L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

     Siçanların sayı çox olsa da, onlar əvvəlcə arabanı yerindən tərpədə bilmədilər. 

Bədheybət və Dəmir Odunçu siçanlara kömək etdi, arabanı arxadan itələdilər, nəhayət, Aslanı 

yaşıl çəmənliyə gətirdilər ki, o, lalələrin zəhərli havası ilə deyil, təmiz hava ilə nəfəs alsın. 

     Doroti xilaskarları qarşılamağa çıxdı və yol yoldaşını qurtardıqlarına görə siçanlara 

təşəkkür etdi. Aslanı sevməyə başlamışdı, onun xilas edilməsinə çox sevinirdi. 

     Sonra arabadan ipləri açılan siçanlar öz yuvalarına doğru dağılışdılar. Siçanlar 

Şahzadəsi ən axıra qalmışdı: 

     -  Sənə kömək lazım olsa, – dedi, – tarlaya gəlin və çağırın, səsinizi eşidəcək və 

köməyinizə gələcəyik. Salamat qalın! 

     -  Əlvida! – hamısı bir ağızdan söylədi. Siçanlar Şahzadəsi qaçaraq gözdən itdi. 

Şahzadəni qovmasın deyə Doroti Totonu qucağında bərk-bərk tutmuşdu. 

     Dostlar Aslanın dövrəsində əyləşib onun yuxudan ayılmasını gözlədilər. Dorotinin 

axşam yeməyi üçün Bədheybət yaxınlıqdakı ağaclardan bir az meyvə topladı. 

 

10. Şəhər Qapılarının Keşikçisi 

 

     Aslan lalə talasında uzun müddət qaldığına görə güllərin ölümcül qoxusundan 



zəhərlənmişdi, oyanmaq bilmirdi. Nəhayət, gözlərini açıb arabadan yerə tullananda həyatda 

olduğu üçün çox sevincliydi. 

     -  Mən var gücümlə qaçırdım, amma çiçəklərin qoxusu çox şiddətli idi – dedi, oturub 

əsnəyərək; – məni oradan necə çıxardınız? 

     Ona çöl siçanlarının həyatını qurtarmaq üçün necə çalışdıqlarını danışdılar; Qorxaq 

Aslan güldü və belə söylədi: 

     -  Mən özümü həmişə böyük və güclü heyvan sanırdım, amma xırda lalələr az qaldı ki, 

məni öldürsün, balaca siçanlar isə xilas etdilər! Dünyada necə qəribəliklər var! Bəs indi biz nə 

edəcəyik, dostlar? 

     -  Biz təcili olaraq sarı kərpic yolu tapmalıyıq, – Doroti dedi; – sonra isə Zümrüd 

Şəhərə doğru yolumuza davam etməliyik. 

     Tezliklə Aslan tamam özünə gəlib bir şeylər yedikdən sonra, dostlar getməyə 

başladılar, Böyük Ozun yaşadığı Zümrüd Şəhərinə gedən sarı kərpic yola çatana qədər yumşaq, 

yaşıl çəmənliklə irəlilədilər. İndi yol hamar idi, yaxşı döşənmişdi, ətrafda gözəl mənzərələr 

görünürdü. 

     Qalın meşə və təhlükələr arxada  qalmışdı, yenə alçaq çəpərlər göründü, amma indi 

onların hamısı yaşıl rəngdə idi. Gözə dəyən ilk fermer evi də yaşıldı. Yolda rastlarına çıxan 

adamlar qəribə yolçulara təəccüblə baxır, sanki yaxınlaşıb nəsə soruşmaq istəyirdilər, lakin 

nəhəng Aslan hamını qorxudurdu, heç kim yaxınlaşıb söhbət etməyə ürək etmirdi. Sakinlərin 

hamısı yaşıl geyimdə idi, onların papaqları da yaşıldı. 

     -  Yəqin, biz Oz ölkəsindəyik, – Doroti təxmin etdi, – tezliklə Zümrüd Şəhərinə 

çatacağıq. 

     -  Yəqin, – Bədheybət dedi; – Çeynəçilər ölkəsində ən sevilən rəng mavi idi, burda isə 

yaşıldır. Buranın sakinləri Çeynəçilər kimi mehriban deyil. Qorxuram ki, gecələməyə bir yer 

tapmayaq. 

     -  Meyvə yeməkdən təngə gəlmişəm, nəsə başqa bir yemək istəyərdim, – Doroti  dedi; 

– Totonun da lap ac olduğuna əminəm. Gəlin, qarşıdakı bir evin yanında dayanaq və insanlarla 

danışaq. 

     Böyük bir kənd evi gördülər. Doroti yaxınlaşıb qapını döydü. Bir qadın qapını, onları 

görə biləcəyi qədər, aralayıb soruşdu: 

     -  Nə istəyirsən, qızım, bu Aslan sənin yanında nə gəzir? 

     -  Biz istəyirik ki, sizdə gecələməyə icazə verəsiniz, – Doroti xahiş etdi;  – Aslan 

mənim dostumdur, heç kimi incitməz.  

     -  O, əhliləşib? – Qadın qapını bir az genış açaraq sordu. 

     -  Hə, hə, – dedi qız; – bu aslan Qorxaq Aslandır, o özü sizdən qorxur. 



     -  Yaxşı, – qadın bir az fikirləşəndən sonra, Aslana bir daha nəzər salıb razılaşdı; – 

Əgər belədirsə, içəri gəlin, sizə yemək və yatacaq verim. 

     Dostlar içəri keçdilər. Evdə qadından başqa üç uşaq və qadının əri vardı. Kişinin ayağı 

yaralı olduğuna görə küncdəki yataqda uzanmışdı. Ev sahibəsi süfrə açana qədər kişi yolçulardan 

soruşdu: 

     -  Hara gedirsiz? 

     -  Zümrüd Şəhərinə, böyük sehirbaz Ozun yanına, – Doroti cavab verdi.  

     -  Ciddi deyirsiz? Elə bilirsiz, Oz sizi qəbul edəcək? 

     -  Niyə qəbul etməsin ki? 

     -  Çünki o, heç vaxt heç kimi qəbul etmir.  Mən dəfələrlə Zümrüd Şəhərində olmuşam, 

ora xoşuma gəlir, amma heç vaxt Ozu görməmişəm, onu görən bir adam da tanımıram. 

     -  Oz heç vaxt insanların qarşısına çıxmazmı? – Bədheybət soruşdu. 

     -  Heç vaxt. Bütün günü sarayında böyük taxt otağında oturur, qulluqçuları belə 

onunla üz-üzə gəlməzlər. 

     -  Oz kimə oxşayır? – Doroti maraqlandı. 

     -  Çətin sualdır, – fermer dedi; –  Oz böyük sehirbazdır, deyirlər ki, o, istədiyi 

qiyafəyə girir, gah quş olur,  gah fil, gah da pişik. Oz Pəriyə çevrilir, damdabaca olur, asanlıqla 

dəyişir, amma heç kim bilmir ki, əsil Oz necədir. 

     -  Çox qəribədir... – Doroti fikrə getdi; – Biz sehirbazı hökmən görməliyik, yoxsa 

səyahətimiz boşa çıxar.

   

     -  Oz nəyinizə lazımdır? – fermer soruşdu.



 

     -  Mən bir az beyin istəyirəm, – Bədheybət dedi.

 

     -  Oz üçün bu, su içmək kimi asandır, – fermer Bədheybətə ümid verdi; – Deyilənə 



görə, onun o qədər beyni var ki, bilmir kimə versin.

 

     -  Mənsə ondan ürək istəyəcəm, – Dəmir Odunçu söhbətə qoşuldu.



 

     -  Bu da Oz üçün çətin deyil, – kişi bildirdi, – Ozun hər şəkil və ölçüyə uyğun 

ürəklərdən oluşan böyük bir kolleksiyası var.

 

     -



  

Mən Ozdan cəsarət istəməyə gedirəm, – Qorxaq Aslan öz arzusunu bildirdi.

 

     -  Deyirlər ki, Ozun qəbul salonunda ocaq üstə böyük bir qazan var, içi cəsarətlə 



doludur. Yerə tökülməsin deyə üstünə qızıl bir boşqab qoyublar. Canla-başla sənə bir az cəsarət 

verər. 


     -  Mən istəyirəm ki, Oz məni Kanzasa qaytarsın, – Doroti dedi. 

     -  Kanzas harda yerləşir? – fermer təəccübləndi. 

     -  Bilmirəm, mənim evim ordadır, – Doroti ağlamsınaraq cavab verdi. 

     -  Əminəm ki, böyük Oz hər işin öhdəsindən gələr, Kanzası da tapar.  Amma gərək 

əvvəlcə onun qəbuluna düşəsiz, bi isə asan deyil. Böyük Sehirbaz çağırılmamış qonaqları sevmir, 

onun sözü qanundur. Bəs sən nə istəyirsən? - fermer Totodan soruşdu, Toto sadəcə quyruğunu 

buladı, çünki, nə qədər qəribə olsa da, danışmağı bacarmırdı. 

     Ev sahibəsi hamını süfrəyə çağırdı.  Doroti bir qab yulaf sıyığı, ağ çörəklə qayğanaq 

yedi və dadını çoxdan unutduğu bu yeməklərdən həzz aldı. Aslan sıyığın dadına baxdı, xoşuna 

gəlmədi, çünki yulaf aslanın deyil, atların yeməyidir. Bədheybət və Dəmir Odunçu adətləri üzrə 

heç nə yemədilər, Toto isə hər yeməkdən bir az dadıb razı qaldı. 

     Sonra qadın Dorotiyə yatağını göstərdi, Toto da onun yanına uzandı. Aslan qapı 

astanasında özünə yer tutdu ki, heç kim Dorotinin yuxusuna mane olmasın. Bədheybətlə Dəmir 

Odunçu yatmasalar da bir küncə çəkilib səhərəcən ayaqüstə qaldılar.  

     Ertəsi gün, səhər günəş doğar-doğmaz yola düzəldilər və bir az gedəndən sonra onlar 

üfüqdə yaşıl rəngdə gözəl bir işıq çələngi gördülər.  

     -  Bu Zümrüd Şəhəri olmalıdır – dedi Doroti. 

     Yolçular yaxınlaşdıqca, işıq güclənirdi. Deyəsən, səyahətin sonuna gəlib çatmışdılar. 

Günortaya yaxın dostlar şəhəri əhatə edən divarlara yetişdilər. Divar hündür, qalın və al-yaşıl idi. 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə