağı yumalandı,
yovşanların içində güclə seçilən daşlara toxunub dayandı, hələ ayağa qalxmağa taqəti yox idi. Üzündə
günəş şüasıyla kölgə bir-birini qovurdu, qollarını yana açmışdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə