L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə23/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   15   16   17   18   19   20   21   22   23

     - Hörmət əlaməti olaraq, tamaşaya başlayaq! – Təlxək qışqırıb başı üstə dayandı. 

     - Mister Cokerdən inciməyin, - şahzadə Dorotiyə dedi, - onu o qədər təmir ediblər ki, 

başı yaxşı işləmir, özünü axmaq yerinə qoyur. 

     - Ah, ondan heç incimərəm, - Doroti cavab verdi. – Amma sən özün elə gözəlsən, səni 

çox sevəcəyimi bilirəm. Səni Kanzasa aparıb Em xalanın ocağının üstündəki taxçada durmağı 

istəyərsənmi? Səni zəmbilimə qoyub apara bilərəm. 

     - Bu məni çox məyus edərdi, - çini şahzadə dedi, - öz ölkəmizdə biz rahat yaşayırıq, 

istədiyimiz qədər gəzirik, söhbət edirik. Ancaq buradan uzaqlaşanda oynaqlarımız bərkiyir, daşa 

dönürük, bəzək əşyası kimi hərəkətsiz oluruq. Əlbəttə, bizi dolablara, rəflərə qoyanda heç nə 

tələb etmirlər, amma öz ölkəmizdə daha xoşbəxt bir həyatımız var. 

     - Sənin xoşbəxtliyini əlindən almaq istəməzdim, - Doroti dedi; - Elə isə sağlıqla qal! 

     Yolçular ehtiyatla Çini ölkədən keçib getdilər. Balaca adamlar, heyvanlar yolçuların 

ayaqları altına düşməsinlər deyə qaçışırdılar. Bir saat ərzində dostlar çini ölkənin o biri ucuna 

çatıb başqa bir çini divarla qarşılaşdılar. 

      Bu divar o qədər də hündür deyildi, dostlar Aslanın belinə qalxıb rahatca divarın 

üstünə dırmaşdılar. Sonra Aslan özü arxa ayaqları üstə gərilərək divarın üstünə hoppandı; ancaq 

hoppananda quyruğu ilə çini bir kilsəni vurub dağıtdı. 

     - Nə pis oldu, - Doroti heyifsiləndi, - ancaq, düşünürəm ki, bu insanlara bir inəyin 

ayağını qırmaqdan və bir kilsəni uçurtmaqdan daha çox ziyan vura bilərdik. Burda hər şey nə 

qədər kövrəkdir! 

     - Həqiqətən elədir, - Bədheybət dedi, - yaxşı ki, mən samandanam, qırıla bilmərəm. 

Samanla dolu Bədheybət olmaq o qədər də pis deyilmiş... 

 

21. Heyvanların şahı Aslan 

 

     Çini divardan enən yolçular, uzun, sıx otlar və bataqlıqlarla dolu olan bir yerə 



düşdülər. Burada irəliləmək çox çətin idi. Otlar elə qalın idi ki, yolu tapmaq olmurdu, tez-tez 

palçıqlı çuxurlara düşürdülər. Ancaq addımlarını ehtiyatla ataraq gəlib quru yola çata bildilər. 

Sevinməyə bir səbəb yox idi, çünki ətrafda daha vəhşi bir mənzərə vardı, kolların arasıyla uzun 

və yorucu yoldan sonra bir meşəyə çatdılar, burada ağaclar olduqca hündür idi, heç vaxt belə 

hündür ağac görməmişdilər. Sevinclə ətrafa baxan Aslan: 

     - Əcəb gözəldir! – dedi. - Ömrümdə buralardan gözəl yer görməmişəm! 

     - Mənə görə buralar çox vahiməlidir, - Bədheybət dedi. 

     - Yox, - Aslan etiraz etdi, - mən ömrümü burda keçirməyə razıyam! Bax, xəzəl necə 

yumşaqdır, ağaclara yapışan yosunlar görün necə yaşıldır! Əsil vəhşi heyvan belə meşədə 

yaşamağı arzulayar. 

     - Bəlkə meşədə vəhşi heyvanlar vardır, - Doroti dedi. 

     - Yəqin ki vardır, - Aslan cavab verdi; -  amma mən hələ bircəciyini də görmürəm. 

     Yolçular qaranlıq düşənə qədər yürüdülər. Aslan, Doroti, Toto uzanıb yatdılar, 

Bədheybətlə Dəmir Odunçu isə həmişəki kimi, onların keşiyində durdular. 

     Səhər hamı yoluna davam etdi. Bir az getmişdilər ki, heyvan səsinə oxşayan qəribə 

uğulti eşidildi. Toto yavaşca zingildədi, amma ondan başqa heç kim qorxmurdu. Dostlar cığırla 

gedib bir talaya çatdılar, gördülər ki, burda xeyli heyvan var. Pələnglər, fillər, ayılar, canavarlar, 

tülkülər, meşənin digər sakinləri burdaydı. Əvvəlcə Dorotini vahimə basdı, lakin sonra Aslan 

başa saldı ki, yəqin, bir hadisə olub, ona görə heyvanlar məsləhət etmək üçün yığışıblar.  

      Aslan danışarkən bəzi heyvanlar onun burada olduğunu gördülər və qurbağa gölünə 

daş atılmış kimi, hər tərəfi səssizlik bürüdü. Pələnglərin ən böyüyü Aslana yaxınlaşıb baş əydi və 

dedi: 


     - Xoş gəlmisən, Ey Heyvanların Şahı! Düşməni öldürüb meşədə əmin-amanlıq 

yaratmaq üçün lap vaxtında gəlmisən. 

     - Nə hadisə baş verib? – Aslan soruşdu. 



     - Burda məskən salmış bir düşmən hamımızın həyatına təhlükə yaradıb, - Pələng izah 

etməyə başladı, - Fil boyda nəhəng bədəni, ağac kötükləri kimi ayaqları olan, nəhəng hörümçəyə 

bənzəyən qorxunc bir canlıdır. Səkkiz ayağı var və meşədə dolaşan bir heyvan görsə bu 

ayaqlardan birini uzadıb həmin heyvanı tutur və bir hörümçək bir milçəyi necə yeyirsə, həmin 

heyvanı basıb yeyir. Bu qorxunc canlı nə qədər ki sağdır bizim həyatımız təhlükədə olacaq, siz 

gələndə ona görə toplaşıb başımızın çarəsini axtarırdıq. 

     Aslan bir anlıq fikrə getdi. Sonra soruşdu: 

     - Bu meşədə başqa aslan varmı? 

     - Yoxdur; əvvəllər bir neçə dənə vardı, amma hörümçək onları hamısını yedi. Düzdür, 

həmin aslanlar sənin kimi böyük və qoçaq deyildi. 

     - Düşməninizi məhv etsəm, qarşımda baş əyib mənə Meşənin Şahı deyərsinizmi? 

     - Əlbəttə deyərik! - pələng cavab verdi; və bütün heyvanlar bir ağızdan bağırdılar: - 

Deyərik! 

     - Bu sizin böyük hörümçək hardadır indi? - Aslan soruşdu. 

     - Bax, ordakı palıd ağaclarının olduğu yerdə, - dedi pələng ön pəncəsini irəli uzadaraq. 

     - Siz dostlarımdan muğayat olun, - Aslan dedi, - mən indi hörümçəklə döyüşməyə 

gedirəm. 

     Aslan dostlarıyla sağollaşıb düşmənlə döyüşmək üçün məğrur addımlarla uzaqlaşdı. 

     Aslan onu tapanda böyük hörümçək yatırdı. Hörümçək elə iyrənc idi ki, Aslan üz-

gözünü turşutdu. Pələng düz demişdi, hörümçəyin ayaqları uzun və qalın idi, bədəni kobud qara 

qıllarla örtülmüşdü, ağzı hər biri 30 santim olan uzun iti dişlərlə doluydu, amma böyük başı 

nəhəng bədənə tel kimi nazik boyunla birləşmişdi. Aslan başa düşdü ki, boyun hörümçəyin ən 

zəif yeridir, düşmən oyanmamış onu məhv etmək lazımdır. Aslan daha fikirləşmədən 

hörümçəyin belinə atılıb iti caynaqlı pəncəsiylə bir zərbədə hörümçəyin başını bədənindən 

ayırdı. Aşağıya tullandı, hörümçəyin ayaqları hərəkətsiz qalana qədər gözlədi, əcaib canlı artıq 

ölmüşdü. 

     Aslan heyvanların yanına qayıtdı, hamı nəfəsini qısıb intizarla onu gözləyirdi. Aslan 

qürur dolu səslə bildirdi: 

     - Daha heç nədən qorxmayın!  

     Heyvanlar Aslanın önündə baş əyib onu şah elan etdilər. Aslan, Dorotini Kanzasa yola 

salandan sonra meşəyə qayıdıb onlara şahlıq edəcəyinə söz verdi. 

 

22. Kvodlinqlər ölkəsi 

 

     Yolçular meşənin içindən rahatlıqla keçib getdilər. Meşənin sonunda qarşılarına 



sıldırım qayalı bir təpə çıxdı. 

     - Bu təpəyə dırmaşmaq çox çətin olacaq, - dedi Bədheybət, - Ancaq nə olursa olsun 

biz bu təpəni aşmalıyıq. 

     Bu sözlərlə Bədheybət irəli addımladı, dostları da onun dalınca. Onlar iri qaya 

parçasına çatmışdılar ki, kimsə qaba bir səslə qışqırdı: 

     - Geri dönün! 

     - Kimsən sən? – Bədheybət soruşdu. 

     Qayanın üstündə bir baş göründü və həmin səs dedi: 

     - Bu bizim təpədir, və biz kimsənin buradan keçməsinə izin vermirik. 

     - Biz bu dağı hökmən aşmalıyıq, çünki Kvodlinqlər Ölkəsinə gedirik. – Bədheybət 

cavab verdi. 

     - Yox a, doğrudan? – deyə cavab verdi səs. 

     Qayanın arxasından yolçuların indiyə qədər gördükləri ilə müqayisədə ən qəribə bir 

adam çıxdı.  

     Bədəninə qırış-qırış, yoğun bir boyunla bağlı, yekə başlı, tamamilə yastı təpəsi olan 

dıbırçəllək bir adam idi. Qolları isə yoxdu, bunu görən Bədheybət bu qədər aciz bir canlının 




onların təpəyə dırmaşmalarına əngəl ola bilməyəcəyini düşündüyünə görə heç qorxmamışdı. O 

əcaib canlıya üzünü tutub dedi: 

     - Nə qədər acınacaqlı olsa da sizin istəyinizi yerinə yetirə bilməyəcəyik, xoşunuza 

getsə də getməsə də biz bu təpəni aşıb keçəcəyik, - və cəsarətli addımlarla yoluna davam etdi.  

     Birdən canlının boynu uzandı, o bir göz qırpımında yastı təpəsiylə Bədheybətin 

qarnına elə vurdu ki, Bədheybət mayallaq aşıb təpədən aşağı yuvarlandı. Adamın boynu necə 

uzanmışdısa, eləcə də bir anda qısalıb yerinə qayıtdı, qas-qas gülərək dedi: 

     - Gördüyün kimi, təpəni aşmaq elə də asan deyil! 

     Onun sözləri qəhqəhə içində batdı və Doroti hər qayanın arxasında gizlənərək 

gözləyən yüzlərlə qolsuz çəkicbaş gördü. Bədheybətin başına gələnlərə gülmələri Aslanı yaman 

əsəbləşdirdi, güclü nərə çəkərək ildırım kimi təpəyə cumdu.  

     Yenə də boyunlarda biri uzanıb sanki bir top mərmisiymiş kimi Aslanı təpədən 

aşağıya yuvarlandırdı. 

     Doroti Bədheybətin yanına qaçıb ayağa qalxmağa kömək edərkən, şil-küt olmuş Aslan 

axsaya-axsaya onlara yaxınlaşıb hirslə dedi: 

     - Bu kəlləvuranlarla döyüşmənin heç bir mənası yoxdur; bunların öhdəsindən heç kim 

gələ bilməz. 

     - Yaxşı, onda bəs neyləyək? – qız soruşdu. 

     - Uçan Meymunları çağıraq, - Dəmir Odunçu təklif etdi, -  onlar hələ bir arzunu yerinə 

yetirə bilər. 

     - Yaxşı, - Doroti razılaşdı. 

     Doroti Qızıl Papağı başına qoydu, ovsunu oxudu. Bir an içində Uçan Meymunlar 

dağın ətəyinə toplaşdı. Meymun Başçısı Dorotiyə təzim edib, nə istədiyini soruşdu. Doroti: 

     - Bizi bu dağdan keçirib Kvodlinqlər ölkəsinə aparın, - deyə xahiş etdi. 

     Meymun Başçısı əmr etdi, Uçan Meymunlar dostları Totoyla birgə havaya qaldırdı. 

Onlar dağın üstündən uçarkən, kəlləvuranlar çox hirslənir, var gücüylə dartınıb dostları vurmaq 

istəyirdilər. 

     Hamı gözəl Kvodlinqlər Ölkəsində endi. Meymun Başçısı Dorotiyə dedi: 

     - Biz sənin sonuncu arzunu yerinə yetirdik. Əlvida. Yolun açıq olsun. 

     - Əlvida. Kömək etdiyiniz üçün minnətdaram, - Doroti dedi. 

     Kvodlinqlər ölkəsində insanlar xoşbəxt və varlı yaşayırdılar. Yollar yaxşı döşənmişdi, 

tarlalarda buğda, qarğıdalı yetişirdi, şırıldayan çayların üstündən möhkəm körpülər salınmışdı. 

Çəpərlər, evlər, körpülər Gözvuranların ölkəsində sarıya və Çeynəçilərin ölkəsində maviyə 

boyanmış olduğu kimi burada da çəhrayı rəngdə idi. Şişman, balaca və yumşaq başlı Kvodlinqlər 

də yaşıl çəmənlər və sarı taxıl zəmilərinin arasında göz qamaşdıran çəhrayı rəngdə paltarlar 

geyinmişdilər. 

     Uçan Meymunlar səyyahları bir fermerin evinin yanına gətirmişdi. Doroti qapını 

döyəndə, yaraşıqlı bir qadın qapını açdı. Doroti yeməyə bir şey istədi, qadın yolçulara piroq, 

peçenye verdi, Totoya isə bir qab süd çatdı. 

     - Qlindanın qəsri çox uzaqdır? – Doroti soruşdu. 

     - Çox uzaqda deyil, - fermerin arvadı cavab verdi, - cənuba doğru gedin, tezliklə 

qarşınıza çıxacaqdır. 

     Xeyirxah qadına təşəkkür edən yolçular yeni qüvvəylə yola düşdülər. Onlar baxımlı 

tarlalardan, yaraşıqlı körpülərdən keçib gözəl bir qəsr görənə qədər yürüdülər. Qəsrin qapısında 

qızıl saplarla işlənmiş çəhrayı geyimli üç qız keşik çəkirdi. Dorotinin yaxınlaşdığını görəndə 

qızlardan biri dilləndi: 

     - Cənub Ölkəsinə niyə gəlmisiz?  

     - Buranın hökümdarı Xeyirxah Pərini görməyə görməyə gəlmişik, - deyə cavab verdi 

Doroti; - məni onun yanına apararsınızmı? 

     - Adınızı söyləyin, gedib Pəridən soruşum, qəbul etməyə razıdır, ya yox. 

     Adlarını söylədilər və əsgər qız qəsrə getdi. Bir azdan o qayıdıb dedi ki, Qlinda elə 

indicə dostları qəbul edəcək. 




 

23. Qlinda Dorotinin arzusunu yerinə yetirir 

 

     Əvvəlcə yolçuları bir otağa apardılar, burada Doroti əl-üzünü yuyub saçlarını daradı, 



Aslan yalındakı tozu silkələdi, Bədheybət əlləriylə bədəninə vurub düzəltdi, Dəmir Odunçu 

oynaqlarını yağlayıb bədənini təmizlədi.  

      Sonra dostlar əsgər qızın dalınca düşüb böyük bir otağa gəldilər, orda yaqutlu taxtda 

Qlinda əyləşmişdi. Qlinda gənc və gözəldi. Onun qızılı rəngdə gözəl qıvrım saçları çiyinlərinə 

tökülmüşdü, ağ paltarı, Dorotiyə mehribanlıqla baxan mavi gözləri vardı. 

     - Övladım, sənə necə kömək edə bilərəm? – Qlinda Dorotidən soruşdu. 

     Doroti hər şeyi Pəriyə danışdı – qasırğanın evi Oz Ölkəsinə aparmasından, yeni 

dostlarını necə tapmasından və yolda başlarına gələn macəralardan...  

     - İndi ən böyük arzum, - deyə əlavə etdi, - Kanzasa qayıtmaqdır, bilirəm, Em Xala 

başıma pis bir iş gəldiyini düşünüb yas tutmağa başlamışdır; və bu il məhsul keçən ilkindən daha 

bol olmasa Henri Dayı buna yanında mən olmasam dözə bilməz.  

     Qlinda əyilib bu balaca yaraşıqlı qızın kədərlin üzündən öpdü: 

     - Heç kefini pozma, - dedi, - səni Kanzasa göndərmənin bir yolunu tapacağıma 

əminəm. Ancaq, - dedi, - əvəzində Qızıl Papağı mənə verməlisən. 

     - Əlbətdə verərəm! – Doroti sevindi, - onsuz da artıq mənə bir faydası qalmayıb, 

ancaq papaq sizdə olsa düz üç dəfə Uçan Meymunlarıçağıra bilərsiz. 

     Doroti Qızıl Papağı Qlindaya verdi. Qlinda Bədheybətdən soruşdu: 

     - Doroti gedəndən sonra neyləyəcəksən? 

     - Zümrüd Şəhərinə qayıdacam. Oz məni Şəhərin hökmdarı elan edib, sakinlər məni 

çox sevir. Amma bilmirəm, Kəlləvuranlar olan dağı necə keçəcəm. 

     - Qızıl Papağın köməyi ilə Uçan Meymunları çağırıb səni düz Zümrüd Şəhərinə 

göndərəcəm, - Qlinda dedi, - Qoy insanlar sənin kimi möhtəşəm hökmdardan məhrum 

olmasınlar. 

     - Məgər mən möhtəşəməm? – Bədheybət təəccübləndi. 

     - Qeyri-adisən, - Qlinda dedi. 

     Sonra Qlinda Dəmir Odunçudan soruşdu: 

     - Bəs sən Doroti getdikdən sonra nə edəcəksən? 

     Dəmir Odunçu baltasına dirsəklənib bir az fikrə getdi. 

     - Gözvuranlar məni çox sevmişdi, onlar istəyirdi ki, mən hökmdar olum, axı əvvəlki 

hökmdar – Qərbin Zalım Pərisi ölmüşdür. Mən Qərb Ölkəsinə düşə bilsəydim, Gözvuranların 

hökmdarı olardım. 

     - Bu Uçan Meymunlara mənim ikinci əmrim olacaq, - Qlinda dedi. - Meymunlar səni 

Qərb Ölkəsinə aparar. Əminəm ki, sən  müdrik və ədalətli hökmdar olacaqsan. 

     Sonra Pəri pırpızyallı böyük Aslana baxıb soruşdu: 

     - Bəs sən, Doroti evinə qayıdandan sonra neyləyəcəksən? 

     - Kəlləvuranlar təpəsinin arxasında qalın bir meşə var, oranın heyvanları məni şah 

seçib. O meşəyə qayıda bilsəm çox bəxtəvər olardım... 

     - Uçan Meymunlar səni ora aparacaq, - Qlinda söz verdi. – Bununla da mənim Qızıl 

Papaq üzərindəki gücüm sona çatacaq, mən Papağı Uçan Meymunların Başçısına hədiyyə 

edəcəm, qoy azad olsunlar, daha heç kimə boyun əyib əmrlərini yerinə yetirməsinlər. 

     Dostlar sevincək halda Qlindaya təşəkkür etdilər. Doroti yüksək səslə dedi: 

     - Gözəl olduğunuz qədər də xeyirxahsınız! Ancaq mən Knzasa necə qayıdacağımı heç 

soyləmədiniz. 

     - Ayağındakı gümüş başmaqlar səni səhradan keçirər, əgər bu başmaqların sehrini 

əvvəldən bilsəydin, elə ilk gündən Em xalanın yanına qayıdardın. 

     - O zaman mənim əla beynim olmazdı! – Bədheybət qışqırdı. – Mən indiyənə qədər 

qarğıdalı tarlasında, çubuqda qalardım! 



     - Mənim duyğusal gözəl ürəyim olmazdı, - Dəmir Odunçu dedi, - meşədə qalıb elə 

hey pas atardım... 

     - Mən də ömrümün axırına qədər qorxaq qalardım və meşədəki heç bir heyvan mənim 

haqqımda yaxşı sözlər danışmazdı. 

     - Bütün bunlar doğrudur, dostlar, - Doroti razılaşdı, -  çox sevinirəm ki, sizə kömək 

edə bilmişəm. İndi hamınızın arzusu həyata yetib, hərənizin idarə edəcəyi ölkəsi var, mən 

Kanzasa qayıda bilərəm, amma bunu necə edim? 

     - Gümüş başmaqların güclü təsiri var. - Qlinda izah etdi, - Onlar insanı Yer kürəsinin 

istənilən  nöqtəsinə bir göz qırpımında aparır. Üç dəfə dabanları bir-birinə vurub başmaqlara əmr 

etsən, onlar səni aparar. 

     - Ayy, nə yaxşı, onda məni bu saat Kanzasa aparmasını istəyəcəyəm - Doroti sevindi.  

     Aslanın boynunu qucaqlayıb öpdü, pırpızyallı yekə başını tumarladı. Sonra Dəmir 

Odunçunu qucaqladı, Odunçu yaman kövrəldi, pas atmaqdan qorxmayaraq ağlamağa başladı. 

Ancaq Bədheybətin boyalı üzünü öpməkdənsə yumşaq, samanla dolu qarnını qucaqladı və 

sevgili dostlarından ayrıldığı üçün zırın-zırın ağlamağa başladı. 

     Xeyirxah Qlinda yaqut taxtından enib Doroti ilə görüşüb vidalaşdı. Doroti ona özü və 

dostlarıyla bu qədər yaxşı davrandığına görə təşəkkür etdi. Totonu qucağına götürüb bərk-bərk 

sarıldı, bir daha hamı ilə vidalaşdı, sonra üç dəfə dabanlarını bir-birinə vurub gümüş başmaqlara 

əmr etdi: 

     - Məni evə, Em xalanın yanına aparın!. 

     Həmin an Doroti havaya qalxdı və elə sürətlə uçdu ki, külək qulaqlarında vıyıldayırdı. 

Gümüş ayaqqabılar üç addım atdı və uçuş elə gözlənilməz bitdi ki, Doroti heç nə başa düşmədən 

yerdə bir neçə dəfə yumbalandı. Qız qalxıb oturdu və ətrafa baxıb: 

     - Aman allah! – dedi. 

     Demə, Doroti geniş Kanzas çölünün düz ortasında, təzə evin yanında oturmuşdu. Bu 

evi Henri dayı qasırğadan sonra tikmişdi. Dayı tövlədə, inəklərin yanında idi. Toto Dorotinin 

qucağından atılıb nəşə içərisində hürərək axurda inəkləri sağan Henri dayıya tərəf qaçdı. 

     Ayağa qalxan Doroti ayaqlarında təkcə corablarının olduğunu gördü. Gümüş 

ayaqqabılar uçuş zamanı havada ayaqlarından çıxmış və çöldə həmişəlik itmişdi. 

 

24. Yenə evdə 

 

     Em xala elə evdən çıxıb kələmləri suvarmağa gedirdi ki, birdən Dorotinin ona tərəf 



qaçdığını gördü. 

     - Ay mənim canım! – deyə bağırdı, qızı qucağına alıb doyunca öpərək; - sən hardan 

gəldin belə? 

     - Oz ölkəsindən, - Doroti qürurla cavab verdi. – Toto da burdadır. Ah, xala, bir bilsən, 

evdə olmağıma nə qədər sevinirəm... 

 

S o n 



 

Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə